525.Az

Səməd Seyidov: "Dağlıq Qarabağda separatçılıq Gürcüstandan və Ukraynadan da əvvəl başlayıb"


 

Səməd Seyidov: "Dağlıq Qarabağda separatçılıq Gürcüstandan və Ukraynadan da əvvəl başlayıb"<b style="color:red"></b>

"Azərbaycanın gücü çoxaldıqca, təsiri artdıqca, Avropada rolu genişləndikcə, anti-azərbaycançı qüvvələr ölkəmizə qarşı heç sakitləşməyəcəklər, əksinə işlərini daha da gücləndirəcəklər. Bu, o günə kimi davam edəcək ki, Azərbaycanın rolu, əhəmiyyəti təsiri artıq Avropanın özünə güclü təsir göstərməyə başlayacaq deyim ki, bu prosesi indi hiss etməyə başlayırıq".

"525"
xəbər verir ki, bunu mətbuata açıqlamasında Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin rəhbəri Səməd Seyidov dilə gətirib. Onun dediyinə görə, ATƏT-in Minsk qrupu neçə illərdir fəaliyyət göstərir, biz deyirik ki, onlardan bəyanatlardan başqa heç eşitmirik, amma Ukrayna hadisələri baş verdikdən sonra Avropa hiss etdi ki, separatçılığın təhlükəsi var.

S. Seyidov mətbuata açıqlamasında deyib ki, bu təhlükə təkcə Ukrayna üçün deyil, o cümlədən Avropanın özü üçün təhlükədir, amma Dağlıq Qarabağda separatçılıq Gürcüstandan Ukraynadan da əvvəl başlayıb. "Xatırlayırsınızsa, elə bu ərəfədə ABŞ-ın həmsədri dərhal bəyanat verdi ki, Minsk qrupunda Dağlıq Qarabağ məsələsinin həllini mütləq aktivləşdirməliyik. Eyni zamanda, avropalı məmurlar, o cümlədən AŞPA-nın sədri Ann Brasör ölkəmizdə keçirilən tədbir çərçivəsində Azərbaycanın ərazi bütövlüyünün dəstəkləndiyini birmənalı şəkildə bəyan etdi. Beləliklə, Azərbaycanın apardığı siyasətə qarşı qədər müqavimət olsa da, bu siyasət Avropanın da maraqlarına uyğundur. Bu mənada Avropada qərar qəbul etmək səlahiyyətində olan şəxslərin artıq Azərbaycanın mövqeyi ilə üst-üstə düşən fikirlər səsləndirməsi təsadüfi deyil. Doğrudur, bu proses hələ yüksək səviyyədə deyil, hələ yeni başlayıb. Bu siyasəti məntiqi sonuna qədər apara bilsək, Avropa, dünya ictimaiyyəti Azərbaycanın haqq sözünü eşidəcək. Çünki bizim sözümüz beynəlxalq qanunlara söykənən haqq sözüdür. Buna baxmayaraq, bu sözü eşitmək bəzilərinə sərf etmir. Çünki dünyanın özü çətin durumdadır"-deyə, o, mətbuata açıqlamasında sözlərinə əlavə edib.

K.Həmidov

 





22.07.2014    çap et  çap et