525.Az

Oqtay Şirəliyev: “Ana ölümlərinin olmaması üçün...”


 

Oqtay Şirəliyev: “Ana ölümlərinin olmaması üçün...”<b style="color:red"></b> Bərdə rayon Müalicə Diaqnostika Mərkəzində Səhiyyə Nazirliyinin səyyar kollegiya iclası keçirilib.

Bu barədə Lent.az-a Səhiyyə Nazirliyindən məlumat verilib. Toplantını səhiyyə naziri Oqtay Şirəliyev açıb. Nazir ölkəmizdə fevralın 17-dən başlayan əhalinin icbari dispanserizasiya tədbirləri, onun nəticələri və Bərdə, Tərtər, Ağdam, Yevlax, Mingəçevir rayonlarında əhaliyə göstərilən tibbi xidmətin vəziyyətini diqqətə çatdırıb.
 
İlk çıxış edən Səhiyyə Nazirliyi Tibbi yardımın təşkili şöbəsinin müdiri Gülmirzə Poladov ölkə rəhbərinin sosial yönümlü siyasəti nəticəsində son illər ərzində səhiyyənin inkişafı istiqamətində həyata keçirilmiş geniş miqyaslı tədbirlərdən söz açıb. 10 ildə Azərbaycanda ölüm göstəricisinin azaldığını, doğum, təbii artım göstəricilərinin isə yüksəldiyini diqqətə çatdırdı. Şöbə müdiri bu göstəricilərə görə ölkəmizin Avropa dövlətləri sırasında ilk yerlərdən birini tutduğunu deyib: “Görülən tədbirlər nəticəsində ana və uşaqların sağlamlığını xarakterizə edən göstəricilərdə müsbət dinamika var. On il ərzində körpə ölümü göstəricisi 16,7 promillidən 10,8-ə , ana ölümü əmsalı 18,5-dən 14,5-ə enib. Bu illər ərzində orta ömür uzunluğu artaraq 72,3 yaşdan 73,9 yaşa çatıb”.
 
G. Poladov əhaliyə göstərilən tibbi xidmətin keyfiyyətinin artırılmasında səhiyyənin ayrı-ayrı sahələri üzrə qəbul edilib və büdcədən maliyyələşdirilən dövlət proqramlarının xüsusi rolunu qeyd etdi, bu proqramlar çərçivəsində görülən işlər və əldə edilən uğurlar barədə məlumat verib.
 
Toplantıda Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktoru Akif Əlibəyov, Səhiyyə Nazirliyi Aparat rəhbəri Zəkiyə Mustafayeva, M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının baş həkimi Telman İbadov, Bərdə Mərkəzi Rayon Xəstəxanasının baş həkimi İftixar Zeynalov da çıxış edərək son illər səhiyyə sahəsində aparılan islahatlar, əldə edilən uğurlar və mövcud problemlər barədə məlumat veriblər.
 
Sonda səhiyyə naziri O. Şirəliyev yekun nitqi ilə çıxış edərək artıq bir neçə aydır davam edən icbari dispanserizasiyanın əhəmiyyətini vurğulayıb və təkcə bu regionda yüz minlərlə insanın müayinədən keçirilməsinin, 30 min insanda müəyyən xəstəliklərinin aşkarlanmasının, onların müalicəyə cəlb edilməsinin böyük göstərici olduğunu bildirib: “Həmin insanlar bir neçə müddət sonra ağır vəziyyətdə tibb müəssisələrinə gətirilə bilərdi. Ancaq icbari dispanserizasiya xəstəliyin erkən aşkarlanmasına və vaxtında aradan qaldırılmasına kömək edir. Ölkə rəhbəri hər bir insanın heç olmasa ildə bir dəfə tibbi müayinədən keçirilməsinin zəruriliyini qeyd edib. Biz də dövlət başçısının tövsiyəsini nəzərə alaraq, bu sahədə lazımi tədbirləri yüksək səviyyədə yerinə yetiririk. Mən hazırda bölgənin bütün tibb işçilərinə qısa müddətdə bu qədər insanları qəbul etdiyinə, onları tibbi müayinədən keçirdiklərinə görə öz minnətdarlığımı çatdırıram”.
Nazir O.Şirəliyev bu gün insanların səhiyyə sahəsində çalışan, əyninə ağ xalat geyinən hər bir şəxsdən xüsusi qayğı, diqqət gözlədiyini bildirdi. Azərbaycanın bütün regionlarında insanların bu cür diqqət və qayğı ilə əhatə olunması üçün hər bir şərait yaradıldığını vurğuladı: “Hazırda Bərdə Müalicə Diaqnostika Mərkəzinə gün ərzində 400-ə qədər insan müraciət edirsə, deməli, həqiqətən əhalinin yüksək səviyyəli səhiyyə xidməti ilə əhatə olunması üçün burada hər cür şərait var. Həmin insanlar vaxtilə sadə bir müayinə və ya əməliyyat üçün Bakı şəhərinə üz tuturdular. İndi isə burada ağır, çətin əməliyyatlar aparılır. Bir sözlə, təkcə şəhərlərimizdə deyil, bütün ölkədə səhiyyə inkişaf edir”.
 
Uğurlarla yanaşı, problemlərin, müəyyən neqativ halların da olduğunu diqqətə çatdıran səhiyyə naziri tibb işçilərini insanlarla münasibətdə diqqətli olmağa çağırıb. O. Şirəliyev ana ölümü hadisələrinin olmaması üçün hər bir həkimin məsuliyyətini dərk etməsinin zəruri olduğunu qeyd edib: “Həkimlik çətin, ağır peşədir. Amma bu bizim sənətimizdir. Bu sənəti seçənlər bilməlidirlər ki, ağır xəstəsi də olacaq, gecə zəngləri, çətinlikləri də. Biz bunların hər birinin öhdəsindən layiqincə gəlməliyik ”.
 





22.04.2014    çap et  çap et