525.Az

Rəşid Faxralının 60 yaşı qeyd edilib (Fotolar)


 

Rəşid Faxralının 60 yaşı qeyd edilib<b style="color:red"> (Fotolar)</b>

Ötən gün Yazıçılar Birliyində şair, jurnalist, ehtiyatda olan zabit Rəşid Faxralının 60 illik yubileyi qeyd olunub.

Tədbiri açan Yazıçılar Birliyinin katibi Arif Əmrahoğlu yubilyarın çoxşaxəli fəaliyyəti ilə bağlı fikirlərini bölüşüb: "Yaxşı şair, jurnalist və hərbçi olmaqla bərabər Rəşid Faxralı həm özünün, həm də sözünün yerini bilən bir ziyalıdır. Onun yaradıcılığında Atatürkdən tutmuş, Qarabağ ağrısına qədər hər mövzuda şeirlər var. Rəşid Faxralı həyatın aktual problemlərini şeirə gətirib. Son vaxtlar sistematik şəkildə  sufi motivli şeirlər yazır. Rəşidin şeirlərində sufi aspektdən yanaşmaqla həyatın həqiqətləri öz əksini tapıb. Neçə illərdir Rəşidi tanıyıram, amma onun özü ilə bağlı heç vaxt gəlib nəsə istədiyinin şahidi olmamışam. O həmişə başqasının problemi üçün ağız açıb. O özü boyda, özü çəkidə, özü əzəmətdə bir sevgidir".

Şair Əkbər Qoşalı Rəşid Faxralını bütün müasir şeir üslublarını, intonasiyasını və ahəngini özündə cəmləşdirmiş şair kimi dəyərləndirib. Şairin təqdim olunan "Ömrümün üç nöqtəsi" kitabında toplanan şeirlərin məziyyətindən söz açıb.

"Rəşid Faxralı dilə yaxın olan bir şairdi. Azərbaycan dilinin gözəlliyi, dadı-tamı dialektlərdə, şivələrdə, el-obamızda, kəndlərimizdə daha aydın hiss olunur. Ümumiyyətlə, folklordan ayrı olan ədəbiyyat yaşamır. Azərbaycan xalqının indiyə qədər qazandığı mədəniyyətin içində folklor üstünlük təşkil edir. Azərbaycan şifahi xalq ədəbiyyatının içində bütün modernizm, postmodernizm var. Bir sözlə, gələcəyin hamısı bizim keçmişimizdədi. Rəşid vətənin, xalqın şairidi. Rəşid həm ehtiyatda olan mayordu. Mayor sözü bir az ciddi səslənir. Ancaq həmin mayor rütbəsinin altında qədər gözəl ürək, duyğular çələngi yatır". Bu fikirləri tədbirdə şair Qəşəm Nəcəfzadə səsləndirib.

Millət vəkili Musa Urud bildirib ki, kökləri bağlı olduğuna görə Rəşid Faxralını özünə ruh qardaşı dost sayır: "Rəşidlə az görüşmüşük, amma ruhlarımız, təblərimiz həmişə yaxın olub. Rəşidlə sözlərimiz, ifadələrimiz görüşüb. Hesab edirəm ki, bizim Rəşid Faxralı kimi qələm adamlarımızın olması təkcə poeziyamızı zənginləşdirmir, eyni zamanda minillərdən keçib gələn türk ruhunu, milli ruhumuzu yaşadır. Hesab edirəm ki, Rəşidin poeziyası, yaradıcılığı haqqında ədəbi tənqid hələ öz sözünü deməyib. Deməlidir, daha geniş şəkildə deməlidir. Mən Rəşidin yazdıqlarına bütövlükdə bir şeir kimi baxıram. Çünki bu insanın mənəviyyatı, ruhu, təbi bütövdür. Hesab edirəm ki, Borçalıdan olan söz adamlarımızın tədbirlərini daha geniş şəkildə keçirməliyik, daha geniş təbliğ etməliyik. Gürcüstanda da belə tədbirlərin təşkilinə nail olmalıyıq".

Müdafiə Nazirliyinin Həmkarlar İttifaqının sədri Abiyat Ağadadaşova çıxışında Rəşid Faxralının yubiley tədbirində iştirakından məmnunluğunu ifadə edib.Onun həm hərbi xidmətlərindən söz açıb.

Tanınmış hərbi diktor, ifaçı Şəmistan Əlizamanlı yubilyarla tanışlıq tarixçəsindən danışıb, onunla bağlı maraqlı əhvalatları tədbir iştirakçıları ilə bölüşüb.

Millət vəkili, Azərbaycan-Gürcüstan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Qənirə Paşayeva  Rəşid Faxralını təbrik edərək onu "On barmağında on mərifət" deyimi ilə səciyyələndirib. Q.Paşayeva Rəşid Faxralının yubileyinin Gürcüstanda təşkilinin vacibliyini vurğulayıb.

Sonda çıxış edən yubilyar tədbirin təşkilatçılarına qonaqlara minnətdarlığını bildirib.

S.MÜRVƏTQIZI

 





23.04.2014    çap et  çap et