BU YAZ SƏHƏRİ
Yuxudan oyandım çiçək səsinə,
Şirin arzulardan təngidi sinə,
Vurğunam baharın təntənəsinə,
Duyğum min rəng aldı bu yaz səhəri.
Bağa çiçək yağır, bərə sevinir,
Duman zirvə aşır, dərə sevinir
Günəş də, torpağa salama gəlir,
Xəyal qanadlanır, bu yaz səhəri.
Baxıram bu yaz da, bizim yaz deyil,
Ruhuma, qanıma yatmır elə bil.
Qərib bir həsrətdən kövrəlir könül,
Fikrim dumanlanır, bu yaz səhəri.
Aləmə nur yayır sübh şəfəqləri,
Burda çiçək seli tutub hər yeri.
Qaytara biləydim çiçək illəri,
Ürək sevdalanır, bu yaz səhəri.
BU ÖMÜR NƏYƏ GƏRƏK
Sonu ayrılıqdısa,
Sonu tənhalıqdısa,
Həyat sevdiklərini
Sənə verdiklərini
Qaytarıb , alacaqsa
Ömür sonda bir damla
Göz yaşı olacaqsa
Yaşamıram mən demək,
Bu ömür nəyə gərək?
Baharın çiçək selində
Gözlərimə sığışmırsa
Göz yaşlarım,
Yalqızlığın lal qəmində
Solursa, baxışlarım,
Ta bu gözəlliklərdən
Mənə baxmırsa gözlərin,
Ölüm mələyinin əliylə
Susubsa sevgi nəğmələrin.
Yaşamıram mən demək,
Bu ömür nəyə gərək?
Dünən sevgi dolu, şirin arzulu
Bir xəzinəydisə ürək,
Bu gün ayrılığın qəmində
Uralanmış bostan kimi,
Olubsa ələk-vələk
Yaşamıram demək,
Bu ömür nəyə gərək?
SƏNSİZLİKDƏN SƏNƏCƏN
Şeir yazıram sənə
Yenə də təklənmişəm
Sənsizlik sıxır məni
Qəminlə yüklənmişəm.
Nədən başlayıramsa
Fikrim yarımçıq qalır,
Nə yazıramsa, yazım
O, sənə ünvanlanır.
Şeir yazıram sənə
dərd sinəmi əzəndə
Bu zalım həsrət məni
gəzim-gəzim gəzəndə.
Elə bildim ki, sənsiz
Dünyada yaşamaram,
Bir misra da yazmağa
Ələ qələm almaram
Şeir yazıram yenə
Dönük çıxıb sözümə,
Başlanan hər günümü
ta vermişəm dözümə.
Şeir yazıra yenə
Ayrılığın qəmini
Atıb azaltmaq üçün,
Məndən sənə uzanan
Yolu qısaltmaq üçün.
Yazdığım bu şeirimi
Kim gətirib, çatdırar,
Nə məndən poçt aparan
Nə səndən gətirən var.
Ünvanın bəlli deyil
Yolun, yolumdan uzaq,
Kimin var məndən qeyri
Darıxa mənim sayaq
Yol-yola bələdçidi
Vaxt da son mənziləcən,
Sevginlə şeir yazacam
Sənsizlikdən, sənəcən.
EY TANRIM
Ey Tanrım, dünyamız dar olub bizə,
Şeytan əl uzadıb dincliyimizə.
Səngimir insanda hərislik, şöhrət,
Bir əmrlə batır bütöv məmləkət.
Gedir birincilik davası indi,
Dağılır məzlumun yuvası indi
Od saçan silahlar ölkələr gəzir ,
Güclülər gücsüzü xışlayır, əzir
Bəhanəyə dönüb haqq, demokratiya,
Qoymurlar körpələr dinc yuxu yata,
Sökülür, dağılır ərəb dünyası,
Dillərindən düşüb Tanrı duası.
Şər, şeytan giribdır qılığa yenə,
İnsan bomba tökür Allah evinə.
Qəzəbinmi tutub sənin də yerə,
Ya yaşat, ya öldür bizi bir kərə
Dünyamızı sel-su ağzına alır,
Gah torpaq od tutur, alışır, yanır.
Anlat, insanlarda nədir bu belə -
Əkdiyi tamahdı, biçdiyi hiylə
Türkün də dünyasın qarışdıran var,
Arabir ocağın alışdıran var.
Türkdəki ucalıq Qərbi çaşdırıb,
Kinin, küdurətin yenə daşdırıb.
Türkdilli ölkələr susurlar nədən
Türk türkə arxadı başdan, binədən?
Sənsən yer üzünə sevgilər tökən?
Sənsən ruhumuza gözəllik əkən.
Rəhm elə ağlına sığışsın, insan,
Etdiyi şər işdən yığışsın, insan.
Yenə yer üzünə qanadını gər,
Şər ayaq tutmasın, yaşasın bəşər.
QOY SƏNƏ YAXIN GƏLİM
İlahi , hamı kimi
Mənə də ömür verdin,
Mərhəmətinlə dolu
bir sevgi də göndərdin
Heç nədən təmənnam yox
gözüm könlüm də toxdur,
Sənin sevgindən qeyri
İndi heç nəyim yoxdur.
O elə sevgidir ki,
O elə vergidir ki,
Hökmilə boz səhralar,
Çəmən-çəmən güllənir
Çiçək-çiçək göyərib
Qara daşlar dillənər.
Ürəkdə təmənnasız
Böyüyər öz-özünə,
Var-dövlət istəmirəm
Sığınmışam sevginə
Ruhuma gözəlliklər
əkirsə sənin sevgin,
Ürəyimə mərhəmət
tökürsə sənin sevgin
Böhtandan, yalanlardan
Yoğrulmayıbsa şeirin,
O, ilahi sevginsiz
doğulmayıbsa seirim,
Ömür verdiyin paysa
al apar onu məndən,
Sevgini əsirgəmə
Tanrım səni sevəndən.
Dərgahına çatmağa
Nə qalıb hardan bilim,
Aç qapını bəndənə
Qoy sənə yaxın gəlim.
SƏNİ GƏZƏCƏK
Tənhayam, yalqızamsa
Demək yoxam dünyada,
Fikirlərim dolaşıq
Ürək kimsəsiz ada.
Yerlə-göyün sevgisin
İçimdə gəzdirənəm,
Qəm karvanın sonacan
Çəkən sarvanda , mənəm.
Adamlar arasından
Mənəm çoxdan silinən,
Ruham, xəyalam sanki
Göylərdə tənha gəzən.
Səngiməz göz yaşlarım,
Sonsuz yalvarışlarım,
Sənə əbədi laylam,
Sənə sonuncu nəğməm,
Mənimlə qoşa gəzib
Keçdilər taleyimdən,
Həsrətlə sevincimi
biçdilər taleyimdən
Əlim əldən ayrıldı,
Ürəyim, ürəyindən,
Yüklənmişəm, alışan
Dərdlərimin külündən.
Səninlə baş-başadı
İndi fikrim, düşüncəm,
Al gündüzüm qaralıb,
Zülmətdədir hər gecəm
Tənha qalan ulduzum
Yalqızlıqdan bezəcək,
Ruhumuzu yaşadan,
O sahilsiz göylərdə,
Bir gün səni gəzəcək.
BU GÖZƏL
Öz toyunda oynayan qıza
Bu qız bürünübdür al- yaşıl tülə,
Tül ona yaraşır, özü də gülə.
Dolanır məclisdə belədən-belə
Qol açıb, arada süzür bu gözlər.
Bu qızı bir eşqin havası vurub,
Sağında, solunda mələk oturub.
Sanki yerlə-göylə davaya durub,
Telinə gül-çiçək düzür bu gözəl.
Gör necə dolanır hallı-havalı
Atadan, anadan xeyir dualı?
Kəklik tək ayağı əli xınalı
Sanki dağda-daşda, gəzir bu gozəl.
Üzündən, gözündən məhəbbət yağır,
Hərdən də boylanıb ahu tək baxır.
Subayların bağrın yandırıb yaxır,
Könüllər talayır, əzir bu gözəl.
Həyat da, sevgi də elə gözəldi,
Bunun hansı axır, hansı əzəldi?
Horovlu gəncliyin özü gözəldi,
Sevgi ümmanında üzür bu gözəl.
ÖZÜMÜ SEVƏRDİM
Bir ömür bitirdim
Əsrin qalmaqallı olaylarında,
Hayda-harayda,
Ömür gendən baxıb getdi,
Bilmədim nə vaxt gəldi, necə getdi.
Gah anamın qucağında,
Babamın köhnə ocağında isinib, ovundum,
Gah qürbətin soyuğunda dondum.
Bir gözüm Cənubda, biri Şimalda,
Baxışlarımı yollarda yordum
Ölə-dirilə bir əsrdən-birinə keçdim,
Zamanın ağrılarını
Neçə yol içdim.
Vaxt axarını saxlamaqmı olar?
Ömürlə saziş
Bağlamaqmı olar?
Ər, övlad qulluğunda,
Gəlib gedənlərin bolluğunda
İtən anlarıma,
Başımın üstdən xəbərsiz
Ötən anlarıma,
Ömrü səxavətlə xərcləyib yaşadım,
Torpaq itgisitək ağır
Yük daşıdım.
Bir ömrüm də olsaydı
Özümə dönərdim,
Ömrü qənaətlə xərclərdim.
Dünyanı, insanları
Sevdiyim kimi,
Bir az da, özümü sevərdim.