Bu gün Türkiyənin Azərbaycandakı səfirliyində şanlı Çanaqqala savaşının 100 illiyi münasibətilə keçirilmiş ədəbi müsabiqənin qalibləri mükafatlandırılıb.
Müsabiqə Türkiyənin Azərbaycandakı səfirliyinin Kültür və Tanıtma Müşavirliyi və Azərbaycan Yazıçılar Birliyi (AYB) tərəfindən birgə təşkil olunub.
Türkiyə səfirliyinin mədəniyyət müşaviri Seyid Əhməd Arslan bildirib ki, müsabiqəyə yazı qəbulu bu il martın 2-dən aprelin 14-dək aparılıb:
“Şeir, hekayə və məqalələr şərti imza ilə çap halında, beş nüsxə olmaqla müsabiqəyə təqdim olunub. Biz müsabiqədə qalib olan iştirakçıların may ayında Çanaqqalaya səyahət turunu təşkil edəcəyik”.S. A. Arslan müsabiqəyə təqdim olunana əsərlərin bəzilərinin onu dərindən təsirləndirdiyini vurğulayıb.
Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşqun bu müsabiqənin iki xalqın arasındakı əlaqələrə bir töhfə olduğunu bildirib:
“Bu yazı müsabiqəsi çox əhəmiyyətlidir. Çanaqqala savaşının 100 illiyi münasibətilə keçirilən bu yazı müsabiqəsinə çox dəyərli şeir və hekayələr göndərilib. Qalibləri təbrik edirəm”.
Mərasimdə AYB-nin sədri, Xalq yazıçısı Anar çıxış edərək 1915-ci il hadisələri ilə bağlı fikirlərini bölüşüb. AYB sədri şanlı Çanaqqala savaşının 100 illiyi münasibətilə ədəbi müsabiqə təşkil olunmasından məmnunluğunu ifadə edib:
«Bu müsabiqəini təşkili həm də ona görə əhəmiyyətli və vacibdir ki, gələcək nəsil bu müsabiqədə qalib gələn əsərlərə vasitəsilə bir daha şanlı Çanaqqala tarixi ilə yaxından tanış ola biləcəklər».
Müsabiqədə hekayə nominasiyasında Sevinc Mürvətqızının «Yüz il oxunan türkü» hekayəsi, şeir nominasiyasında Sevinc Nuruqızının «Çanaqqala keçilməz» poeması və məqalə nominasiyasında Namiq Əhmədovun «Türkün böyük zəfəri, Çanaqqalada nələr gördüm» yazısı 1-ci yerə layiq görülüb.
Şeir, hekayə və məqalə nominasiyalarında, müvafiq olaraq, Yusif Nəğməkarın «Çanaqqala zəfərimiz» poeması, Akif Əhmədgilin «Çanaqqala bağışla, mən Şuşadan gəlmişəm» şeiri, Firudin Qurbanovun «Xalı üzərindəki tüfəng», Leyla Kərimovanın «Sevgidən üstün zəfər» hekayələri və Firuzə Nadirin «Türkün qürur tarixi» və Elçin Əhmədovun «Möhtəşəm Çanaqqala döyüşü» yazıları 2-ci və 3-cü yerləri tutub.
Tədbirdə azərbaycanlı bəstəkar Sevinc Tofiqqızının Çanaqqala savaşına həsr elədiyi klipi nümayiş olunub.
S.ABDULLAYEVA