|
|
|
|
Bu il Vilnüs şəhər Bələdiyyəsinin Ratuşa binasında ölkədə ilk dəfə olaraq Litva Milli icmalar gününə həsr olunmuş təntənəli tədbir keçirilib. Mayın 21-də baş tutmuş rəsmi bayram tədbirində dövlət və hökumət institutlarının rəhbərləri, xarici ölkələrin Litvadakı diplomatları, Litva milli icmalarının və bir sıra digər QHT liderləri, elm və mədəniyyət xadimləri, siyasət adamları, beynəlxalq humanitar təşkilatların və fondların təmsilçiləri, etnik azlıqlar siyasəti üzrə mütəxəssislər, KİV-nin nümayəndələri və digər şəxslər iştirak ediblər.
Tədbirdə Vilnüs şəhərinin meri Arturas Zuokas, Litva Respublikası Seyminin vitse-spikeri Pyatras Auştryaviçyus, Litva Respublikası Hökumətinin 1-ci vitse-kansleri Remigiyus Motuzas, LR mədəniyyət nazirinin müavini Edvard Truseviç, Vilnüs şəhər Bələdiyyə Şurası Milli İcmalar və İnkişaf komitəsinin sədri Olqa Qorşkova milli azlıqları Milli icmalar günü münasibəti ilə təbrik ediblər. Sonra Litva Milli İcmalar Şurasının sədri Qalina Mişkinene Şuranın fəaliyyəti barədə məruzə edib.
Bir sıra Litva milli azlıq təşkilatlarının rəhbərləri, etnik mədəniyyət kollektivləri və incəsənət dərnəklərinin üzvləri fəal və səmərəli fəaliyyət göstərdikləri üçün, eləcə də ölkədə mədəniyyətlərarası dialoqu inkişaf etdirib tolerantlıq ənənələrini gücləndirmək və ahəngdar millətlərarası münasibətləri formalaşdırmaq işinə töhfələr verdiklərinə görə Litva Respublikası Baş nazirinin, LR Mədəniyyət nazirinin, Vilnüs şəhər merinin, Vilnüs şəhər Bələdiyyəsi Şurasının Fəxri diplomları ilə təltif olunublar.
Tədbir iştirakçılarının qarşısında Litvanın məşhur "Banchetto musicale" etnoqrafik rəqs qrupu konsert proqramı ilə çıxış edib və Ratuşa səhnəsində XIII - XVIII əsrlərdə Böyük Litva Knyazlığında yaşamış müxtəlif xalqların qədim milli rəqsləri ifa olunub.
Tədbirlə bağlı Ratuşanın sərgi zalında "Litva Milli icmaları: tarixin yolu ilə" adlı ekspozisiya sərgilənib. Sərgidə milli icmaların Litva ilə əlaqələrin qaynaqları, ayrı-ayrı etniklərin ölkədə məskunlaşması tarixi, onların fəaliyyəti və gördükləri mühüm işlər, etnokulturoloji irsi və Litva mədəniyyət xəzinəsinə verdikləri töhfələr barədə müxtəlif bilgilər və görüntülər ehtiva olunub.
Litvada yaşayan həmvətənlərimizi tədbirdə Litva Azərbaycanlıları Cəmiyyəti təmsil edib. Sərgidə Litvanın Mədəniyyət Nazirliyi, Litva Milli İcmalar Evi və Milli İcmalar Şurası tərəfindən hazırlanmış "Litva Azərbaycanlıları 25 il tarixin yolu ilə" başlıqlı stend nümayiş etdirilib. Stenddə XV-XVII əsrlərdə Ağqoyunlu və Səfəvi dövlətlərinin Böyük Litva Knyazlığı ilə diplomatik əlaqələri haqqında yığcam bilgilər, 1918-1922-ci illərdə Litva-Azərbaycan dövlətlərarası münasibətləri, eləcə də 1991-ci ildə Azərbaycanda müstəqilliyin bərpasından sonrakı dövrə aid qısa icmal, həmçinin Cəmiyyətin 1988-2013-cü illərdəki çoxyönümlü fəaliyyətinə dair tarixi faktlar, sənədlər və şəkillər yer alıb. Ekspozisiya Vilnüs ictimaiyyəti tərəfindən rəğbətlə qarşılanıb.