Mir Həmzə Seyid Nigari (1805-1886) Azərbaycanın Qarabağ bölgəsində anadan olmuşdur. Həzrət Məhəmməd Peyğəmbərin soy kökünə yaxın seyiddi.
Şeirlərinin birində deyir:
... Nəsli İsmayılsan, əsli ərəbsən,
Ali Məhəmmədsən və ali nəsəbsən.
Müntəhbasan, silsileyi-zəhəbsən
Ey Seyid Nagari, ey Qarabaği.
Araşdırıcılar yazır ki, Mir Həmzə doqquz yaşında ikən yuxuda Qarabağlı bir xanıma vurulur, onun eşqilə dillər əzbəri olan lirik şeirlər yazır. “Nigari” təxəllüsü də oradan gəlir.
Həmzə Nigari “Qarabağ xanlığı ... camaatının dini lideri kimi” Rusiyanın müstəmləkəçilik və işğalçılıq siyasətinə qarşı mübarizə aparır. Qafqaz Könüllü Süvari Alayının komandanı olur. Krım müharibəsi zamanı /1853-1856/ Rusiya-İran sərhəddini keçib Qarsa gedir və orada müridlər ilə birlikdə Osmanlı ordusu sıralarında müharibədə iştirak edir.
Rus işğalı törədiləndə vətənini tərk etməyə məcbur olan Dağıstanlı müsəlmanların Türkiyəyə köçən hissəsinə Seyid Nigarinin də təsiri olmuşdur. “... istər həyatdaykən, istərsə də ölümündən sonra iyirmi-otuz min civarında insan onun yoluyla gedib”.
Nəqşibəndiyə təriqətinin tanınmış nümayəndəsi Nigarinin ədəbi irsi və dini fəaliyyəti İslami dəyərləri təqib edən Çar Rusiyası və Sovet hakimiyyəti illərində yasaq edilmişdi.
Azərbaycan Təhsil Nazirliyinin 2011-ci ildə verdiyi əmrə əsasən şairin əsərlərinin nəşri və orta məktəblərdə tədrisi də yalnız Müstəqillik illərində mümkün olmuşdu.
Nigari türk və fars dillərində yazdığı iki divanın, “Nigariyyə” məsnəvisinin və b. qiymətli əsərlərin müəllifidir. İndi onun qəzəlləri, qoşma və gəraylıları müğənnilərimiz tərəfindən oxunur.
Məzarı Türkiyənin Amasiya Vilayətindəki türbəsində ziyarətgah yeridi.
1890-cı ildə Amasiyada müridləri və xəlifələri tərəfindən inşa olunan, sonralar get-gedə əvvəlki görkəmini itirən Seyid Həmzə Nigari Türbəsini Şeyxin həmyerlisi, dostu və yaxın sirdaşı Səfər bəyin qız nəvəsi xeyriyyəçi Nərminə xanım İskəndərzadə şəxsi vəsaiti hesabına bərpa və təmir etdirmiş, abidəyə yeni nəfəs vermişdi.
Təntənəli açılış mərasiminə mən də dəvət olunmuşdum. Əsəri də o günlərin təsirilə qələmə aldım.
Müəllif
“Nərminə xanım bənzərinə az rast gəlinən bir qədirbilənliklə Şeyx babasının xatirəsinə sahib çıxıb... Amasiyaya aid tarixi bir əsərin yaşadılmasını təmin etdi”.
Əhməd Özqılınc
İstanbul
“Ey qızların gözünün, gözünün, gözünün gözü!”.
Nizaməddin Babaoğlu
Şeyx Sədi Ağanın nəvəsi
Amasya – dağlar qoynunda,
dağlar bulaqlar qoynunda.
Söz – məni saxlar qoynunda,
məndən söz yadigar qalsa.
Tarix, səni varaqlaram,
nə var, yadımda saxlaram.
Qələm ağlar, mən ağlaram,
sinəmdə mövzular qalsa.
Uçub tökülsə saraylar
fəğan eylər illər, aylar
Ondan orda – iki qatar,
bir qapı, dörd divar qalsa.
Arxamdadı dağım-daşım,
istərəm qaynayım-daşım.
Yanımda bir yol yoldaşım,
Seyid Həmzə Nigar qalsa.
Yaş ötüb, sinədəftərəm,
keçmə, keçilməz çəpərəm.
Şair, dilindən öpərəm,
yazdığım misralar qalsa.
lll
O gün Qurban bayramının
birinci qurban günüydü.
Ayların – sultan ayıydı,
günlərin – sultan günüydü.
Türk bayrağı yellənirdi
ucalarda, dağ başında.
Kölgəsi – ocaq başında,
Ocaq – məmləkət içində,
hər can bir niyyət içində.
Qazanlarda isti xörək,
ağ süfrələr, təzə çörək,
Qurban kəsən, pay paylayan.
Oyan deyir, bir səs, oyan!
Türkün millət vəkilləri,
Vəkillərin lent yazılı
əklilləri
Halyuq bəyin xoş baxışı,
gülər üzü, –
uşaq kimi sevindirir
bizim uşaq könlümüzü.
Bayrağımız şax dururdu,
yanaşıydı.
Bayrağımız bir-birinə
yaraşırdı.
O gün millət –
Nigaridən danışırdı.
lll
Seyid Həmzə Türbəsinin
hər daşı, kərpici pakdı.
Çölü pakdı,
içi pakdı.
Yerdə Məscid –
üstündəki bir Allahdı.
Daş yazıdı, kərpic yazı.
Türbəsi – eşq,
naxışı – eşq əlifbası
I
İnsan bir möcüzədi,
bir nağıldı həyatı.
Yüz il sonra eşitdim
mən də bu əhvalatı.
Şeyxin başına gələn
bir eşqin təfsilatı.
bir ömür dastanıdı,
bir muğam təsnifatı.
Şeyxə şirin yuxuda
buta verilir, buta!
Hələ doqquz yaşında,
kənddə, bulaq başında
Nigar adında mələk,
tülə, şala bürünür.
Şeyx ayılıb görür, –
iki candı, bir ürək.
Bir də nə vaxt o mələk,
yuxusuna girəcək?!
Bu həsrətlə o yanır,
oyadırlar, oyanır.
Yuxu qaçır gözündən
qaçır özü özündən
Axtarır, hanı Nigar, –
cavab vermir yuxular.
“Ey Seyid Nigari, ey aşiqi-zar,
Ey əsiri-sevda, dərdə girifdar.
Bilmədinmi eylər səni tarımar,
Bəs neyçün uğradın kuyi-nigara?”
lll
Mədrəsə günləriydi,
arxada illər, aylar.
Müəllim əfəndinin
xanımıymış o nigar.
Təptəzəydi o çiçək,
yuxuda gördüyütək.
Ondan əziz, müqəddəs,
nə can varıydı, nə səs.
Nə yerdə bir yer qızı,
nə göydə Dan ulduzu.
Nə hüsnü, nə qaməti
bir tanrı kəraməti!
Baxışıb tanıyırlar,
bu seyiddi,
o Nigar.
– Yuxunmu düşüb yada? –
sual verir arada.
Şeyxi də özü görüb,
bu göz – o gözü görüb.
Yüz ilin tanışları!
Bir anın baxışları!
– Can, Seyidim...
– Nigarım...
Dünyada dünyalarım!
Eşqim – etiqadımsan,
yuxuda həyatımsan,
həyatda – şirin yuxum.
mənim sevdalı duyğum!
Nigarı tapan aşiq,
Söz tapa bilmir artıq.
Susub baxır üzünə,
taleyin güzgüsünə.
Seyid-“Nigari” olur,
Aydan da arı olur,
sudan da duru olur,
Şeyxin zühuru olur.
İlahi bir məhəbbət,
dilində yanğı, həsrət:
“Həbibim, qan tökər qəmzən
dəmadəm, bir usanmazmı,
yarar bağrım, içər qanım,
məgər bir ləhzə qanmazmı?
... Nəvayi yar nar eyləməz,
yarılmazsa yara bitməz,
Deməm durubanə etməz,
məni bimar sanmazmı?
Dili sərgəştə bimayə,
düşübdür taki sevdayə,
Dəmadəm karı bigayə
qazanır ol qazanmazmı?
... Sənə ey nazənin-Leyla,
mənə-Məcnuni bir pərva,
bərabərdir deyən ayə,
məni görgəc utanmazmı?
Keçər zülfünlə dövranım,
olar zövqü firəvanım
uzanar ömrüm, şu canım,
telintək Bu uzanmazmı?
Nigari məstü gipərva,
tutubdur da məni sevda
Usanmaz söyləmək ayə,
usanmırmı, usanmazmı?
Seyid yazır, haqq deyir,
Haqqa qovuşaq deyir.
Deyirlər evlən, şair,
bitsin bu nalən şair.
Qarabağlı bu almaz,
yer üzündə tapılmaz.
Sən də bir Haqq aşığı,
Gözümüzün işığı!
Müəllim əfəndinin
al, – deyən öz səsiydi.
Dinin divanəsiydi,
Şeyxin pərəstişkarı.
o sevirdi Nigarı.
Deyirlər ki Nigaridən,
cavab gə
lir bədahətən:
Mənə evlən deyən bədbəxt,
Tanrıya oxşardı Nigar.
Mən ki, səndən ayrılmaram,
ayrılan yollardı, Nigar.
Mənimlə danışan – Haqdı,
məni danışdıran – Haqdı
Tanrı haqdı, Quran haqdı,
qalanı inkardı Nigar.
Aşiqlərin nədir bəhsi?
təslimiyyət mərtəbəsi.
Həllac Mənsurun “həqq” səsi,
külli-ixtiyardı Nigar.
Məcnun-Leyliyə yalvardı,
alıb ağlını apardı.
“Hər hüceyrəm – bir Nigardı”,
“Nigari” – Nigardı, Nigar.
II
O zaman ki, yasaq oldu,
danıldı şəriət, Şeyxim, –
səni sevdi, səndən dedi
o boyda məmləkət, Şeyxim.
Din, təriqət gətirmişdin
sən Qafqaza,
Nizamiyə, Füzuliyə
nəzirələr yaza-yaza.
– İzləyirdi məni başqa
bir dinpərəst.
Millətə qəsd,
İslama qəsd,
tarixə qəsd!
Peyğəmbəri dünən səlib
yürüşüylə hədələyən, –
Peterburqda –
“İstanbul mənimdi!” –
deyən.
Mən istiqlal istəyirdim,
dilimdə Krım türkləri.
Döyüşürdüm at belində,
qorusun Tanrım türkləri.
“... divlər aldı bütün ətrafımızı,
qılmadı bir isri əsma nə əcəb?
Olmadı milləti İslama kömək,
yetmədi bir mədəd ayə, nə əcəb?
... Bulmadıq bir zəfər ayə, nə üçün
yetmədi nüsrəti Mövla nə əcəb
lll
Ey mənim Şeyxim, şairim,
ey mənim Seyid Nigarım!
Qadağalar ölkəsində, –
gün işığı görmədin sən,
yad bayraqlar kölgəsində.
Vətənində vətənindən
danırdılar,
səni məndən, məni səndən
danırdılar.
“Həzrəti Pir dədəmizi”
qovurdular, pusurdular.
Ölənlər fəryad içində,
öldürənlər susurdular.
Tanışları seçirdilər,
tuturdular.
Şeyxi “unutdururdular”.
Qohumları dən kimi
dənləyirdilər,
tərəzinin hər gözünü
əyirdilər,
Seyidi təkləyirdilər.
Sədi Ağa yatab getdi
aldığı dəstamaz üstə.
Oxuduğu Quran üstə,
qıldığı bir namaz üstə,
Bu sürgündən
o sürgünə! –
kənddə nəzir-niyaz üstə.
Toyda, yasda çağırdılar
bu toy üstə, o yas üstə.
Ağa getdi din yolunda,
dinsizə etiraz üstə.
Yuxuları haram oldu
gecələr oyaq Seyidə.
Orda da nəzir dedilər
dustaqlar
dustaq Seyidə.
III
Ey Füzuli!
Nigari də dərd əlindən
dağa çıxdı.
Demədilər
“bəxtəvər yaylağa çıxdı”.
Dedilərki, Pir Dədəmiz
gedib dağda
yoxa çıxdı.
Sən şahidsən Hərtiz dağı!
Seyid səni xəbər alıb.
Ətəyində namaz qılıb,
Üstündə də çadır qurub,
məskən salıb.
İstəyib ki, hifz edəsən
onu dağlar!
O dağlar oğlunu, dağlar!
Yola getmir dörd fəsilin,
pis qonşular kimi sənin.
Qoy indi də dolu töksün,
qar ələnsin,
yellər əssin.
Yolu kəssin, izi kəssin.
Günəş doğsun amma bir gün,
aman, dağlar
Dünənki axşama gülsün
dünən burda donan, dağlar!
Seyid bir dəstəmaz alsın,
Nigarini yada salsın.
Səfər Ağa, var ol səni
Səfər Ağa.
İsti-isti çay gətirdin
kənddən dağa.
Sən qoymadın
samovarı soyumağa,
od-ocağı səngiməyə,
mürşüdünü təntiməyə.
Yel əsəndə – arxa oldun,
gün qızanda – cuna kimi
yuxa oldun,
qar döyəndə – çuxa oldun.
Qardaş oldun, qağa oldun,
“san” dedin, sadağa oldun.
Sən Ağaydın, qul olmadın,
Ağa oldun.
“Dost yoxdu, dostlarım mənim!”-
deyirdi bir qoca alim,
qədim dünya ağsaqqalı.
Mən çəkdim ki, bu misalı
eşidəsən Səfər Ağa,
əhsən sənə, Səfər Ağa!
lll
Şeyx yollar ayrıcında:
biri – Vətən,
biri – həsrət,
biri ölüm
– Gedim, qalım?!
Vətən göyləri qal deyir.
Orda Amasya çağırır.
burda yurd yeri qal deyir.
Qarabağın bulaqları
Məscidi, piri qal deyir.
Sinəsində sözün odu,
qələm-dəftəri qal deyir.
Yuxularda Nigar xanım,
məndən ötəri qal deyir.
lll
Göydə Tanrı, yerdə Millət
üz-üzəydi.
Din, təriqət üz-üzəydi.
Quran özü,
ya “türk” sözü
qadağaydı.
Qadağalar üz-üzəydi.
Səfər bəy də fikirdəydi,
nə göydəydi, nə yerdəydi.
Keçməliydi Şeyx Arazı,
dilində Tanrı duası.
– Ayrıla bilmirəm, Ağa,
ağırdı bunca qəm, Ağa.
İnsanda dözüm var Ağa,
bir sinə sözüm var Ağa.
Nə əcəb dövlət imiş seyri-şikari
Qarabağ,
Nə gözəl nemət imiş söhbəti-yari
Qarabağ
Rəşqi müşq-ənbər imiş buyu-qubari
Qarabağ,
Abı heyvan imiş ənharı-pinarı
Qarabağ.
Kövsəri Tuba imiş çayı-çinarı
Qarabağ,
Aləmi cənnət imiş darı-diyarı
Qarabağ.
İndi bildim nə imiş vəsfi-həzarı
Qarabağ
Yeridir kim çəkərəm ahu-zarı
Qarabağ.
Dağlayıbdır məni bir lalə – izarı
Qarabağ
Yandırıbdır məni bir nari-Nigari
Qarabağ.
– Qarabağ cənnətdi, Seyid!
qalan yer qürbətdi Seyid.
İndi zaman qorxuludu,
adamlar da kor olubdu,
yuxuludu.
Hər tindən bir kazak çıxır,
elə bil yalquzaq çıxır.
Bir də görürsən itdilər.
şümürdülər, yezitdilər.
Seyid bilirdi bunları,
Çarındı –
kart oyunları.
Orda çeçen, burda çərkəz,
bizim Qafqaz ... çoxdu qərəz.
Xalqlar gördüm bu torpaqda,
istər unut, istər inan.
Babaları müsəlmandı,
nəvələri xristian.
Kart oyunu –
Çarın buydu.
Aşıq-aşıq oynasa da,
Çar oynasa, qorxuluydu.
– Danlayardı anam məni,
o ən şirin röyam məni.
Həmzə, dəstamaz almamış,
sənə öyüd verməmişəm.
Həmzə, dəstamaz almamış,
döşümdən süd verməmişəm.
Dön bu yoldan, bax, Allaha.
mən dönə bilməzdim daha.
Analar səhv etmir Ağa.
Süddən gələn söz deyirlər,
nə deyirlər, düz deyirlər.
Şeyx Şamil tutulanda,
anam onda,
onda da girdi yuxuma,
ağladı, dedim ağlama ...
Görüşümüz qaldı daha,
təsbehimi götür Ağa.
çəliyimi,
piyaləmi,
məndən bir nişanə kimi.
Piyaləmdən içsən əgər,
o sənə şəfa gətirər.
Təsbehimi çəksən əgər,
o məni sənə yetirər.
Çəliyimlə gəzə bilsən,
bağlı bir qapı görməzsən.
Səfər bəyin dolur gözü,
bu ürəyin odu-közü
o ürəyi yandırırdı,
Səfər bəyi yandırırdı.
Meşə boyu baxır dağa,
gah yaxına, gah uzağa.
Vələslərin boyu uca,
qolu haça.
Baxır Şeyxin söykəndiyi
bir ağaca.
– Gör, necə əyilib, Şeyx,
ağacın özü qibləyə.
Namaz qılanda görmüşəm,
mən də danüzü, qibləyə.
Bu, Tanrı eşqidi, Şeyxim,
dünyanın üzü – qibləyə!
Səfər Ağa bir az qəhər
içindəydi.
Möcüzəydi danışdığı,
özü də bu möcüzələr
içindəydi.
– At belində keçdik çayı,
nə bir atlı, nə piyada –
yoxuydu
bizdən savayı.
Gördüm yanır içim-çölüm,
arxa ölüm, qənşər ölüm.
Şeyxi bir az qabaqladım,
tez arxadan qucaqladım.
Şeyx gülürdü,
mən ağladım.
Qorxurdum, Allah saxladı,
qorudu ruhlar Şeyximi.
Qabaqdan farslar vurardı,
arxadan ruslar Şeyximi.
Yer titrədi, şimşək çaxdı
Seyidi göylər apardı.
Peyğəmbərin hüzuruna
Xızır peyğəmbər apardı.
Yer yoxuydu yer oğluna,
torpaq üstə, torpaq altda...
Seyidi biz tapdıq, Ağa.
Ay-Ulduzlu bayraq altda.
Dağ yatırdı bir dağ altda.
Bu dünya ki, mən görmüşəm, –
Ovidiydən üzübəri,
istəməyib şairləri.
Ağa, gözü götürməyib,
gedənləri ötürməyib,
qalanları tanımayıb,
dahiləri, nadanları
tanımayıb.
İstedada ağıl verib
bir ortabab, ya bir naşı.
Vətənsizə girov qoyub
vətəndaşı.
O zaman ki, yada düşüb,
təltif olub,
onda da bu türbələrdə
tərif olub.
Təltifi də, tərifi də
təhrif olub.
Haqq istəyən talelərin
haqqı budur.
Hər haqsızın dalında da
bir buynuzlu haqsız durur.
Amma tarix! –
tarix onu unutdurur.
Tarix sənə oyan deyir,
qalx deyir, qalx, dur deyir, dur!
Cəmiyyətin aynasıdı
deyir sənət.
De, istəyin nədir şair?
Sən əkdiyin səndən sonra
bitir fəqət,
bu da bir taledir, şair.
Nə yaxşı ki,
Türkiyən var.
Tək deyilsən, bir hiyən var.
Gedəndə bir gedən yerin,
orda da bir gəl, – deyən var.
Bu vətənin can parçası
bir Vətən var.
Qaçdın özündən özünə,
mən sənə qovuşdum Şeyxim,
sən özünə.
Paşaların, sultanların,
məmləkəti.
Hünər əkir, zəfər biçir
türk milləti.
Unudulmaz Nuru Paşa
Türkün misri qılıncını
çəkdi daşa.
Mehmetçikler can qoydular
“can” dedikcə.
Azərbaycan-türk dedikcə,
türk-Azərbaycan dedikcə.
Görüşümüz hər
məqamda ziyarətdi.
Türkün sözü türkdən
türkə əmanətdi.
IV
Mən dünyanı dərk edəli
heyran qaldım bir hikmətə:
həqiqətə yox, Allahım,
fəqət mütləq bir nisbətə.
İnsan gedir, ruh qayıdır,
başqa donda tanış gəlir.
Özünə oxşamış gəlir
Baxışıyla, duruşuyla,
gülüşüylə.
Ya əl verib görüşəndə,
görüşüylə.
Çənəsində xalı varsa,
o xalıyla,
bəzən hüsnü, camalıyla.
Deyirsən ki, elə odur,
ya qızıdır, ya oğludur,
uzaq-yaxın qohumudur.
Bəlkə bəşər nəslimizin
əbədiyyət qanunudur?!
Allah, Allah! Yüz il keçir,
Səfər bəyin əvəzinə, –
Qız nəvəsi həyat verir
Nigarinin Türbəsinə.
lll
Nərminədən Nərminəni
soruşuram.
Şeyxim, səni soruşuram.
Necə oldu, Türkiyədə –
Amasyada,
yüz il əvvəl tikilən bir
abidəni saldın yada?!
Tək canınla,
belə nəcib görkəminlə?
Nigariylə üz-üzəydin, –
gör kiminlə!
Ötən bulud, çaxan şimşək
İçindəymiş çölündəymiş.
Bu Türbənin taleyitək
bir xanımın əlindəymiş!
Bu sevdanın Sirri nəymiş?
lll
Suallarım heyrətimdi,
sual deyil.
Heyrətim də hörmətimdi,
başqa bir qeylü-qal deyil.
Sözüm sözgəlişi deyil.
Təmir işi, bərpa işi
hər qadının işi deyil.
Bu, xanım yerişi deyil.
Belə zərif, belə həssas,
belə kübar.
Mən demirəm, danışırlar.
Südün halal,
qanın təmiz,
adın pakdı.
Belə könül açıqlığın
könülləri açacaqdı.
Sənin hüsn-camalını
burda görən gündən bəri,
tərifləyir hüsn-camal
sahibləri.
Fitnə öküz qaldırdısa
çiynində tək,
sən Türbəni qaldırdın ki,
o çökəcək.
Bu torpağın sən fitnəsiz,
cəsur qızı!
Yazdın türkün tarixinə
bizim də türk adımızı.
Səfər bəyin ruhu şaddı.
Yenə o kök, o soyaddı.
Necə deyim dünya yaddı.
Əvəz-əvəz olan dünya,
bir dünya səs olan dünya.
Gedən dünya, qalan dünya.
Niyə sənə deyirlər bəs
yalan dünya?!
Necə oldu, qərar verdi
sənin qadın cəsarətin,
Seyid Həmzə Nigarini
ziyarətin?!
– Qar yağırdı,
dümağ badam çiçəkləri.
Amasyada bizim Ağdam çiçəkləri.
Məni görüb qış özünü
göstərirdi.
Xoş üzünü görməmişdim,
boz üzünü göstərirdi.
Dedim amma, gərək tapam,
yalvarırdım, sən hardasan,
Seyid babam?!
Amasiya ... o da böyük
bir şəhərdi,
vilayətdi.
Gedib gördüm: bir dalandı,
bir həyətdi,
bir türbədi.
Yağan yağış, qopan tufan
içindədi,
yerdən qalxan, göydən daman
içindədi.
Mən sevirdim uşaqlıqdan
nağılları, –
daxıl düşdüm, dedim Allah,
kəs o qarı.
Ay işığı, Gün işığı
öpsün dedim Nigarinin
Türbəsini,
Haqq eşitdi bəndəsini.
Sən varağa,
Mən torpağa
yazdım şair,Şeyx babamın
nəğməsini.
Özü mənə dayaq oldu,
Mən nə vaxt ki, oyaq oldum,
O da o vaxt oyaq oldu.
Mən Türbəni söküb-yığdım,
bəzətdimsə,
anacaqdı bəlkə şair,
məni kimsə
Şeyx Nigari deyə-deyə,
Bir Türbə də sən ucaltdın
Seyid Həmzə Nigariyə.
Mən ordayam,
Elim-obam orda hələ,
sağdı babam orda hələ.
Nigariylə Nigar hələ
Yüz il sonra soyumayıb
o samovar orda hələ.
O dünya yaşayır hələ, –
əsiri əsirdi deyir,
kəsiri kəsirdi deyir.
Pir Dədəmiz ilahi bir
sirdi deyir.
Dedim: haqdan gələn vəhydi,
ilham dolu bir ürəkdi,
yeni sevdan mübarəkdi.
Durur sənin “iş paltarın”. –
sadə, saya bir gödəkcə,
qalın əlcək,
bir də sənə yaraşmayan
batinkalar.
Sən qoyduğun kərpicin də
biri “Seyid”,
biri “Nigar”.
“Seyid-Nigar” dastanıdı
sən hördüyün şah misralar.
Hünər qadın hünəridi,
bu hökmü də zaman verir.
Sən – Türbəni göstərirsən,
Türbə – səni nişan verir.
Qazancını demirəm tək,
İnciyərsən,
çox həssassan, –
Tanrı versin, sən də qazan.
Öz hüsnünü,
camalını,
paklığını,
həyatını,
sağlığını
girov qoydun, həsr elədin.
Türbəni – bir Qəsr elədin.
daş-divarın ömrünü də
uzatdın, bir əsr elədin.
Gələcəyə salam verdin,
bir də bir arzu-kam verdin.
Sabah – Qəsr, Daş dilində
danışacaq sənin adın.
Yaşa xanım!
Bu torpaqda mən doğuldum,
sən yaşadın.
Ömür boyu çıx qarşıma,
taleyimdə yaşa mənim.
“Qızların gözünün gözü!”,
ey Nərminə Paşam mənim.
İbadət olsun gərək,
bu qeyrətə ibadət.
Adətimiz ibadət,
ibadətimiz – adət.
V
O torpaq ki, məscidi,
türbəsi yoxdu,
orda əzan səsi yoxdu.
Eşqin piyaləsi yoxdu.
O qeybdən gələn səsdi.
Yer hər yerdə müqəddəsdi.
Ziyarət yerimiz çoxdu,
ziyarətgah olan yoxdu.
Məscid – minbərdi, mehrabdı.
Orda yerə ayaq basmaq
şair, özü bir savabdı.
Cındır Osman, salam qağa,
hardan gəlib düşdün yada.
Bir ayağın Qazaxdaydı,
bir ayağın Amasyada.
Qoy dillərdə gəzsin adın,
o yığılan qızılları,
sən daşıdın
Tanrı versin əvəzini.
Yoxsa necə tikərdilər
Seyidlərin türbəsini.
Amasiya,
Azərbaycan
ya Dağıstan...
həm yaxındı, həm də uzaq.
Gedib-gəlmək öz işindi,
asan olmur baş çıxarmaq
Kimlərlə üz-üzə oldun? –
özün bir möcüzə oldun.
– Dayı, nədir apardığın
eldən-elə?
–Yüküm qızıl, əynim belə...
İşim ağır, yolum uzaq,
köməyimə kim çatacaq!
Düzlüyünə
məhəl qoyan,
əlin üstə bir əl qoyan
olmadı heç.
– Dayı, sən keç.
– Oğul, amma yıxılmaram,
əyilmərəm,
Cındır Osman kişi mənəm!
Gülüşdülər,
– Ya dəlidi, ya da bivec.
– Dayı, sən keç!
Cındırına inandılar,
ağlına yox,
o “dayılar”.
Keçdin rusun,
Osmanlının kömrüyünü.
Sən bağladın Cındır Osman,
zaman açdı
bu düyünü.
Qazaxda Mahmud əfəndi
eşitdi, güldü, bəyəndi,
səndən ötrü qəhərləndi.
“Cındır” sözü hallandıqca
dəyərləndi.
Kim ki, sənə cındır deyir,
batır mənə nizə kimi.
İpək üstə toxudardım
“cındırını” bəzək kimi.
Sən cındıra bükdün Osman,
paklığını,
düzlüyünü
Biz də gördük astarını
“üzlüyünü”.
Adam da var, Osman qağa,
cındırını bükür amma
o paklığa.
Nə vicdana sığan şeydi,
nə namusa.
Yəqin mən də əl çalmışam
o dəyyusa
VI
Seyid Həmzə Türbəsində,
axşam, bayram süfrəsində
dünyagörmüş bir ağsaqqal,
aldı-yatdı məni dərhal:
– Elə ki bir bayram gələr,
anam məni çimizdirər,
geyindirər,
şirin-şirin dindirərdi,
ziyarətə göndərərdi.
Dərs ilimiz başlayardı,
məktəbə – dərsə gedərdik.
Əvvəl Seyid Türbəsinə –
verib səs-səsə, gedərdik.
Babamın da əllərindən
öpmək üçün,
ziyarətə gedərdim mən
elə o gün.
Toyda-yasda unutmazdıq
ziyarəti,
babamızdan, nənəmizdən
bizə qalan bu adəti.
Azad deyilsə bir dövlət,
nə mən, nə sən, nə bir millət
Qıla bilməz orda cümə
namazını.
Ala bilməz orda İslam
havasını.
Əxlaqımız bizim buydu,
günlər bayramla doluydu.
Ruslar, sovetlər dəyişdi,
dünya birtəhər dəyişdi,
bizim adətlər dəyişdi.
Elə ki, adət də itir,
dalınca millət də itir.
Amasyada mən gördüyüm
bu toy –düyün,
Türbənin bərpası deyil,
adətin də bərpasıdı.
Əxlaqın da, bu əxlaqa
hörmətin də bərpasıdı.
Geriyə yox, irəliyə, –
Seyid Həmzə Nigariyə,
özümüzə qayıdışın
bərpasıdı.
Sizdən bizə,
bizdən sizə qayıdışın
bərpasıdı.
Bir könlü ki, xoş elədin,
o Tanrıya ibadətdi –
Könüllərə ziyarət də,
Mədinəyə, ya Məkkəyə
ziyarətdi.
Mən bilmədim, məni belə
ovsunlayan, –
o qocaydı,
ya səniydin, Azərbaycan.
lll
Deyirlər ki, Şeyx Nigari,
ölümündən bir az qabaq,
fikri iti, baxtı oyaq
bir nəfəri
göndərib ki, Qarabağa, –
oğlunun bir köynəyini
dəfn eləsin o torpağa.
“Əslimizi soruşsalar,
qəbrimizi
nişan verin”.
Pul-para da veribdi ki,
Qarabağda
ehsan verin.
Bir az torpaq istəyibdi,
bəs eyləyər, –
deyib o da.
Öz qəbrimə,
Amasyada basdırdığım
oğluma da ...
lll
Mənim Tanrım!
Mənim ulu Peyğəmbərim!
Seyidlərdən – seyidlərə
istəyirəm salam deyim.
Şeyx Sədi Ağam deyim.
Səfər bəyə bəyim deyim.
Mir Cəlalı doyunca
dinləyim deyim.
Bakıda Mir Möhsün Ağa! –
o torpağa,
üzümü söykəyim deyim.
Məni Çərcis peyğəmbərim
çağırmışdı Beyləqana.
Orda ona,
dəyim deyim.
Gedim Mahmud Əfəndini
ziyarət eyləyim deyim.
Haqq yolunda haqsız gedən
seyidlərim,
şəhidlərim!
Sizsiz qalan bu dünyaya
heç bilmirəm,
nəyim deyim?!
Epiloq əvəzi
Seyid, türbən mübarək,
zəvvarların gələcək
Burda bir ruh, bir ürək
üzbəsurət danışır.
lll
Mir Həmzə Nigaridən,
nigaran olma Vətən.
Şairin taleyindən
indi millət danışır.
lll
Var ol ulu yaradan,
seçdin ağı qaradan.
Yanılma, tarix yazan,
o təriqət danışır.
lll
Amasya torpağında,
Mövlana sorağında.
bu ana qucağında,
mehr-ülfət danışır.
lll
Əzizim, mehribanım,
oyat məni, oyanım.
Seyid, Nərminə xanım
bir rəvayət danışır.
lll
O deyir: yarın mənəm,
son yadigarım mənəm.
Seyid, Nigarın mənəm,
Ruh, şəriət danışır.
lll
Açdım, bükdüm, bələdim,
köhnəni təzələdim.
Gül üstə gül ələdim
bunu ümmət danışar.
lll
Ruhun-ruhumda Şeyxim,
gördüm yuxumda Şeyxim.
Mənim ahımda Şeyxim
bir səadət “danışır”,
lll
Dağlara çən düşəndə,
sünbülə dən düşəndə
ruhu bədəndən oynar
yadına sən düşəndə.
lll
Eşqdi, ülfətdi dünya,
Eşqsiz qeybətdi dünya.
Demək, zülmətdi dünya,
Demək zülmət danışır.
Türkiyə
Amasya, – Bakı. 2014