525.Az

Bir “Şam”ın işığında


 

Bir “Şam”ın işığında<b style="color:red"></b>

filologiya elmləri doktoru      

Azərbaycan oxucularının rus şairləri ilə ilk tanışlığı XIX əsrin sonlarından başlanır. Azərbaycan-Rusiya ədəbi əlaqələri genişləndikcə rus ədəbiyyatından tərcümələr də artırdı. XIX əsr Azərbaycan ədəbiyyatı tədqiqatçıları qeyd edirlər ki, Azərbaycan yazıçıları böyük həvəslə rus klassiklərinin əsərlərini dilimizə tərcümə edirdilər. A.S.Puşkinin bir çox şeirləri, Lermontovun “Mıtsırı” poeması, Cukovskinin, Krılovun mənzum əsərləri ilə tanışlıqdan sonra bu sahədə getdikcə artan bir inkişaf nəzərə çarpır. Sonrakı əsrdə rus şairlərinin əksəriyyəti azərbaycanca danışmağa başlayırlar, bütöv XX əsr boyu bu proses davam edir.İndi ədəbiyyatı, poeziyanı sevən oxucular üçün nəinki Puşkin, Lermontov, Krılov, Nekrasov kimi klassiklər, XX əsrin Mayakovski, Demyan Bednı, A.Blok, S.Yesenin, P.Antokolski, N.Tixonov, K.Simonov, N.Aseyev, N.Qribaçov, A,Tvardovski,  İ.Selvinski, E.Baqritski, Y.Yevtuşenko, A.Voznesenkski, R.Rocdetvenski, M.Svetlov, Y.Smelyakov, V.Luqovskoy, R.Kazakova, Y.İsayev, B.Axmadulina kimi görkəmli şairlər də doğmadır.

Əslində, şeirin dili birdir, ona məxsus olan ritm, ahəng, sözlərin nizamı, musiqi, xoş ya kədərli ovqat bütün xalqların poeziyasında səslənir. Sadəcə, hər bir xalqın dilində şeirin dilində məxsusilik qazanır. Tərcümə isə bu keçilməzliyi aradan qaldırır, nəinki dilləri, ürəkləri də birləşdirir. XXI əsrdə də rus şairlərinə müraciət davam edir.

Budur, Səyavuş Məmmədzadə, Məmməd Oruc və Knyaz Qoçağın tərcüməsində müasir rus şairi Dmitri Aleksandroviç Mizqulinin 1979-2004-cü il poeziya “gündəliyi”ni əks etdirən “Şam” şeirlər kitabı qarşımızdadır. Məqsədimiz heç də o demək deyil ki, kitabdakı şeirləri tərcümə nöqteyi-nəzərindən təhlil edək, bu prosesdə hansı şeirlərin uğurlu, hansılarınınsa nöqsanlı olduğunu nəzərə çarpdıraq. Ümumi qənaətimiz belədir ki, Dmitri Mizqulinin şeirlərinin dilimizə tərcüməsi heç də pis alınmayıb. Səyavuş Məmmədzadə kimi illər boyu bu sahədə tər tökdüyünü, böyük zəhmətlər çəkdiyini yaxşı bilirik və bu kitabda da onun tərcümələrinə elə bir ciddi iradımız yoxdur. Məmməd Orucu əsasən nəsr əsərlərinin tərcüməçisi kimi tanıyırıq, amma onun tərcümələrindəki axıcılıq, səlislik şeir tərcümələrində də nəzərə çarpır.

Xalq yazıçısı Çingiz Abdullayev kitaba “Ön söz” yazmışdır və həmin “Ön söz”dən bəzi sətirləri nəzərə çatdırmaq istəyirik: “Dmitri Aleksandroviç Mizqulin 1961-ci ildə Murmanskidə doğulub. 1990-cı ildə Moskvada M.Qorki adına Ədəbiyyat İnstitutunu bitirib. Hərbi xidməti Azərbaycanda keçib. Bir sıra şeirləri  də ilk dəfə “Literaturnıy Azerbaydcan” jurnalında işıq üzü görüb. Azərbaycanla əlaqələrini, ünsiyyətlərini yaşatması isə onunla sonuclanıb ki, 2000-ci ildən etibarən şeirləri Azərbaycan dilinə tərcümə edilib və “Azərbaycan”, “Ulduz” jurnallarında, “Ədəbiyyat qəzeti”ndə çap olunub. “Şam” şairin Azərbaycan oxucusu ilə ilk sanballı görüşüdür.

.. “Şam” Rusiya-Azərbaycan ədəbi əlaqələrinin yeni mərhələsində barmaqla sayılan ədəbi hadisələrdən biri kimi sevindiricidir. Sındırılmış körpüləri bərpa etməyin zamanı çatıb.

D.Mizqulinin 1992-ci ildən başlayaraq onlarca kitabı çap olunub. Altı dəfə Ümumrusiya ədəbi mükafatlarına layiq görülüb. Amma onun ən böyük mükafatı yaşadığı və çalışdığı Xantı-Mansiyski vilayətində qazandığı hörmətdir. Onun ictimai-siyasi fəaliyyəti, azərbaycanlıların sıx yaşadığı bu bölgədə vilayət duması ilə bağlıdır. “Şam”ın araya-ərsəyə gəlməsinə də bu azərbaycanlılardan biri, Tümendə yaşayıb-yaradan soydaşımız Knyaz Qoçaq dəstək olub”

Bizim  məqsədimiz  müasir bir rus şairinin poeziyasında, necə deyərlər, bir “Şam”ın işığında çağdaş rus varlığının, rus xarakterinin, rus dünyasının özünəməxsus cizgiləri ilə tanış olmaqdır, daha doğrusu, rus aləminin bir fərdin dünyasında necə əks olunduğunu izləməkdir.

D.Mizqulinin “Şam” kitabındakı şeirlərin əksəriyyəti İNSAN-TƏBİƏT mövzusundə qələmə alınıb. Yəni bu şeirlərdə ayrıca insan, ayrıca da təbiət mövzularından söz açmaq doğru olmazdı. Şair insandan söz açanda təbiəti, təbiətdən söz açanda insanı düşünür. Bizim müasir poeziyamızda da M.Araz, M.Yaqub, M.Aslan kimi şairlərimizin şeirlərində təbiətdən cəmiyyətə, cəmiyyətdən təbiətə və onların hər ikisindən İnsana qayıdış var. Ona görə də bu “qayıdış”, bu “çevrilmə”, bu vəhdət bizə tanışdır. Amma təbii ki, D.Mizqulin rus poeziyanın nümayəndəsidir və onun şeirlərində biz rus insanının və rus təbiətinin cizgilərini müşahidə edirik.

Rus şairlərinin təbiət şeirlərində ən çox iki fəslin-Qışın və Payızın obrazları ilə qarşılaşırıq. Elə təsəvvür yaranır ki, dünyada bütün qışlar, bütün payızlar eynidir, hamısında qar yağır, çovğun olur, dəli küləklər əsir. Amma belə deyil, hər məmləkətin özünəməxsus qışı, payızı olur və rus qışının, rus payızının heç yerdə bənzəri ola bilməz.  Və bu mənada dünyanın bütün şairlərinin Qışa, Payıza  aid yazdıqları şeirlər də eyni ola bilməz və o cümlədən, D.Mizqulinin də şeirləri. Bu şeirlərdə qurtarmaq bilməyən rus qışının mənzərələri necə də ustalıqla canlandırılır:

  

Pəncərədən o yanda

Bəmbəyaz qar, lal sükut.

Min verstdən də artıqdı

Bu qışın uzunluğu.

Geyindim doğma yurdda,

Geyindim tələsmədən.

Qış aylarında burda

Tələsmir qoca, cavan

Beləcə keçir ömür.

Heç nəyə yatmır könül

Heç kimə də uyuşmur.

 

XX əsr rus poeziyasında İnsan-Təbiət vəhdətini ən parlaq boyalarla əks etdirən  S.Yesenin olubdur, desək, səhv etmərik. (“Pəncərəmin önündə Ağcaqayın görünür, Gümüşdəndir elə bil, Bəyaz qara bürünüb. Dayanıb ağcaqayın Sükut içrə uyğulu. Şəfəq altda yanan qar Andırır qızıl pulu- tərcümə Ə.Kürçaylınındır).. Ondan sonra gələn şairlər də rus təbiətinin misilsiz gözəlliklərini şeirlərinə “köçürüblər” və təbii ki, burada Yesenin şeirlərinin təsirini də duymaq olur. Elə D.Mizqulinin şeirlərində yeseninvari “gəzişmələr” az deyil. Bu misralara diqqət edin: “Yağış. Sentyabr. Sayrışır körfəz, Qovaq meşəsindən ulayır külək. ..İsti, yağmursuz payız. Oktyabrın axırı. Bir yaşılca qovağın Çətirindən süzülür Günəş torpağa sarı...Sükuta meydan olub bu meşələr, bu çöllər. Bir anda kimsəsizdir burda yalqızdır ürək”. Təkcə təbiət deyil, şəhərlər də, o şəhərlərin sakinləri də, monastrları da, keşişləri də, məzarlıqları da bir-birinə bənzəyir. Şair rus xarakterindən, rus varlığından uzaqlaşmanı ən böyük bəla hesab edir (xatırlayaq: bizim poeziyada da bu mövzuda yüzlərlə şeirlər yazılıb): “Əriyərək, nazilərək anbaan yoxa çıxır rus ruhu, sovurulur. Hələ biz yoxsullar fırlanacağıq, dəyişdikcə əqidəni, məkanı. Ocaqdan, tonqaldan aralanaraq- küllükdə uçuşan qarğalar kimi”.

Rus poeziyası həmişə etirazçı poeziya kimi diqqəti cəlb edib; istər çar dövründə, istərsə də sovet dönəmində...Bu etirazlar çox zaman mətnaltı yox, birbaşa deyilib və təbii ki, o şeirin müəllifləri hakim üsuli-idarə tərəfindən cəzalandırılıblar. Amma Rusiyada da bizdə olduğu kimi keçən əsrin sonlarından başlayaraq açıq tənqid, sözü birbaşa söyləmək zamanı gəldi.

  

Ümid öldü,

Amma biz yaşayırıq.

Nə Vətən var, nə xatirə, nə şeir,

Sən deyirsən: hər şey cazibəlidir,

Həyatda nə varsa-yüksəlişdədir.

Hərrac bazarında bütün Rusiya,

Azadlıq, ləyaqət, vicdan,  namus, ar...

Endirim edilib burda hər şeyə,

Ehsan süfrəsində şadlanırıq biz.

  

Başqa bir şeirində şair yaşadığı Xantı-Mansiyskdə qızğın inşaat getdiyindən söz açır. Qədimi evlərin sökülməyi, zırpı binaların yüksəlməyi şairi həyəcana salır. Ancaq onu daha çox əsəbiləşdirən xaricdən gələn inşaatçılardır, onlar rusca danışmırlar, gördükləri işlər də rus koloritinə uyğun gəlmir : “Təbiətin qanunları əbədi, Hər şeyi qanunla süpürəcəklər. Belə görünür ki, başqa xalqları, Bir zaman Rusiyaya köçürəcəklər. Gedərik dünyadan günahımızla, Buz tutub, açılmır taleyin donu. Naməlum kəlmələr, naməlum dillər Pozur ehramların lal sükutunu”. Yenə başqa bir şeiri:

 

Ot basır ana yurdu

Doğma torpaq soyuyur,

Rus çölləri boşalır

Məzarlıqları dolur.

  

Qaytardılar Tveri,

Sonra da Samaranı.

İndi dükan-bazarda

Eşidilmir rus dili.

  

Qeyd edək ki, Dmitri Mizqulinin bir sıra şeirləri Bakıda yazılıb və əlbəttə, onların içərisində yurdumuzla bağlı “Abşeron ulduzları” silsiləsinin də öz yeri var. 1985-ci ildə qələmə alınan bu silsilədə şairin Abşeron təbiəti ilə bağlı poetik düşüncələri öz əksini tapır. Bir şeirində o, Şirvanşahlar sarayının yanında bir evdə tək-tənha yaşayan bir qadından söz açır. Pəncərəsi göy üzünə açılan bu qadın uyuyur, dənizdə isə üfüq firuzəyi-yaşıla çalır, sərçələr dumanda çimişir, gəmilər limanda yırğalanırlar, minarələr göy üzünə millənib. Başqa bir şeirini isə şair quru bir ağaca həsr etmişdir: başqa ağaclar çiçəkləyir, yaşıllanırlar, onların yaşıl budaqlarına quşlar qonur. Amma bu quru ağacın meyvəsi yox, suya, günəşə də ehtiyacı yox, heç soyuq xəzri də vecinə deyil: “Ağrısı da yoxdur, səadəti də Beləcə yaşayır hər gecə, hər gün. Bu da uzun ömrün sirri səninçün”. Ümumən Bakı bir şəhər kimi şairin könlünü açır, arzulayır ki, bir faytona minsin Bakının sakit küçələrini gəzsin, gecələri seyr etsin:

  

Əyilməz bir gerb kimi,

Şərqin simvolu kimi,

Ay göydə oraq kimi.

Əlbəttə ki, əl çatmaz,

Nəsə danışır dalğa

Bu gecə zülmət qara.

  

Dmitri Mizqulinin şeirləri ilə bizim şairlərin şeirləri arasında paralellər tapmaq olar. İstər təbiət şeirlərində, istər ömür-gün, tərcümeyi-hal şeirlərində, istərsə də digər əbədi mövzularda. Axtarışlar apardıq, oxşar mövzuları, şeirlərdəki səsləşmələri qeyd elədik. Bu, onu göstərir ki, dünyanın bütün şairləri hansı dildə yazmalarından asılı olmayaraq bir-birilə qohumdurlar. Budur:

  

Kimisə yenidən canlandırırlar,

Dahi, mütəfəkkir adlandırırlar.

Ancaq deyirlər ki, o DAHİ İDİ...

Yəqin sağlığından söz salacaqlar.

Ağaran qəbirlər arasında da,

Qara heykəlini ucaldacaqlar.

Və uzun-uzadı danışacaqlar:

Guya istedadlı, görkəmli idi.

Bilirmiş bu Yerin, Göyün sirrini,

Ağırdı itirmək belələrini.

Guya layiq imiş şöhrətə, ada:

“Onunçun sevirik, salırıq yada”.

İndi mən deyim ki, Yarəbb-İlahi!

Kim bilir rəhmətlik nələr yazardı,

Əgər bilsəydi ki, dahidir, dahi?!

  

Bu şeiri oxuyandan sonra möhtərəm oxucular mərhum şairlərimiz Cabir Novruzun və Əli Kərimin bir şeirlərini xatırlayacaqlar. Elə bu ruhda, bəlkə bundan əfzəl.

Biz müasir bir rus şairi ilə tanış olduq. Onun 34 ildə yazdığı şeirlər barədə müxtəsər söz açdıq. Rus xarakterinin və varlığının poetik əks-sədasını gördük bu şeirlərdə...

 





09.09.2013    çap et  çap et