525.Az

“Bir qərib öldü” – deyələr...


 

“Bir qərib öldü” – deyələr...<b style="color:red"></b>

Adil Mirseyid rəhmətə getdi... İstanbulda Sultan Əhməd meydanına doğru gedərkən aldım bu xəbəri. Həmən yaxındakı bir kafedə oturub bir çay sifariş etdim. Günorta əzanı oxunurdu. Uca minarələrdən yüksələn ilahi çağırışlar sanki Adil Mirseyidin ruhuna doğru axırdı...

Ah, bu dünya nə qəribədir... Hər şey bir su misalı axıb gedir. Ehtiras, vəzifə, şöhrət, pul - hamısı geridə qalır.

Birdən gözlərimin önündə Adil Mirseyidin saqqallı və qərib tavırlı rəsmi bəlirincə ağlıma qəriblərin şairi Yunus və onun belə ölümlər üçün yazdığı şeir düşdü:

“Bir qərib öldü” deyələr,
Üç gündən sonra duyalar.
Soyuq su ilə yuyalar
Öylə qərib – mənim kimi …

Adil Mirseyid də qəriblərdən bir qəribdi. Onu yaxından tanıya bilmədim. Bir neçə rəsmini və şeirini görmüşdüm. Çox fərqli bir üslubu vardı. İçə dönük, səssiz, öz-özüylə danışır kimi yazan bir qələmdi. Şeirlərində həm müzik, həm də rəng vardı. Onun haqqında bir yazı yazmışdım “525-ci qəzet”də. Çox sevinmişdi. Geçən il Azərbaycana getdiyimdə görüşmüşdük. Qısa bir görüşməydi. Oğlu ilə birliktə Tofiq Abdinin evinin yaxınındakı parka gəlmişdi. O gün ikisi də necə nəşəli və həyatla doluydu! Bir il sonra öləcəklərini hardan biləcəklərdi ki?

Orda nələrdən danışmadıq. O, fransız şairlərindən bəhs etmişdi. Mən də alman şairlərindən... Ona Henrix Heinenin bir şeirini oxumuşdum:

Yuxarıda ullduzlar parlarkən
Biz burada xoşbəxt olmalıyıq
Aşağıda necə varsa, eləcə
Ölümün soyuq qollarında.

Adil Mirseyid daha çox fransız rəssamı Tuluza  heyrandı.Onun rəsmlərindən, yaponlardan təsirlənməsindən, rənglərindən, afişalardakı Parisin dansçı və fahişə qadınlarından söz saldı. Danışarkən sanki yanımızdan aralanıb Parisə gedir, gəlirdi. Ömründə bir dəfə belə Parisə getməmiş bu insanı oraya sənətin ruhu uçururdu. Sena çayından, Şansölizeden, Notrdam kilsəsindən, ordakı kafelərdən,həvəskar  küçə rəssamlarından bəhs edirdi. Danışarkən yarıyumulu gözlərini uzaqlara dikir, arabir əliylə bəmbəyaz olmuş saqqalını sığallayır və qərib-qərib gülümsəyirdi.

Çox danışacaqdıq, amma Tofiq abinin zarafatla qarışıq narahatlığından erkən qalxdıq. Yolboyu da söhbətdən qalmadıq. Bu onunla ilk və son görüşümüz idi. Bu görüşmə qısa olsa da, mənim ruhumda dərin izlər bıraxan bir görüşməydi.Bəzi insanlarla dəfələrlə görüşməmə rəğmən ondan bir küçük iz də qalmaz hafızəmdə. Amma Adil Mirseydlə qısa görüşmə, dünyadan, tamahdan, yalanlardan arındırılmış saf və sənət dolu bir görüşməydi.

Adil Mirseyid az yaşadı. 62 yaş nədir ki?! Şərqdə sənətçilə acı çəkərlər və qısa yaşarlar. Adil Mirseyid də onlardan biriydi. 

Əbdürrəhim Qaraqoç necə deyirdi: 

Artık nə qar yağar, nə mən üşürüm,
Nə də saçlarımı dağıdar rüzgar.
Yaşarken bir günde min yol ölürüm,
Artıq ölmək yoxdur, ölümsüzlük var. 

Ruhu şad olsun Adil Mirseyidin!

 

 

 

 

 





22.07.2014    çap et  çap et