|
|
|
|
Millət vəkili Qənirə Paşayeva parlamentdə hökuməti 2015-ci ilin dövlət büdcəsində ipoteka kreditlərinə ayrılan vəsaitin həcmini artırmağa, şərtləri yumşaltmağa və imkansız ailələr üçün sosial mənzillərin tikintisinə çağırıb.
Minlərlə ailənin mənzil problemindən əziyyət çəkdiyini deyən millət vəkili evsizlik problemindən əziyyət çəkən çoxlu sayda ailələrin probleminə xüsusi diqqəti ayıraraq imkansız, maddi imkanları aşağı olan ailələrin mənzillə təminatı istiqamətində ipoteka ilə yanaşı daha güzəştli şərtləri özündə ehtiva edən layihələrə ehtiyac olduğunu bildirib. Qardaş Türkiyədəki TOKİ sisteminə də toxunan millət vəkili dünyada bu istiqamətdə müsbət təcrübələri öyrənərək təcili addımlar atılmasına ehtiyac olduğunu deyib.
Nə qədər gənc ailələrdə mənzil məsələsinə görə problem yaranır deyən millət vəkili xüsusilə orta məktəb müəllimlərinin böyük bir hissəsinin ipotekadan yararlana bilməməsinə xüsusi diqqət çəkərək bu məsələnin həllini xahiş edib. O, bildirib ki, orta məktəb müəllimləri ipoteka üçün müraciət edəndə onların əmək haqlarının ipotekanın ödənişi üçün lazım olan standartlardan aşağı olması əsas gətirilir və onların bir çoxu dövlətin bu sistemindən yararlana bilmirlər:
"Ona görə də orta məktəb müəllimlərinin ipotekadan lazımi səviyyədə öz mənzil probleminin həlli istiqamətində yararlana bilməsi üçün mexanizmlərə ehtiyac var və Hökumətimizi gələn ilin büdcəsində bu məsələni həll etməyə çağırırıq. Bu, müəllimlərimiz üçün böyük dəstək olardı.Mən eyni zamanda orta məktəb müəllimlərimizin əmək haqlarının artmasının da önəmli olduğunu düşünürəm və inanıram ki, hökumət üzvlərimiz gələn ilin dövlət büdcəsi çərçivəsində bu məsələyə də xüsusi diqqətlə yanaşacaqlar. Amma maddi imkanları aşağı olan insanlar üçün mütləq sosial evlər tikilməli və uzunmüddətli az ödəmələrlə maddi imkanları aşağı olan ailələrin ixtiyarına verilməlidir. İnanıram ki, bu məsələ yaxın zamanlarda öz həllini tapacaq".
KAMİL