https://525.az/img/pics/medium/2024-04/311281_jxbis1b4yu.jpg Azərbaycanın təhsil sistemi milli təhlükəsizlik kontekstində
https://525.az/img/pics/medium/2022-10/243033_wv3aoim4y6.jpg Minnətdarlıq duyğusu - Qəzənfər Paşayev yazı
https://525.az/../img/pics/medium/183694_o0qrzhrfjf.jpg Bu dünyada biz də varıq - Fidan Malik yazır
https://525.az/img/pics/medium/2024-04/311242_odoc9t9k42.jpg “525-ci qəzet”in 25 aprel sayında nələr var? - ANONS
search
25 Aprel 2024

Uşaq və gənclərin fiziki və mənəvi inkişafı

Hər bir dövlətin, cəmiyyətin gələcəyini indiki uşaqlar və gənclər müəyyən edir. Bu mənada gənc nəslin düzgün tərbiyəsi, fiziki və mənəvi inkişafı, savadlı vətəndaş kimi böyüməsi və digər vacib amillər onların gələcəkdə cəmiyyətə inteqrasiyasında önəmli rol oynayır. Müstəqillik qazandığı ilk gündən dövlətimiz bu sahəyə xüsusi diqqət və qayğı göstərir. Son illər bu diqqət və qayğı daha da artıb. Yeni məktəblərin tikintisi və təmiri, idman infrastrukturunun yenilənməsi, stadionların və olimpiya komplekslərinin inşası və s. buna sübutdur.

Əlbəttə hər bir uşağın və gəncin gələcəkdə layiqli vətəndaş kimi yetişməsində onun mənəvi və fiziki tərbiyəsi ilə yanaşı təhsil də önəmli yer tutur. Digər tərəfdən bunlar bir-biri ilə mütləq uzlaşmalıdır.

Psixoloji, mənəvi və fiziki cəhətdən hər bir uşağın sağlam böyüməsi birinci ailədən başlayır. Valideynin övladına düzgün tərbiyə verməsi, onun sağlamlığının qeydinə qalması, düzgün yönləndirməsi vacib amillərdəndir. Bu mənada ilk növbədə hər bir valideyn məsuliyəti dərk etməlidir. Təbii ki, hər bir uşaq ilk növbədə ata-anasını ən ideal insan sayır. Əgər valideynlərdə fiziki qüsurlardan başqa hansısa çatışmazlıq olarsa, bu, uşağın psixologiyasına təsirsiz ötüşməyəcək. Daha sonra təhsil aldığı müəssisə və idmanla məşğul olduğu cəmiyyət və ya klub gənc nəslin düzgün istiqamətləndirilməsində mühüm rol oynayır.

Valideynlərlə olduğu kimi müəllimlər də uşaq və gənclərin düzgün tərbiyə almalarına, gələcəkdə cəmiyyətə sağlam düşüncəli vətəndaş kimi inteqrasiya olunmalarına, onların şəxsiyyətlərinin formalaşmasına, milli ruhda böyümələrinə, təhsilə məsuliyyətlə yanaşmalarına birbaşa cavabdehlik daşımalıdırlar.

Sevindirici haldır ki, son illər sadalananlarla bağlı bir çox irəliləyişlər müşahidə olunur. Təhsil sistemində aparılan uğurlu islahatlar, ölkəmizdə olimpiya hərəkatının geniş vüsət alması bunu deməyə əsas verir.

Uşaq və gənclərin düzgün tərbiyə olunmasında, onların mənəvi, psixoloji cəhətdən düzgün istiqamətləndirilməsində və digər məsələlərlə bağlı daha hansı işlərin görülməsi vacibdir?

Uşağın cəmiyyətlə ilk tanışlığı onun məktəbə qədəm qoymasından başlayır. Bununla hər bir uşaq ailədə aldığı tərbiyəni cəmiyyətə daxil edir. Bu zaman cəmiyyətlə uşağın - şəxsiyyətin xarakteri arasında toqquşma baş verir. Məktəb bunu necə tarazlamalı, şagirdlə cəmiyyətin mənəviyyatı arasında necə körpü yaratmalıdır? Əlbəttə, bu, ağır və uzun vaxt tələb edən,  özü də şagirdin cəmiyyətə tədricən uyğunlaşması əsas götürülən bir prosesdir. Bu prosesdə təhsil ocaqlarının rolu danılmazdır. Məktəbin pedaqoji kollektivi hər bir şagirdin ailədə formalaşan xarakterini öyrənməli, cəmiyyət üçün qəbul olunmayan xüsusiyyətləri islah etməyə, ona gələcəkdə vətəndaş kimi yetişməkdə lazım olanları aşılamalıdır.

Uşaq 6 yaşında məktəbə qədəm qoyur. İlk gündən o aid olduğu kollektivlə birgə yaşamağı, fəaliyyət göstərməyi, düşünməyi bacarmalıdır. Bu zaman uşağın ailə daxilində aldığı tərbiyədə bəzi dəyişikliklərin aparılması mütləqdir. Ailədə əzizlənən, daim diqqət görən uşaq məktəbdə, başqa sözlə cəmiyyətdə müxtəlif ailələrdən olan uşaqlarla, yəni, müxtəlif xarakterli şəxsiyyətlərlə ünsiyyətdə olur və bu zaman həmin uşaq psixoloji problemlər yaşaya bilər. Bu durumdan necə xilas olmalı? Adətən 1-ci sinifə gedən uşaq ilk dərs günlərində ağlayır, valideyninin ondan ayrılmasının istəmir. Təbii ki, vaxt keçdikcə şagird bu cür xüsusiyyətlərdən azad olunmalıdır. Çünki belə uşaqlar cəmiyyəti qəbul etmirlər. Onların fərdiliyini ümumiliyə çevirməkdə, cəmiyyətə inteqrasiyasında məktəbin rolu danılmazdır. Bu zaman müəllimin pedaqoji ustalığı öz sözünü deyir. Pedaqoq ilk gündən şagirdə yoldaşları ilə mehriban davranmaq, ünsiyyətdə olmaq, başa düşmək, anlaşmaq kimi vərdişləri aşılamalıdır.

Şagirdin mənəvi tərbiyəsinin bir hissəsini təşkil edən humanist xüsusiyyətlərin ilk "toxumları" da məktəbdə "səpilir". İlk gündən yoldaşlarını qəbul etməyən şagird gələcəkdə cəmiyyətdəki insanları da qəbul etməyə bilər. Ona görə də hər bir pedaqoqun qarşısında duran əsas vəzifələrdən biri də şagirdlərə kollektiv fəaliyyətə, cəmiyyətin bir parçası olmağa hazırlamalarıdır.

Ərəstun Məcidov adına 220 saylı məktəb-liseyin direktoru, əməkdar müəllim Almaz Əsgərovanın fikrincə, uşaqlar məktəbə qədəm qoyanda təhsillə yanaşı insanın insanla anlaşması da əsas götürülməlidir. Şagirdin mənəvi tərbiyə almasında birinci yerdə humanist xarakterlərin aşılanması olmalıdır: "Məktəbə müxtəlif ailələrdə tərbiyə almış müxtəlif xarakterli uşaqlar gəlir. Onların hər birinin cəmiyyətlə tanışlığı fərqli olur və bu fərqli xasiyyətlərə malik şəxsiyyətlərin bir kollektiv kimi cəm edərək "sinif dünyası"nı yaratmaq hər bir pedaqoq üçün çətinlik törədir. Uşağın humanist tərbiyəsi ilə yanaşı, onun elm öyrənmək mədəniyyəti, təhsilə münasibəti formalaşdırılmalıdır. Bu zaman uşağa təzyiq göstərmək, onu nəyəsə məcbur eləmək qətiyyən olmaz. Uşaq düşünərək, dərk edərək elm öyrənməli, oxumaqdan bezməməlidir".

Əlifba dərsindən başlamış, yoldaşları ilə münasibətdə olmağı öyrənənə qədər hər bir uşaq müəyyən mərhələdən keçməlidir. Bu zaman müəllim şagirdin bu cür davranışına anlayışla yanaşmalı, onun üstünə qışqırmamalı, təzyiq göstərməməli, qorxutmamalıdır. Əks təqdirdə uşağın cəmiyyətlə ilk tanışlığı onun özünü tək hiss etməsinə, aid olduğu kollektivə yadlaşmasına, müəllimə qarşı nifrət hissinin oyanmasına və s. gətirib çıxara bilər. Bu isə onun xarakterində mənfi çalarların yaranması ilə nəticələnəcək. Şagird özünə  qarşı diqqət, mehribançılıq gördükdə başqalarına qarşı da eyni münasibət göstərməyə çalışacaq. Ona görə də hər bir pedaqoq uşaqlarla kollektiv yanaşma ilə yanaşı fərdi ünsiyyətdə də olmalı, onların özlərini tənha hiss etmələrinə imkan verməməli, çətinlikləri aradan qaldırmalarına kömək etməlidir. Bununla da uşaqların mənəvi dünyasının, xarakterlərinin formalaşmasına öz tövhəsini verməlidir.

Uşaq hər gün, hər saat böyüyür. Böyüdükcə də onun ətrafdan mühitdən götürdükləri çoxalır. Çoxaldıqca, onun xarakterində dəyişikliklər baş verir. Bu dəyişikliklərin bizim istəyimizə uyğun olmayaraq inkişaf etməsinin qarşısını almaq üçün ilkin mərhələdə ona başqalarına diqqət və qayğı göstərib, onları nəzərə almağı öyrətməliyik. Almaz Əsgərovanın fikrincə, əks təqdirdə heç bir mənəvi tərbiyədən söhbət gedə bilməz: "Mənəvi tərbiyənin formalaşması elmdən, bilikdən yox, insanın insana münasibətindən asılıdır.

Uşaq böyüdükcə bu münasibətlərdə mürəkkəbləşmə hiss olunur. Mənəviyyatın yeniləşməsi, zəmanəyə və məktəbin tələblərinə uyğunlaşması şagirdin yaşından, düşdüyü mühitdən və s.-dən asılı olaraq dəyişir. Bu zaman məktəbin tutduğu düzgün yol öz sözünü deməlidir. Ən acınacaqlı vəziyyət o vaxt baş verir ki, müəllim şagirdinə qarşı həssaslığını itirir. Bura pedaqoqun fərdlərə qarşı düzgün münasibətdə olmamasını və ədalət prinsiplərini pozmasını da əlavə etmək lazımdır. Bu zaman şagirddə mənəvi cəhətdən düşkünlük, inamsızlıq yaranır. Nəticədə şagird cəmiyyətdən küskün düşür. Bu da gələcəkdə cəmiyyətin bir hissəsinin fəlakətlə üz-üzə qalması deməkdir. Ona görə də məktəbdən başlanan, düzgün xətt üzrə aparılan mənəvi tərbiyə sonda cəmiyyətə xeyir verə bilən, mənəvi cəhətdən zəngin bir insanın yetişməsinə nədən olacaq.

Bu gün cəmiyyətdə insanlığın, insan xarakterinin böyük bir hissəsini vətənə məhəbbət hissi təşkil edir. Hər bir uşağa və gəncə işğal altında olan torpaqlarımız, onların azad olunması haqqında düşünməyi öyrətməliyik. Bunu edə bilməsək, deməli, insanlığımızda, mənəviyyatımızda hansısa kəm-kəsirlər var və gələcəkdə də şagirdlər bu çatışmazlıqdan yaxa qurtara bilməyəcəklər. Fikrimcə, insan mənəviyyatının inkişafında elm, bilik, savadla yanaşı, tərbiyəyə də xüsusi diqqət ayrılmalıdır".

Gənc nəslin düzgün mənəvi tərbiyəsi, savadlı vətəndaş kimi böyüməsi ilə paralel onun fiziki cəhətdən də sağlam olması mütləqdir. Övladlarımızın sağlam böyüməsində məktəbin, ailənin, cəmiyyətin, hətta hər gün təmasda olduğu insanların da rolu var. Valideyn övladının sağlam böyüməsi üçün onu müxtəlif idman növləri ilə məşğul olmasını istəyə bilər. Digər tərəfdən bu, uşaqda olan artıq enerjinin düzgün sərfiyyatı deməkdir. Körpənin əlindən tutub aparanda az sonra o, yorulduğunu əsas gətirərək qucağa götürülməsini istəyir. Lakin evdə, məhəllədə saatlarla top qovmaqdan, ya da hansısa oyun oynamaqdan bezmir. Çünki belə məşğuliyyətlərə həvəsi var.

Övladlarımızın sağlamlığını düşünərkən bəzi məqamlara xüsusi diqqət yetirmək lazımdır. Onlardan ən birincisi və vacibi uşaq və gəncləri fiziki yükləmələrdən qorumaqdır. Bundan başqa idmanın hansısa növü ilə mütəmadi məşğul olan uşağın gələcəkdə bədən quruluşunda fəsadların yaranmaması üçün valideyn və müəllimlər müəyyən nüanslara fikir verməlidirlər.

Gənclər və İdman Nazirliyinin nəzdində fəaliyyət göstərən İdman Liseyinin direktor müavini Rəhman Tağıyevin fikrincə, gənc nəslin fiziki baxımdan düzgün inkişaf etməsinə ən çox mane olan amil qeyd etdiyimiz kimi, fiziki yükləmələrdir: "Uşaq ayağın dırnağından tutmuş başın tükünə kimi hər gün inkişaf edir. Körpənin sağlam böyüməsi üçün bir neçə şərtə əməl etmək lazımdır. Bura düzgün qidalanma, vitaminizasiya, gündəlik rejim, fiziki yükləmələrin verilməməsi və s. aiddir. Sadalananlara əməl olunarsa, uşağın gələcəkdə fiziki göstəricilərinin yaxşı olmasına, sağlam böyüməsinə, soyuğa davamlılığının artmasına və digər nəsnələrə nail olmaq mümkündür. Hər bir yaş qrupu üzrə əvvəlcədən müəyyən olunmuş proqrama əsasən uşaqla işləmək lazımdır. Məsələn, ilkin mərhələdə fiziki yükləmələrdən qaçmaq lazımdır. Fiziki yükləmə deyəndə uşağın və gəncin yaşına uyğun olaraq onun ürək döyüntüləri nəzərdə tutulur ki, məşq zamanı 1 dəqiqə intervalında ürək döyüntüləri müəyyən normadan artıq olmamalıdır. Əks təqdirdə uşağın sağlamlığı təhlükə ilə üzləşəcək. Başqa vacib bir məqama da diqqət yetirək. Məsələn, güləşlə məşğul olan uşaq böyüyəndə adətən beli bükük, qolları qatlanmış vəziyyətdə olur. Yaxud ağırlıqqaldırmanı seçənlərin boyları qısa olur.Bunun yaranmaması üçün nə etməli? Adətən güc tələb edən idman növlərini seçənlər paralel olaraq üzgüçülük, akrobatika və ya gimnastika ilə məşğul olmalıdırlar.

Üzgüçülük boy artımına, bədən quruluşunun düzgün formalaşmasına, ağciyərin genişlənməsinə kömək edirsə, akrobatika və gimnastika bədənin elastik olmasına, düzgün koordinasiyaya səbəb olur. Bu da həm gələcəkdə idmançının peşəkar səviyyədə uğurlar qazanmasına, həm də fiziki göstəricilərinin yaxşılaşmasına gətirib çıxarır".

Maraq üçün qeyd edim ki, İdman Liseyi 1963-cü ildən fəaliyyət göstərir. Əvvəllər İdman təmayüllü internat məktəbi kimi tanınan bu təhsil ocağı məşhur idmançıların, o cümlədən olimpiya çempionlarımız Valeri Belenki, Nazim Hüseynov, Elnur Məmmədli, tanınmış futbolçularımız Şahin Diniyev, Tərlan Əhmədov, Arif Əsədov və digər titullu idmançılarımızı yetişdirib və onların hər birinin şəxsiyyət və idmançı kimi formalaşmasında Rəhman müəllimin əməyi var. Təcrübəli pedaqoqun sözlərinə görə, uşaqların fiziki baxımdan düzgün inkişafında vitaminizasiya və düzgün qidalanmadan tutmuş yuxu rejiminə qədər hər bir şey önəmlidir.

Yazının əvvəlində qeyd etdiyim kimi hər bir xalqın gələcəyi fiziki cəhətdən sağlam, mənəvi cəhətdən zəngin gənc nəslin yetişməsindən çox asılıdır. Xalqımızın sağlamlığını və mənəviyyatını qorumaq ümidi ilə...

İlqar TAĞIYEV
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.