Şair, dramaturq, ədib Ramizin
"Əməkdar mühəndis" adı mübarək!
Xoşbəxt ziyalıdır dostumuz bizim
Vətəndaş qeyrəti, andı mübarək!
Adət-ənənələr ocağındayıq,
Bakının füsunkar "Xan bağı"ndayıq;
İlin təravətli yaz çağındayıq,
Novruz tonqalımız yandı, mübarək!
Onun "Sevgi dolu gecələr"i var,
Könül dünyasının inciləri var;
Sənət butaları, qönçələri var,
Köksünün məhəbbət odu mübarək!
Duyğu dənizində canlı adadır,
Səsi məmləkətlər gəzən sədadır.
Nəğməsi ərməğan, ruhi qidadır,
Sözünün ləzzəti, dadı mübarək!
Dərdiyi gül-çiçək ətirli, incə,
Hər təzə misrası - ürəyimizcə!
Qardaş Türkiyədən, İrandan neçə
Doğmalar zəng edib dedi: "Mübarək!"
Sevir mahalını, sevir elini,
"Bahar yağışı"nı, bahar yelini.
Altı onilliyin sıxıb əlini,
Yaşının müdriklik həddi mübarək!
Qədrini bilənlər ölkədə artır,
Əmələ çevrilən söz, vədə artır;
Qələm məhsulları get-gedə artır,
Yeni əsərinin ardı mübarək,
"Əməkdar mühəndis" adı mübarək!