Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi bədii tərcümə əməyinin dəyərləndirilməsi, tərcümə sahəsinin inkişafının stimullaşdırılması məqsədi ilə “Dəf(i)nə yarpağı” adlı Bədii Tərcümə Mükafatı təsis edib.
525.az-ın Mərkəzin rəsmi saytına istinadən verdiyi məlumata görə, müsabiqənin 2 ildən bir keçirilməsi nəzərdə tutulur. Tərcümə əsərlərinin qəbul müddəti bu ilin oktyabr ayının 24-dən dekabr ayının 20-sinə qədər müəyyən edilir. Qaliblərin adı 2015-ci ilin mart ayının sonlarında keçiriləcək mükafatlandırma mərasimində elan olunacaq.
* Müsabiqəyə nəsr və poeziya üzrə Azərbaycan dilinə tərcümə edilmiş əsərlər qəbul edilir.
* Müsabiqəyə təqdim edilən əsərlərin həcmi aşağıdakı qaydada müəyyən edilir: nəsr əsərləri – 20.000 işarəyə qədər poeziya nümunələri – 100 misraya qədər
* Hər nominasiya üzrə mükafat bir müəllifə və bir əsərə təqdim edilə bilər.
* Bir şəxs mükafata bir nominasiya üzrə yalnız bir əsər təqdim edə bilər.
* Müsabiqədə iştirak edən namizədlər üçün yaş məhdudiyyəti yoxdur.
Müsabiqəyə təqdim üçün zəruri olan sənədlər:
a) Tərcümə edilmiş əsər elektron poçtla göndərilmirsə, çap olunmuş şəkildə 5 nüsxə;
b) Şəxsiyyət vəsiqəsinin surəti;
c) Müsabiqə iştirakçısının əlaqə nömrəsi;
ç) Tərcüməçinin digər işlərinin siyahısı (mənbəyi göstərməklə);
d) Tərcümə əsərləri elektron ([email protected] ünvanına) və kağız formatında təqdim edilə bilər.
Qeyd: Göndərilən nüsxədə əsərin Azərbaycan dilinə hansı dildən çevrildiyinin qeyd edilməsi zəruridir;
Müsabiqə şərtlərinə əməl olunmadan təqdim edilən əsərlər müsabiqədə iştirak etmir.