525.Az

Macarıstanda Turançılıq


 

Macarıstanda Turançılıq

Avqustun 10-dan 12-nə qədər Macarıstan Buqas bölgəsində Macar Turan Cəmiyyətinin təşkilatçılığı ilə IV hun-türk qurultayı keçirildi. Qurultay deyəndə göz önünə ilk növbədə rəsmi yığıncaq, toplantı gəlir. Amma haqqında söz açdığım tədbir tamamilə başqa xarakterlidir. İki ildən bir təşkil olunan hun-türk qurultayları daha çox xalq gəzintisi, folklor bayramıdır, insanların tarixi yaddaşlarını təzələmək, onları bu yolla keçmişə aparmaq təşəbbüsüdür. Qurultay müəyyən mənada həm də teatrlaşdırılmış tarixi şoudur. Bu “tamaşa” vasitəsi ilə müasir macarlar iki böyük köçlə, iki böyük dalğa ilə Şərqdən gələrək Avropanın mərkəzində məskunlaşan, burada öz dövlətini quran, bütün təzyiqlərə baxmayaraq milli varlığını yaşadan əcdadlarının keçdiyi şərəfli tarixi yolu izləmək imkanı qazanırlar. 

Böyük talada qurulmuş köçəri çadırları, uca dirəklərin üzərində yellənən savaş bayraqları, tuğlar, cıdır yarışları, çövkan oyunu, oxatma yarışları və qılınc döyüşü, şaman musiqisi, qədim yaraq-əsləhə qurşamış hun döyüşçüləri, əsrlərin arxasından öz milli paltarları, baş geyimi və sinəbəndləri ilə çıxıb gələn qız-gəlinlər... İnsanı birdən-birə min il əvvələ aparan qeyri-adi metamorfoza! Doğrusu, bütün bunların hamısını tam bir Avropa ölkəsi olan Macarıstanda, həm də cağdaş sivilizasiyanın bir neçə addımlığında baş verməsindən heyrətlənməmək qeyri-mümkündür.  Amma bu teatrallığın arxasında bir reallıq dayanmaqdadır. İndi yaşadıqları torpaqlara Asiyadan gələn macarlar özlərinin Şərq köklərini heç zaman yaddan çıxarmamışlar. Əksinə, həmişə bundan qürur duymuşlar. Macar xalqının əsrlər boyu yaşatdığı ənənələr içərisində Hongofolos – yəni “yurd tutma” mərasiminin özəl bir yeri vardır. Aradan min ildən çox zaman keçməsinə baxmayaraq xalq indi də əcdadlarının gəlib bu torpaqlarda yerləşmələrini, yurd tutmalarını böyük şükran və minnətdarlıq hissi ilə bayram edir.

Macarlar digər Avropa xalqlarından fərqli mənşəyə, fərqli mədəniyyətə və mentalitetə malik olduqlarını, “köhnə qitədə” yeni tarix yaşadıqlarını və yaşatdıqlarını nəzərə çarpdırmağa can atırlar. Qurultay bir tərəfdən onların Avropa mühitindəki bənzərsizliklərini nümayiş etdirirsə, digər tərəfdən də bu fərqliliyin, bənzərsizliyin əski hun tarixi, Böyük Turan imperiyası və türk dünyası ilə bağlı çoxəsrlik  köklərinə və mərhələlərinə işıq salır.  Yuxarıda xatırlatdığım Hongofolos ənənəsinin tələblərindən biri də “köhnə yurdda” qalanların, yəni köç prosesinə qoşulmayanların daim xatırlanması və imkan daxilində axtarılmasıdır. Bu elm adamlarından tutmuş sıravi insanlara qədər hamını maraqlandıran məsələdir. Hun-türk qurultayının əsas məqsədlərindən biri də indiki macarlarla onların Orta Asiyada, Volqa boyunda, yaxud Qafqazda qalmış eyni tarixi kökə malik qohum etnoslarla  mənəvi əlaqələrinin təmin edilməsidir.  Macar Turan cəmiyyətinin keçirdiyi hun-türk qurultayı hər hansı siyasi kontekstdən və siyasi iddialardan uzaqdır. Lakin buna baxmayaraq macar cəmiyyətində get-gedə kütləviləşməkdə olan bu mərasim nədənsə Rusiyanın bəzi dairələrində, xüsusən də ermənipərəst qüvvələrin cəmləşdiyi “Regnum” xəbər agentliyində ciddi təlaş doğurur.

Agentliyin şərhçisi Dmitri Semuşkin qurultayın son günü – avqustun 13-də “Reqnum” saytında yerləşdirilən “Nə üçün Macarıstan “Böyük Turanın” xeyrinə fin-uqor birliyinə xəyanət etdi?” adlı yazısında ölkənin indiki əhalisinin fin-uqor mənşəli macarlaşdırılmış slavyanlar olduğunu iddia edir. Müəyyən dairələrin maraqları naminə onların süni yolla sayca kiçik və apatik fin-uqor birliyindən ayrılaraq sayı 250 milyonu keçən, passionar enerjisi aşıb-daşan böyük türk ailəsinə calandıqları fikrini əsaslandırmağa çalışır. Əlbəttə, müəllifin narahatlığını başa düşmək mümkündür. Rusiya Federasiyasının subyektləri olan Tatarıstan, Başqırdıstan, Yakutiya, Xakasiya, Çuvaşıstan, Altay, Saxa  və başqa qədim türk xalqlarının bayraqlarının macar çöllərində dalğalanması ona rahatlıq vermir. Əgər macarlar qədim slavyanlardısa,  bu məntiqlə Semuşkin və kompaniyasının tatarları, altaylıları, yaxud xakasları türkləşdirilmiş rus elan edəcəkləri gün də o qədər uzaqda deyil!

İlk hun-türk qurultayı 2007-cı ildə Qazaxıstanda keçirilmişdi. Qurultay ideyasının müəllifi və əsas təşkilatçısı tanınmış macar antropoloqu, səyyah və tarixçi Andraş Jolt Birodur. O, Macarıstanda min ildən bəri mövcud ulus toplantısı – qurultay ənənəsini dirçəltməyə nail olmuşdur. Andraş Biro eyni zamanda müasir macarların soy-kök etibarı ilə qədim türklərlə bağlılığı ideyasının atəşin tərəfdarlarından biridir. Həm də bunu yalnız gəlişi gözəl söz kimi, şüar kimi təkrarlamaqla kifayətlənmir.  Bir neçə il bundan əvvəl inadlı axtarışlar nəticəsində Qazaxıstanın Turqay əyalətində, habelə ona bitişik ərazilərdə hələ də özlərini majar – macar adlandıran etnik qrup aşkara çıxarılmışdır. Ardınca həmin macarların başqa bir qolunun müasir Özbəkistan ərazisində yaşadığı  məlum olmuşdur. Bu sadəcə bir təsadüfdür, yoxsa dünyanın fərqli səmtlərində yaşayan eyni adlı etnoslar arasında qohumluq əlaqələri var? Suala cavab tapmaq üçün Andraş Bironun təşəbbüsü ilə “qazax macarları” ilə ölkəsindəki həmvətənlərin müqayisəli DNK analizlərini aparılmışdı. Mütəxəssislər nəticələr əsasında hər iki toplumun genetik eyniliyi qənaətinə gəlmişdir. Həmin nəticələr ABŞ-nın nüfuzlu “American Journal of Pusical Anthropology” məcmuəsində dərc edilmiş və macarların soy-kökü ilə maraqlanan bir sıra tanınmış alimlərin diqqətini çəkmişdi. Bu da öz növbəsində Macarıstan və Qazaxıstan macarlarının müştərək köklərini tapmaq üçün tarixin qədim qatlarına baş vurmağın, hun-türk araşdırmalarının zəruriliyi fikrini ortaya çıxarmışdır. Qazaxıstan alimlərinin və mədəniyyət xadimlərinin yaxından iştirakı ilə 2007-ci ildə təşkil olunan ilk hun-türk qurultayı da hər şeydən əvvəl bu ideyaya xidmət edirdi. Məhz bu qurultaydan sonra qazax-macar əlaqələrinin daha intensiv inkişaf dövrü başlanmışdı.  Daha sonra estafet Qazaxıstandan Macarıstana keçmişdi. 2008-ci ildə ikinci, 2010-cu ildə isə üçüncü hun-türk qurultayı bu ölkədə böyük uğurla baş tutmuş və cəmiyyətin ən müxtəlif təbəqələrində böyük maraq doğurmuşdu. Sadə xalq arasında qurultayın keçirildiyi günlər “Hunnap” – yəni “hun günləri” adını almışdı.  Bir qədər yuxarıda da qeyd etdiyim kimi, hun-türk qurultayı sırf elmi səciyyə daşımır. Doğrudur, tədbir çərçivəsində müxtəlif türk məmləkətlərindən, Avropa ölkələrindən olan antropoloqlar, etnoqraflar, hunşünas və türkoloqlar  da bir araya gəlir, macar dili, tarixi, macar-türk əlaqələri, Avrasiya məkanında macarların yeri və rolu ilə bağlı görüşlərini bölüşür, polemika aparırlar. Hər bir elm sahəsinin mütəxəssisləri son dövrlərdə gördükləri işlər barəsində məlumat verirlər. Lakin böyük ərazidə qurulmuş çadırların yalnız birində gedən bu elmi mübahisələr işin kiçik, həm də daha çox gələcəyə hesablanmış hissəsidir. Əsas nəticə isə alimlərin çadırından kənarda, yüksək səviyyədə hazırlanmış tarixi şounun göstərildiyi böyük talada əldə edilir. 

Bunun da nəticəsində macarlar arasında  hun-türk  qurultayının populyarlığı ildən-ilə artır. Xüsusi ilə yeni yetişən gənclik bu məsələdə daha həssas və fəal mövqeyi ilə seçilir. Heç bir təmənna, yaxud fayda güdmədən, tapşırıq almadan yalnız səmimi inanclarına dayanaraq bu tədbiri hazırlayan adamların entuiziazmı və vətənpərvərliyi isə ən yüksək tərifə layiqdir. Ümumi nisbətdə sayca bəlkə də o qədər böyük olmayan, lakin son dərəcə enerjili və monolit “hunçular” qrupu getdikcə daha artıq bir inadla xalqın tarixinin dərin qatlarına nüfuz edir, onu indiki avropalı macarların xoşuna gələn tərzdə deyil, olduğu kimi göstərməyə çalışır. Macarıstanda səfir kimi fəaliyyətimin üçüncü ayında, 2010-cu ilin avqustunda III hun-türk qurultayının işində iştirak etdim. Qaqauzlardan, Bolqarıstan türklərindən tutmuş xakaslara, altaylılara, uyğurlara qədər böyük türk ailəsinin bir çadır altına toplaşdıqlarına, eyni, yaxud yaxın fikirləri, görüşləri paylaşdıqlarına şahid oldum.

Qurultayın təntənəli açılış günü hətta  dünya türklərinin birgə fəaliyyəti ilə bağlı qədim türk runik əlifbası – Orxan-Yenisey abidəsinin qaya parçalarına həkk edildiyi əlifba ilə yazılmış rəmzi sənəd də qəbul edildi. (Yeri gəlmişkən, Parlamentdə 43 yerlə təmsil olunan “Yobbik –Daha yaxşı Macarıstan uğrunda” partiyasının təşəbbüsü ilə bütün yaşayış məntəqələrinin giriş və çıxışında onların adları həm də runik hərflərlə yazılmış lövhələrdə göstərilir).  Ən başlıcası isə müxtəlif türk ellərindən gəlmiş mədəniyyət adamları ecazkar musiqi və sənət dili ilə Macarıstanın Buqats bölgəsindəki məşhur milli parka toplaşmış insanların zaman və məsafə ölçüsünə baxmayaraq əsrlər boyu eyni, yaxud yaxın mənəvi-estetik dəyərləri paylaşdıqlarını ortaya qoydular. Bu ilki qurultay da sənətin insanları yaxınlaşdırması, ümumi anlaşma dilinə çevrilməsi baxımından istisna olmadı.

Təkcə onu qeyd etmək lazımdır ki, Avropanın mərkəzində keçirilən bu tədbirdə dünyanın üç qitəsindən gəlmiş 22 türk xalqının təmsilçiləri iştirak edirdi. Əsas ağırlıq əvvəlki illərdə olduğu kimi yenə də ictimai-siyasi xadimlərdən, yaxud alimlərdən daha çox mədəniyyət adamlarının üzərinə düşürdü. Məmnunluq hissi ilə qeyd etmək istərdim ki, istər iki il əvvəlki, istərsə də indiki qurultayda milli musiqimizin mahir bilicisi professor Məcnun Kərimin yaratdığı və bədii rəhbəri olduğu Azərbaycan qədim xalq çalğı alətləri ansamblı böyük məharət göstərmişdi. Macarıstan Turan Cəmiyyətinin saytında insanları həqiqətən də qədim çağlara aparan ansamblın çıxışları ilə bağlı yüzlərlə hərarətli rəyə rast gəlmək mümkündür. Həqiqətən də  Macarıstanın müxtəlif yerlərindən qurultaya gələn minlərlə insanın bəlli bir hissəsi ansamblın ifasını dinləyərkən müəyyən doğmalıq və yaxınlıq hiss ediblərsə (əminəm ki, məhz belə olub!) demək, o zaman müasir macarlarla onlardan minlərlə kilometr aralıda yaşayan indiki azərbaycanlılar arasındakı mədəni-mənəvi əlaqənin mövcudluğu öz təsdiqini tapıb! Macarların türk xalqları ilə yaxınlığı, soy-kök ortaqlığı məsələsini yeni şəraitdə xüsusi bir ardıcıllıqla gündəliyə çıxaran və həmvətənlər arasında bu istiqamətdə geniş maarifçilik işi aparan Macar Turan cəmiyyəti təxminən on il bundan əvvəl yaranıb. Təbii ki, bunun üçün ilk növbədə ölkədə ictimai-siyasi fikri və mədəni-ideoloji həyatı  daim nəzarətdə saxlayan kommunist sisteminin süqutu tələb olunurdu. Digər tərəfdən, adı çəkilən cəmiyyət quru yerdə yaranmamışdı. Daha əvvəllər – ötən əsrin başlanğıcında fəaliyyət göstərmiş oxşar istiqamətli qurum, sadəcə, yenidən bərpa edilmiş, fəaliyyətini təzələmişdi. Bir sözlə, Şərqə bağlılıq, macarların hesab etdikləri kimi, turançılıq heç vaxt bu ölkəyə və onun xalqına yad olmamışdı. 

lll Müasir tarixşünaslıqda da qəbul olunduğu kimi, macarların əcdadları indi yaşadıqları əraziyə iki böyük köçlə gəlmişdilər. Birinci dalğa eramızın IV-V əsrlərinə təsadüf etmişdi. Həmin dövrdə orta əsrlər Avropa tarixçilərinin “Tanrının qılıncı” adlandırdıqları böyük sərkərdə, İtil (Volqa) çayı sahillərində doğulmuş türk olduğu iddia edilən Atilla (406-453) hun tayfalarını Avropanın mərkəzinə gətirmişdi. Daha doğrusu, özündən əvvəl başlanmış prosesin genişlənməsinə və tamamlanmasına təkan vermişdi. Aralarında macarların da olduğu hun tayfaları daha çox indiki Macarıstan ərazisində cəmləşdiklərindən ölkənin latın və ümumən Qərb mənbələrində işlənən, günümüzdə də qorunub saxlanan Hunqariya  adı buradan yarana bilərdi. Lakin bu mövcud ehtimallardan yalnız biridir. Məşhur macar türkoloqu Armin Vamberi hunlarla türklərin qədim qollarından olan uyğurlar arasında müəyyən əlaqənin mövcudluğunu əsaslandırmağa çalışırdı. O, yazırdı: “Biz macarların nəzərində Uyğur adının xüsusi əhəmiyyəti var. Çünki ruslar özlərindən daha şərqdə yaşayan və rus olmayan xalqları bu adla, daha dəqiq desəm, Uqor adı ilə çağırırdılar. Kəlmə ruscadan alman dilinə Unger/Ungar şəklində keçmişdi. Amma bu ad Arpadın macarlarına deyil, daha əvvəl Pannoniyada yaşayan Ural-Altay köklü xalqa (yəni hunlara – V.Q.) aiddir”.  Nəhayət, Hungariya adının üçüncü açıqlaması da qədim türklərlə bağlıdır. Bir sıra mütəxəssislərin fikrincə, latın dilindəki Ungari, alman dilindəki Ungarn, ingiliscədəki Hungarian kəlməsi türk dilindəki “on oğuz” (bolqar – “on oqur”) ekzoetnonimindən yaranmışdır. Həqiqətən də, Karpat ovalığına yürüş zamanı formalaşan tayfa ittifaqına yeddi macar və üç Xəzər tayfası daxil idi. Xəzər tayfaları özlərinin hərbi məharəti və vuruşqanlığı ilə seçilirdi. Bir az aşağıda da görəcəyimiz kimi, hunlar və macarlar öz aralarında ortaq dildə danışmaları və bir-birlərinin anlamaları fikri də qəbul edilir.

Görkəmli macar türkoloqu Gyula Nemetin qənaətinə görə, Hun imperatorluğunun dövlət idarəçiliyində istifadə olunan dil qədim türk dili olmuşdu. Onun fikrincə, Atilla adı da bu gün macar dilində müəyyən fonetik dəyişikliklərlə qorunub saxlanan “ata” sözündən yaranmışdır. Atillanın atasının adı Mundzuk idi. Bu ada müasir Tuva türklərinin arasında bizim günlərdə də təsadüf edilir. Onun əmilərindən birinin adı yunan mənbələrində Oibarsios kimi qeyd edilmişdir. Mütəxəssislərin fikrincə, əgər ənənəvi yunan yazılış forması bir kənara qoyularsa, bu ad orta çağ türkləri arasında geniş yayılmış Aybarsdır. Nəhayət, Atillanın xanımlarından birinin adının Erika – Arıkan, oğullarından birinin adının Denqizik (Deniz) olması da onun soy-kök etibarı ilə qədim türklərə bağlılığı ehtimalını daha da qüvvətləndirir.  X əsrdə, daha dəqiq desəm, 896-cı ildə kral Arpadın və Kursanın rəhbərliyi ilə Ural dağlarını aşan macar tayfaları əvvəlcə Transilvaniyanı ələ keçirmiş, buradan isə Pannoniyaya (indiki Macarıstan ərazisinin bir hissəsi) yayılmış, orada möhkəmlənərək öz dövlətlərini  qurmuşdular. Tədricən müasir macar millətinin formalaşma prosesi başlanmışdı. Yaşadıqları dövlət o zaman da, indi də Macarorsaq, yaxud bizim adət etdiyimiz tərzdə Macarıstan adlanırdı. Bu iki etnonim və toponimin əsrlər boyu paralel şəkildə yaşaması, birinin digərini sıxışdırıb sıradan çıxarmaması əslində hun-macar, daha geniş anlamda isə türk-macar əlaqələrinin simvolu kimi dəyərləndirilə bilər.  Avropanın köçəri əsilli yeni sakinləri az müddətdən sonra xristian dinini qəbul edərək inanc baxımından qədim qitənin digər xalqları ilə bərabərlik hüququ qazansalar da, yaşam tərzlərindən və adət-ənənələrindən asanlıqla əl götürməmişdilər. Onlar yeni yurdda da öz həyat və məişətlərini uzun müddət ucsuz-bucaqsız Asiya bozqırlarında olduğu kimi sürdürmüşdülər. Bu isə Avropanın “həqiqi sakinləri” tərəfindən təqdir edilmirdi.

XII əsrdə macar krallığını gəzib-dolaşan alman yepiskopu, yazıçı və tarixçi kardinal Otto fon Freyzinq (1114-1158) ilk növbədə avropasentrik mövqedən özünün yeni din qardaşlarına yuxarıdan aşağı baxır, onları bəyənmirdi.  Hətta İsa dininə pənah gətirmələri də macarları uzun müddət “köhnə qitənin” daha “mütərəqqi və mədəni nümayəndələrinin”  nəzərində onlara yaxın, sıralarından olan və din qardaşları saydıqları insanlara çevirməmiş, necə deyərlər,  “avropalı” edə bilməmişdi. “Macarlar çox çirkindirlər, – deyə kardinal xronikasında yazırdı. –  Boyları qısadır, gözləri dərində yerləşir, danışıq və hərəkətləri tam bir barbar təsiri bağışlayır. İnsan bilmir ki, belə ecazkar məmləkəti bu canavarlara qismət edən taleyə lənət yağdırsın, yoxsa Allahın hikməti önündə heyrətlənsin?” Otto Fleyzinq daş və kərpicdən tikilmiş evlərin mövcudluğuna baxmayaraq macarların hələ də çadırlarda yaşamağa üstünlük verdiklərini  də ayrıca nəzərə çarpdırırdı. Ancaq hər addım başı üzləşdikləri yadlıq, ögeylik hissinə baxmayaraq macarlar yeni vətənlərində möhkəmləndilər. Köçəri həyatının gətirdiyi vərdişlər və döyüşkən keyfiyyətləri onların mövcudluq uğrunda mübarizədə qələbəsini təmin etdi. Şərqdən slavyanların, qərbdən isə germanların təzyiqlərinə sinə gərərək Avropanın tam mərkəzində qurduqları dövlətin sərhədlərini genişləndirdilər. Tədricən macar kralları qitənin söz sahibi olan hökmdarlarına çevrildilər. Təbii olaraq suallar yaranır. Orta Asiyadan, Volqa boyundan yola çıxan macar tayfaları hara getdiklərini bilirdilərmi? Qarşıda onları nələr gözlədiklərindən xəbərləri vardımı?  Məskunlaşdıqları torpaqları qoyub yeni vətən axtarışına çıxarkən üz tuta biləcəkləri bir ünvan, sığına biləcəkləri qüvvə tanıyırdılarmı? Macarlar qanlı savaşlardan, ölüm və təhlükələrdən keçərək hara, kimin yanına üz tutmuşdular?  Müasir dövrdə bir sıra macar tarixçilərinin bu suala aydın və birmənalı cavabı var: onlar bir neçə yüz il əvvəl köç etmiş əcdadlarının – hunların səltənətinə yol almışdılar.
 
“Hunlar və Tanrının qılıncı Atilla” kitabının müəllifi, məşhur macar türkoloqu Gyula Nemet yazır: “Zənnimcə macarlar hunları və onların kralı Atillanı çox əski zamanlardan tanıyırdılar. Özlərinin də bu soydan gəlmələri fikrini qəbul edirdilər. Ola bilsin ki, indiki vətənlərini – Karpat ovalığını fəth edərkən həmin düşüncə özünü o qədər də aydın nəzərə çarpdırmamışdı. Amma bu ehtimal çox da qüvvətli sayıla bilməz. Əksinə, bir sıra mənbələr məhz adı çəkilən dövrdə macarlar arasında özlərinin hun soyundan olmaları qənaətinin daha geniş yayıldığını göstərməkdədirlər”.  Macar alimlərinin araşdırmalarına görə bu gün ölkə xalqı arasında ən geniş yayılmış kişi adı sayılan Atilla adına tarixi qaynaqlarda ilk dəfə 1138-ci ildə təsadüf edilir. Başqa sözlə desək, orta əsr macarları yeni vətəndə möhkəmləndikdən sonra bu torpaqların ilk fatehi olan əcdadlarını unutmamış, onun xatirəsinə ehtiramlarını adını yaddaşlarda yaşatmaqla bildirmişdilər. Əgər Atilla yadelli imperatorun adı olsaydı, ortaq tarixin qürur doğuran səhifələri ilə bağlanmasaydı, təbii ki, əski yurda dönənlər arasında bu qədər geniş yayıla bilməzdi. Həm də Atillanın yalnız adı deyil, qoyduğu miras  da onu əcdadları sayan yeni sakinləri daim maqnit kimi özünə çəkmişdi. Təbii ki, söhbət maddi deyil, mənəvi mirasdan, ənənələrdən gedir.

Avropaya uzun və təhlükələrlə  dolu səfərləri zamanı macar tayfalarının yolu indiki Azərbaycan ərazisindən də keçmişdi. “Şirvan tarixi” əsərinin müəllifi, şərqşünas F.V.Minorski Bizans xronikaçısı Konstantin Baqryanorodnıya istinadən VIII əsrin ortalarında peçeneqlərin basqınına uğrayan macarların bir hissəsinin Gəncə ilə Tiflis arasında, indiki Tovuz rayonu ərazisində məskunlaşdıqlarını göstərir. Alimin ehtimalına görə burada onlar qonşuluq şəraitində yaşadıqları albanların təsiri altında xristian dinini qəbul etmiş və tədricən etnik assimilyasiyaya uğramışdılar.  Hunlarla macarların etnik yaxınlığı, hətta eyni kökdən olmaları həm macar xalq yaradıcılığında, həm də bir sıra tədqiqatçıların  araşdırmalarında öz əksini tapmışdır. Məsələn, XI əsrin sonlarında yazıya alınan “Gesta Ungarorum” eposu əslində başdan-başa hunlarla macarların əlaqə və qardaşlığına həsr edilmişdir. Bu mənbədə onlar eyni soy-kökə mənsub xalqlar kimi tanıdılır, Arpadın isə Atillanın nəslindən olduğu bildirilir. Arpad və sərkərdələrinin aradan təxminən beş yüz il keçəndən sonra Macarıstan ərazilərinə qayıtmaları onların yenidən öz ata-baba torpaqları üzərində vərəsəlik hüququnu  təmin etmələri, tarixi yurdlarına dönmələri  kimi dəyərləndirilir. Bu müəyyən mənada xalqın öz hun-türk keçmişinə qayıdışı da adlandırıla bilər. Arpadla birlikdə macarların böyük köçünə rəhbərlik edən və hakimiyyəti onunla bölüşən  sərkərdə Kursanın (?-904) nəslinin taleyi bu baxımdan səciyyəvidir. O, Arpadın təkbaşına idarəçiliyinin təmin olunması məqsədi ilə düzəldilən sui-qəsd nəticəsində öldürüldükdən sonra sağ qalan ailə üzvləri Kartal (türkcədə kart – el, “möhkəm yurd”, “möhkəm el” mənasında – V.Q.) soyadını götürmüşdü. 

O da diqqət çəkicidir ki, Arpad Atilla ilə qohumluğa iddialı yeganə macar kralı deyildi. Sonrakı əsrlərdə də bir çox krallar birbaşa, yaxud dolayısı yolla əski hunlar və onların qüdrətli hökmdarı ilə  yaxınlıq və varislik əlaqələrini nəzərə çarpdırmağa çalışırdılar. Bu meyl tarixə Kun (Hun) ləqəbi ilə daxil olmuş kral IV Laslonun (hakimiyyəti 1272-1290-cı illəri əhatə edir) zamanında özünü daha nəzərəçarpacaq şəkildə göstərmişdi. Hökmdarın arxalandığı başlıca qüvvə həm əski hun nəsilləri, həm də monqol istilası nəticəsində Macarıstana üz tutmuş Böyük çöl türkləri – kumanlar (qıpçaqlar) idi. Çox ehtimal ki, qıpçaqlara bu isti münasibətin də əsasında qan qohumluğu və genetik yaxınlıq dayanırdı. IV Laslo macar-hun varislik əlaqələrini hakimiyyətinin aparıcı xəttinə çevirməklə kifayətlənməmiş, həm də birləşdirici səciyyəli bu ideyanın tarixi baxımdan  əsaslandırılması qayğısına qalmışdı.  Saraya yaxın adamlardan sayılan tanınmış din xadimi Simon Kezai çox güman ki, kralın tapşırığına, yaxud arzusuna əsasən əski qaynaqları bir daha nəzərdən keçirərək, habelə “İncil”lə müqayisələr apararaq “Macar hun tarixi” adlı əsər yazmışdı. Yarı əfsanəvi xarakter daşıyan bu kitabda macarlarla hunların mənşəyi Babil qülləsini inşa etdirən Nəmrudun nəsli ilə əlaqələndirilirdi. Əfsanəyə görə Nəmrudun Hunor və Mogyor adlı iki oğlu olmuşdu. Onlar atalarının izni ilə ova çıxır və yeni yurdda məskən salırlar. Daha sonra hər ikisi Alan kralının qızları ilə evlənirlər. Nəticədə Hunorun soyundan hunlar, Mogyorun soyundan isə macarlar dünyaya gəlirlər.  Əlbəttə, bu sadəcə əfsanədir. Lakin həmin əfsanə mühüm bir tarixi məqamı – hun və macarlar arasındakı əlaqəni bir daha təsdiq edir.  Hunların türk kimlikləri müasir elmi fikirdə özünə getdikcə daha artıq tərəfdarlar toplamaqdadır. Macar xalqının soy-kökünün formalaşmasında isə bilindiyi kimi, hun ünsürü əhəmiyyətli rol oynamışdır. Macar şərqşünası Laslo Rosony Ankarada, Türk Kültürünü Araşdırma İnstitutunun əsərlərində (1983) çap etdirdiyi “Türk dövlətinin Qərbdəki varisləri” adlı məqaləsində mənsub olduğu xalqın etnik biçimlənməsində hun-türk və fin-uqor başlanğıclarının yerindən və mövqeyindən bəhs edərkən “sadə bir dillə desək, türklər macarların atası, finlər isə anasıdır” qənaətinə gəlmişdi.  Orta əsrlər Bizans, yunan, ərəb və İran mənbələrində macarlardan türklər kimi bəhs olunurdu. Britaniya tarixçisi Piter Qolden “Köçərilər və onların Rusiya Çölündəki qonşuları: Türklər, Xəzərlər və Qıpçaqlar” kitabında (Oksford, 2005)  Bizans qaynaqlarının Xəzər xaqanlığının torpaqlarından Şərqi Türkiyə (Eastern Tourkia), Macarıstan ərazisindən isə Qərbi Türkiyə (Western Tourkia) kimi bəhs etdiyini göstərir. Bu həqiqətin öz əksini tapdığı tarixi qaynaqlar da mövcuddur. Arpad soyundan olan böyük hersoq Geza (Arpadın nəticəsi idi, hakimiyyət dövrü 972-997-ci illər) xristianlığı qəbul etdiyini bildirəndə, Bizansdan hakimiyyətinin rəsmən tanınmasının rəmzi kimi tac almışdı. Gezanın əlində xaç şəklində əsa tutmuş barelyefi ilə birlikdə indi də qorunub saxlanan və Budapeşt Tarix muzeyində nümayiş olunan həmin tacın üzərində “Tourkia kralı Geza” sözləri həkk edilmişdi. 

“Həqiqətən də bu, son dərəcə maraqlı bir nümunədir”, - deyə türk macarşünası Tarik Dəmirkan yazır: - Tacın göndərildiyi tarixə bir daha diqqət yetirək. Bu, Malazgirt savaşından (türk varlığının ortaya qoyulduğu mühüm tarixlərdən biridir - V.Q.) təxminən yüz il əvvələ təsadüf edir. Yəni gələcəkdə Anadolunu fəth edərək “Türk imperatorluğu” kimi tanınacaq Səlcuqlar və Oğuz boyları hələ Xəzər dənizi ilə Aral gölü arasındakı bölgələrdə yaşayırlar. Orta Avropaya gəlib yerləşən, Karpat ovalığında xristianlığı qəbul edərək dövlət quran, müstəqilliyini çevrədəki xristian dövlətlərə və Karpat hövzəsinə tanıtdıran, Bizansdan və Romadan təqdir görərək qanunilik qazanan Macar dövləti isə Bizans imperatoru tərəfindən “Türk dövləti” kimi qəbul olunur, bu ölkəyə “Tourkia”, yəni “Türklərin yurdu” adı verilir”.
Eyni zamanda onu da yaddan çıxarmaq olmaz ki, Bizansın bir xristian kimi təqdis etdiyi türk əsilli macar hökmdarı Gezanın dini inancları əslində şərti xarakter daşıyırdı. German xronikaçısı, arxiyepiskop Ditmar Merseburq (975-1018) onun əski dinindən qətiyyən uzaqlaşmadığını, həm öz bütlərinə, həm də xristian müqəddəslərinə ibadət etdiyini və qurbanlar verdiyini yazır. Gezadan bunun səbəbini soruşanda o, kifayət qədər zəngin adam olduğunu və sərvətini həm köhnə, həm də yeni dinin yolunda xərcləməkdə bir problem görmədiyini bildirirmiş...
Gətirilən faktlardan da aydın göründüyü kimi, erkən orta əsrlərdə macarları yalnız başqaları türk adlandırmırdılar. Onlar özləri də türk kimliklərini dərk və qəbul edirdilər. Gezanın oğlu, macar tarixinin ən önəmli şəxsiyyətlərindən biri və ilk macar kralı Müqəddəs İştvan (hakimiyyət dövrü 1000-1038-ci illər) xristianlığa keçənə qədər qədim türk dilində “başçı”, “qəhrəman” anlamını bildirən Vayk adını daşımışdı. Müasir macar tarixçisi Atilla Zoldoşun “Müqəddəs İştvan və onun dövləti” kitabında (ingilis nəşri, 2001-ci il, səhifə 15) etiraf olunduğu kimi, “X əsrdə Arpad ailəsində doğulan uşaqlara türk adları vermək ənənəsi çox geniş yayılmışdı”.

Yuxarıda özünə Kartal soyadı götürən Kursan ailəsinin nümunəsi bu ənənənin yalnız Arpad soyunun təmşilçiləri arasında deyil, bütünlükdə dövrün macar aristokratiyası içərisində geniş yayıldığını göstərir. Bu isə həmin əsilzadələrin özlərinin türk əsilli olmasından, yaxud öz üzərlərində türklüyün son dərəcə güclü təsirini hiss etmələrindən irəli gəlirdi. Yeni dinin gətirdiyi qaçılmaz dəyişikliklər ərəfəsində də onlar  ənənəvi adlarından, yaşam tərzlərindən asanlıqla ayrıla bilmirdilər.
Burada XX əsrin tanınmış macar türkoloqlarından sayılan Laslo Türmezinin aşağıdakı sözlərini xatırlatmaq da yerinə düşərdi. O, Macarıstanda turançılıq ideyasının meydana çıxmasını şərtləndirən amillərdən bəhs edərkən yazırdı: “Bizlər də, türklər də hunların övladlarıyıq. Tarixi qaynaqlarda bizi “türk” adlandırmışlar. Bolqarlar da türk soyundandır. Bizim ilk kralımız olan (Hun dövrü nəzərdə tutulur - V.Q.) Ellak Atillanın oğludur. Müqəddəs tacımızın alt bölümü Bizans imperatoru tərəfindən “Tourkianın kralı Gezaya” ifadəsi yazılaraq göndərilmişdir”.

Hun-macar əlaqələrinin araşdırılması zamanı ortaya çıxan mühüm suallardan biri də dillə bağlıdır. Hunların danışdıqları dili macarlar anlayırdılarmı? Onların dilləri arasında oxşarlıq vardımı? Atillanın ilk yürüşlərinə qatılan macar tayfaları hunlarla necə ünsiyyət saxlayırdılar? Belə bir dialoqa isə hər zaman böyük ehtiyac vardı. Çünki onlar ayrı-ayrılıqda nə qədər güclü olsalar da, ümumi təmas nöqtəsi və ortaq ünsiyyət dili tapa bilməsəydilər, qələbələri çox asanlıqla məğlubiyyətə çevrilərdi.

Dilçiliyin bir elm sahəsi kimi ilk addımlarını atdığı orta əsrlərdə artıq macar dilinin mövcud Avropa dillərinin heç birinə bənzəməməsi faktı ortada idi. XVII yüzillikdən etibarən macar dilinin mənşəyinin aydınlaşdırılması istiqamətindəki tədqiqatlar daha geniş ölçü almışdı. Bu dil dünyanın 60-a yaxın dili ilə müqayisə olunmuşdu. Onların sırasında qədim Misir, şumer, etrusk, hett, tamil, Tibet və s. kimi qədim və ekzotik dillər də vardı. Nəticədə tədqiqatçılar macarcanın fin-uqor dilləri qrupuna daxil olması ilə bağlı ilk zamanlar etiraz doğurmayan qənaətə gəlmişdilər.
Lakin XIX əsrin 60-cı illərinin sonunda macar türkoloqu Armin Vamberi (1832-1913) bu fikrin həqiqiliyini şübhə altına alan sensasiyalı çıxışı ilə aranı qarışdırdı. 1869-cu ildə işıq üzü görən bir məqaləsində o, macarcanı türk dillərinin də daxil olduğu Ural-Altay dil ailəsinə aid etdi. Dövrün tanınmış dilçilərindən Yozef Turi də tezliklə linqvistlər arasında parçalanma yaradan məsələdə həmkarının tərəfində dayandı. Təbii ki, əleyhdarlar da kifayət qədər idi.

Armin Vamberi Qərb dilləri ilə bir sırada türk dillərini də yaxşı bilirdi. Dərviş libasında Orta Asiyanı qarış-qarış gəzib dolaşmışdı. İstanbul sarayı ilə yaxın əlaqələri vardı. Türk dillərinə və tarixinə dair çoxsaylı tədqiqat əsərlərinin müəllifi kimi məşhur idi. Bir neçə dəfə dinini dəyişmişdi. Türk ictimaiyyəti onu daha çox Rəşid Əfəndi kimi tanıyırdı. Nəhayət, Avropa ali məktəbləri içərisində ilk dəfə Budapeşt universitetində müstəqil türkologiya kafedrası qurmuş və üçdə bir əsr ərzində ona rəhbərlik etmişdi. Vamberinin irəli sürdüyü tezis  Osmanlı imperiyasının, türk elm və siyasət adamlarının diqqətlərinin Macarıstana cəlb olunması baxımından qiymətli idi.

lll

Vamberinin macar dilinin mənşəyi ilə bağlı fikirləri cəmiyyəti hun-türk və fin-uqor kəsimlərinə ayırmaqla bir sırada hər iki istiqamətdə axtarışların genişlənməsinə də təkan verdi. Bunun da nəticəsində XIX əsrin sonlarından etibarən ölkədə ilkin vətən sayılan Turanla və bir ideya cərəyanı kimi turançılıqla bağlı fikirlər böyük maraq doğurmağa başladı. Əslində Turan, Turan tayfaları və Turan irqi anlayışlarını elmi ədəbiyyata ilk dəfə alman alimi, Oksford universitetinin professoru, qədim dillər və dini mətnlər üzrə tanınmış mütəxəssis Maks Müller (1823-1900) gətirmişdi. O, özünün “Dilçiliyə dair mühazirələr” əsərində Asiyanın çöl xalqı olan köçəri Turan tayfalarından oturaq və əkinçi arilərin (iranlıların) tam əksi kimi bəhs edirdi. 1874-cü ildə Budapeştə səfər edən Maks Müller burada öz ideyasının bir sıra tərəfdarlarını tapdı.
Etnik və dil baxımından Avropadan tam fərqli mövqedə dayanan Macarıstan turançılığın meydana gəlməsi və yayılması üçün münbit guşəyə çevrildi. Turan ideyası ilk növbədə macar cəmiyyətindəki hun-türk və fin-uqor təmayüllərinin təmsilçilərini bir dam altında toplamağa imkan verirdi. Çünki turançıların qənaətinə görə, Ural-Altay, fin-uqor və Uzaq Şərq xalqları böyük Turan ailəsini təşkil edirdilər. Başqa sözlə desək, macarlar, finlər, estonlar, Anadolu və Azərbaycan türkləri, tatarlar, türkmənlər, qırğızlar, qazaxlar, özbəklər, başqırdlar, çuvaşlar, slavyanlaşmış bolqarlar və bir sıra digər xalqlar turanlılar sayılırdılar. Anlayışın hüdudlarını genişləndirənlər, hətta çinliləri, yaponları və koreyalıları da bu ailəyə daxil edirdilər.

Turan ideyasına maraq digər tərəfdən də siyasi amillərə bağlı idi. XİX əsrin sonu - XX əsrin əvvəllərində macarların da tərkibinə daxil olduqları dual dövlət - Avstriya-Macarıstan imperiyası zəifləməyə başlamışdı. Bunun əksinə onları həm şərqdən, həm də qərbdən sıxan panslavizm və pangermanizm  getdikcə qüvvətlənirdi. Bu iki dalğadan birinin, yaxud hər ikisinin altında qalıb boğulmamaq, milli xüsusiyyətləri və dövlətçiliyi qorumaq üçün macarların ideoloji baxımdan özlərini həm qonşularından, həm də bütünlükdə Avropa cameəsindən fərqləndirmələrinə ehtiyacları yaranmışdı.

İki dünya müharibəsi arasındakı 1920-1940-cı illərdə macar turançılığının əsas qida mənbələrindən biri də cəmiyyətdə hərbi əhval-ruhiyyənin yüksək olması ilə bağlı idi. Özlərini Asiyanın böyük fatehlərinin nəslindən sayan macarlar əsasən əkinçilik və balıqçılıqla məşğul olan fleqmatik fin və estonlarla, yaxud da xanti-mansilərlə eyni etnik mənşəyi bölüşmələri  fikrini qəbul etmək istəmirdilər.

Belə şəraitdə ilk yada düşən xalqın Asiya kökləri, köçəri mədəniyyətinə mənsubluq və ari irq təmsilçiləri ilə fərqlər olmuşdu. Macar intellektualları dünyanın ciddi dəyişikliklər ərəfəsində olduğu XX əsr başlanğıcında Qərbə inamsızlıqlarının ifadəsi kimi üzlərini Şərqə çevirməyi, öz həqiqi köklərinə qayıtmağı məqsədəuyğun sayırdılar. Birinci Dünya müharibəsi nəticəsində doğma torpaqlarının təxminən üçdə iki hissəsini itirmələri də onların Avropa dəyərlərindən müəyyən dərəcədə üz çevirmələrində və özünəqayıdış hisslərinin qüvvətlənməsində mühüm rol oynadı.
“Türk milliyyətçiliyinin kökləri. Yusif Akçura” kitabının müəllifi, fransız türkoloqu Fransua Georgeon turançılığın bir fikir cərəyanı kimi ilk dəfə Macarıstanda meydana gəldiyini və buradan digər ölkələrə yayıldığını iddia edir. Fransız müəllifi özünün bu iddiasında haqlı sayılmalıdır. Həm də maraqlıdır ki, türk birliyi düşüncəsi ilə sıx bağlı olan, türk düşmənlərini daim qorxuya salan hər iki ideya cərəyanının - panturanizm və pantürkizmin yaradıcıları müasir Türkiyə hüdudlarından kənarda doğulmuşdular. Turançılıq düşüncəsi Macarıstanda meydana çıxdığı kimi, pantürkizmi də Anadoluya Azərbaycan türkləri və Qazan tatarları gətirmişdilər.

Soy-kökə və əcdadların ilkin vətəninə get-gedə artan maraq 1910-cu ildə Macarıstan Turan Cəmiyyətinin qurulması ilə nəticələndi.  Başlanğıc mərhələdə Cəmiyyətin əsas hədəfi etnoqrafiya, tarix və coğrafiya ilə bağlı araşdırmaların aparılması, habelə maarifçilik fəaliyyətinin genişləndirilməsi idi. Onun qurucuları arasında qraf Pal Teleki, Jenö Çolnoki, Gyula Pekar, Bela Vikar, Aladar Ban kimi tanınmış və böyük nüfuz sahibi olan insanlar vardı. Macarıstan Elmlər Akademiyasının üzvləri, şair və yazıçılar, hətta dövlət və hökumətdə yüksək vəzifə tutan şəxslər də Turan Cəmiyyətində təmsil olunmuşdular. Tarixçi-alim Şandor Markinin, populyar şair Arpad Zemplyenin macar turançıları sırasında yer almaları  Cəmiyyətin nüfuzunu və ona bəslənən inamı daha da artırmışdı.

Şübhəsiz, Macar Turan Cəmiyyətinin əsas siması alim, siyasətçi və dövlət xadimi qraf  Pal Teleki (1879-1941) idi. O, ilk növbədə görkəmli coğrafiyaşünas kimi tanınırdı. 31 yaşında Macarıstan EA-nın həqiqi üzvü seçilmişdi. 1920-1921 və 1939-1941-ci illərdə ölkənin baş naziri, habelə iki dəfə xarici işlər naziri olmuşdu. Antisemit mövqedə dayansa da, Hitler Macarıstanı dostluq və əməkdaşlıq müqaviləsi imzaladığı Yuqoslaviyaya qarşı hərbi əməliyyatlara sürükləyəndə bunu dövləti və milləti üçün şərəfsizlik sayaraq baş nazir ikən həyatına intiharla son qoymuşdu. Maraqlı bir detal: onun hökumətə rəhbərlik etdiyi dövrdə Macarıstan hərbi sənayesi “Turan” adlı yüngül döyüş tanklarının istehsalına başlamışdı!

Pal Telekinin nəzərində Turan çox geniş  anlayış idi. Eyni zamanda o, Turan məfhumunun türklüklə tarixi əlaqəsinə də xüsusi diqqət yetirirdi: “Bir coğrafi anlayış olaraq ortaya atılan Turan çox tez-tez Türklüklə bərabər tutulur - deyə alim “Turan” məcmuəsinin 1913-cü ildə çapdan çıxan ilk saylarından birində yazırdı. - Əslində bu yanaşma tərzi çox da haqsız sayılmamalıdır. Çünki bu gün bizim Turan adlandırdığımız bölgələr antik dövrlərdə həmin yerlərdə fərqli xalqların məskunlaşmasından, hətta bu gün də fərqli xalqların yaşamasından asılı olmayaraq gerçək mənada özünün ən parlaq dövrünü Türklüyün meydana çıxması ilə təsdiq etmişdir”.

Başqa bir macar turançısı - şair Arpad Zemplenyi “Turan birliyi” adlı məqaləsində məsələyə daha konkret şəkildə yanaşaraq yazırdı: “Türklərin ən qədim dövləti Turan sayıla bilər. Bu gün bu torpaqlar Türküstan, yəni Türk yurdu kimi tanınır”.

Təşkilatlanma mərhələsinin ardınca 1913-cü ildə Turan cəmiyyətinin eyni adlı jurnalı nəşr olunmağa başladı. Dövrün tanınmış ziyalılarını, fikir adamlarını ətrafında toplayan məcmuədə macar dili ilə bir sırada fransız, alman və türk dillərində də məqalələr verilirdi. Maddi və təşkilati xarakterli çətinliklər üzündən nəşrin dövriliyini ardıcıl təmin etmək mümkün olmamışdı. Lakin bununla belə İkinci Dünya savaşına qədər ilk turançı məcmuə mövcudluğunu qoruyub saxlamışdı.

“Turan” dərgisinin redaksiya heyətinə dövrün macar və Avropa elmi mühitində yaxşı tanınan  İqnati Qoltsier, Pal Teleki, Gyula Nemet, Zoltan Takaç, Gyula Pekar, Bela Erödi, Yenö Kovaç və b. alimlər, ictimai xadimlər daxil idilər.

Macar Turan Cəmiyyətinin sıralarının get-gedə genişlənməsi, yeni əlaqələrin yaranması nəticəsində 1916-cı ildə o, Macarıstan Şərq Mədəniyyəti Turan Cəmiyyəti adlandırılmışdı. Aradan dörd il keçəndən sonra isə ölkənin müxtəlif yerlərində təsis edilmiş analoji qurumları bir dam altında birləşdirmək zərurəti ortaya çıxmış, nəticədə Macarıstan Turan Federasiyası qurulmuşdu. Federasiyanın fəaliyyəti ölkə İkinci Dünya müharibəsinə qədər davam etmişdi.

Macarıstanda turançılıq ideyaları bu dövrdə daha çox özünün romantik inkişaf dövrünü yaşayırdı. Aparıcı Turan xalqları kimi macar, türk və bolqarların ortaq tarixi kökləri, gələcək birgə əməkdaşlığı ilə bağlı fikirlər daha tez-tez səslənirdi. Professor Gyula Pekar Şərq Mədəniyyət Mərkəzinin 16 noyabr 1916-cı il tarixli toplantısındakı “Turançı tədqiqatların əhəmiyyəti” adlı məruzəsində Turan birliyi ilə bağlı daha çox hisslərin təsiri altında yaranan idillik bir lövhə cızmışdı:

“Macar, Türk və Bolqar... Yəni biri-birinə yaxın olan bu üç xalq artıq yenə birlikdə addımlamaqdadır. Bir zamanlar Volqa boyundakı böyük Macarıstanda da birlikdə idik. O torpaqları da birlikdə fəth etdik. Orada birlikdə yaşadıq. Hətta bəlkə də eyni dildə danışdıq. Sonra birdən bu üç qardaş üç ayrı istiqamətə yol tutdular. Müqəddəs Turul quşunun qanadı altından birlikdə çıxdılar. Əcəba, görəsən ayrılarkən “Min il sonra görüşərik” - deyə bir-birlərinə vədə verdilərmi? Macar Atillanın mirasını axtarmağa başladı. Qarlı Karpat dağlarını aşdı, özünə yeni yerdə yurd saldı. Bolqar Qara dəniz sahillərindən Balkanlara üz tutdu. Qarşısına çıxan slavyanları məğlub etdi. Amma özü də yaralandı. Sonda dilini və dinini itirsə də, şəxsiyyətini itirmədi. Qəhrəman turanlı olaraq qaldı.  Üçüncü qardaş Türk idi. O da üzünü şərqə tutdu. Qafqazın qarlı zirvələrindən aşdı, Bizansı yendi. Məscid minarələrinə ay-ulduzunu vuraraq qələbəsini dünyaya yaydı. Amma bunlardan sonra bilgisizlikdən doğan bir mübarizə başladı. Bu üç qardaş biri-birlərini tanımadan, öyrənmədən necə savaşa girdilər? Aradan qan-qada ilə dolu min il keçdi. Dünya alt-üst oldu. Nəhayət gözlənilən möhtəşəm an gəlib çatdı. Qardaşlar bir-birlərini tanıdılar. İndi birlikdə olmağın sevincini yaşayırlar” .
Min ildən bəri Avropada yaşayan, digər Turan xalqları ilə müqayisədə daha böyük tərəqqi və inkişaf yolu keçən macarlar “birlikdə addımlanacaq yolda” özlərini şəksiz lider kimi görürdülər. Qraf Pal Telekinin “Turan uluslarının Qərb təmsilçiləri sayılan biz macarların üzərinə düşən tarixi vəzifə 600 milyonluq turanlının ideya və iqtisadi lideri olmaqdır” sözləri də bu inam və düşüncədən irəli gəlirdi.
Gyula Pekar da təxminən eyni düşüncəni paylaşaraq yazırdı:

“Turan irqinin təmsilçilərindən yalnız biz Macarlar tarixdən ibrət dərsi götürdük. Turanın qərbdəki son qalası kimi yaşadıq. Avropanın ortasında dirəniş göstərdik. Yad xalqlar arasında tək başına qalsaq da millətlər dənizində kimliyimizi itirmədik. O biri tərəfdən arxamızda, Asiya çöllərində Turan xalqları yüz illik yuxuya dalmışdılar.  Amma indi Türk və Bolqar qardaşlarımız artıq uyqudan oyanıblar və biz bu oyanan qardaşlarımızla birlikdə uzaqlarda hələ də özünə gəlməyən, özünü tapa bilməyən qardaşlarımızı oyandırmaq məcburiyyətindəyik. Onlar da oyanacaqlar. Əsla şübhəniz olmasın. Asiyanın dərinliklərində dolaşan səyyahlardan soruşun: bu xalqlar Macar ulusunu tanıyırlar və bizi Turan xalqlarının lideri kimi qəbul edirlər. Dünyadakı yüz milyonlarla turanlı artıq birlikdə olmağın, tale birliyini yaşamağın fərqindədirlər”.

Budapeştin Avropa standartlarına cavab verən universitetlərinə Osmanlı imperiyası və Bolqarıstandan çoxsaylı tələbələr cəlb edən macar turançıları  “birlikdə olmağa” bu yolla öz töhfələrini verirdilər. Tarik Dəmirqanın yazdığına görə 1916-1917-ci tədris ilində macar universitetlərində 186 türk gənci təhsil alırdı. 1921-ci ildə bu ölkənin ali məktəblərindən məzun olan türklərin sayı 200-ü keçmişdi. Sonrakı illərdə onların sırasından Türkiyəyə və türklüyə sədaqətlə xidmət edən tanınmış mütəxəssislər, elm və mədəniyyət xadimləri yetişmişdilər.

1921-ci ildən etibarən başqa bir turançı mətbu orqanın - “Körösi Çomo Arxivium” məcmuəsinin  nəşrinə başlanmışdı. Şandor Çomo Körösi (1784-1842) məşhur macar dilçisi və şərqşünas idi. Dövrünün poliqlot alimlərindən sayılır, macar dilinin mənşəyi ilə bağlı tədqiqat əsərlərinin müəllifi kimi tanınırdı. Bu məqsədlə, hətta Tibet dilini öyrənmiş, ilk Tibet qrammatikası və tibetcə-ingiliscə lüğət tərtib etmişdi. 1921-ci ildə Macarıstan EA nəzdində Şərq tədqiqatları üzrə ixtisaslaşan yeni elmi institut - Çomo Körösi Cəmiyyəti yaradılmışdı. Müasir Türkiyə türkologiyasının banilərindən biri, azərbaycanlı alim Əhməd Cəfəroğlu 1948-ci ildə bu Cəmiyyətin həqiqi üzvü seçilmişdi.
“Turan” kimi “Körösi Como Arxivium” məcmuəsi də macar dili ilə yanaşı  aparıcı Avropa dillərində məqalələr verirdi. 1930-cu illərdə məcmuə tədricən öz istiqamətini dəyişərək adını çəkdiyim Cəmiyyətin çap orqanına çevrilmişdi.

Sonda mühüm bir nöqtəyə də diqqət yetirmək lazımdır: İkinci Dünya savaşı ərəfəsində macar turançıları getdikcə daha artıq  dərəcədə faşizm və irqçilik mövqeyinə yaxınlaşırdılar. Bu da Avropada gedən mənəvi-siyasi proseslərlə bağlı idi. Əgər qonşu İtaliyada Mussolini faşizmi qədim Roma imperiyasının nüfuz və əzəmətini bərpa etmək fikrinə düşmüşdüsə, macarlar nə üçün ucsuz-bucaqsız Turanın möhtəşəmliyi haqqında danışmamalı idilər? Əgər Hitler ari irqinin üstünlüyündən dəm vururdusa və bunu dünya fatehliyi uğrunda təbliğatının ayrılmaz tərkib hissəsinə çevirirdisə, macarlar hansı səbəbdən Turan irqinin fəzilətləri barəsində söz açmamalı idilər? Oxşar vəziyyət 1930-cu il Türkiyəsində də müşahidə olunurdu. Bütün bunlar sonda yaxşı heç bir şeyə gətirib çıxarmadı. Romantik və birləşdirici ideya kimi meydana çıxan  turançılığın siyasiləşdirilməsi sonda bumeranqa çevrilərək onun özünə zərbə vurdu...

lll

Maraqlıdır ki, turançılıq ideyası Macarıstanla demək olar ki, eyni vaxtda Osmanlı imperiyasında və Azərbaycanda da yayılmağa başlamışdı. Macar Turan Cəmiyyətinin ardınca 1911-ci ildə İstanbulda Turan Nəşri-Maarif Cəmiyyəti, iki il sonra isə eyni məqsədlərə xidmət edən Türk Ocaqları yaradılmışdı. Hər iki cəmiyyətin qurulması və sonrakı fəaliyyətində Əli bəy Hüseynzadə və Əhməd Ağaoğlu kimi görkəmli şəxsiyyətlərin simasında Azərbaycan türklərinin mühüm payı vardı.
Vətən nə Türkiyədir türklərə,
nə Türküstan,
Vətən böyük və müəbbəd
bir ölkədir - Turan!
- deyə türklərə öz qədim vətənini nişan verən Ziya Göyalpın fikirləri XX əsrin əvvəlində turançılığı Osmanlı imperiyasında da milliyyətçi ruhlu ziyalıların, ilk növbədə isə yaradıcı gəncliyin böyük maraq duyduğu bir mövzuya çevirmişdi.

1912-ci ildə türk ədəbiyyatında ilk “turançı” əsər - sonralar milli-azadlıq hərəkatının fəal nümayəndələrindən biri kimi məşhurlaşan Xalidə Ədib Adıvarın “Yeni Turan” romanı meydana çıxmışdı. “Yeni Turan” utopik əsər idi. Qəhrəmanlarından birinin dili ilə “Yeni Turan, güzel ölkəm, Söyle sene yol nerede?” - deyə axtarışlarının hədəf və istiqamətini nişan verən müəllif öz milli kimliklərini yenidən tapmış türklərin təxminən iyirmi il sonrakı həyatını, onların mənəvi və mədəni birlik uğrunda mübarizələrini göz önündə canlandırmağa çalışmışdı.

Aradan altı il keçəndən sonra Türkiyədə ikinci “turançı” roman işıq üzü görmüşdü. “Aydəmir” adlanan bu əsərin müəllifi yenə də qadın yazıçı - Müfidə Fərid Tək idi. Kitabda rus əsarəti altındakı Şərqi Türküstanın siyasi və sosial problemləri həyatlarını türkçülük və turançılıq idealının təntənəsi uğrunda fəda etməyə hazır olan Aydəmir və Həzin adlı iki gəncin məhəbbəti fonunda təsvir olunmuşdu.

“Yeni Turan” və “Aydəmir” romanları tək Türkiyədə deyil, Azərbaycanda da türk gəncliyinin fikri inkişafına, türkçülük və vətənpərvərlik duyğularının oyanmasına, türk birliyi ideyasının  geniş ölçüdə yayılmasına təkan vermişdi. XX əsr türk tarix elminin mötəbər simalarından biri kimi tanınan Şövkət Sürəyya Aydəmir məhz Fəridə Təkin romanın təsiri altında özünə Aydəmir təxəllüsü götürmüşdü. Həm də sadəcə bununla kifayətlənməmişdi. Həyatda da romanın qəhrəmanı kimi hərəkət etmiş,  rus əsarətinə qarşı çarpışan türk elinə - Azərbaycana gələrək xalqımızın istiqlal savaşında və mədəni tərəqqi uğrunda mübarizəsinə qoşulmuşdu.
Həyatının Azərbaycan dövrünü təsvir etdiyi “Suyu arayan adam” kitabında müəllif burada həm də türkçülük və turançılıq təbliğatı aparmasından söz açaraq yazırdı: “Biz hamımız türkük və qardaşıq, - deyirdim. - Məmləkətimiz isə birdir. Adı Turandır. Biz hamımız turanlıyıq. Turanın sərhədləri çox genişdir. Sarı dənizdən, Çin ölkəsindən Dunaya qədər uzanıb gedir. Bu önümüzdən axan Araz başlanğıcı və sonu ölkəmizdə olan bir irmaqdır. Xəzər Turanın daxili bir dənizidir. Qara dəniz, Mərmərə, şərqdə Aral gölü, Baykal gölü, xülasə, şərqdə və qərbdə uzanan ovalıqlar, yaylalar, dağlar hamısı bizimdir. Bu torpaqlar biri-birinin ardınca xilas olacaqdır. Xilas olan torpaqlarda türk dövlətləri qurulacaqdır. Sonra onlar hamısı birləşəcəklər...”

XX əsrin əvvəllərindəki Azərbaycan ədəbiyyatında da Turan anlayışına sıx-sıx təsadüf edilir. İstər romantik poeziyada, istərsə də satirik şeirdə Turan bütün türklərin ortaq, müştərək vətəni kimi təqdim edilir. Hətta müəyyən mənada “turanlı” məfhumu “türk”  anlayışı ilə müqayisədə daha geniş və ümumiləşdirici xarakter daşıyır.

Böyük Mirzə Ələkbər Sabir özünün proqram mahiyyətli “Fəxriyyə” şeirində türk dünyasının keçdiyi mürəkkəb və sarsıntılı yoldan, türk insanlarının üzləşdikləri böyük ziddiyyətlərdən, türk əsilli hökmdarların yabançı qüvvələrin təsiri ilə bir-birlərinə qənim kəsilmələrindən danışarkən məhz “Turanlılarız, adiyi-şüğli-sələfiz biz, Öz qövmümüzün başına əngəlkələfiz biz!” - deyirdi. Göründüyü kimi, turanlılıq onun nəzərində türklük və müsəlmanlıqdan daha ümumiləşdirici bir anlayış idi. Türk birliyi ideyasının atəşin pərəstişkarı Hüseyn Cavid isə eyni düşüncəni bir qədər fərqli şəkildə - romantik coşqunluqla ifadə edərək yazırdı: “Şimdi Turana qılıncdan daha kəskin qüvvət, İştə mədəniyyətdir, mədəniyyətdir, mədəniyyət !”

Təxminən oxşar hisslərə macar turançısı Arpad Zempleni “Şərqə sarı dön, macar!” adlı şeirində də təsadüf edilir. Turanı “dünyanı nizama salan və bəzən də dağıdan” bir qüvvə kimi səciyyələndirən şair soydaşlarını öz əski vətənlərinə sahib çıxmağa çağıraraq yazırdı: “Şərqə dön, macar, Şərqə dön! Öz böyük və şərəfli əcdadlarını yalnız orada tapa bilərsən! Qərbdən üzünü çevir. Orada bizi adam yerinə qoymayaraq istismar edirlər. Səkkiz əsrdən bəri Qərbin bütünlüyünü qorumaq üçün tökülən qanlarımızın müqabilində mükafatımız bəyənməzlik və həqarət oldu. Bizi ürəyimizdən keçən həqiqəti deməyə qoymadılar. Roma, almanlar və slavyanlar bu gün pulları ilə, sabah isə qılıncları ilə amansızcasına həyatımıza son qoyacaqlar. Qəhrəman millətim, dostunu Şərqdəki qardaşlarının arasında axtar!” (sətri tərcümə Tarik Dəmirkan - V.Q.)

Şairin “Quru dəyirman” adlandırdığı başqa bir əsərində isə İkinci Dünya savaşı ərəfəsində macar cəmiyyətinə hakim kəsilən bədbin əhval-ruhiyyə yenə də əfsanəvi vətən Turanla əlaqəli şəkildə göz önündə canlandırılırdı:

“Zaman bizə ibrət verir, iz buraxmadan qeyb oluruq.
Turan! Turan!
Saxta bir nəşə ilə yaşayırıq,
amma ümidsizlik içərisindəyik,
Turan! Turan!
Əvvəl-axır qapımızı döyən bəd
xəbərlərə kədərlənirik,
Turan! Turan !”

Türkçülük və turançılıq hərəkatının ideoloqlarından sayılan azərbaycanlı fikir adamı Əli bəy Hüseynzadənin macar-türk genetik və tarixi əlaqələrinin ilk tədqiqatçılarından Armin Vamberiyə ithafla yazılan
Sizlərsiniz ey qövmi-Macar bizlərə ixvan,
Əcdadımızın müştərəkən mənşəyi Turan
Birdir yolumuz ermək üçün nur ilə həqqə
Mümkünmü ayırsın bizi İncil ilə Quran?
şeiri də Azərbaycan turançılarının öz macar həmfikirləri ilə qiyabi dialoqunun parlaq nümunələrindən biridir. Diqqətəlayiq haldır ki, bu kiçik şeir parçası ilk dəfə Budapeştdə, “Turan illiyi” məcmuəsinin 1917-ci il buraxılışında dərc edilmişdi. Macar turançılarının diqqətini çəkən dördlük məcmuənin həmin sayında tanınmış etnoqraf, şərqşünas və türkoloq, 1926-cı ildə Ə.Hüseynzadə ilə birlikdə Bakıda keçirilən I Türkoloji qurultayın iştirakçısı olmuş professor Gyula Mesaroşun (1883-1957) tərcüməsində  macar dilində də verilmişdi. Bu faktdan çıxış edərək həm də Əli bəy Hüseynzadənin əsəri orijinaldan macar dilinə çevrilən ilk azərbaycanlı müəllif olduğunu söyləmək mümkündür.
Təxminən 150 illik tarixə malik macar turançılığı müasir dövrdə öz mövqelərini bərpa etmək, ötən əsrin əvvəllərində olduğu kimi yenidən macar xalqı arasında populyarlıq qazanmaq uğrunda mübarizə aparır. Artıq bu istiqamətdə müəyyən uğurların əldə edildiyini söyləmək mümkündür.

Avqust, 2012-ci il
Budapeşt


 

 





03.09.2012    çap et  çap et