Naxçıvan Dövlət Universitetinin Mühasibat uçotu və maliyyə kafedrasının müdiri, dosent Mehdi Bağırovun 3 yeni kitabı işıq üzü görüb. 25 kitabın, 100-dən çox elmi əsərin müəllifi olan Mehdi Bağırov onların ərsəyə gəlməsində ilk növbədə keyfiyyətli tədrisin təşkili, bacarıqlı iqtisadçı kadrların hazırlanması, əsaslı tədqiqat işlərinin yerinə yetirilməsi kimi vəzifələrin icrasını özünə əsas məqsəd seçib.
Universitetin mətbuat şöbəsindən "525"ə verilən məlumata görə, vəsaitlər ölkəmizdə həyata keçirilən iqtisadi və siyasi islahatların nəticəsində statistikanın mahiyyəti və funksiyaları, müəssisələrdə onun yerinə yetirdiyi vəzifələrin öyrənilməsi baxımından əhəmiyyətlidir. "Statistika" fənnindən tədris-metodiki vəsait, "Statistikanın nəzəri kursundan nümunəvi testlər toplusu", "Statistik informasiya və onun təsviri üsulları" (monoqrafiya) kitabları Naxçıvan Muxtar Respublikasının yaranmasının 90 illiyinə həsr olunub.
Təsərrüfat uçotu və idarəetmə sahəsində fəaliyyətin beynəlxalq və ölkədaxili təşkilindən bəhs edən, ümumilikdə ölkəmizdə, o cümlədən Naxçıvan Muxtar Respublikasında iqtisadi təhsilin səviyyəsinin yüksəldilməsinə yönəldilən hər üç kitab Naxçıvan Dövlət Universitetinin Elmi Şurasının qərarı ilə çap edilib.
Statistikanın nəzəri kursu əsasında hazırlanan kitablarda, statistikanın fəaliyyət mərhələ və istiqamətləri, üsul və növləri haqqında informasiya verilib. Əsas diqqət, görülən işlərin statistikanın milli və beynəlxalq standartlara uyğunluğunun təmin olunmasına yönəldilib. Statistika fənninin tələbələr tərəfindən daha yaxşı mənimsənilməsinə yardım göstərəcək bu vəsaitlər Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının "Statistika" fənni üzrə qoyduğu tələblərə uyğun hazırlanıb. Vəsaitlərdə statistikanın nəzəri əsasları üzrə bütün bölmələrə diqqət yetirilib, təriflər, məzmun və istifadə üzrə izahatlar verilib, tanınmış alim-statistiklər haqqında bəhs olunub. Düstur və qrafiklərə, sxem və cədvəllərə kifayət qədər yer ayrılıb, mövzular üzrə misallar şəklində nümunələrdən istifadə olunub. Qeyd etmək yerinə düşər ki, tədris-metodiki vəsaitlər "Statistikanın nəzəri əsasları" (dərs vəsaiti), "Statistika kursu" (dərs vəsaiti) və "Statistikanın nəzəri kursundan nümunəvi testlər toplusu" (tədris-metodiki vəsait) bir-birinin məntiqi davamı və tamamlayıcısıdır. Əcəmi Nəşriyyat-Poliqrafiya Birliyində çap olunan tədris təyinatlı yeni vəsaitlər ali təhsilin bakalavr və magistr pillələrində təhsil alanlar, dissertantlar, müəllimlər, həmçinin statistika fənni ilə maraqlanan oxucular üçün nəzərdə tutulub.