525.Az

“Quş qripi”nə görə götürülən nümunələrdə xəstəlik daşıyıcısı aşkar edilməyib


 

“Quş qripi”nə görə götürülən nümunələrdə xəstəlik daşıyıcısı aşkar edilməyib<b style="color:red"></b> Aprelin 7-də quş qripi xəstəliyinə görə ölkə ərazisində başlanmış növbəti monitorinqin nəticələri bu gün açıqlanıb.
 
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətindən (DBX) APA-ya verilən məlumata görə, monitorinq zamanı seçmə üsulla ovlanaraq götürülən 25 baş çöl quşunun patoloji materialları və ölkəmizin ayrı-ayrı quşçuluq və həyətyanı təsərrüfatlardan gətirilən 1740 baş ev quşunun qan nümunələri Respublika Baytarlıq Laboratoriyasında müvafiq müayinələrdən keçirilib. Müayinə olunmuş nümunələrin heç birində “quş qripi” xəstəliyinin törədicisi müəyyən edilməyib. Bu nəzarət tədbiri köçəri quşların müvəqqəti məskunlaşdığı Abşeron yarımadası, Şabran, Ağcabədi, Lənkəran və Salyan rayonlarındakı milli park və qoruqlarda, eləcə də respublikanın dənizsahili zonalarında həyata keçirilib. Monitorinqin aparıldığı ərazilərdə nə xəstə, nə də xəstəlikdən tələf olan quşlara təsadüf olunmayıb.
 
Qeyd olunub ki “quş qripi” xəstəliyinin profilaktikası məqsədilə ölkə ərazisində həyata keçirilən monitorinq Dövlət Baytarlıq Xidmətinin, Səhiyyə, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin mütəxəssis və əməkdaşlarının iştirakı ilə aparılıb. Hazırda “quş qripi” xəstəliyinə və digər iti yoluxucu xəstəliklərə görə respublikada epizootik vəziyyət sabitdir.
Quşların miqrasiyasını əsas götürərək növbəti monitorinqin mayın 12-də başlanması nəzərdə tutulur.
 





18.04.2014    çap et  çap et