525.Az

Dağlıq Qarabağdan Krıma: ikili standartın bədəli


 

Dağlıq Qarabağdan Krıma: ikili standartın bədəli<b style="color:red"></b>

Hazırda Ukraynada baş verən hadisələrə Qərb dövlətləri çox həssas yanaşırlar. Onlar Moskvanı qonşu dövləti parçalamaqda ittiham edir, Rusiyanın Krımda və Ukraynanın şərq əyalətlərində separatçılara aktiv dəstək verdiyini iddia edərək sanksiyalar tətbiqi ilə hədələyirlər. Başda ABŞ olmaqla Qərb ölkələri Ukraynanın ərazi bütövlüyünün pozulması ilə barışmayacaqlarını konkret addımları ilə təsdiq edirlər. Bu hadisələrin prizmasından Dağlıq Qarabağda cərəyan edən proseslərə baxanda düşündürücü faktlar üzə çıxır.

Eyni məzmunlu hadisələrə fərqli yanaşma: geosiyasi ikiüzlülük

Dünya sözün həqiqi mənasında dərin geosiyasi böhran mərhələsini yaşayır. Müxtəlif regionlarda müşahidə edilən hadisələr və onlara beynəlxalq ictimaiyyətin verdiyi reaksiyalar suallar doğurur. Burada iki aspekti vurğulamaq gərəkdir. Birincisi, prosesin getdiyi regiondan asılı olaraq böyük dövlətlər eyni xarakter və məzmuna malik hadisələrə fərqli meyarlarla qiymət verirlər. İkincisi, meydana çıxan problemi həll etmək üçün bütün hallarda eyni dərəcədə fəallıq göstərmir, bir-birindən fərqlənən üsullar tətbiq edirlər.

Nümunə olaraq Yaxın Şərqdə və Şərqi Avropada son zamanlar cərəyan edən hadisələri göstərə bilərik. Suriya, Misir, İraq və Livanda dünyanın aparıcı dövlətləri müəmmalı davrandılar. Livan bombalandı, Misirdə hərbi çevrilişə mane olunmadı, İraq işğal edildi, Suriya isə daxili savaşa sürükləndi. Kənardan silah yardımları edildi. Lakin sadalanan müsəlman dövlətlərində müxtəlif radikal qrupların silahlı toqquşmasının qarşısı alınmadı. İndi də bu proses getməkdədir. Hətta həmin ölkələrin parçalanıb bir neçə xırda dövlətə çevrilməsi ssenarilərindən də bəhs olunur.

Bütün bunlar Yaxın Şərqdəki müsəlman ölkələrində fəaliyyət göstərən radikal qruplaşmalara silah-sursatla dəstək kampaniyaları fonunda baş verir. Böyük dövlətlər siyasi mövqeyi onların maraqlarına cavab verən təşkilatlara yardım edirlər. Sanki ərazisində qanlı toqquşmalar baş verən ölkənin bütövlükdə taleyi onları maraqlandırmır.

Ukraynada müşahidə edilən hadisələrə isə tamamilə fərqli münasibətlər bildirilir. Krımın referendum yolu ilə Rusiyaya birləşməsinə Qərb kəskin şəkildə etiraz etdi. ABŞ və Aİ-yə üzv olan bütün böyük dövlətlər Moskvanı Ukraynanı parçalamaq cəhdində ittiham etdilər. Dərhal da Rusiyaya qarşı sanksiyalar tətbiq etməyə başladılar. Amerika prezidenti Barak Obama və Almaniyanın kansleri Angela Merkel tez-tez Rusiya dövlət başçısı Vladimir Putinlə telefonla danışır, ona etirazlarını bildirir və hətta açıq deyirlər ki, o, problemlərlə qarşılaşacaqdır.

Son olaraq, Amerika prezidenti "CBS" telekanalına verdiyi müsahibədə bildirib ki, "Rusiya Ukraynada qeyri-sabit vəziyyət yaratmaq cəhdini davam etdirsə, əvəzini ciddi surətdə ödəyəcək". ABŞ-ın dövlət başçısı sözlərinə davam edərək heç bir tərəfin müharibə istəmədiyini də deyib. Lakin Moskvaya qarşı sərt sanksiyalar tətbiq oluna bilər. Əlavə tədbirlərin görülməsi, məsələn, rəsmi Kiyevə silahların verilməsi də istisna edilmir. Qərb Ukrayna hökumətinə maliyyə və informasiya yardımı etməyi də nəzərdən keçirir.

Göründüyü kimi, Vaşinqton və Brüssel Ukraynanın ərazi bütövlüyünün pozulması ilə barışmaq istəmirlər. Ehtiyatlarında olan bütün vasitələrdən istifadə etməklə onlar hazırda işğalçı saydıqları Rusiyanı cəzalandırmaq istəyirlər. Ancaq yaranmış bu vəziyyətə bir qədər geniş aspektdə nəzər salanda Qərbin özünün də xeyli məsuliyyət daşıdığı aydın görünür. Söhbət hər şeydən əvvəl onların geosiyasi proseslərə obyektiv və sabit meyarlarla deyil, ikili standartla qiymət verməsindən gedir.

Dağlıq Qarabağda baş verən hadisələrə Qərb dövlətlərinin göstərdiyi münasibət nümunəsində bunun tam təsdiqini tapa bilərik. Azərbaycanın ayrılmaz hissəsi olan Dağlıq Qarabağda və onunla həmsərhəd olan bölgələrdə hansı proseslər baş verdi? Əvvəlcə, qısaca tarixə ekskurs edərək hadisələrin məzmununu obyektiv ifadə edən, konkret faktlar gətirək.

1991-ci il sentyabrın 2-də Dağlıq Qarabağ Muxtar Vilayəti (DQMV) və Azərbaycan SSR-in Şaumyan (kənd) rayonu hüdudlarında "Dağlıq Qarabağ Respublikası" ("DQR") elan edildi. Buna cavab tədbiri kimi, 1991-ci il noyabrın 23-də Azərbaycan Dağlıq Qarabağın muxtariyyət statusunu ləğv etdi. Lakin "SSRİ Dövlət Şurası" 1991-ci il noyabrın 27-də Azərbaycanın həmin qərarının konstitusiyaya zidd olduğunu elan etdi. 1991-ci il dekabrın 10-da "DQR"-də erməni icmasının müstəqilliyi barədə əvvəlcədən proqramlaşdırılmış referendum keçirildi. 1992-ci il yanvarın 6-da monoetnik "Dağlıq Qarabağ Respublikası"nın müstəqillik bəyannaməsi elan edildi. Erməni separatçılar bu qərarı qəbul etməklə "soyuq müharibə"ni heç bir günahı olmayan azərbaycanlıların və Yerevanın təcavüzkar xülyalarının girovlarına çevrilmiş ermənilərin kütləvi şəkildə həlak olmasına gətirib çıxaran "qaynar mərhələyə"keçirdilər.

Buraxılan səhvlər: nəticə çıxarılacaqmı?

İndi Krımda və Ukraynanın şərqində baş verən hadisələrlə oxşarlıq hiss edilirmi? Məzmun, məqsəd və mahiyyət burada tam üst-üstə düşür. Bəs başda Qərb dövlətləri olmaqla beynəlxalq birlik Dağlıq Qarabağda baş qaldıran separatizmə necə reaksiya verdilər? Aydındır ki, Krımdakı kimi olmadı. Hətta tamamilə fərqli münasibət göstərildi. Bundan ruhlanan erməni işğalçılar Azərbaycanın Dağlıq Qarabağın inzibati ərazisindən kənarda olan bir neçə bölgəsini də tutdular. Təbii ki, kənar dəstək hesabına. Elə məsələnin bu tərəfi də çox düşündürücüdür.

Çünki Ermənistan ordusuna və müxtəlif ölkələrdən gətirilmiş terrorçulara böyük dövlətlərin silah verməsinin üstündən də sükutla keçildi. Heç bir Qərb dövləti terrorçulara qeyri-qanuni silah satılması və ya təmənnasız verilməsini araşdırmadı, buna etirazını bildirmədi, əks tədbirlər görmədi. Sanksiyalardan söhbət belə gedə bilməzdi. Özü də bu, BMT kimi təşkilatın Ermənistanın işğalçı olduğunu aydın göstərən 4 qətnaməsinin qəbul edilməsi fonunda baş verirdi.

Bu günə qədər BMT Krımla bağlı həmin sayda qətnamə qəbul etməyib. Başqa beynəlxalq təşkilatlar sənəd hazırlamayıb. Ancaq ABŞ və Aİ iki dəfə sanksiya tətbiq edib. İndi də həmin prosesi genişləndirməkdədirlər. Paralel olaraq, Vaşinqton Moskvadan qoşunlarını Ukrayna sərhədindən və Krımdan çıxarmağı tələb edir. Özü də rəsmi olaraq Rusiya Ukraynaya əsgər göndərməyib. Orada iştirak edən hərbçilərin geyimləri müəmmalıdır. Buna rəğmən Vaşinqton hesab edir ki, həmin əsgərlər Rusiya ordusunda qulluq edirlər.

Ancaq Dağlıq Qarabağda və ətraf rayonlarda Ermənistan ordusu döyüşüb. Onlar nə geyimlərini gizlədir, nə də Ermənistan ordusunda qulluq etdiklərini inkar edirdilər. İndi də ermənilər o illərdəki cinayətlərini hərbi qəhrəmanlıq kimi qələmə verirlər. Hətta keçmiş prezident L.Ter-Petrosyana Xocalıda qətliam törədilməsi ilə bağlı sual verəndə Napoleonun məşhur kəlamını təkrar etmişdi: "Müharibədə müharibədə olduğu kimi" ("На войне как на войне"). Bəs bu təcavüzə və vəhşiliyə Vaşinqton və Brüssel niyə susqun qaldılar? Nəyə görə, heç bir sanksiyadan söhbət getmədi?

Əvəzində, Azərbaycana xəbərdarlıq edildi ki, müharibə edərsə, vəziyyət daha da pis olacaqdır. İndi rəsmi Kiyevə tamam başqa şeylər danışırlar. Ona hər cür yardım edəcəklərinə söz verirlər. Amerika prezidentinin milli təhlükəsizlik məsələləri üzrə keçmiş müşaviri Zbiqnev Bjezinski isə "CNN"-ə verdiyi müsahibədə Amerika rəsmilərinə məsləhət görüb ki, "Ukraynanı Rusiya üçün Vyetnama çevirmək lazımdır".

Bunlar tarixin dərsləridir. Əgər hər bir ölkə geosiyasi proseslərə yalnız öz maraqları çərçivəsində yanaşsa, bəşəriyyətin taleyi qeyri-müəyyən olaraq qalacaqdır. Bu kontekstdə Azərbaycan Prezidenti İlham Əliyevin fikirləri və qiymətləndirmələri yaranmış vəziyyəti tam dəqiq ifadə edir. Azərbaycanın dövlət başçısı Nazirlər Kabinetində keçirdiyi son müşavirədə deyib: "...BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi pozulur. Yəni, heç bir başqa buna oxşar halda bu qədər ədalətsizlik və qanun pozuntusu olmamışdır. Beynəlxalq normalar pozulur. BMT Təhlükəsizlik Şurasının qətnamələri icra edilmir. Digər beynəlxalq təşkilatların – Avropa Şurası, Avropa Parlamenti, ATƏT, İslam Əməkdaşlıq Təşkilatının qətnamələri icra edilmir... Sual olunur nə üçün? Nə vaxta qədər biz bu ikili standartlarla üzləşəcəyik? Bunun səbəbi nədir? Nə üçün qondarma "Dağlıq Qarabağ Respublikası"nın rəhbərləri sanksiyalardan əziyyət çəkmir? Nə üçün onlara qarşı sanksiyalar tətbiq olunmur? Bu, ədalətsizlikdir, ikili standartlardır...". Bu suallara böyük dövlətlər və beynəlxalq təşkilatlar cavab verməlidirlər. Ukrayna hadisələrinin fonunda buna ehtiyacın olduğunu daha aydın şəkildə hiss etmək mümkündür.

Newtimes.az

 





23.04.2014    çap et  çap et