525.Az

"Şairlik sözdən hava yaratmaq bacarığıdı"


 

55 YAŞLI ŞAİR İLHAM QƏHRƏMANIN FİKRİNCƏ, ŞEİRİN GƏLDİYİ AN AĞACLARIN ÇİÇƏKLƏMƏSİNƏ BƏNZƏYİR

"Şairlik sözdən hava yaratmaq bacarığıdı"<b style="color:red"></b>

 

Aprelin 24- şair İlham Qəhrəmanın 55 yaşı tamam olur. Yubilyar növbəti yaşını yeni kitabı ilə qarşılayır: "Sevgi durna çırağıdır".

Filologiya üzrə fəlsəfə doktoru, tənqidçi İradə Musayeva "Laçın havalı şeirlər" adlı önsözdə İlham Qəhrəmanın yaradıcılığını eninə-boyuna nəzərdən keçirib maraqlı qənaətlər qələmə alıb: "İlham Qəhrəman ornamental, ənənəvi üsluba assosiativ şeir çalarlarını əlavə edən şairdir. Adi deyimləri şeir mühitində mənalandıra bilir, məsələn, "sevginin qanadı, çətri" bayağı, şablon səslənə bilər, lakin misraların pəncəsində fikrə güc verən enerjinin məhz bu deyimlərdə olduğu aydınlaşır. Sözdən Qurbani, Aşıq Ələsgər ustalığıyla yararlanmaq sözə, obyektə poetik yanaşmadakı xırdalıqları gözləmək məsuliyyəti İlham Qəhrəmanın şeirlərində aydınca görünür.

 

Bu dərdi necə çəkəsən?

açıb ağartmaq olur,

  daldalamaq.

Əlimdən gələr?

Siqareti siqaretə calamaq.

Bu dərdinki gecələr

Yalquzaq kimi

ulamaqdır, ulamaq...

 

Həsrət İlham Qəhrəmanın şeirlərində obrazlaşır, çeşidlənir, onun rəngləri, çalarları yaranır. Şairin elə mirsaları var ki, onun xarakteri, obrazı, yaşam tərzi, güzəranı haqqında tam təsəvvür yaradır: təvazökar, üzdə olmayan, vətəninə məğlubiyyət ağrıları yazan şair, taleyinə, qismətinə istehza edən, qara günə əsir düşmüş insan... Onun şeirləri dilimizin təbiəti ilə səciyyələndiyi üçün onun simasını da əks etdirə bilir. İlhamın şeirlərini oxuyun-dilimizi sevəcəksiniz. Özünüzü Qarabağda -Şuşada, Turşsuda, Cıdır düzündə, Laçında... hiss edəcəksiniz. bir səs eşidəcəksiniz-sizi o yerlərə səsləyən imdad haraylı bir səs..."

Tənqidçi, haqlıdır, İlham Qəhrəmanın şeirlərində, xüsusən vətənpərvərlik mövzusunda yazdığı şeirlərdə bir haray hiss olunur. Onun Vətən oxşamalarından Qarabağ, Laçın mövzusu qırmızı xətlə keçir. Bu oxşamalar bəzən iniltiyə, bəzən ağıya çevrilir:

Sən qara geyinən gündən

Bir geyinib bəzənmədim.

Sağam...ruhum canımdadı-

O dağlarda gəzən nədi?!

 

Xalq ifadələrinin geninə-boluna yer aldığı Vətən nəğmələrindəki səmimilik oxucunu həm cəzb edir, həm kədərləndirir:

 

Başımız aynımadı heç,

Sənə bir çəkmədik sığal.

Bir yandan azad oldun,

Bir yandan işğal.

 

Məyus görkəm, kəm taleynən

Mən sənin tayınam, Vətən.

Qoy dərdlərin mənə gəlsin,

Mən dərdə qayımam, Vətən.

 

Kitabda sevgi şeirləri öz səmimi ahəngi, təbii ritmi təzə olduğu qədər qayım-qədim ifadə tərzi ilə diqqət çəkir:

 

Telli balam,

Sevgi durna çırağıdı-

Sevən harda olsa,

Yoluna işıq salır...

 

İlham Qəhrəmanın sevdiyinə münasibəti özünəməxsusdu. Sevilən qadının dar ağacı ilə müqayisəsi həm maraqlıdır, həm qəribə:

 

Dünyanın malında

gözümüz yoxdu,

Könül tək sevginin

Yalavacıdı.

Boynumuza düşən

Sevgi kəndiri,

Sevilən hər qadın

dar ağacıdı.

 

Sevgidə özümləşmək məsələsi İlham Qəhrəmanın şeirlərində həllini belə tapıb:

 

Ovçuya tuş gəlmiş

Ov kimi ürküb,

Üz-üzə gələndə

Gendən gedirsən.

Sən mənim o qədər

Özüm olmusan.

Gedirsən-

Hələ məndən gedirsən...

 

Onun şeirləri etiraflarla boldu: yaradıcılığı ilə, yaşadıqları ilə, itirdikləri ilə:

 

Elə hüznlüyəm-belə təhərsiz,

Gözükölgəli, lal

Torpaq kimiyəm.

Mən məğlub ölkə şairi,

Endirilmiş bayraq kimiyəm.

 

İlham Qəhrəmanın poeziya, ədəbi təsir iddia haqqında özünəməxsus düşüncələri var. Şairin fikrincə, ədəbiyyatı pak bir ev kimi məscidə bənzətsək, poeziya ancaq o evin minarəsi ola bilər: "Həmin ədəbiyyat evinin minarəsindən gələn səs məscidin minarəsindən səhərin alatoranında eşidilən azan səsi kimi ilkin bakirədir. Başqa janrlar həmin müqəddəs evin içində- onlar üçün ayrılmış hücrədə qərar tutmuşlar. Onlar həmişə poeziyanın azan səsindən sonra ayılırlar".

Yubilyara görə, şeirin gəldiyi an yazda ağacların çiçəkləməsinə bənzəyir: "Mənə görə, şair şeiri çiçəkləyir. Əgər çiçək açmış ağacdan soruşsalar ki, sən necə çiçəkləyirsən ağacın dili olsa, verəcəyi cavab, təxminən şairin "şeiri necə yazırsan" sualına verdiyi cavabla üst üstə düşər".


Ədəbi
təsiri, kimdənsə təsirlənməyi ancaq müəyyən bir zamana kimi davam etməsini təbii qarşılayan şair sonra hər kəsin öz fərdi üslubunun formalaşmasını vacib sayır: "Təzə qələm tutanın kimdənsə təsirlənməsi təbiidir.  Təzəbinələrin ilk qatığında qonşunun mayasının dadı duyulan kimi təzə yazan şairin şeirində kiminsə təsiri duyula bilər. Ancaq həmin maya qatıqda get-gedə yoxa çıxdığı kimi, cavan şair təsirdən qurtarmalıdır".

İlham Qəhrəman gənc ədəbi nəslin iddiasına aid düşüncələrini kitabda açıqlayıb: "İddia əsasən gənclərdə bədii yaradıcılıq ərəfəsində daha çox olur mənim qənaətimə görə, bunu şərt kimi məqbul saymaq olar. İddialı qələm adamının vəziyyəti təxminən ağacın bar verməzdən əvvəl çiçəklənməsi mərhələsi ilə müqayisə oluna bilər. Ədəbi iddia yavaş-yavaş yerini bədii əsərlər verdikcə yox olub gedir. Ancaq bunun tam əksi ola bilər. Bu gün bizim ətrafımızda xeyli iddialı gənclər var ki, artıq onların iddia çiçəklərindən əl çəkən vaxtlarıdı, ancaq ortada ədəbi məhsul(bar) yoxdur".

İlham Qəhrəmanın  qənaətincə, güclü yazıçı odur ki, əsərini oxuyan özünü onun işığı altında hiss etsin başını qaldıranda öz kölgəsinin yerdə görsün... bu kölgə qədər uzağa düşsə, bir o qədər sahibi qazanmış olar".

Şairin fikrincə şeir insanı havalandırmalıdır, sözün bütün mənalarında: "Şairlik sözdən hava yaratmaq bacarığıdı. Biz bəyəndiyimiz şairlərin şeirlərini oxuyanda o şeirlərin havası canımıza hopur həmişəlik bizimlə qalır. Hökm deyil ki, biz o şeirləri əzbər bilək. Əsas odur ki, o şeirləri təkrar oxuyanda ya bir başqasından eşitdikdə şeir bizə tanıdığımız, sevdiyimiz adam kimi tanış gəlir. Belə demək mümkünsə, ana dilində istedadla yazılmış bütün şeirlər hava yaratmaq gücünə malikdir.

Maraqlıdı, minlərlə oxucu istedadlı şairin şeirlərinin havasına düşür, o şeirlərlə nəfəs alır. Onu da demək lazımdır ki, hər bir şeir şairdən bir parçadır...

Bu mənada şairi minlərlə buğda ilə bir yerdə dəyirmana aparılmış buğda dəninə bənzətmək olar. Dəyirmanda üyüdülən bir buğda dəninin unu minlərlə buğdanın ununa necə qarışırsa, şairin şeiri minlərlə oxucunun havasına çevrilir".

S.MÜRVƏTQIZI

 





24.04.2014    çap et  çap et