525.Az

Tələsib təndirə düşərsən hələ, səbr elə, o səbir boydadı dünya


 

Tələsib təndirə düşərsən hələ, səbr elə, o səbir boydadı dünya<b style="color:red"></b>

Qanım, qançəkərim

(Kamil Vəli Nərimanoğluya)


Hardasa
dərində, hardasa üzdə,

O mənim kimliyim, adım, ünvanım,

Batırıb qanıma barmaqlarımı

Yazdım qayaların, daşların üstə,

Qanım tariximdir,

Tarixim-qanım.

Oldu ki,qanımı udub yaşadım.

Oldu ki,dişimdə tutub yaşadım!

Yal-yal, yamac-yamac çiçəkdi, güldü,

Buruq bənövşədir qanımın dadı.

Dönüb Araz olub iki yüz ildi,

Sinəmin üstüylə axmağındadir,

Hələ ki,əzəli-axırı yoxdur,

Dolmayan çalası-çuxuru yoxdur...

Artıq, dan yeri qana boyandı,

Bu nədir,göydən yoxsa qan çıxır?

Bəlkə Xocalıda tökülən qandı

Fışqırıb dağılıb göyün üzünə,

Günəş hər səhər o qandan çıxır?!...

Odur, o! Ortada oynayır hələ,

Qan yerdə qalmaz ki!

Bu nida haxdır.

Bir ucdan qalanır-qaynayır hələ,

Bir gün yetişəcək o vədəm axı,

Başıma çox gəlib, bələdəm axı,

Qəfil gözlərimi qan tutacaqdır!...

Dönüb kipriyimdə qan işıq olur,

Bələdçim gözümdür qaralı-ağlı.

Baxma tükənməzdi,

dünyanı gəzdi,

Hərdən mənim qanım bir qaşıq olur,

O da bir himə bənd,bir himə bağlı.

Yatar quzu kimi,oyanar qurdtək,

Bir əldə qıfıldır,bir əldə açar.

Qanım qan gördüsə qana gedəcək,

Filankəs deyil ki, qan görən kimi

qayıdıb qaça.

Onun da sədası oğuza düşə.

Zərb-məsəl olub ağıza düşə...

Nələrə şahiddir tarixin taxı!

O ki,qan üstündə başdan-ayağa.

Gördülər başqa cür olmayacaqdır,

Bəzənib-düzənib yol üstə durub,

boynunu burub,

girəvə gəzdilər

Qanıma qan qatıb qarışdırmağa.

Demə anladı, qandı qanım,

yazıq,arabir aldandı qanım...

Gərək hər qançəkər qan üstə əsə,

Ey vah! Neçələri burda xam artıq.

Qanım çəkməyəni meylim çəkdisə,

Mən getdim güdaza,

mən yoxam artıq!

Necə ki,yox olub o tayda qaldım,

Dərbənddə, Krımda... Altayda qaldım...

Dolaşdım dünyanı əlimdə əsa,

Götür,qançəkərim,xəritəmi çək.

Təki yer üzünün harasındasa

Qançəkərim olsun.

Qanım çəkəcək!...

...Havası tərsinə,suyu tərsinə,

Yanan Qarabağda torpaqdı hələ.

Gecə silkələndi güllə səsinə,

Sərhəddə yenə qan axdı, yenə.

Sən buna məhkumsan hələ qanım,

Hələ bir ayağı tələdə qanım...

Gedək görək...

(“Heç mən o mənəm, sən o sən...” Bir məktubdan)

Demək, mən o mən deyiləm,

elədirsə ver əlini

gedək o məni axtaraq.

Ola bilər

ya bir bənddə-bərədəyəm,

ya bir dağda-dərədəyəm,

gedək o bağı-bərəni,

dağı-dərəni axtaraq.

Demək, sən sən deyilsən,

sən itmisən hardasa,

yəqin xəbərin olmayıb,

sən qoşulmusan mənə,

çıxıb getmisən hardasa.

Gedək bizi axtarmağa,

özümüzü axtarmağa,

hava çox da qaralmamış,

işıqgözü axtarmağa.

Bu itkiyə hesabını

bilən varsa dözməyəcək,

Özümüzü biz gəzməsək,

özgə bizi gəzməyəcək,

Həm külək kəsməyəcək...

Hər  diqtəsi bir sim üstə

bu anın,

zamanın indi,

Çalış itmə,

itsən çətin tapılasan,

Tapılan tapanın indi...

Mən heç,başım qalmaqalda,

unutmuşam gəldiyimi,getdiyimi,

heç özümü anladım ki,

anlayım da itdiyimi!

Ola bilsin nəsə olub,

ya elə-belə itmişəm,

sürü  geri qayıdanda

qalmışam dala,itmişəm,

Ya bir ölət quzu kimi

ilişib kola, itmişəm.

Bəs sənə olub, atam?

İynə deyil,

düymə deyil

əldən düşüb itə adam...

Yoxsa olan haxdı bizə?

Yoxsa sabah yoxdu bizə,

dünən bizi oğurlayıb?

Ha çoxdu yolunu azan,

bəlkə elə bir yolundan

dönən bizi oğurlayıb?

ayımızı-günümüzü oğurlayıb?!

Dəyişir hər şeyin dadı,

üzdə belə,

bizdə belə,

sizdə belə,

Yoxsa elə o dad  özü

saldı bizi ağzıbirə,

qapımızı qıfılladı?...

Çox mətləbi görməsəydik,

bilməsəydik, vardı ki,

Bilirik,necə bilməyək?!

Bir az ondan qorxuram ki,

azan çoxdur, tünlük ola,

ya sən səni,ya mən məni

tanıyıb seçə bilməyək...

Gedək,qardaş,gedək gəzək,

Gəzən tapar,

Bəlkə tale baxdı bizə,

Gizli deyil, baxtabaxtdı,

Ümid qalıb baxtımıza.

Tapa bilsək özümüzü,

Bu gün bizim,

Sabah bizim,

Qorxma,ölüm yoxdur bizə...

Arım arı olsa...

(“ qalmısan o əyalətdə e, elə bildünyanı görmürsən heç...” Bir dost tənəsi)

Bölgünü biz böldük,

Biz verdik adı,

Olur,ölçüsünü səhv salır adam.

Axı olsun ki,hara haradı,

Hər yerdə eyni ay çıraq yandırır,

Hər yeri bir günəş işıqlandırır,

Lap bir ayrı dünya olsa da belə,

Burda da o torpaq,o su,  o külək,

Hər yerdəkitək,

Bura da Allahın altıdır,atam.

Bəzən söz özü bir yükdür axı,

Daşıya biləsən gərək onu da.

Bu dünya boyda böyükdür axı

Oraya,”buraya bölək onu da.

Bir hər boxçanın qismət düyünü,

Arada aralıq qalır ki bəyəm?

desin,yox desin,

Az,ya çox desin,

Ağacın harada əkildiyini

Ağacdan soruşan olur ki bəyəm?!...

Dəyməz qəpiyə ha atıl-ha düş,

Buludu gətirən götürə gərək.

Sən hələ

Fərqində deyilsən hələ,

Arım arı olsa,atalar demiş

Balını Bağdaddan gətirə bilər...

var ki,axarın çəminə dursa,

Yox yerdən əlini üzməyə dəyməz.

Kimdir uşaq, ?

Gəl əyri oturaq, düz danışaq,,

Əgər ev buzovu öküz olmursa

Günahı buzovda gəzməyə dəyməz...

Di qaldır qapağı gücün çatırsa,

Açsan açılacaq bilirsən necə?

Mərkəzdə qazancın çayxanadırsa,

Ondan əyalətdə qədər desən,

Qalıb hamısı da ağzıgünəcə.

Qarışıb boy-boya, axın-axına,

Hər vaxtı-vədəsi özgə bir aləm,

Hərdən düz gətirmir işim elə ki,

Birdən havalanır başım elə ki,

Ustufca enirəm Kür qırağına,

Dil bilən,hal qanan ağaclar ilə,

Qırqovullar ilə,turaclar ilə

Vətən həsrətimi bölüşdürürəm...

.

göydən gendəsən, yerdən uzaq,

Hər cür təkəbbürdən,dedi-qodudan,

Məkrdən uzaq

Eh,mənim onsuz da əl qızdırası,

Yaxın durası

Odum-közüm yox,

Mərkəz,ya əyalət,-

Umu-küsüm yox.

Gümanım bir cüt göz,bax ki, baxasan,

Qoşul Dəli Kürə, ax ki, axasan...

Bu yarpaq ümidin təlaşı haqdı,

Dirənib durmuşam budaq gücünə,

Yurdu olmayanın özü yoxdu,

İzi elə,

Üzü elə,

üzlə çıxsın ki adam içinə?!...

Çox oldu,çox yerə çəkdim-çəkildim,

Axır ki bağladı bu kilid məni.

Bəlgəni götürdün,axdım,töküldüm,

Di gəl bacarırsan səbəb tap gətir,

Bir həb tap gətir,

Gəl kirit məni.

Bilmirsən

Bilmirsən xeyirsən, ya şərsən hələ,

Çox belə şiş üstə bişərsən hələ,

Tələsib təndirə düşərsən hələ,

Səbr elə, o səbir boydadı dünya.

Ovçudu, ovlaqdı, ovdu, bərədi,

Bax ki baxacaqsan,

mənzərədi!...

Səndən irəlidə dağdı, dərədi,

Geridə bir ləpir boydadı dünya.

Gələnin, gedənin hərəmiz biri,

Dəlisi, dolusu, həlimi, kürü...

Kiməsə olandan on dəfə iri,

Mənə bax bu sətir boydadı dünya.

Çəkin bu, yükün bu, yoluna təksən,

Sürüşər ayağın əlini çəksən,

Şair yaxşı deyib: ələnəcəksən,

Hardasa bir xəlbir boydadı dünya.

Yaranmışam, yaşamışam, köçmüşəm,

Aramışam, axtarmışam, seçmişəm,

Eninə-boyuna qamış ölçmüşəm,

Uzağı bir qəbir boydadı dünya...


Xasay Mehdizadə
Bərdə

 





21.07.2014    çap et  çap et