“Bu gün beynəlxalq təşkilatların üzərində durduğu və həll etməyə çalışdığı bir problem də var ki, bu da köç-miqrasiya problemidir. Bu, bəşəriyyət mövcud olandan bəri yaşanılan və üzləşilən bir problemdir”.
Bunu parlamentin İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova dünən Milli Məclisdə (MM) TÜRKPA-nın üzv ölkələrinin sosial siyasət komitələrinin 2-ci birgə toplantısında “TÜRKPA üzvü ölkələrinin miqrasiya problemləri və imkanları” mövzusunda dinləmələr zamanı dilə gətirib. Onun dediyinə görə, miqrasiya dünyada inteqrasiyanın inkişafına müsbət təsir edirsə, eyni zamanda, dövlətlərin müəyyən problemlərlə də qarşılaşmasına səbəb olur.
“Ona görə hər bir dövlət bu problemin həlli istiqamətində öz addımlarını atmağa, müvafiq qərarlarını verməyə çalışırlar”.
Komitə sədrinin sözlərinə görə, müstəqilliyinin cəmi 23 yaşını yaşayan Azərbaycan dövləti və cəmiyyəti üçünsə digər ölkələrlə müqayisədə miqrasiya məsələsi yeni məsələdir: “Onu da deyim ki, Azərbaycana gələn miqrantların sayı ildən-ilə artmaqdadır. Çünki Azərbaycan miqrantlar üçün cəzbedici və cəlbedici ölkədir. Çünki Azərbaycanda böyük inkişaf, iqtisadi artım yaşanır və bu da Azərbaycanı miqrantlar üçün cəzbedici edir. Təsadüfi də deyil ki, MDB məkanında ilk dəfə məhz Azərbaycanda Miqrasiya Məcəlləsi qəbul olundu”.
Bununla belə, komitə sədri onu da bildirib ki, son illər Qərbdə miqrantlara qarşı çox aqressiv münasibət sərgilənməkdədir:
“Avropanın qorxduğu odur ki, miqrantlar onların uzun illər formalaşdırdıqları, yaratdıqları avropalı, qərbli simasını “dəyişəcək”. Bununla bağlı da bəzi Avropa, Qərb ölkələrində miqrantlara qarşı qadağalar siyasəti həyata keçirilməyə başlandı. Ancaq Avropada miqrantlara böyük ehtiyac olduğu da göz önündədir, onlar miqrantlarsız keçinə bilməyəcəklər.
Ümumiyyətlə, miqrasiya bizdən asılı və geriyə dönüşü olmayan bir məsələdir. Heç kim bunun qarşısını ala bilməz. Odur ki, miqrantlara həssas yanaşmaq, onlara insan hüquqları prizmasından münasibət göstərmək lazımdır”.
Kamil HƏMZƏOĞLU