"ATƏT-in Minsk qrupu həmsədrlərinin Fransa prezidenti Fransua Ollandın təşəbbüsü ilə Azərbaycan və Ermənistan prezidentlərinin Parisdə keçiriləcək görüşü ərəfəsində regiona son səfərləri zamanı İrəvanın sərgilədiyi mövqe işğalçı ölkənin problemi danışıqlar yolu ilə həll etməyə hazır olmadığını göstərdi".
Bu barədə Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu həmsədrlərinin səfərini şərh edərkən bildirib.
Onun sözlərinə görə, həmsədrlərin səfəri ilk növbədə Ermənistanın "ev hazırlığı" ilə xarakterizə oluna bilər:
"Ermənilərin "ev hazırlığı" üç istiqamətdə "arqumentləşdirmə" üzərində qurulmuşdu. Bunlardan birincisi guya qoşunların təmas xəttində atəşkəs hallarının pozulmasının artmasıdır. Guya bununla Azərbaycan prezidentlərin görüşünü pozmaq istəyir. Kökündən səhv arqumentdir. Ermənistanın Müdafiə Nazirliyi mütəmadi həftə ərzində atəşkəs rejiminin pozulmasının statistikası barədə məlumat açıqlayır. Bu statistikada heç bir sıçrayış yoxdur.
Həmsədrlərin regionda olduğu həftə ərzində yaydıqları rəqəmi isə saxtalaşdırdılar. Ənənəvi şənbə günü yayılan məlumatda atəşkəs rejiminin pozulmasının sayı 230 göstərilmişdi. 2 gün sonra, növbəti həftənin birinci günü ənənəni pozub yenidən məlumat yaydılar. Say bu dəfə 400 göstərildi. Azərbaycan tərəfi də atəşkəs rejiminin pozulmasının statistikasını aparır.
Rəqəmlərdə yalnız azalma müşahidə olunur. Ermənistan rəsmiləri, o cümlədən Müdafiə Nazirliyinin rəsmiləri Soçi görüşündən sonra gərginliyin azaldığını dəfələrlə bildiriblər. Eləcə də vasitəçilər son səfərləri zamanı Ermənistan-Azərbaycan sərhədini keçərkən hər iki tərəfdən rəsmilər və hərbçilərlə təmasda olub. Hətta Ermənistan tərəfdə mülki əhali ilə də görüşüblər. Mülki əhali gərginliyin azaldığını bildirib. Rəsmi Yerevan atəşkəs rejiminin pozulmasının intensivləşdiyi "arqumentini düzəldərkən" görünür, vasitəçilərin Ermənistanda sərhədboyu yerli əhali ilə görüşəcəyini nəzərə almayıb. Ona görə yerli əhali prezident Sarkisyanla, xarici işlər naziri Nalbandyanın planını pozurlar. "Ev hazırlığının" ikinci "arqumentləşdirməsi" vasitəçilərin gətirdiyi təkliflərlə bağlıdır".
Politoloq deyib ki, həmsədrlərlə görüşdən sonra xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycanın Böyük Sülh Sazişi üzərində işləməyə hazır olduğunu bəyan etdi. Ekspertlər səviyyəsində işin başlanacağını bildirdi:
"Hətta snayperlərin geri çəkilməsi məsələsinin də nəzərdə tutulduğunu söylədi. Ermənistan xarici işlər nazirliyi mətbuat xidmətinin rəhbəri Tiqran Balayan Elmar Məmmədyarovun açıqlamasını dərhal təkzib etdi. Sonradan həmsədrləri qəbul edərkən Nalbandyanın bu fikirləri təkrarlaması göstərdi ki, Balayanın "Twitter"də yazdığı onun vətəndaş mövqeyi deyilmiş, Ermənistan Xarici İşlər Nazirliyinin rəsmi mövqeyi imiş".
M.Əhmədoğlu deyib ki, Ermənistan faktiki olaraq Böyük Sülh Sazişinin hazırlanmasının əleyhinədir:
"Dağlıq Qarabağ münaqişəsi 27-ci ilini yaşayır. Bu dövr ərzində tənzimləmədə ən ciddi sənəd 2009-cu ildə imzalanıb. Madrid prinsiplərinin yenilənmiş variant" əsasında Böyük Sülh Sazişini imzalamaqla həm snayperlərin geri çəkilməsinə nail olmaq olur, həm də Dağlıq Qarabağ münaqişəsinin tənzimləmə prinsipləri bir daha təsdiqlənir".
Politoloq vurğulayıb ki, Ermənistanın Böyük Sülh Sazişinin hazırlanmasına belə münasibəti onun dinc yolla münaqişəni tənzimləməyə hazır olmadığının sübutudur. Mərkəz sədri deyib ki, Ermənistan rəhbərliyinin Fransada prezidentlərin görüşü ərəfəsindəki davranışı iki nəticəni ortalığa qoyur:
"Birincisi, Fransada Ermənistan-Azərbaycan prezidentlərinin görüşünü dinc tənzimləmə üçün töhfə verməsi çox böyük şübhə altındadır. Real nəticənin alınması üçün həmsədrlər bu qısa müddət ərzində çox işləməlidirlər. Hətta əgər imkanları varsa, qalan vaxt ərzində Ermənistan rəhbərliyini, xüsusilə prezident və Xarici İşlər Nazirliyini tərbiyələndirsinlər.
Rəsmi İrəvanın vasitəçilərə, o cümlədən beynəlxalq ictimaiyyətə qarşı münasibəti sadəcə tərbiyəsizlikdir. Eləcə də qısa müddət ərzində həmsədrlər Ermənistan rəhbərliyini savadlandıra bilsələr bu, da çox faydalıdır. Ermənistan rəhbərliyi heç öz xalqına "Dağlıq Qarabağ xalqın"ın mövcudluğunu, etnogenezini izah etməyib. Etnologiya, konfliktologiya, politologiyada və real həyatda "Dağlıq Qarabağ xalqı" adlı etnos, xalq və millət yoxdur.
Digər savadsızlıqlarının da aradan qaldırılması da zəruridir. İkinci mühüm nəticə isə "yalnız dinc yol" termininin Ermənistanın əlində tənzimləməni əngəlləyən əyləcə çevrilməsinin qarşısının alınmasıdır. Ermənilərin qoyduğu əyləcləri aradan qaldırması üçün ATƏT MQ vasitəçilərin üç yolu var. Birinci yol BMT-yə müraciətdir. İkinci yol isə Rusiya prezidenti Vladimir Putindən xahiş etməkdir. Üçüncü yol isə Azərbaycanın Dağlıq Qarabağı və digər işğal olunmuş ərazilərini hərbi əməliyyatlar vasitəsilə azad etmək hüququnu rəsmən bəyan etməlidirlər".
M.Əhmədoğlu xatırladıb ki, vasitəçilər 12 may 2014-cü il bəyanatlarında Dağlıq Qarabağ ətrafındakı əraziləri işğal olunmuş ərazilər adlandırıb:
"Bu Azərbaycanın hərbi əməliyyatlarına yol açır. Amma Azərbaycan beynəlxalq aləmin razılığı ilə hərbi əməliyyatlara başlasa, bu müharibə qısa müddət ərzində və minimal itki ilə başa çatacaq. Dağlıq Qarabağ da daxil olmaqla Azərbaycanın bütün işğal olunmuş əraziləri erməni işğalçılarından təmizlənəcək".
PƏRVANƏ