525.Az

Regional əməkdaşlıq: Bakı-Tehran əlaqələrində yeni səhifə


 

Regional əməkdaşlıq: Bakı-Tehran əlaqələrində yeni səhifə<b style="color:red"></b>

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İrana etdiyi son səfərə dünya KİV-də böyük maraq vardır. Ekspertlər bu hadisəyə regional və qlobal geosiyasətin aktual problemləri kontekstində qiymət verirlər. Bu da təsadüfi deyil. Dövlət başçısı İlham Əliyevin İranda apardığı danışıqlarda strateji xarakterli bir sıra məsələlərə toxunulub. Prezident Həsən Ruhani Azərbaycanla iqtisadi, enerji, mədəni və informasiya texnologiyaları sahəsində əməkdaşlığa ciddi önəm verdiklərini deyib. Tərəflər həm də son geosiyasi dəyişikliklər fonunda regional miqyasda ortaq fəaliyyətin mühüm cəhətlərini müzakirə ediblər. Bunlar iki ölkə arasındakı münasibətlərin yeni səviyyəyə qalxdığını göstərir.

Üçüncü səfər: səmərəli siyasətin yeni mərhələsi

Bu ilin yanvarında Davos İqtisadi Forumunda Azərbaycan və İran dövlət başçılarının görüşü iki ölkə arasında əlaqələrin yeni səviyyəyə qalxmasına ciddi təkan verməli idi. Martın 14-də Vanda Türkiyə, Azərbaycan və İran xarici işlər nazirlərinin müzakirələr aparması isə prosesin regional əhəmiyyətli məzmun kəsb etdiyinin göstəricisi oldu. Həmin kontekstdə bir qədər əvvəl Gəncədə Türkiyə, Azərbaycan və Gürcüstan xarici siyasət idarələrinin rəhbərlərinin qarşılıqlı faydalı əməkdaşlıq müstəvisində apardıqları fikir mübadiləsi isə daha geniş geosiyasi aspektdə maraqlı gedişatın mövcudluğuna şübhə yeri qoymur. Bütün bu proseslərin əsas iştirakçılarından biri Azərbaycandır.

Prezident İlham Əliyevin İrana sayca üçüncü olan son səfərinə həmin çərçivədə qiymət vermək daha doğru olardı. Konkret ifadə etsək, söhbət Azərbaycanın da aktiv iştirakçısı olduğu, regional və qlobal geosiyasi mahiyyət kəsb edən əhəmiyyətli prosesdən gedir. Dövlət başçısı İlham Əliyevin Tehranda apardığı danışıqlar Azərbaycanın regionda sülh, əməkdaşlıq naminə aktiv fəaliyyət göstərən mühüm aktor kimi rolunu göstərir.

Azərbaycana qonşu dövlətlərin yüksək etimadla yanaşması təsadüfi hadisə deyil. Türkiyənin baş nazirinin və Gürcüstanın yeni rəhbərliyinin seçkidən sonra məhz Azərbaycana səfər etməsi, rəsmi Tehranın Bakıya böyük diqqət yetirməsi konkret səbəbləri olan hallardır. Məsələ ondan ibarətdir ki, Azərbaycan rəhbərliyi kimsəyə qarşı zərər verə biləcək xarici siyasət yeritmir. 1993-cü ilin ikinci yarısından rəsmi Bakı tam pozitiv məzmunlu, qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan siyasət yürüdür. Bu günə kimi elə bir hal müşahidə olunmayıb ki, Azərbaycan regionda vəziyyəti gərginləşdirən addım atsın. Hansısa dövlətlə əməkdaşlıqdan imtina etsin.

Burada Ermənistan məsələsini ayrıca qeyd etmək lazımdır. Bu dövlət Azərbaycanın ərazisinin bir hissəsini işğal edib. Təbii ki, belə bir vəziyyətdə onunla əməkdaşlıqdan söhbət gedə bilməz. Lakin rəsmi Bakı Ermənistanın işğal etdiyi ərazilərdən qoşunlarını çıxardıqdan sonra onunla istənilən iqtisadi, enerji və mədəni əməkdaşlığa hazır olduğunu bildirib. Bu o deməkdir ki, mahiyyətcə, Bakı Yerevana qarşı da əbədi düşmənçilik mövqeyində deyil – Azərbaycan sadəcə, ədalətin bərpa olunmasına çalışır.

Tehran bütün bunları nəzərə alaraq, yeni xarici siyasətində Azərbaycana böyük önəm verir. Prezident İlham Əliyevin son İran səfərində imzalanan 4 sənədin məzmunu da bunu təsdiq edir. Tərəflər sərmayə qoyuluşu, enerji, nəqliyyat, informasiya-kommunikasiya texnologiyaları, infrastruktur, mədəniyyət və başqa sahələrdə əməkdaşlığı genişləndirmək üçün imkanların mövcudluğunu vurğulayıblar.

Burada geosiyasi aspektdə ciddi əhəmiyyət kəsb edən bir məqamı qeyd etməyə ehtiyac görürük. Prezident İlham Əliyevin İran dövlət başçısı Həsən Ruhani ilə apardığı danışıqlarda regional və qlobal təhlükəsizlik problemləri "regionda coğrafi sərhədlərin dəyişdirilməsinin yolverilməzliyi" prinsipinə əməl etmək fonunda aparılıb. Özü də sonuncu fikri İranın dövlət başçısı deyib.

Belə çıxır ki, rəsmi Tehran Ermənistanın istinad etdiyi əsas arqument olan "millətlərin öz müqəddəratını təyin etmə hüququ ərazi bütövlüyündən daha önəmlidir" prinsipini qəbul etmir. Şübhəsiz, İran rəhbərliyinin bu barədə açıq danışması ciddi məsələdir. İran Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində hər şeydən əvvəl ölkələrin ərazi bütövlüyünə əməl edilməsinə üstünlük verir və indiyədək imzalanmış ikitərəfli sənədlərdə bunu dəfələrlə təsdiq edib.

"Müqavimət iqtisadiyyatı"ndan regional əməkdaşlığa keçid

Məsələnin digər tərəfi isə enerji sahəsində əməkdaşlıqla bağlıdır. Ukrayna hadisələri dünya qarşısında enerji təhlükəsizliyinin təmin edilməsini yeni səviyyədə qoydu. Həmin aspektdə "Cənub enerji dəhlizi"nin gerçəkləşməsi xüsusi önəm kəsb edir. Bu prosesdə Azərbaycanın xüsusi yer tutduğu sirr deyil. İranın da öz enerji ehtiyatlarından daha səmərəli istifadə etmək probleminin olduğu məlumdur.

Qərbin tətbiq etdiyi sanksiyalar Tehranın bu sahədəki fəaliyyətini xeyli məhdudlaşdırıb. Doğrudur, İran "müqavimət iqtisadiyyatı" adlandırılan kurs seçib. Lakin, görünür, rəsmi Tehran bunun lazımi səmərə vermədiyini dərk edir.

Burada son zamanlar qlobal geosiyasətdə baş verən ciddi dəyişikliklər də nəzərə alınmalıdır. İran bu il neft və qaz hasilatını artırmağı qarşısına məqsəd qoyub. Ölkənin neft naziri Bijən Zəngəne hesab edir ki, bu, yalnız iqtisadi sanksiyaların aradan qaldırılmasından sonra mümkün ola bilər.

İran artıq Qərb və Türkiyənin enerji şirkətlərini əməkdaşlığa dəvət edib. Həmin sırada Tehran Azərbaycanla da əməkdaşlığı genişləndirməkdə maraqlı olduğunu bəyan edib. Bununla da regional əməkdaşlıq sahəsində yeni imkanlar meydana gəlmiş olur.

Maraqlıdır ki, İran tərəfi ekstremizm və terrorçuluğa qarşı birgə mübarizə aparmaq arzusunu da ifadə edib. Rəsmi Tehranın xarici siyasətində baş verən dəyişikliklər fonunda bu, normal görünür. Eyni zamanda, Azərbaycanla əlaqədar yaranmış vəziyyət terrorçuluqla mübarizədən danışanda mütləq erməni terroruna qarşı savaşı da nəzərdə tutmalıdır. Rəsmi Tehranın bu məsələdə nə dərəcədə sözünü tutacağı bir başqa məsələdir.

Bununla yanaşı, İran rəhbərliyinin həmin aspektdə fikrini açıq ifadə etməsi irəliyə doğru atılmış addımdır. Bəzi ekspertlər hesab edirlər ki, İranda hərbi-siyasi dairələrdə elə qüvvələr var ki, Bakı-Tehran münasibətlərinin inkişafında maraqlı deyillər və daim meydana problemlər çıxarırlar.

Buna baxmayaraq, Tehran terrorçuluqla mübarizədə daha konkret mövqe tuta bilər. Ekspertlərə görə, bunun əsas səbəbi Qərbin də marağında olan transatlantik enerji layihəsinin reallaşdırılmasında İranın oynaya biləcəyi roldur. Belə ki, Qərb İran qazının Avropaya məhz həmin marşrutla nəqlində maraqlıdır.

Hazırda iqtisadi sanksiyaların qüvvədə qalmasına rəğmən, vəziyyət kəskin dəyişə bilər. Rəsmi Tehranın bu məsələdə Moskvanın siyasi xəttinə tabe olmayacağı ehtimalı çoxdur. Digər tərəfdən, sanksiyaların aradan qaldırılması üçün İranın şansı yaranır. Bu bağlılıqda enerji daşıyıcılarının Azərbaycan ərazisi vasitəsi ilə Avropaya nəqli real variant kimi görünür. Deməli, terrorçuluqla mübarizə məsələsinə daha geniş geosiyasi kontekstdə baxdıqda İranın real addımlar atması mümkündür. Məsələnin bu tərəfi Ermənistanın regiondakı mövqeyinin zəifləməsini və Moskvanın da müəyyən gerçəklikləri nəzərə ala bilməsini istisna etmir.

Aparılan təhlil göstərir ki, Azərbaycan rəhbərliyi xarici siyasətdə dərin düşünülmüş addımlar atır. Prezident İlham Əliyevin İrana son səfəri həmin aspektdə kifayət qədər səmərəli və strateji maraqlara tam uyğun gələn addım təsiri bağışlayır. Rəsmi Bakı bütövlükdə regionun gələcəyi baxımından böyük əhəmiyyət daşıyan təşəbbüslərdə iştirak edir. Məsələnin bir tərəfi iqtisadi inkişafla bağlıdırsa, digər aspektində təhlükəsizlik modelinin formalaşması perspektivi vardır.

Newtimes.az

 





18.04.2014    çap et  çap et