525.Az

Vaqif Aslanın şeirləri


 

Vaqif Aslanın <b style="color:red">şeirləri</b>

Mən səni unuda bilərəmmi heç?

Səni 

görən kimi  vuruldum sənə,

Mən səni unuda bilərəmmi heç?

-Məni unutdunmu?-Deyirsən mənə.

Mən səni unuda bilərəmmi heç?

 

Gəzdirdim könlümdə, gözümdə səni                                                                             

Vəsf etdim şeirimdə, sözümdə səni.

Qorudum, saxladım özümdə səni,

Mən səni unuda bilərəmmi heç?

 

 Zirvədə izin var,  qayada yazın...

Göylərdə əks edir səsin, avazın.

Mənim var ömrümdə olar-olmazım,

Mən səni unuda bilərəmmi heç?

 

Üstümdə sevdandan çətrin var sənin.

Canımda, qanımda ətrin var sənin,

Yanımda bu boyda xətrin var sənin,

Mən səni unuda bilərəmmi heç?

 

Ay mənim Şirinim, ay mənim Leylim!

Hər iki dünyada sənədir meylim,

Ay  mənim həmişə məndən gilelim

Mən səni unuda bilərəmmi heç?

 

MƏN YORDUM BU YOLLARI

 

Yollar məni yormadı, mən yordum bu yolları.

Bu hava, bu da quru, bu da ki, su yolları...

Harda qırıldılarsa, onlara körpü oldum.

Sonlardan sonra gələn sonlara körpü oldum

Günlərdən-günə vardım, aylardan -aya vardım...

Alıb ayaqlarıma yolları mən apardım.

Elə yollardır mənim dövlətim , varım da...

Gəzirəm bu dünyanı yollar ayaqlarımda.

Dostlarım

 

Öydüm, yenə doymadılar

dostlarım.

Söydüm, yenə doymadılar                                                                                                                                    

dostlarım.

Acığımdan kəndir aldım

özümçün...

Qoymadılar, qoymadılar

dostlarım.

 

Bəziləri  çevrildilər,

döndülər.

Yağı damıb qurtardıqca titrəyən

Çıraq kimi öləziyib söndülər.

Bəzi vaxtlar paltar kimi atılıb,

Bəzi vaxtlar geyildilər dostlarım.

Sürtüldülər,  yeyildilər dostlarım.

Salam-kəlam yoxa çıxdı bir anda.

Sanki dostum deyildilər dostlarım.

                 

Vaxtlı-vaxtsız vaxtımı da

aldılar.

Çəkib məni vaxtsızlığa

saldılar.

Qarışqatək daraşdılar canıma,

Ac qurd kimi susadılar qanıma,

Doymadılar, doymadılar dostlarım.

Gedib aldım dar ağacı özümçün,

Deyəcəkdim axır ki, son sözümü..

Öz əlimlə asacaqdım özümü,

Qoymadılar, qoymadılar dostlarım.

 

Ölüm nəydi? Axır mənə onu da

Qıymadılar, qıymadılar dostlarım.

 

SƏRHƏD POZUNTUSU

 

Atamın beli idi

bir zamanlar sərhəddim.                                                                                                                                         

Anamın da boynuna

düşməyə yoxdu həddim.

Məqam yetişdi axır,

sair ilaxır...

 

Anamın bətni kəsdi

qabağımı sədd kimi.

Qadağan işarəsi

qoyulmuş sərhəd kimi.

Durub yarımbükülü,

məqam gözlədim yenə.

Süründüm,keçdim ondan

ömrün genişliyinə.

Nəfəs dərdim doyunca,

İməklədim,yeridim

uşaqlığım boyunca.

Gəncliyimlə üzbəüz

durub dayandım bir az.

Onun da sərhəddini

gördüm pozmasam olmaz.

Onu da pozdum axır.

sair ilaxır...

 

Qocalığım indidən

qabağımda sanki dağ...

İslanmışın yağışdan

qorxusu olacaq?

Ölüm olsa sərhəd,

 

gözümü qırpmadan mən

Şığıyıb işıq kimi

keçəcəyəm ölümdən.

Keçməsəm,öləm gərək.

Ömrün sərhədləri

dünyanın sərhədditək

Canımıza muzudur.

Yaşamaq deyilən şey                                                                                                     

sərhəd pozuntusudur.

 

QƏBİRQAZAN

 

Külüngü,kürəyi qoyub yanına,

Qucub dizlərini göy otun üstə.

fikrə getmisən, a Qəbirqazan?                                                                             

Dərin dəryalardan xəyalın dərin...

Qazılan torpağa, açan yarpağa

böyük heyrətlə baxır gözlərin?!

Günahmı etmisən, a Qəbirqazan?

Gün düşüb, alnında çiçəkləyib tər,

Gün aydın, usta!

Allah uzadandır sənin ömrünü,

Bu göy çəmənlikdə bir bahar günü

Mənim qəbrimi qazaydın, usta.

Amma yorulmusan, bir azca dincəl!

Mən bu güllərə sürtüm üzümü,

Əsən küləklərə qoşum özümü,

Dostumun oğlunun toyuna çatım.

Düşür sümüyümə zurnanın səsi,

"Cəngi"si, "yallı"si, "tərəkəmə"si,

Bir hava çaldırıb, bəlkə oynadım.

 

Şıtqa bur, ovça çal, döyülsün qaval!..

Onsuz da bu dünya oynadır məni.

Gözümü açmağa vermiyir macal,

Oynada-oynada göynədir məni.

yazib - xoş yazıb o Taleyazan.

Sən çox düşünüb özünü yorma.

Mən - qəbir yiyəsi, sən - Qəbirqazan...

Qucub dizlərini, boynunu burma.

 

Onsuz da ölənin qəbrini qazmaq

Qaydadır, adətdir, a Qəbirqazan!

Quyu qazmırsan ki, gizlində mənə?!

Söz gəlsin sənə.

Kiş-kiş!..Bizdən uzaq!Yolundan azmaq,

Böyük qəbahətdir, a Qəbirqazan.

 

Bəlkə, tənha qalmaq səni qorxudur?

Sənə bir Qəbirqazan tapılar.

Ayıl bu sükutdan, ölüm - yuxudur!

Amandır, qaralma buludlar kimi

Gələndə ilk bahar göy otlar kimi

İnsanın torpaqdan göyərməyi var.

Göyərmək - ləzzətdir, a Qəbirqazan!

8 may 1988

 

Şərəfə

 

Bu -dostlar...

Bu da -tostlar...

Məni dingildədirlər,

Qədəh cingildədirlər,

Olumum şərəfinə,

Olumumdan başlanan

yolumun şərəfinə.

Mən ki, dayanmışam

yolumun finalında,

Arvad çiyinlərimdə,

oğul-uşaq dalımda.

Deyirəm:- Yaxşı baxın,

tanıyın mən Adəmi,

Mən özüm şərəfə

qaldırıram badəmi.

 

PALID

 

Bütün ağaclardan ucasan,uca,

Yazda da,qışda da haman palıdsan.

İstini,soyuğu almazsan vecə,

Yaman palıdsan.

 

Bir kimsə arayış verməyib sənə,

Təsdiq eləməyib adın palıddır.

 Baxıb bir özgəsi möhür yerinə,

 Deməyib: - Bəlkə ,bu şabalıddır.

 

Üzsüz adamları üzün görməyib,

Ucalmaq xətrinə əyilməmisən.

Aslan qoltuğunda ömür sürməyib,

Çaqqal tərifilə öyülməmisən.

Elə buna görə haman palıdsan,

Yaman palıdsan.

 

Kökün torpaqdadır, əlin günəşdə,

xoşbəxt bir tale olub qismətin.

Görmüşəm başını həmişə ərşdə,

Məğrur övladısan sən təbiətin.

 

Yaxşı ki,ağacsan,deyilsən insan,

Ömr elə o ki var,ucal o ki var.

Sən insan olsaydın, bir az suyundan,

Bir az da havandan oğurlardılar.

                             

Ağac yaranmısan,ağac olub qal,

Kölgə sal bu yerə,zinət ol bura.

kütə boyun əy, hütə alçal,

Qoy səni görənlər min ildən sonra

Desinlər yenə : - Haman palıdsan.

Yaman palıdsan.                                                                                                      

 

Mənim sevdiklərim, çox sevdiklərim

Mənim sevdiklərim, çox sevdiklərim

Qara siyahıya məni saldılar.

Hayıf alasılar qıraqda qaldı,

Hamının hayfını məndən aldılar.

 

Mənim sevdiklərim, çox sevdiklərim                                                                                         

Elə unutdular insafı, dini.

Bir günün içində azı on kərə

Mənə yaşatdılar 37-ni.

 

Mənim sevdiklərim, çox sevdiklərim

Şirinə, şərbətə qatdılar məni.

Sonra da kənara atdılar məni.

 

Mənim sevdiklərim, çox sevdiklərim

Məni oşam-oşam oşaladılar,

Məni param-param paraladılar.

Gördülər hamıya şirinləşmişəm,

Üstümdən xətt çəkib qaraladılar.

Mənim sevdiklərim, çox sevdiklərim

Məni özlərinə yaxınlaşdırıb,

Məni öz- özümdən araladılar.

Mənim sevdiklərim, çox sevdiklərim

Pislik etmədilər mənə, bəlkə ,

Amma ki, ruhumu yaraladılar.

 

Mənim sevdiklərim, çox sevdiklərim

Ömrümə, günümə qənim oldular.

Könüldən getməyən, gözdən getməyən

Kədərim oldular, qəmim oldular.

Mənim sevdiklərim, çox sevdiklərim

Harda olsalar da, mənim oldular.

Necə olsalar da, mənim oldular.

 





17.04.2014    çap et  çap et