-Telli xanım, Siz uzun illər televiziyada çalışmısınız, Azərbaycanın tanınmış telejurnalistlərindənsiniz. Bu illər ərzində də televiziyalarımızla bağlı xeyli tənqidi fikirlər səslənməkdədir. Bu tənqidləri əsaslı və haqlı sayırsınızmı? Televiziyalarımızda və televiziya jurnalistlərimizdə nələr çatışmır?
- Əslində mövzuya "qane etmir" deyib qara möhür vurmaq istəməzdim. Çünki bizdən sonra gələn, yəni nəfəsini, hənirtisini duydığumuz nəsillə bizim aramızda cəmi 5-10 il fərq ola ya olmaya. Onların sırasında da güclü qələmi, analitik təhlil qabiliyyəti, faktları ümumiləşdirmə bacarığı ilə seçilən həmkarlarım var. Kimisə unutmaqdan ehtiyatlandığım üçün konkret ad çəkmək istəmirəm! Ancaq və lakin... bu sözləri yeni, şoulaşmış, yalnız qeybətlər, intriqalar, ailə davaları və reytinq xatirinə bu sahəyə cəlb edilən və ya təsadüfən gələnlər haqqında deyə bilmərəm. Mən jurnalistikanı şouya çevirən belələrindən ciddi jurnalistika gözləmirəm. Yəqin bu, bu xaos hələ bir müddət belə də davam edəcək! Təəssüf edirəm ki, bir vaxtlar oxucusuna, tamaşaçısına yüksək dəyərlər, ədəb-ərkan təlqin edən, onu maarifləndirməyə çalışan, gənc nəsli ədəbə-ürfana çağıran KİV, bu gün orta məktəbi güc- bəla ilə bitirən, texniki effektlərin köməyi ilə özünə "səs" düzəldən və bu səsi "qoltuğuna vurub" sponsorlarının köməyi ilə efirə-ekrana yol tapan və çox qısa vaxtda " populyarlaşdırılan" , utanıb- çəkinmədən özünü "sənətkar", " ulduz" adlandıranların oyuncağına çevrilib . Azərbaycandakı özəl kanalların əksəriyyəti "reytinq" qazanmaq üçün məhz bu yolu seçib: "efirdə nə istəyirsən danış, kimi kiminlə istəyirsən üz- üzə qoy, olay yarat, təki şirkətə pul qazandır!" Qalan bütün dəyərlər pul qazanmağın fonunda heç gözə görünmür!
- Həm mətbuatımızda, həm də televiziyalarımızda Azərbaycan dilindən- rəsmi dövlət dilindən istifadə qaydaları da cəmiyyətin müzakirə və polemika mövzusu olan məsələlərindəndir. Siz bu haqda nə deyərdiniz? Sizcə, KİV-də ləhcədən, şivədən, dialektdən geninə-boluna istifadə nə dərəcədə düzgündür?
- Bəlkə sualınızın ikinci hissəsini belə formalaşdıraq: rəsmi dövlət dilini, efirdə və ekranda ədəbi dildən istifadə etməyənlər barədə tədbir görməyən, bu neqativ halların qarşısını almağa cavabdeh olan adamlar bunu niyə etmirlər? Azərbaycan dilinin qorunması və istifadə dairəsinin genişlənməsinə hər bir vətəndaşımız əməl və nəzarət etməlidir! Məni təəccübləndirən bir məsələnin cavabını illər boyu tapa bilmirəm: Azərbaycanda doğulan, böyüyən, ömrünü burada yaşayan, hər gün azərbaycanlılarla ünsiyyətdə olanlar niyə mənim dövlətimin dilinə yuxarıdan aşağı baxır, onu öyrənmək istəmir, dili bilsə belə, Azərbaycan dilində danışmağı şəninə sığışdırmır? Və hamıı da bunu görməzdən gəlir. Bəli, Azərbaycan sivil və mədəni, tolerant və bəşəri ideallarla yaşayan müasir dövlətdir, bütün vətəndaşlarına milliyyətindən və dinindən asılı olmayaraq hörmət və məhəbbətlə yanaşır, qayğısına qalır, hüquqlarını qoruyur! Bəs bu böyüklüyün və qayğının cavabında bu boyda biganəliyə nə ad verək? Bu məsələnın bir tərəfi. Digər tərəfdən dili zəif bilən, söz ehtiyatı yetərincə olmayan, jurnalistikaya, dediyim kimi təsadüfən və ya məşhurlaşmaq xatirinə gələnlərin əksəriyyətinin ədəbi dilin norma və qanunlarından xəbəri yoxdur. Ekran və efirdə işləyən, veriliş aparan hər kəs bilməlidir ki, ona etibar olunan tribunanın məsuliyyəti çox böyükdür! Çox təəssüf ki, bu gün aparıcıların və ekspert qismində tele və radio verilişlərə dəvət edilənlərin ləhcəsi adamda sözün həqiqi mənasında qıcıq yaradır. Dilin gözəlliyindən danışan adamın dil qabiliyyəti, səs ahəngi (diksiyası) gözəl deyil. Məlumdur ki, Azərbaycanın müxtəlif bölgələrini təmsil edən soydaşlarımızın öz ləhcəsi və dialekti var, onların yanında olanda, onlarla söhbət edəndə bu rəngarənglik sənə cəlbedici də görünür. Amma bu o demək deyil ki, bu danışıq efirə gətirilməli, efirin dilinə çevrilməlidir. Bir anlıq belə bir mənzərəni gözünüz önünə gətirin: təsəvvür edin ki, dünyanın bütün kanallarında çalışan aparıcıların hər biri öz ləhcəsində, dialektində danışır! Onda bu xaosa siz tamaşaçı və dinləyici kimi necə reaksiya verərdiniz? Bizim zəngin diktorluq məktəbimiz olub! Bir zamanlar tamaşaçı və dinləyicilər də, gənc aparıcı və jurnalistlər də, efirlə yaxından- uzaqdan əlaqəsi olanlar da, hətta adi tamaşaçılar- müxtəlif peşə sahibləri olan insanlar Aydın Qaradağlı, Ofeliya Sənani, Roza Tağıyeva, Rafiq Hüseynov, Gültəkin Cabbarlı, Sabir Ələsgərov, Züleyxa Hacıyeva, Yusif Muxtarov, Əli Məmmədov, Qara Tağızadə, Eldost Bayramov kimi sənətkarlardan danışmaq, mətni oxumaq, müsahibi ilə ünsiyyət qurmaq kimi vacib məsələləri öyrənir, onlara bənzəməyə çalışırdılar. Bəli, biz artıq 21-ci əsrdə yaşayırıq, bəli, çox şeylər dəyişib, inkişaf edib, bəli, indikilər dünənki tarixə keçmiş, köhnəlik kimi baxırlar bəzən! Amma bizim bu dəyərli cavanlarımız bir həqiqəti unudurlar ki, keçmişi olmayanın gələcəyi də olmaz! Belə bir el məsəli də var: "keçmişinə güllə atanı, gələcək topa tutar!" Odur ki, dilimizi mükəmməl öyrənmək, onu sevmək və sevdirmək üçün hər kəs öz evindən, öz ailəsindən başlamalıdır, efir və ekrandan bizə söz demək etibar edilənlər də başa düşməlidir ki, o evlərin çağrılımamış, ancaq yolu həmişə gözlənilən qonağıdır, qonaq da evin yuxarı başındakı yerinin qiymətini və məsuliyyətini anlamalıdır! Ləhcə ilə, dialektlə, bir sözlə, hərcayi danışmaq adını ziyalı qoyan adamlara heç yaraşmaz!
- Telekanallarımızda daha çox hansı yönümlü verilişlərə, proqramlara ehtiyac duyulur?
- O qədər mövzular var ki... Əgər müğənniciklərdən və camaatın əsəblərini bəzi insanların ailə dramının biabırçı müzakirəsindən qoruya bilən, reytinq xatirinə yox, sözün əsl mənasında tamaşaçıya milli- mənəvi dəyərlər aşılayan verilişlər hazırlamağa qadir olan (əminəm ki, belələri var!) gənc dostlarımızın sayı artsa, bu problem də yavaş- yavaş öz həllini tapacaq! İnsanların bu gün bütün sahələrdə maariflənməyə daha çox ehtiyacı var! Bizim öz insanlarımızı tanımağa haqqımız var, bu insanlar da təkcə çalıb oxuyanlar, oynayanlardan ibarət deyil.
- Yeri gəlmişkən, milli teleseriallarımızla bağlı fikirlərinizi də bilmək maraqlı olardı...Sizcə, nəyə görə Azərbaycan izləyicisi öz seriallarımızı deyil, daha çox Türkiyə və Latın Amerikası ölkələri seriallarını izləməyə üstünlük verirlər?
-Teleseriallara baxmıram və ara- sıra gördüyüm səhnələr primitiv dialoqları, zəif rejissor yozumu, aktyor oyunu, operator işi ilə məni heyrətə gətirir...
- Şou-biznesə münasibətiniz və bu yöndə qanunun qəbul olunması yönündə fikirlərlə bağlı nələri demək istərdiniz?
- Nəhayət ki, bu sahədə tutarlı və ciddi bir addım atmağın vaxtı çatıb! Kimin kim olduğu, kimin harada və hansı sırada dayanmağa haqqı çatdığı bəlli olmalıdır. Bayağı mahnılar, zəif musiqilər ekrana, efirə yol tapmamalıdır! Xalqın gələcəyini etibar edəcəyimiz gənclik müasir , milli və dünyəvi dəyərlərin təbliğinə çalışmalıdır!
Kamil HƏMZƏOĞLU