|
|
|
|
Heydər Əliyev Sarayında Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Xalq yazıçısı, Dövlət mükafatı laureatı, görkəmli dramaturq İlyas Əfəndiyevin 100 illik yubileyinə həsr olunmuş yubiley tədbiri gerçəkləşib.
Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, mərasimdə görkəmli dövlət və hökumət adamları, tanınmış yazıçı və şairlər, ziyalılar iştirak edərək İlyas Əfəndiyevin ədəbiyyat, incəsənət və teatr sahəsində fədakar əməyindən söz açıblar. Tədbirdə görkəmli dramaturqun həyat və fəaliyyətilə bağlı videoçarx nümayiş etdirilib.
Xalq yazıçısı İlyas Əfəndiyev 1914-cü il may ayının 28-də Füzulidə tanınmış ailədə anadan olub. Bədii yaradıcılıq yolunda ilk uğurlu addımlarını 30-cu illərin axırlarında atıb. İ.Əfəndiyev 1940-cı ilin yanvar ayında Azərbaycan Yazıçılar İttifaqına üzv qəbul edilib.
O, 1954-cü ildən etibarən Yazıçılar İttifaqı Rəyasət Heyətinin üzvü olub, 1958-ci ilin axırlarında İdarə Heyətinin məsul katibi seçilib. 1960-cı ildə Əməkdar incəsənət xadimi fəxri adını almış İ.Əfəndiyevin yaradıcılığında 60-80-cı illər ən zəngin dövr hesab olunur. Bu illərdə onun yaradıcılığında janr rəngarəngliyi özünü göstərir. Ədib bir-birinin ardınca iri nəsr əsərləri, ciddi ictimai-siyasi problemlər qaldıran, gözəl mənəvi keyfiyyətlər aşılayan, eyni zamanda müasir Azərbaycan nəsrinin yüksək bədii-estetik səviyyəli nümunələri kimi şöhrət qazanmış “Körpüsalanlar” (1960), “Dağlar arxasında üç dost” (1963), “Sarıköynəklə Valehin nağılı” (1976-78), “Geriyə baxma, qoca” (1980), “Üçatılan” (1981) kimi povest və romanlarını dərc etdirir, eyni zamanda maraqlı dram əsərlərini qələmə alır, publisist və ədəbiyyatşünas kimi məhsuldar yaradıcılıq yolu keçir. O illərin məhsulu olan “Sən həmişə mənimləsən” (1964) pyesi ilə Azərbaycan səhnəsində lirik-psixoloji dramanın əsasını qoyur. Bu yolu uğurla davam etdirən dramaturq “Mənim günahım” (1967), “Unuda bilmirəm” (1968), “Məhv olmuş gündəliklər” (1969), “Qəribə oğlan” (1973), “Bağlardan gələn səs” (1976) kimi pyeslər yazır. Ölməz sənət nümunələri kimi Azərbaycan dramaturgiyası xəzinəsini zənginləşdirən, yüksək vətəndaşlıq pafosu, incə lirizm və dərin psixoloji tapıntılarla aşılanan bu pyeslər teatr sənətimizdə yeni bir mərhələ açıb – İlyas Əfəndiyev teatrı yaranıb. 60 ildən çox yaradıcılıq yolu keçmiş İ.Əfəndiyev, 90-cı illərdə də məhsuldar bir yazıçı kimi yazıb-yaradıb. “Hacı Axundun cənnət bağı necə oldu” hekayəsi, “Xan qızı Gülsənubərlə tarzən Sadıqcanın nağılı” povestini dərc edilib, “Şeyx Xiyabani” (1986), “Bizim qəribə taleyimiz” (1988), “Sevgililərin cəhənnəmdə vüsalı” (1989), “Tənha iydə ağacı” (1991), “Dəlilər və ağıllılar” (1992), “Hökmdar və qızı” (1994) pyesləri tamaşaya qoyulub, bir sıra yeni kitabları nəşr olunub.
Görkəmli ədib İlyas Əfəndiyev 1996-cı ildə dünyasını dəyişib və Fəxri Xiyabanda dəfn edilib.
S.ABDULLAYEVA