|
|
|
|
Nəhayət, dünyanın bu nəhəng fövqəldövlətinə getmək 2005-ci ildə mənə də qismət oldu. Bir çox inkişaf etmiş ölkələrdə olsam da, Amerika Birləşmiş Ştatları haqqında gözlənti və düşüncələrim tamamilə fərqli idi. Əslində, buna səbəb də var idi. Çünki o illərdə bu ölkənin siyasiləşmiş, yalançı demokratiya pərdələri hələ tam açılmamışdı. Sadə insanlarımızdan tutmuş məmur və diplomatlarımızadək, demokratiyadan danışanda hamı, bir qayda olaraq, ABŞ-dan nümunələr gətirər, gördüklərinə, eşitdiklərinə bir az da şişirdilmiş əlavələr edərdi. Əlbəttə, mən bu yazımla böyük dövlətçilik tarixinə malik bir ölkədə demokratiyanın səviyyəsi barədə insanlarda rəy yaratmaq niyyətində deyiləm. Yalnız səfər zamanı rastlaşdığım bəzi məqamları oxucularla paylaşmaq istəyirəm.
Səfərdən əvvəl biz, protokola uyğun olaraq, ABŞ-ın ölkəmizdəki səfirliyinə dəvət olunduq. Viza verilmədən öncə səfirliyin əməkdaşı bizə çoxsaylı suallarla müraciət etdi. Ancaq verilən bir sual məni çox düşündürdü: "Siz indiyədək hansısa mətbuat, yaxud televiziyada Amerikanın mənafelərinə uyğun olmayan çıxışlar etmisinizmi?" Əlbəttə, bu sual çoxlarına adi görünə bilər. Amma məni düşündürən o idi ki, deməli, söz azadlığının carçısı kimi tanıdığımız bir ölkənin səfirliyində 30 yaşlı bir gəncə Amerika haqqında yazdığı yazıya, azad sözə, sərbəst bir düşüncəyə görə də viza verilməyə bilər.
Nəhayət, Vaşinqton şəhərinə gəldik. ABŞ Dövlət Departamentinin bizə təhkim edilmiş əməkdaşı ilə ilk tanışlığımız zamanı təhlükəsizliyimiz üçün, Vaşinqtonun bəzi məhəllələrinə, xüsusilə axşam saatlarında, getməməyimiz tövsiyə olundu. Tərcüməçimiz ABŞ-da yaşadığı üçün qaydaları yaxşı bilirdi. O da dövlət rəsmisinin fikirlərini bir az da gücləndirərək, Vaşinqtonun bəzi küçələrində zəncilərdən ibarət cinayətkar qrupların mövcudluğu, tez-tez baş verən ölüm halları haqda bizi məlumatlandırdı. "Ağ-qara" probleminin bu ölkədə həssas məsələ olmasını əsas gətirərək dövlətin bu işə ehtiyyatla yanaşdığını bildirdi. Doğrudan da, eşitdiklərimizə inana bilmirdik. Dünyanın bir nömrəli hüquq dövlətində, özü də paytaxt şəhərində xarici qonaqlara rəsmən deyilir ki, bu küçələrə getməyin, orada cinayətkarlar var... və s. Əlbəttə, təəccübümüz təbii idi. Çünki nəinki bizim Bakıda, hətta Azərbaycanın ən dağlıq ərazilərində, qalın meşələrində belə elə bir yer tapılmaz ki, biz oraya cinayətkarlar var deyə gedə bilməyək və bunu xarici qonaqlara da rəsmən bildirək.
Üç gündən sonra Nyu-York şəhərinə getdik. Nümayəndə heyətimizin bütün üzvləri ilə birgə alış-veriş üçün böyük bir ticarət mərkəzinə gəldik. Elə binaya təzəcə daxil olmuşduq ki, 4-5 polis əməkdaşının 2 qadını dubinka və təpiklə əzişdirərək yerə yıxdığının, sonra isə qollarını qandallayaraq küçədəki maşına tərəf sürüklədiyinin şahidi olduq. Hamımızda təəccüb doğuran bu məsələ ilə maraqlandıq. Sən demə, həmin qadınlar ticarət mərkəzindən oğurluq etmək istəyiblər. Kamera nəzarətçiləri mühafizə polisini çağırıb. Qalanı isə mənim və Azərbaycandan olan 6 nəfərlik nümayəndə heyətinin gözü önündə baş verdi. Bizi təəccübləndirən isə o idi ki, bəzi "azərbaycanlı" hüquq müdafiəçilərinin, ABŞ və Avropanın demokratiya və insan haqlarından dəm vuran instititut rəhbərlərinin dili ilə desək, axı bu qadınların cinayətləri hələ tam sübut olunmamışdı. Məhkəmənin hökm və qərarı yox idi. Eyni zamanda, bu qısa müşahidədə öz gözlərimizlə şahid olduq ki, Amerika polisi üçün cinayətdən söhbət gedirsə, qadın və kişi məfhumu eynidir.
Üç gün sonra Oklahoma ştatına gəldik. Paytaxtda yerləşən, 150 min tirajla nəşr olunan "Talsa xəbərləri" qəzetinin redaksiyasında olduq. Bizi gözləyən nümayəndə Amerika mətbuatı ilə bağlı ütülənmiş məlumatlar verdi, bu ölkədə azad sözdən, jurnalistlərə olan hörmət və ehtiramdan ağızdolusu danışdı. Görüşdən sonra təsadüfən, qəzetin foyedə dayanmış bir əməkdaşı ilə də söhbət edə bildik. Elə bil ki, bir qəzetin iki əməkdaşı fərqli ölkə və cəmiyyətlərdən danışırdılar. Adını xatırlaya bilmədiyim bu amerikalı müxbir öz ölkəsində jurnalistlərin rastlaşdığı çətinliklərdən, şəhərin merindən bir ilə yaxın müddət ərzində zəruri məlumatları əldə edə bilməməsindən, İraqda və yaxın Şərqdə baş verən əsl həqiqətlərin amerikalılardan gizlədilməsindən, ABŞ-ın böyük media holdinqlərinin dövlətin xüsusu xidmət orqanlarıyla iş birliyindən, nəhəng tikinti şirkətlərinin korrupsiya oyunlarından tutmuş, "ağ-qara" problemlərinə qədər, daha nələrdən, nələrdən... danışdı. Bir Azərbaycansayağı cümlə ilə desək, Amerikanı yaş yuyub, quru sərdi.
Əslində, bu səfəri təşkil edən, maliyyələşdirən ABŞ institutları da bizə 21 gün ərzində bu ölkəni tanıtmağa, Amerika demokratiyasının yalnız dünyaya açılan üzünü göstərməyə çalışırdılar. Əlbəttə, biz də görməyə cəhd etdik, amma onların yox, bizim istədiyimiz tərəfdən.