525.Az

Yaşıl işıq (İntiqam Qasımzadə-70)


 

Yaşıl işıq<b style="color:red"> (İntiqam Qasımzadə-70)</b>

Tənqidçi-publisist-tərcüməçi, kino xadimi,  “Azərbaycan” jurnalının baş redaktoru İntiqam Qasımzadə 70 yaşına gəlib çatdı.  

Düz iyirmi il bundan qabaq, 1993-cü ilin avqust ayında “Azərbaycan” jurnalında baş redaktorumuz İntiqam Qasımzadənin 50 yaşı münasibətilə bir yazı çap etdirmişdim. Adı belə idi: “Mən bu curnaldan gedə bilmirəm”.

Doğrudan da çox səmimi etiraf idi və indi yaşının yetmişində də İntiqama o sualı versən, fikrimcə, yenə eyni cavabı verəcək. Artıq qırx ilə yaxındır İntiqam Qasımzadə bu jurnalda işləyir və mənim üçün fərəh doğuran budur ki, o, baş redaktor pilləsinə hansı “dayı”nınsa köməyilə qaldırılmayıb. O,əvvəlcə, lap başlanğıcda ədəbi işçi, sonra şöbə müdiri, sonra məsul katib, sonra redaktor müavini pillələrini keçərək baş redaktor təsdiq edilib.Deməli, onun tərcümeyi-halının böyük və ən önəmli bir hissəsini “Azərbaycan” jurnalındakı fəaliyyəti təşkil edir.

Əlli yaşına görə yazdığım yazı belə başlanırdı: “İntiqam Qasımzadənin 50 yaşı tamam olur”-bu xəbəri İsa İsmayılzadə çatdırdı mənə. Doğrusu, inanmaq istəmədim. “Ey gidi dünya”-dedim.”

Ən əvvəl Allah rəhmət eləsin İsa İsmayılzadəni.

İkincisi, İntiqam Qasımzadənin 70 yaşı tamam olur və mən buna inanıram. Çünki İntiqam müəllimin əlli yaşdan bu yana  qocaldığını, necə deyərlər, zərrə-zərrə, qram-qram hiss eləmişəm və ondan beş yaş kiçik  olan bəndənizin-Vaqif Yusiflinin də siz necə yaşa dolduğunu, qocaldığını görürsünüz.

Əlbəttə, dünya fanidir, hamı yaşa dolur, qocalır və Seyid Əzim demişkən: “Dünyaya gəlmək getmək üçündür, bu nə qəmdir”. Hamımız böyük səfər yolunun üstündəyik.

Heç bilmirəm, bu qocalıq söhbəti niyə ortaya düşdü? Məşədi İbad demişkən: “Heç hənanın yeridir?”

İntiqam Qasımzadə 70-i haqladı və heç kimə xəbər eləmədən keçdi səkkizinci onilliyin ilk günlərinə.

Mən indi əziz dostum, düz 34 il bir yerdə işlədiyim (ondan əvvəl də tanışlığımız vardı) İntiqam Qasımzadə haqqında bir neçə sanballı söz deməliyəm.

Hər şeydən əvvəl, İntiqam köklü bir nəslin nümayəndəsidir və bu nəslin hal-hazırda ən gözəl xüsusiyyətlərini o öz varlığında, əməllərində yaşadır, iki qızına, hələlik bir nəvəsinə ötürür. Atası Böyükağa Qasımzadə (1916-1957) öz dövründə tanınmış şair olub, həm də gözəl tərcüməçi. M.F.Axundzadənin “Puşkinin ölümünə Şərq poeması”nın ən mahir tərcüməçisi o olub  (bu poemanın tərcüməsinə görə 1937-ci ildə keçirilən müsabiqədə qələbə qazanıb), Füzulinin “Yeddi cam” kimi son dərəcə çətin və mürəkkəb bir poemasını da dilimizə Böyükağa Qasımzadə çevirib və bu gözəl tərcümənin hələlik heç bir alternativi yoxdur. B.Qasımzadə İkinci Dünya Müharibəsində iştirak edib və böyük igidliklər göstərib. Mircəfər Bağırov da onu bir döyüşçü kimi çox gözəl tanıyırdı.

İntiqamın bir Həsən əmisi də vardı və mən EA-nın Nizami adına Ədəbiyyat İnstitutunda aspirant olanda onunla tanış olmuşdum. Tanınmış folklorçu idi və onun tərtib etdiyi “Bayatılar” kitabı indi də öz sanbalını itirməyib. O da müharibə iştirakçısı idi. Digər əmiləri də abırlı, mədəni və ziyalı insanlar idi.

Allah rəhmət eləsin Sona xanıma. İntiqamın anası, şuşalı qızı, şəninə, gözəlliyinə Böyükağa Qasımzadənin şeirlər həsr elədiyi incə ruhlu, mələk misallı, xeyirxah bir ana...

Allah rəhmət eləsin Daşqın Qasımzadəyə, təxminən yeddi-səkkiz il öncə dünyasını dəyişən qardaşına. Gözəl insan idi. Və İntiqamın bacısı Lalə xanıma. Onlar dünyalarını niyə belə tez dəyişdilər, niyə İntiqamı tək qoydular? İnsan da ömrünün böyük bir hissəsini yetim qalar?

“Atam 41 yaşında, 57-ci ilin avqustun axırlarında qəflətən vəfat etdi. O zaman on dörd yaşım təzəcə tamam olmuşdu; axı, mən avqustda doğulmuşam. Tez-tez mənə. Qardaşım Daşqına sual verirlər ki, sizlərdən hansınız o kişiyə oxşayır? Cavabında deyirəm ki, heç birimiz! O, çox ciddi, ağır təbiətli adam idi, danışığında, rəftarında bir qırıq artıq-əskikliyə yol verməzdi. Amma bununla bərabər, çox incə, zərif yumoru vardı. Həm də gözəl səsi vardı”- bunu da İntiqam söyləyir.

Amma İntiqam müəllim heç də yetim deyil və mən onu xoşbəxt dostlar əhatəsində sevilən bir insan hesab edirəm. Bu adamda insanları özünə cəlb edən bir İŞIQ var. Təbii ki, İntiqam Qasımzadəni sevməyən adamlar da var, amma bu adamların sayı çox azdı. İntiqamdakı İŞIQ deyərdim ki, ona atasından  keçib. Süleyman Rüstəmin, İsmayıl Şıxlının, Mirmehdi Seyidzadənin xatirələrindən oxumuşam və bir də Əzizə xanım Uəfərzadə deyərdi ki, Böyükağa Qasımzadə olduqca istiqanlı bir insan idi. O, “Azərbaycan” jurnalında poeziya şöbəsinin müdiri idi və redaksiyaya şeir gətirən neçə cavan şairin ilk şeirlərinin çap olunmasında qayğısını əsirgəməyib (bunu da mənə Nəriman Həsənzadə, İlyas Tapdıq söyləyiblər). Elə o keçəri İŞIQdır ki, İntiqam Qasımzadə də baş redaktor olduğu “Azərbaycan” jurnalında istedadlı cavanlardan köməyini, qayğısını əsirgəmir. Onlara Yaşıl İşıq yandırır.

İntiqam xoşbəxtdir. Ona görə ki, böyük, sanballı bir ədəbi məcmuənin baş redaktorudur. Düz on altı ildir. Ruhulla Axundov, Mustafa Quliyev, Məmmədkazım Ələkbərli, Məmməd Arif, Mehdi Hüseyn, Əbülhəsən, Qılman İlkin, Yusif Səmədoğlu, İsmayıl Şıxlı, Cabir Novruz kimi görkəmli ədiblər bu jurnalda baş redaktor olublar və indi estafet İntiqam Qasımzadədir.

“Azərbaycan” jurnalı sözün həqiqi mənasında Azərbaycan ədəbiyyatının güzgüsüdür və kim buna şəkk eləyirsə, curnalın 90 il ərzində çap olunan nüsxələrini qoysun qabağına. Bu, elə bir jurnaldır ki, onun ədəbiyyatımız üçün gördüyü işləri Azərbaycanda heç bir elmi institut, alimlər qrupu, heç bir digər qəzet və jurnal görməyib. Doxsanıncı illəri xatırlayıram: əksər qəzetlər, jurnallar bağlandı, süqut elədi, amma “Azərbaycan” curnalı qapanmadı, çətin maliyyə böhranına tuş gəlsə də, fəaliyyətini dayandırmadı. Sağ olsun Anar müəllimi. O zaman əlində nə imkan vardısa, əsirgəmədi jurnaldan.

Amma bir gileyimi də gizlətməyəcəyəm. Bu ilin yanvar ayında jurnalın 90 illiyi tamam oldu. Çox təəssüf ki, bir kimsənin və kimsələrin yadına düşmədi bu yubiley...

İntiqam Qasımzadə “Azərbaycan” curnalının yaşarı ənənələrini davam etdirir. Jurnalda bütün ədəbi nəsillərin nümayəndələri çap olunur və həmçinin müxtəlif ədəbi meyllər, tendensiyalar da öz əksini tapır. Bəzi ağzıgöyçəklər orda-burda, müxtəlif mətbuat orqanlarında, internetdə deyirlər və yazırlar  ki, “Azərbaycan” jurnalı mühafizəkar qaragüruhun əlindədir və bu jurnalda zəif əsərlər çap olunur. Təbii ki, bu da bir iftiradır və yenə heç nə demirəm. Götürün jurnalın heç olmasa son bir –iki ildə nəşr olunan nömrələrini. Azərbaycan nəsrində, poeziyasında, dramaturgiyasında nələr baş verir, hansı əsərlər yaranır...baxın, qiymət verin. Və bütün bunların yükünü çəkənlərin qabaq cərgəsində hər gün saat 10-dan axşam 5-ə kimi gözlərini əlyazmalardan, kompüter səhifələrindən ayırmayan İntiqam Qasımzadə durur.

İntiqam xoşbəxt bir insandır. Bir də ona görə ki, bu adam keçmişinə boylanıb xəcalət hissi keçirmir və əgər keçmişdən, ömrün ötən illərindən söhbət düşərsə, qürur hissi ilə xatırlamağa çox hadisələr, dostlar, uğurlar var.

Tələbəlik illəri. ADU-nun filologiya fakültəsi. Ən yaxın dostları Elçin Əfəndiyev və Aydın Məmmədov idi. Seçilən və sevilən tələbələrdən olub İntiqam Qasımzadə.

Aspirantura dövrü. Nizami adına Ədəbiyyat İnstitutu. Doğrudur, o, aspiranturanı bitirdi, amma elm ardınca getmədi, bununla bahəm, ədəbi mühitdən də uzaqlaşmadı. Altmışıncı illərin sonlarında, yetmişinci illərin əvvəllərində ilk tənqidi məqalələrini çap etdirdi.Qətiyyətli, cəsarətli, həm də obyektiv bir tənqidçi idi o zamanlar. İsi Məlikzadənin, Elçinin, Anarın o zamanlar mübahisə doğuran əsərləri barədə ən sərrast yazıları İntiqam Qasımzadə qələmə alırdı.

Kinostudiya illəri (1969-1974).  Azərbaycan kinosunun bir çox inciləri tez-tez bizim telekanallarda göstərilir və böyük məmnuniyyətlə o filmlərdə “redaktor İntiqam Qasımzadə” sözlərini oxuyuruq. Onun sənət tərcümeyi-halında Kino mühüm yer tutur və bir çox sənədli filmlərin ssenari müəllifi kimi fəaliyyəti də ürəkaçandır.

Bəs ömrün “Bayatı”lı  illəri? İndi Amerikada yaşayan Aleksandr Qriçlə bir zamanlar (çox yaşadı o veriliş) Azərbaycan televiziyasında apardığı verilişlər çoxlarının xatirindədir. Ədəbiyyatın salnaməsiydi o verilişlər.

İntiqam Qasımzadənin –bu hissiyyatlı, üzündən təbəssüm, insanlara sevgi əskik olmayan insanın şeir yazması da təəccüblü deyil. Təəccüblü odur ki, İntiqam bu şeirləri heç yerdə çap elətdirmədi. Yalnız 60 yaşı olanda, “Azərbaycan” jurnalında bir neçəsi işıq üzü gördü. O şeirlərə bütöv halda, bir kitab şəklində Yaşıl İşıq yandırmağın vaxtı çatıb, ay İntiqam,..İstəyirəm onun bir şeirini  (1967-ci ildə yazılmış) sizlərə təqdim edəm və görərsiniz ki, İntiqam Qasımzadə o zaman gələcəyin necə gözəl bir şairini qətlə yetirdi.

 

Səhərə yağış yağır,
Qəlbimə kədər
Pəncərəmdən baxıram gecəyə
Gecə yağış altında
islanıbdır-
–cırhacır-
alt köynəyinə qədər.
Gecə yağışa bulaşıb
Yağış qaralıb gecədə
qara sel kimi axır.
Pəncərəmin arxasında dayanıb
islanıram gecədə.
Yumuram gözlərimi
bəlkə quruyam.
Nə edim ki,
göz yummaqla qurumur adam.
Qurumuram.
İslanıram daha artıq.
Yağış navalçalarla içimə axır.
Öz ağır ritminin sonsuz təkrarıyla.
içim islanır
bu gecə yağışının
Navalçalarda çaldığ
“Şüştər” muğamıyla.

   

İntiqam Qasımzadə də mənim kimi qəzəl və Füzuli xəstəsidir. Çox vaxt işdə, yorğunluğumuzu dəf etmək üçün oturub “qəzəlləşirik”. Və onun Füzulidən ən çox sevdiyi bir qəzəldən üç  beytlə  də bu yazıya xitam vermək istəyirəm. O qəzəl məhəbbət haqqındadır. YAŞIL  İŞIQ  süzülür o qəzəldən:

Qəd ənarəl-eşqə-lil-üşşaqi
minhacəl hüda,
Saliki-rahi-həqiqət eşqə eylər iqtida.
   
Eşqdir ol nəşeyi-kamil kimi,
ondandır müdam
Meydə təşviri-hərarət,
neydə təsiri səda.

Ey Füzuli, intihasız
zövq buldun eşqdən:
Böylədir hər iş ki,
həqq adilə qılsan ibtida.

 





19.08.2013    çap et  çap et