525.Az

“Daşkənd və daşkəndlilər”- itirilmiş Göyçədən yazılanlar


 

“Daşkənd və daşkəndlilər”- itirilmiş Göyçədən yazılanlar<b style="color:red"></b>

Bu yaxınlarda “Daşkənd və daşkəndlilər” kitabı işıq üzü görüb. Kitabda tarixi Azərbaycan ərazisi olan Göyçə mahalında yerləşən Daşkənd kəndinin tarixi və coğrafiyasına aid məqalələr, Göyçə aşıqlarının, bu kəndin məşhur qələm sahiblərinin xalqımıza, Göyçə və Daşkəndə həsr olunmuş şeirləri də öz əksini tapıb.

Kitabın ideya müəllifi və məsləhətçisi Rüstəm Dastanoğlu ön sözdə yazıb: “Türk dünyasının böyük yazıçısı Çingiz Aytmatovun belə bir fikri var: “ Biz Vətənimizi ona görə çox sevirik ki, uşaqlığımızı orda itirmişik. ....Və bu qarşımızdakı kitabdakı siyahı Çingiz Aytmatovun təbirincə desək, uşaqlıqlarını, gəncliklərini Göyçə mahalının Daşkənd kəndində itirənlərin siyahısıdır.

Əlbəttə ki, daşkəndlilər öz doğma dədə-baba kəndlərində yaşasaydılar, bu kitabın, siyahının yazılmasına, bir belə xırdalıqlara varılan ön söz yazmağa bəlkə də ehtiyac olmazdı. Daşkəndimizi hələ ki itirdiyimizdən (qismət olsun qaytaraq) qoy, bu kitab, onları birləşdirən, bir-biriləri ilə əlaqə qurmağa yardımçı olan, bir-biriləri ilə hal-əhval tutmağa kömək edən, onminlik daşkəndlinin stolüstü kitabı olsun. Bizdən sonra gələn nəsil bu kitabı vərəqləyə-vərəqləyə dədə-baba yurdlarını unutmasın.

...Və nəhayət, onları valideynlərimizin, qohum-əqrəbalarımızın, əcdadlarımızın ruhu dolaşan, qəbirləri Göyçə mahalında, Daşkənd kəndində yenidən toplayan kitab olsun”.

Kitabın toplayanı Əfəndi Babayevdi. Nəşrdə Daşkəndin tarixi və coğrafiyasına aid Yavər Qocamanov, Xasay Zeynalov, Araz Yaquboğlunun məqalələri yer alıb.

“Göyçədən poeziya çələngi” adı altında isə Aşıq Alı, Aşıq Ələsgər,  Növrəs İman, Usta Abdulla, Şair Məmmədhüseyn, Aşıq Nəcəf, Alqayıt, Həsən Xəyallı, Aşıq Hacı Göyçəli, Aslan Məmmədsadiqoğlu, Qəmgin Fəzi, Sərraf Şiruyə, Xasay Zeynalovun şeirləri toplanıb.

Kitabda fotoşəkillərlə yanaşı, yaşadıqları şəhər və rayonlar üzrə olmaqla Daşkənddən olan bütün ailə başçılarının əlifba sırası ilə siyahısı, ev və mobil nömrələri verilib.

S.MÜRVƏTQIZI

 





09.11.2013    çap et  çap et