525.Az

Hərb və sülh arasında seçim: Amerikanın Avrasiya strategiyası


 

Hərb və sülh arasında seçim: Amerikanın Avrasiya strategiyası<b style="color:red"></b>

Ekspertlər Ukrayna hadisələrindən sonra böyük dövlətlərin geosiyasi mübarizəsinin kəskinləşdiyini vurğulayırlar. Ayrıca rəsmi Vaşinqtonun strateji maraqlarını təmin etmək üçün yeni üsullar axtarışında olduğu haqqında informasiyalar yayılır. Bütövlükdə Avrasiya məkanında daha səmərəli fəaliyyət göstərmək üçün fərqli ssenarilər hazırlanır. Burada ABŞ-ın dinc, yaxud hərbi savaş yoluna üstünlük verməsi ətrafında müzakirələr gedir. Maraqlıdır ki, amerikalı analitiklər böyük müharibə variantını istisna etmirlər. Bununla yanaşı, müasir mərhələdə bunun ciddi fəlakətlərə səbəb olacağını da unutmurlar.

Ukrayna böhranı: qlobal geosiyasətin yeni "başağrısı"

Kiyev dünya siyasətini əməlli-başlı dalana saldı. Böyük güclər zahirən sakit və özünə inamlı görünsələr də, daxili narahatlığı ifadə edən hərəkətlər də gözdən yayınmır. Analitiklər ümumilikdə yaranmış vəziyyəti təhlil edib, müəyyən proqnozlar verirlər. Maraqlıdır ki, bu proses dünyanın aparıcı güclərinin yeritdikləri siyasətlərinin illərdir ki, gizlədilən bir sıra vacib cəhətlərini üzə çıxarır. O cümlədən, dünya liderliyi iddiasında olan dövlətlərin strateji məqsədləri haqqında daha konkret təsəvvür formalaşır.

Bu xüsusda "Stratfor"un qurucusu Corc Fridman daha konkret, obyektiv və dürüst fikirlər söyləyir. Onun Ukrayna hadisələri kontekstində yazdığı iki məqaləsi bu nəticəni çıxarmağa əsas verir. Amerikalı analitik ABŞ, Avropa İttifaqı və Rusiyanın qlobal geosiyasətdə güddükləri başlıca məqsədlərdən və onlara nail olmaq üçün istifadə etdikləri üsullardan danışır (bax: George Friedman. Russia and the United States Negotiate the Future of Ukraine / "Stratfor", 1 aprel 2014 və George Friedman. U.S. Defense Policy in the Wake of the Ukrainian Affair / "Stratfor", 8 aprel 2014).

Belə məlum olur ki, Vaşinqton Ukrayna ilə bağlı baş verən hadisələrdən sonra geosiyasi strategiyasında düzəlişlər etməyə meyllənib. Bunun üçün tarixi təcrübəyə də müraciət edir. XX əsrdə baş vermiş iki dünya müharibəsində istifadə edilən savaş strategiyası artıq köhnəlmiş hesab olunur. C.Fridmana görə, Amerika bir tərəfdən böyük müharibə ehtimalı ilə üz-üzədir, digər tərəfdən isə buna baş vurmamalıdır (bax: George Friedman. U.S. Defense Policy in the Wake of the Ukrainian Affair / "Stratfor", 8 aprel 2014).

Səbəblər çoxdur. Əsas isə ondan ibarətdir ki, müasir dünyada böyük müharibəni aparmağa ABŞ hazır deyil, digər böyük dövlətlər isə Amerika ilə müharibədən çəkinirlər. Məsələn, Rusiya istərdi ki, regional supergücdən qlobal miqyasda böyük nüfuz sahibi olan dövlətə çevrilsin. Onun Ukrayna ilə əlaqədar atdığı addımlar bunun əlamətidir. Lakin həmin məqsədə müharibə yolu ilə çatmağın mümkünsüzlüyünü də Kreml anlayır. Onun bu zəifliyini Vaşinqtonun "sistem müharibəsi" (bir dövlət kimi digər ölkə ilə davamlı savaş aparılması – Newtimes.az) aparmaq istəməməsi kompensasiya edir. Nəticədə, Amerika ilə Rusiyanın danışıqlar üsuluna üstünlük verməsi zərurəti meydana çıxır (bax: George Friedman. Russia and the United States Negotiate the Future of Ukraine / "Stratfor", 1 aprel 2014).

Bu tezislər C.Fridmana iki əhəmiyyətli faktoru önə çıxarmağa əsas verir. Birincisi, yeni şərtlər daxilində ABŞ-ın müdafiə siyasətini formalaşdırması. İkincisi, Ukrayna məsələsini həll etmək üçün Vaşinqtonla Moskvanın gizli və ya açıq danışıqlar aparması. Hazırda hər iki punkt üzrə proseslər intensiv surətdə gedir. Burada ilk gözə çarpan məqam Rusiyanın məhz Amerika ilə ünsiyyət qurmasıdır. C.Fridman hesab edir ki, bununla Moskva dünyaya necə hərəkət etməyi nümayiş etdirir – hər hansı vacib beynəlxalq böhranı həll etmək üçün ABŞ-a müraciət edin (bax: əvvəlki mənbəyə).

Müharibə: geosiyasi liderliyi təmin edə bilərmi?

Bu tezis Amerikanın Rusiya ilə savaş etməyəcəyi fikri fonunda olduqca maraqlı görünür. Çünki həmin kontekstdə Avropanın yeri və rolu məsələsi tam aydın olmur. Daha dəqiq olsaq, Vaşinqton Aİ-nin aparıcı geosiyasi güc olmasını arzulamırmı? Şübhəsiz ki, belə deyil. Ancaq görünür, Vaşinqton uzun müddət üçün nəzərdə tutduğu strateji maraqlarını Avropanın istəklərinə qurban vermək fikrində deyil.

C.Fridman yazır: "Düşmən donanması üzərində qələbə çalmağın ən yaxşı üsulu ona bunu (donanmanı – Newtimes.az) yaratmağa imkan verməməkdir. Onu yaratmağa imkan verməməyin ən yaxşı üsulu Avrasiyada güc balansını saxlamaqdır. Bu məqsədə çatmağın ideal yolu Avrasiyada gərginliyin saxlanmasına dəstək verməkdən ibarətdir. Bu halda ölkələr öz ehtiyatlarını donanma yaratmağa yox, qurudan olan təhlükələri dəf etməyə sərf etməli olurlar. Avrasiyada gərginlik əvvəlcədən mövcud olduğundan hər iki halda ABŞ heç nə etməməlidir. Sadəcə, Amerika zaman-zaman tərəflərdən birinə, yaxud hər ikisinə hərbi və ya iqtisadi dəstək verməlidir. Digər hallarda isə məsləhət verməlidir" (bax: George Friedman. U.S. Defense Policy in the Wake of the Ukrainian Affair / "Stratfor", 8 aprel 2014).

Bu nəzəri prinsipin konkret praktiki təzahürləri vardır. Avropaya münasibətdə bu, Vaşinqtonun Rusiya və Çin siyasətində konkret məzmun kəsb edir. Məsələn, ABŞ Rusiya ilə həmsərhəd olan müttəfiqlərinin müdafiə qabiliyyətini artırmaqda daha çox maraqlıdır. Bu aspektdə o, İspaniya və Portuqaliyadan çox, Polşa və ya Rumıniyaya diqqət yetirir. Almaniyanı isə müəyyən məqamlarda daha irəli getməkdən çəkindirir. Berlin bunu Ukrayna hadisələrində açıq hiss etdi. ABŞ Almaniyanın radikal addımlarına dəstək vermədi ki, nəticədə almanlar geri çəkildilər (bax: əvvəlki mənbəyə).

Bunların fonunda Ukrayna ilə əlaqədar ABŞ-Rusiya danışıqlarının aparılması məntiqli görünür. Burada Vaşinqtonun əsas məqsədi Moskva ilə hərbi toqquşmaya getməməkdir. Əksinə, maksimum dərəcədə bundan uzaq durmaqla "məsafəli" (C.Fridman) davranmaq. Əvəzində, Rusiyanı iqtisadi cəhətdən zəiflətmək. Paralel olaraq, Rusiyanın sərhədi boyunca yerləşən, lokal savaşlar apara biləcək və Amerikaya müttəfiq olan ölkələrin hərbi potensialını gücləndirmək lazımdır.

Sonuncu məqam dünyanın heç bir guşəsində qlobal hegemonluğa iddialı olan dövlətlərin meydana çıxmasına imkan verməməklə bağlıdır. Rusiya son vaxtlar məhz bu fikrə düşdüyündən ABŞ da onu dayandırmaq üçün uyğun taktika seçməlidir. Vaşinqton eyni üsulla Yaponiya və Koreyanın timsalında Çinə qarşı dura biləcək regional güclər formalaşdırıb. Rusiyaya münasibətdə həmin funksiyanı hansı dövlətlərin yerinə yetirməsinin nəzərdə tutulduğu düşündürücüdür.

Hər bir halda, görünür, Ukrayna artıq o tələyə düşüb. Kiyevin müstəqillik haqqındakı eyforik duyğularından istifadə edərək, uzun müddət davam edəcək bir münaqişəyə cəlb edildiyi hiss olunur. Artıq rəsmi Kiyev də qısa müddətdə ölkənin ərazi bütövlüyünü təmin etmək və sabitliyə nail olmağın mümkünsüzlüyünü etiraf edir. Yalnız xeyli vaxt keçəndən sonra, addım-addım Rusiyanı zəiflətməklə nə isə əldə etməkdən danışırlar. Reallıqda bütün bunların arxasında Amerikanın strateji maraqlarının təmin edilməsi dayanır.

Dünya siyasəti həqiqətən də yeni mərhələyə qədəm qoyur. Güclü dövlətlər liderliyin yeni modellərini axtarırlar. Bu zaman müstəqil ölkələr üçün bir çox təhlükələr yarada bilən addımlardan belə çəkinmirlər. Görünür, bəşəriyyətin bütün bunlara görə daha ağır vəziyyətə düşə biləcəyini fikirləşən yoxdur. Analitiklər müharibənin "asimmetrik", "antiterror mahiyyətli", "sistem" kimi növlərini müqayisə edib, onlar arasından "daha yaxşısını" seçmək üsullarını təklif edirlərsə, bunun nəticəsi haqqında ciddi düşünmək lazım gəlir. Çünki hər bir halda söhbət insan həyatından, sivilizasiyanın qorunmasından gedir.

Newtimes.az

 





18.04.2014    çap et  çap et