|
|
|
|
Dövlət Pantomim Teatrının gənc istedadlı aktyoru və rejissoru Ceyhun Dadaşov Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Aktyor sənəti fakultəsində təhsil alan tələbələr üçün V.E.Meyerxoldun “Biomexanika” təlimi əsasında aktyor tərbiyəsi mövzusunda iki gün Ustad dərsi keçdi.
Maraqla keçən ilk nəzəri məşğələdə Ceyhun Dadaşov Biomexanika və onun yaranma tarixi ilə ümumi tanışlıq, V.E. Meyerxoldun “Biomexanika”sı, onun aktyor yaradıcılığının və ümumilikdə teatr sənətinin inkişafinda rolundan söhbət açdı.
“Aktyorun obraza, onun hisslərinə yaxınlaşmasının yeganə yolu təcrübə ilə, yaxud obrazın psixoloji mahiyyətini dərk etmə cəhdi ilə deyil, hərəkətlə başlanır və hər şeydən öncə əsl ustalıq səhnədə aktyor oyununun tamaşaçı mənəviyyatına , hisslərinə toxuna bilməsidir “ deyən C. Dadaşov bu sistemin aktyor yaradıcılığı və onun texnikası üçün böyük əhəmiyyətə malik olduğunu qeyd etdi.
İkinci məşğələ isə artıq praktiki şəkildə təşkil olunaraq, aktyor və məkan, aktyor və obraz kimi məsələləri tələbələr oyun, məşğələlər yolu ilə öz üzərilərində hiss etməyə çalışdılar.
Hər iki məşğələ müəllim və tələbələrin fikir mübadiləsi, sual cavab şəklində, səmimi ab-havada keçdi.