525.Az

Türkiyədə Dünya Tibb, Tibbi Araşdırma-Texnik və Etik Bilimlər Akademiyasının inaqurasiyası keçirilib


 

Türkiyədə Dünya Tibb, Tibbi Araşdırma-Texnik və Etik Bilimlər Akademiyasının inaqurasiyası keçirilib<b style="color:red"></b>

Dünyanın 20-dən çox ölkəsindən nümayəndələrin qatıldığı mərasimə Azərbaycandan mütəxəsisslər də dəvət olunub.
 
   Ötən həftə dekabrın 3-də Türkiyədə-Ankarada Dünya tibb, tibbi araşdırma-texnik və etik bilimlər akademiyasının (WAMBES-World Academy of Medical, Biomedical and Ethical Sciences) inaqurasiyası keçirilib. Dünyanın 20-dən çox ölkəsindən nümayəndələrin qatıldığı mərasimdə Azərbaycanı “Həyat" Hemodializ və Böyrək Köçürülmüş Xəstələrin İctimai Birliyinin sədri Hikmət İsmayılov və “Tibbi Xəbərlər” analitik-informasiya jurnalının baş redaktoru Şahin Musaoğlu təmsil edib. Tədbirdə dünyanın 26 ölkəsindən 70 -ə yaxın bilim adamı WAMBES adlanacaq akademiyanın nizamnaməsini tsdiq edərək, məqsəd və məramı ilə bağlı diskussiyalar aparıblar .Tibb elmindəki inkişaf proseslərini, elmi nailiyyətləri , tibbi etik məsələləri ,universitet, tibbi qurum və təşkilatların apardığı elmi-texniki araşdırmaları, tibbi nailiyyətləri mərkəzləşdirilmiş şəkildə toplayıb öz mətbuat orqanları vasitəsilə yaymaq,  konfransların təşkil olunması,nəzəri-praktik mübadilə  aparmaq və digər aktual problemlər – WAMBESin əsas prioretitləri sırasında olacaq. Qurucu  dəvətlilərin qatıldığı mərasimdə ,aralaında dunyada ilk qara ciyər  transplatasiyasi həyata keçirən prof. Tomas Starzl , Dünya Transplantoloji Dərnəyi rəhbər Fransesko Delmoniko ,dünyaca məşhur cərrah  və ictimai xadim Mehmet Haberal ,  Orta Doğu Orqan  Nəqli Cəmiyyəti(MESOT) sədri Məlik Hüseyni  və onlarla tibb dühalarının iştirakı ilə nizamnamə qəbul edilib.
Yekdilliklə,  dünyaca məşhur transpantoloq Mehmet Haberal WAMBES-in ilk rəhbəri seçilib.

 İran Nefroloji Cəmiyyətinin yaradıcısı,MESOT eks sədri prof. Əhəd  Cəfəri Qüds, Azərbaycandan Hikmət İsmayılov və Şahin Musaoğlu   WAMBES-in AVRO-ASİYA regionu üzrə səlahiyyətli nümayəndələri seçilmişlər . Dr. Şahin Musaoğlunun sözlərinə görə, bu təşkilat İsveçrədə qeydiyyatdan keçib, dünya tibbində tibbi elmi araşdırmaların vahid mərkəzdən idarə olunması məqsədilə yaradılıb. “Hazırda dünyada texnologiyanın inkişafı nəticəsində insanlar çox informasiya alırlar, amma o informasiyaların vahid məkanda yerləşdirilməsi problemləri var. WAMBES tibb mütəxəssislərinin təcrübələrinin paylaşmasında, inkişaf etdirmələrində körpü rolunu oyanyacaq”.

    Şahin Musaoğlunun sözlərinə görə “WAMBES ilə əməkdaşlıq Azərbaycan Tibb elminin inkişafına xüsusi ilə kömək edəcək. Belə ki, nizamnaməsində tibbi,elmi-praktik biliklərin müxtəlif konfranslarda, simpoziumlarda paylaşılması onların elmi,tədqiqi və tətbiqi mübadiləsi, tibb sahəsində uğurlu naliyyətlərin təltif və təşfiq edilməsi kadr hazırlığından tutmuş təkmilləşmə kurslarının təşkilinə qədər təməl prinsiplərə söykənən bir təşkilatın əlbəttə ki, Azərbaycan Tibb elminə xüsusi töhvə verməsi düşüncəsindəyik.”

    Müzakirələr zamanı Azərbaycan nümayəndə heyətinin bununla bağlı bir neçə təklifi qəbul olunub.

    Daha sonra, dekabrın 4-6-da inaqurasiyada iştirak edən alimlər dünyada ilk qaraciyər nəqli əməliyyatını həyata keçirən Amerikalı professor Tomas Starlzın şərəfinə Anakarada, Hilton oteldə Türkiyədə qaraciyər transplantasiyasının 25 illiyinə həsr olunmuş “Qaraciyər transplantasiyasının dünəni, bu günü, sabahı” mövzusunda keçirilmiş beynəlxalq kofransda da iştirak ediblər. Tədbirə Azərbaycan, bu sahənin aparıcı mütəxəssislərindən ibarət 12 nəfərlik heyətlə dəvət olunub. Konfransı giriş sözü ilə professor T.Starzlın tələbəsi olmuş t.e.d.prof. Mehmet Haberal açdı. O, dəvət olunmuş qonaqları salamlayaraq konfransın məram və məqsədlərini açıqladı. Konfrans bir çox maraqlı məqamlarla diqqəti cəlb etdi. Əvvəlcə sağlıq durumu ilə əlaqəli konfransa qatıla bilməyən dünyaca məşhur T.Starzlın təbrik və hesabat nitqi dinlənildi. Onu da qeyd edək ki, 1974-75-ci illərdə ABŞ-ın Denver, Kolorado universitetlərində qaraciyər nəqli əməliyyatını ilk dəfə həyata keçirən prof.T.Stazlın rəhbərlik etdiyi heyətdə məhz M.Haberal da vardı. Bir müddət sonra ABŞ-da təhsilini başa vurub öz vətəni Türkiyəyə qayıdan Haberal 1988-ci ildə Türkiyədə ilk olaraq qaraciyər nəqli əməliyyatını həyata keçirir. Fuad Koç adlı bir xəstəyə anasından alınan qaraciyər nəqlini uğurla gerçəkləşdirən Haberal, bu əməliyyatı ilə nəinki, Türkiyədə eyni zamanda Avropanın Şərqində, orta Asiyada, Afrikada bir ilkə imza atır.

“Qaraciyər transplantasiyasının dünəni, bu günü, sabahı” mövzusunda keçirilmiş beynəlxalq konfransda iştrak edən “Həyat" Hemodializ və Böyrək Köcürülmüş Xəstələrin ictimai Birliyinin” sədri, “Medservis” özəl tibb müəssisənin direktoru Hikmət  İsmayılov bildirdi ki, hazırda Azərbaycanda orqan köçürülməsi uyğun qanunvericiliyə görə son illər kəmiyyət və keyfiyytcə yeni mərhələdədir. Hər nə qədər tənqidlər olsa da, Azərbaycan vətəndaşları Azərbaycan həkimlərinə əmanətdir, Azərbaycan böyük iqtisadi uğurlar əldə etməsinə baxmayaraq ,tibbdə ,  hələ də geniş şəkildə tibbi sığortanın  tətbiqi daxil, görüləsi işlər çoxdur .Təkcə canlıdan deyil beyin ölümü keçirmiş( kadavra) insanların orqanları  orqan donorluğunun əsas mənbəyi olmalıdır .Dünya ölkələrinin  praktikasında kadavra transplantasiyasına daha çox önəm verilir.

Düzdür, qanunlarımız bunu yasaqlamır, amma bunun həyata keçirilməsi qanunlarla tənzimlənməlidir. Türkiyədə insanlar həyatda olduqları zaman beyin ölümü gerçəkləşərsə orqanlarının bağışlanmasını vəsiyyət edir ya beyin ölümü təsdiqlənmiş şəxsin qohumlarının razılığı ilə ehtiyacı olan xəstəyə verilir. Türkiyədə bunun təbliği üçün maariflənmə kampaniyası keçirildi. Rusiyada orqan nəqli üçün bomjların öldürülməsi faktları oldu deyə, Rusiyada bir neçə il transplantasiya inkişafdan qaldı".

Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində qaraciyər, öd yolları, mədəaltı vəz cərrahiyyəsi şöbəsinin rəhbəri, professor Əliniyaz Məmmədovun sözlərinə görə, bütün dünyada canlı adamlardan orqan köçürülməsi azalmaya doğru gedir. "Çünki bu həm texniki cəhətdən çətindir, həm orqanı alınmış  adama zərərdir. Dünya tibb elmində kadavradan orqan köçürülməsi təcrübəsi tətbiq edilir. Xüsusilə avtoqəzalarda ölən insanlar beyin ölümü keçirdikdən sonra belə adamların qaraciyərini, böyrəyini, hətta ürəyini götürüb istifadə edirlər. Orqan köçürülməsi yalnız tibbi məsələ deyil, həm sosial məsələdir.  Hətta qanunlar izn versə belə, mentalitetdən irəli gələn problemlər var.  İnsanlar anlamalıdırlar ki, beyin ölümü gerçəkləşmiş insanların orqanlarının ehtiyacı olanlara verilməsi qədər insana sevinc bəxş edər".

Mərkəzi Neftçilər Xəstəxanasının Cərrahiyyə orqan transplantasiyası şöbəsinin müdirü aktiv fəaliyyət göstərən orqan köçürülməsi komandasının rəhbəri Mircəlal Kazımi  isə deyir ki, ölkəmizdə orqan köçürülməsi ilk dəfə 1971-ci ildə Mirməmməd Cavadzadə tərəfindən aparılıb: "Amma bu proses bilinməyən səbəbdən uzun illər dayandırıldı. Uzun fasilədən sonra 2000-ci ilin əvvəllərində xaricdən dəvət olunmuş qruplar tərəfindən bir neçə əməliyyat xaotik şəkildə icra olumuşdu. Amma 2008-ci il dekabrın 12- yerli mütəxəssislərdən təşkil olunmuş komanda bu işi həyata keçirməyə başlayıb. Mərkəzi Neftçilər xəstəxanasında yalnız Azərbaycanda deyil, Qafqaz Orta Asiya regionunda ilk canlıdan canlıya qaraciyər köçürülməsinə başlanıldı. Bu günə qədər 60 qaraciyər, 96 böyrək köçürülməsi əməliyyatı icra olunub. Bu nəticələrimiz müvəffəqiyyətlidir". Mircəlal Kazımi qanunvericilikdə müəyyən dəyişikliklərə ehtiyac duyur. Onun sözlərinə görə hazırda qanunvericilik yalnız yaxın qohum olan canlı donorun orqanından istifadə olunmasına icazə verir. Bunun üçün isə notarius tərəfindən qohumluq əlaqələrini təsdiqləyən sənəd təqdim olunmalıdır. Orqan bağışlanmasında proses xeyli uzundu: "Kadavradan orqan köçürülməsi prosesinin ilk etapında xəstəxananın reanimasiya şöbəsində xəstənin beyin ölümü təsdiq edilməlidir. Reanimasiya şöbəsinin mütəxəssisləri tərəfindən beyin ölümü diaqnozu qoyulduqdan sonra transplantasiya edən həkim komandasının içərisindən olmayan xüsusi koordinatorlar ailə ilə görüş keçirir - ailə beyin ölümünü keçirmiş yaxının orqanını bağışlamağa razılıq verdikdən sonra transplantasiya edən komandaya xəbər verir ki, beyin ölümü keçirmiş insan var, ailəsindən razılıq alınıb sənədlər hazırdır.  Bu iki addım atılmasa transplantasiyanı gerçəkləşdirmək olmaz".

M.Kazımi onu da qeyd edır ki, yol qəzalarında, yüksəkdən yıxılmadan, beynə qan sızmadan, şiş xəstəliyindən vəfat edən insanların orqanını almaq olur. Əsas o insanlarda beyin ölümünün gerçəkləşdirilməsidir. Beyin ölümü olmasa, xəstə ölmüş kimi qəbul olunmur. Beyin ölümündən sonra 12-24 saat içində ürək funksiyası dayanır. Ürək dayanmasın deyə bəzi dərmanlar vurulur ki, orqanlar funksiyasını itirməsin. İndiki mərhələdə isə xəstənin orqanlarının bağışlanıb bağışlanmayacağı yox, xəstəxanalarımızın reanimasiya şöbələrində beyin ölümü diaqnozunun qoyulmasıdır. Çünki hələ xəstəxanalarımızda beyin ölümü diaqnozu qoyulması prosesi aktlaşdırılaraq rəsmiləşdirilmir. "Ailə orqanı bağışlayar ya bağışlamaz - bu, ailənin özünün biləcəyi işdir. Hər hansı qərarı verəcəksə buna hörmətlə yanaşmaq lazımdır. Amma orqan bağışı ilə bağlı ailə ilə söhbət edilməsi üçün xəstəyə beyin ölümü diaqnozu qoyulmalıdır. Bunsuz heç bir ailə ilə söhbət edilə bilməz".

Dünyada məhşur transpantoloq Mehmet Haberal  isə hesab edir ki hələ Azərbaycanda  geniş orqan köçürmə əməliyyatı keçirilməməsi mənfi haldır. "Bu günə qədər Azərbaycanda geniş transplantasiya əməliyyatlarının aparılmaması bir əskiklikdir.  Bir neçə il əvvəl Azərbaycana gedib orda dializ mərkəzi qurdum. Türkiyənin bu sahədəki təcrübəsinin Azərbaycanda da tətbiq olunması lazımdır. Bunun üçün lazım olan dəstəyi verirəm. Hikmət İsmayılov Şahin Musaoğlunun köməyi ilə yalnız Azərbaycanda deyil, Qafqaz Orta Asiyada da Dünya Tibb Akademiyasının fəaliyyətini təşkil edəcəyik".

İlhamə QASIMLI

 





16.12.2013    çap et  çap et