Mərhum şair Tofiq Bayramın 80 illik yubileyidir. "525-ci qəzet" bu münasibətlə şairin bir neçə şeirini oxuculara təqdim edir.
Azərbaycan deyəndə!
Vətən mənim bu günüm,
Sabahkı toy-düyünüm.
Haqqım var ki, öyünüm
Azərbaycan deyəndə!
Ürəklərdə döyünüm
Azərbaycan deyəndə!
Hər ölkəyə, hər elə
Olsun hörmət deyirəm.
Vətənimdir Vətənim
İlk məhəbbət deyirəm.
Onun şöhrət tacıdır
Şeir-sənət deyirəm.
Mən Vətənə Füzuli,
Abbas Səhhət deyirəm.
Mən Vətənə Sabiri
Doğan qeyrət deyirəm.
Mən vətənə Üzeyir,
Müşfiq, Səməd deyirəm,
Günəş kimi müqəddəs
Bir həqiqət deyirəm
Azərbaycan deyəndə!
Dünya məni dinləsin:
- Diqqət! Diqqət!
- deyirəm!
Azərbaycan deyəndə!
Azərbaycan deyəndə!
Ləpələr şairləşir.
Anaların bətnində
Qara gözlü körpələr
Pələngləşir, şirləşir.
Azərbaycan deyəndə!
Müdrik qocalar kimi
Dağlar da fikirləşir.
Azərbaycan deyəndə!
Haralısan? - Sualı
Verənlərə ar olur.
Qeyrətlilər birləşir,
Qeyrətsizlər xar olur
Azərbaycan deyəndə!
Dostdan sovqat, muştuluq,
Düşməndən bac alaram
Azərbaycan deyəndə!
İşıq sütunu kimi
Sabaha ucalıram
Azərbaycan deyəndə!
Körpüləri, sədləri
Sinəmlə parçalaram.
Sərhəd məftillərində
Bu kobud əllərimlə,
Bir muğamat çalaram
Azərbaycan deyəndə!
Azərbaycan! - Bu nida
Qayaları silkələr.
Sal daşların köksündə
Çiçək bitər, gül gələr.
Azərbaycan deyəndə!
Təbim coşar, sel gələr.
Sanma, şöhrət pərdəsi
Ürəyimi kölgələr
Azərbaycan deyəndə!
Gözümdə doğmalaşar
Bütün xalqlar, ölkələr
Azərbaycan deyəndə!
Qarabağ nəğməsi
Ay Qarabağ, sən qüvvətsən dizlərimə,
Qaytar məni gənc yaşıma, qurban olum!
Qocalmışam, sən işıq ver gözlərimə,
Gəlim sənin tamaşana, qurban olum!
Yad gözlərə Şuşa batır şüşə kimi,
Dayanmışıq dövrəndə sıx meşə kimi,
Sənsən ana təbiətin baş həkimi,
Can məlhəmli hər daşına qurban olum!
Sən Vaqifin keşməkeşli həyatısan,
İlhamının, ürəyinin sovqatısan;
Başdan-başa nərmə-nazik bayatısan,
O dahiyə, söz qoşana qurban olum!
Qəlbimdəsən bir müqəddəs inam kimi,
Eşqin ilə sinəm yanır bir şam kimi.
Qollarını aç mənə öz anam kimi,
Qoy atılım ağuşuna, qurban olum!
Bir vaxt sənə yadlar atdı kəməndini,
Fürsət tapıb işə saldı öz fəndini.
Bir gədaya dəyişdilər Xankəndini,
Onun qədim naxışına qurban olum!
Kəbəsisən nənəmiz ağbirçəklərin,
Bir gözəllik sərgisisən göyçəklərin.
Bulaq üstə yeriyən şux çiçəklərin
O ilahi baxışına qurban olum.
Soyut təşnə ürəyimin yanğısını,
Sən güləndə qış yaz olur, can qızınır.
Qoyma ağır intizarda Xan qızını,
Qərq olmasın göz yaşına, qurban olum.
Sən bizimsən! - xalqdır edən bu tələbi,
Milyonların qeyzə gəlib, coşur təbi.
Gözün aydın! - Qoç Koroğlu, Qaçaq Nəbi
Sərkərdədir, bu qoşuna qurban olum!
Fitnə qurub, yalan, böhtan deyənlərə,
Dünya gəlir, qalib gəlir xeyir şərə.
Sar sındırıb qanadını, düşür yerə,
Qartal qalxır dağ başına, qurban olum.
Ana yurdun ən istəkli balasısan,
Torpağında həmişəlik qalasısan.
Bir alınmaz namus, qeyrət qalasısan,
Sənin hər bir qarışına qurban olum!
Ay gecikən məhəbbətim
İllər boyu səni gəzdim,
Ay gecikən məhəbbətim!
Sən yubandın, mən tələsdim,
Getdi gənclik təravətim,
Ay gecikən məhəbbətim!
Mən bir yanda sənə möhtac,
Sən bir yanda gəzdin əlac.
İki qəlbdə bir ehtiyac,
Övladıyıq bir həsrətin,
Ay gecikən məhəbbətim!
Saç ağartdım bu yollarda,
Harda idin, söylə, harda?
Bir yarpağam, son baharda
Saralıram yetim-yetim,
Ay gecikən məhəbbətim!
Sən əzabsan, göz yaşısan,
Bəxtimin son naxışısan.
Bəlkə tale qarğışısan,
Bəlkə də ilk səadətim, -
Ay gecikən məhəbbətim!
Ürəyimdə adın gəzər,
Gizli ağrın, odun gəzər,
Bir ilahi qadın gəzər;
Son ümidim, son niyyətim,
Ay gecikən məhəbbətim!
Gəl ki, sənsiz ürək bir daş,
Poz qanunu, sədləri aş.
Sevə-sevə öləydim kaş.
Sən olaydın vəsiyyətim.
Ay gecikən məhəbbətim!
Bir könül var əmanətdir,
Acısı da şirin dərddir.
Bir qadına xəyanətdir
Bir gözələ sədaqətim,
Ay gecikən məhəbbətim!
Cəzam varsa, verən gəlsin.
Könlü hicran görən gəlsin,
Məcnun gəlsin, Kərəm gəlsin,
Desin nədir qəbahətim,
Ay gecikən məhəbbətim!
Bir xəstəyəm, - əlacım sən,
Bir koram, əl ağacım sən, -
Görüşünə əl açım, sən, -
Sən ol mənim son qismətim.
Ay gecikən məhəbbətim!