525.Az

Səlim Müslümov müşavirə keçirdi


 

Səlim Müslümov müşavirə keçirdi<b style="color:red"></b> “Son on ildə ölkə üzrə orta aylıq əmək haqqı mütəmadi yüksələrək 430 manata çatıb, əhalinin pul gəlirləri 4,5 faiz artıb”.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Lent.az-a verilən məlumata görə, bunu bu gün ƏƏSMN yanında Dövlət Məşğulluq Xidməti əməkdaşlarının iştirakı ilə respublikada işaxtaran və işsiz vətəndaşların sosial müdafiəsi və aktiv məşğulluq tədbirlərinin təşkili sahəsində mövcud vəziyyətin, qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş iclasda əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib.
 
Nazirin sözlərinə görə, son 10 ildə 3,2 dəfə artan Azərbaycan iqtisadiyyatının inkişafı cari ilin ilk rübündə də davam edib: “Bu dövrdə ümumdaxili məhsul 2,5 faiz, respublikanın əsas iqtisadi tərəqqi göstəricilərindən biri kimi qeyri-neft sektoru 8,8 faiz artıb, 29 minə yaxın yeni iş yeri yaradılıb, ümumilikdə regionlarda 100-ə yaxın yeni müəssisə fəaliyyətə başlayıb. Bu tərəqqi prosesləri nəticə etibarilə əhalinin məşğulluq imkanlarının artmasına da səbəb olur”.
 
Belə bir şəraitin dövlət məşğulluq strategiyasının icrası, məşğulluq orqanlarının səmərəli fəaliyyəti üçün də mühüm stimul olduğunu qeyd edən S. Müslümov bildirib ki, nazirlik yanında Dövlət Məşğulluq Xidməti tərəfindən 2014-cü ilin yanvar-mart aylarında 6191 nəfər vətəndaş münasib işlərlə təmin olunub, 268 nəfər haqqı ödənilən  ictimai işlərə cəlb olunub. Xidmətin tabeliyindəki Əmək Birjaları 879 nəfəri müvəqqəti xarakterli işlərlə təmin edib. Həmçinin bu müddətdə 651 nəfər işaxtaran vətəndaş əmək bazarının tələblərinə uyğun peşələr üzrə peşə hazırlığı kurslarına cəlb edilib. Bu dövrdə 1422 nəfərə işsiz statusu verilib, 1603 nəfərə isə işsizlik müavinəti təyin olunub.
 
Nazir gənclərin düzgün ixtisas seçimi aparmalarına köməklik məqsədilə həyata keçirilən peşəyönümü tədbirlərindən də söz açaraq bildirib ki, qeyd olunan müddətdə əksəriyyəti yuxarı sinif şagirdləri olan 26 604 nəfər vətəndaşa peşəyönümü məsləhətlər verilib. Digər tərəfdən, respublikanın 32 rayon və şəhərindəki orta məktəblərdə, habelə Bakı şəhərindəki 33 orta məktəbdə valideynlərin, pedaqoji kadrların və yuxarı sinif şagirdlərinin iştirakı ilə peşəyönümü tədbirləri keçirilib: “Diqqətdə saxlanan məsələlərdən biri də valideyn himayəsindən məhrum olmuş və xüsusi internat məktəblərini tərk etməyə hazırlaşan gənclərin gələcək peşə-ixtisas seçiminə, əmək fəaliyyətinə başlamasına köməklik göstərilməsidir. Bununla bağlı olaraq, həmin insanlarla özündə sosial-adaptasiya elementlərini də birləşdirən peşəyönümü işləri aparılır”.
 
Tələbə və məzunların əmək bazarına inteqrasiyası sahəsində görülən işlərdən də söz açan nazir gənclərin məşğulluğuna yönələn tədbirlərin davam etdirilməsinin vacibliyini diqqətə çatdırıb:  “Dünyanın bir çox ölkələrində işsizlik getdikcə ciddi sosial böhrana çevrildiyi halda, Azərbaycanda işsizlik kəskin surətdə azalıb. İndi bizim üçün əsas vəzifələrdən biri gənc işçi qüvvəsinin əmək bazarına çıxışının daha dolğun şəkildə dəstəklənməsini təmin etməkdir”.
 
S. Müslümov mövcud işçi qüvvəsinin  daim inkişaf edən əmək bazarının tələblərinə uyğunlaşdırılması üçün peşə hazırlığı işlərinin gücləndirilməsinin, qadınların məşğulluğunun təminatına diqqətin artırılmasının vacibliyini qeyd edib:  “Əlillik təyin olunmuş şəxslərin əmək qabiliyyəti olmayan şəxslər kimi qeydiyyata alınması praktikasına artıq son  qoyulub. İndi əsas məqsədimiz həmin şəxslərə işlə təmin olunmalarında fəal yardım göstərməkdir. Hesab edirəm ki, biz bu sahədə aktiv tədbirlərimizi xeyli gücləndirməliyik”.
 
Nazir  işəgötürənlər tərəfindən boş iş yerləri (vakansiyalar), işə qəbul edilən və işdən çıxarılanlara dair məşğulluq mərkəzlərinə statistik hesabat formalarının təqdim olunmasının bir çox hallarda formal xarakter daşıdığını, bu hesabatların verilməsinin əksər hallarda gecikdirildiyini vurğulayıb: “Təqdim olunan vakansiyaların keyfiyyəti də diqqətdə saxlanmalıdır.  Lakin sirr deyil ki, bu vakansiyaların bir çoxunda qeyd olunan əmək haqqı əmək bazarındakı reallığı əks etdirmir və xeyli aşağı olur”. Hazırda nazirlik yanında Dövlət Məşğulluq Xidməti və onun yerli orqanlarında ümumilikdə 407 nəfərin çalışdığını qeyd edən nazir bu rəqəmin digər ölkələrlə müqayisədə xeyli aşağı olduğunu, işçi sayının əhalinin say tərkibi ilə nisbətdə aşağı, xeyli az olmasının səmərəli aktiv məşğulluq tədbirlərinin təşkilində müəyyən çətinliklər yaratdığını da qeyd edib.
 
Müşavirədə məşğulluq xidməti orqanları tərəfindən aparılan işlər və məşğulluğun təminatı sahəsində fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı qarşıda duran vəzifələr müzakirə olunub.
 
S. Müslümov əmək bazarının öyrənilməsi və proqnozlaşdırılması işinin təkmilləşdirilməsi, işəgötürənlərlə əməkdaşlıq şəraitində əmək bazarının düzgün təhlili üçün müvafiq monitorinqlərin aparılması, aktiv məşğulluq tədbirlərinin daha səmərəli təşkili, sosial cəhətdən həssas əhali qruplarının məşğulluğu üçün əlavə tədbirlərin hazırlanaraq həyata keçirilməsi barədə tapşırıqlar verib.  Eyni zamanda, aidiyyatı struktur bölmələrinin rəhbərlərinə məşğulluq xidməti sistemində çalışanların sayının və peşəkarlıq səviyyəsinin artırılması,  məşğulluq haqqında qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı təkliflərin hazırlanması tapşırılıb.
 





18.04.2014    çap et  çap et