|
|
|
|
Azərbaycan dünyanın siyasi arenasında nüfuzunu getdikcə artırmaqdadır. Türkiyənin ardınca dövlət başçısı İlham Əliyevin Almaniyaya səfəri də bu baxımdan önəmli səciyyə daşıyır.
Mütəmadi olaraq hər il İsveçrdə keçirilən Davos İqtisadi Forumu öncəsi bu ölkəyə səfər edən ölkəmizin rəhbərini yüksək səviyyədə qəbul edən rəsmi Berlin bir sıra sahələrdə, xüsusilə enerji sektorunda Azərbaycanın əhəmiyyətli rolundan yararlanmaq niyyətində olduğunu gizlətməyib. Çünki Rusiya ilə münasibətlərin normada olmadığı bir vaxtda Avropanın enerji təhlükəsizliyini təmin etmək üçün ölkəmiz böyük potensiala malikdir.
Bu baxımdan Azərbaycanın təbii qazının Qərbə ixracı üçün həyata keçirilən “Cənub Qaz Dəhlizi” layihəsinin uğurlu nəticələr verəcəyini və beləliklə avropalıların rus qazından asılılığını kəskin azalacağını qeyd etmək olar. Lakin dövlət başçısının Almaniya səfərində diqqət çəkən əsas məsələlərdən biri rəsmi Berlinin Azərbaycanla Ermənistan arasında bu günə qədər davam edən Dağlıq Qarabağ münaqişəsində vasitəçilik missiyasını öz üzərinə götürmək istəməsidir.
Fikir versək, ATƏT-in Minsk qrupunun həmsədrlərinin 20 ildən artıq müddəti əhatə edən fəaliyyəti dövründə münaqişənin həllində heç bir irəliləyiş əldə olunmayıb. Həmsədrlik funksiyasını yerinə yetirən dövlətlərin faktiki olaraq xarici siyasətində ermənipərəsətlik daim öndə dayanıb. Ona görə də Azərbaycan torpaqlarını işğal edən, saysız-hesabsız cinayətlər törədən Ermənistan bu günə qədər heç bir cəza tədbiri ilə üzləşməyib. 1990-ci ildə də ABŞ senatorlarının Mixail Qorbaçova ünvanladıqları məktubda adı olan Con Kerri məhz erməniləri dəstəkləyən, Azərbaycan xalqına qarşı törədilən cinayətkar əməllərdə Qorbaçovu şirnikləndirən şəxslərdən biri olub. Lakin Dağlıq Qarabağ münaqişəsinin yaranmasında səbəbkarlardan biri kimi nəzərdə tutulan Rusiyanın bugünki siyasətində dəyişiklik olduğunu, ermənipərəst mövqedən bir qədər uzaqlaşdığını da müşahidə etmək olar. Bu baxımdan məlum Gümrü hadisələrinin də siyasi xarakter daşıdığını iddia edənlər var.
Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu hesab edir ki, Valeri Permyakovun erməni ailəsini qətlə yetirməsi hadisəsi Ermənistan hökuməti tərəfindən təşkil olunub. Bu hadisədə Rusiyanı ittiham etməklə ermənilərin Qərbə doğru yollarını açmaq istədiklərini deyən politoloq buna səbəb isə rəsmi Moskvanın Dağlıq Qarabağ məsələsində İrəvana bəzi tələblər irəli sürməsi olduğunu bildirib. Avropada islamafobiya dalğasının yayğınlaşdığı dövrdə Fransanın müsəlman ölkə kimi Azərbaycana qarşı münasibəti də digərlərindən fərqlənmir. Təəssüf ki, dünyada dini və irqi dəyərlərə hörmətlə yanaşan tolerantlıq və multikulturalizm mühiti formalaşdıran Azərbaycan bu gün bu dəyərləri sıxmaqla məşğul olan bəzi Avropa ökələri, eləcə də Fransa üçün rəğbətlənməyən ölkələr sırasındadır. Lakin Almaniya dövlət və hökumət səviyyəsində İslama dəstək kampaniyası aparmaqla Avropanın xarici siyasətində fərqli xarakter nümayiş etdirdiyini bir daha göstərib.
Millət vəkili Sahib Alıyev bildirib ki, Almaniya kansleri Angela Merkel Azərbaycan Prezidenti İlham Əliyevlə keçirdiyi birgə brifinqdə ölkəmizi əhəmiyyəti günü-gündən artan, böyük potensialı olan tərəfdaş kimi dəyərləndirib. Onun sözlərinə görə, Azərbaycanın dövlət başçısıyla əksər məsələlərdə həmfikir olduqlarını vurğulayan xanım kanslerin Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçi olmaq istəməsini dilə gətirməsi də olduqca önəmli məsələdir: “Almaniya yaydığı hesabatlar və verdiyi bəyanatlarla dəfələrlə təsdiqləyib ki, onun Dağlıq Qarabağ münaqişəsinə yanaşmada tutduğu mövqe başda Kerri Amerikası olmaqla Minsk qrupuna həmsədrlik edən dövlətlərdən özünün prinsipiallığı və ədalətliliyilə fərqlənir. Angela Merkelin son zamanlar cəbhə xəttində atəşkəsin pozulmasında Rusiyanın əlinin olduğunu deməsi isə təkcə Moskvanın bostanına atılan daş deyildi. Həm də dolayı yolla olsa da, bu o demək idi ki, cəbhədə gərginliyin yaradılmasında Almaniya Ermənistanı günahkar bilir. ATƏT isə susur. Ermənilərin dediklərinə görə gündə azı bir hərbçi itirirlər. Forpost olmaq ağır dərddir. Bilə-bilə ki, cavablarını alacaqlar, özü də pis alacaqlar İrəvandakılar yenə də təxribat törətməkdən qalmırlar. Çünki onlar buyruq quludur. Buyruğun kimdən gəldiyini isə xanım Merkel də yaxşı bilir”.
Azərbaycan-Almaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Fuad Muradov deyib ki, Prezident İlham Əliyevin Almaniyaya səfəri iki ölkə arasında əlaqələrin yüksək səviyyədə olmasının nümayişidir. O bildirib ki, bu səfər rəsmi Berlinin Azərbaycanla əməkdaşlıqda maraqlı olduğunu göstərib və ölkəmizin beynəlxaq müstəvidə qazandığı etimadı bir daha təsdiq edib: “Almaniyada hər iki tərəfdən mühüm bəyanatlar səsləndirilib. İlk olaraq qeyd edim ki, Kansler Merkelin Azərbaycanı əhəmiyyətli tərəfdaş adlandırmasını rəsmi Berlinin Azərbaycana xüsusi münasibətinin bir nümunəsi saymaq olar. Eyni zamanda, Merkelin Almaniyanın münaqişənin həlli üçün vasitəçiliyini təklif etməsi mühüm bəyanatdır. Bununla Merkel Dağlıq Qarabağ və işğal olunmuş torpaqlarımızın azad olunması üçün Almaniyanın imkanlarını təklif edir. Bunu münaqişənin həlli məqsədilə Avropa İttifaqının imkanlarından istifadə olunması üçün bir mesaj saymaq olar”.
F.Muradov vurğulayıb ki, Azərbaycanın Avropanın enerji təminatında oynadığı mühüm rol bu görüşdə bir daha təsdiqlənib. Kansler Merkelin Avropa ölkələrinin enerji şaxələndirilməsi üçün Bakının böyük töhfə verə biləcəyini deməsi ölkəmizi mühüm tərəfdaş kimi qəbul etdiklərini açıqlayır: “Bu baxımdan danışıqlarda “Cənub Qaz Dəhlizi” layihəsinin xüsusi vurğulanması həm də Prezident İlham Əliyevin yürütdüyü siyasi kursun düzgünlüyünün sübutudur. Almaniya səfərini bu baxımdan uğurlu hesab edirəm. Bu səfər iki ölkə arasında əməkdaşlıqda yeni perspektivlər açır”.
Politoloq Məhərrəm Zülfüqarlı isə hesab edir ki, dövlət başçısı İlham Əliyevin Almaniyaya səfəri çərçivəsində müzakirə olunan məsələlər müsbət qiymətləndirilməlidir: “Ona görə ki, Qərbi Avropada ən güclü dövlət olan Almaniya Azərbaycanla bərabər səviyyəli görüş keçirib. Bu Azərbaycan dövlətinin nüfuzunun artmasını, sürətlə güclənməsini göstərir. Əvvəllər Azərbaycana böyük dövlətlər problemli ölkə kimi yuxarıdan aşağı baxırdılarsa, indi tamamilə bərabər səviyyəli münasibətlərin qurulduğunun şahidi oluruq. Son hadisələr də onu sübut edir ki, rəsmi Bakının balanslaşma siyasəti özünü doğruldur. Yəni, Azərbaycan Saakaşvili rejimində olduğu kimi birbaşa qərbyönümlü siyasət yeritsəydi bir çox problemlərlə üzləşə bilərdi. Yaxud, ruspərəst və iranpərəst siyasət aparsaydı Qərb qüvvələrinin güclü təzyiqi ilə üz-üzə qalacaqdı”.
Rəsmi Bakının apardığı müstəqil daxili və xarici siyasətlə bir çox mərhələləri arxada qoyduğunu deyən politoloqun sözlərinə görə, İlham Əliyevin Almaniyaya səfəri də onu göstərir ki, artıq eyni səviyyəli görüşlər keçirilir və Azərbaycanın müxtəlif problemləri Qərb ölkələrini daha çox maraqlandırmağa başlayıb: “Onlar da öz növbəsində dövlətimizə dəstək verməyə çalışırlar. Əgər Azərbaycan zəif və nüfuzsuz dövlət olsaydı görüşdə Dağlıq Qarabağ məsələsi də müzakirəyə çıxarılmazdı”.
Almaniyanın Dağlıq Qarabağ məsələsində vasitəçilik etmək təklifinə münasibət bildirən M.Zülfüqarlının fikirlərinə görə, tarixdən də bizə məlumdur ki, iki dünya müharibəsi aparan Almaniya hər ikisində də Türkiyə ilə müttəfiq olub: “Avropada türklərə ən yaxın dövlət də Almaniya olub. Hal-hazırda Avropada daha çox türkün yaşadığı ölkə də Almaniyadır. Buna görə də Dağlıq Qarabağ münaqişəsində rəsmi Berlinin vasitəçiliyi ermənipərəst Fransaya, birbaşa problemin yaradıcısı olan Rusiyaya nisbətən daha effektiv nəticələri ilə yadda qala bilər. Hesab edirəm ki, gələcəkdə münaqişədə vasitəçilik missiyasının formatı dəyişilərsə, Almaniyanın iştirakına müsbət yanaşmaq lazımdır”.
Ceyhun ABASOV