Rusiyada yaşayan həmvətənlərimiz, xüsusilə də istedadlı gənclər ayrı-ayrı sahələrdə nailiyyətlər qazanmaqla, həm də ölkəmizi layiqincə təmsil edirlər. Rusiyanın Saratov şəhərində yaşayan istedadlı soydaşımız Fidan Bəndəlizadə də qürur duyulası gənclərimizdəndir.
Fidan Böyükağa qızı Bəndəlizadə 1996-cı il yanvarın 2-də Azərbaycanda doğulub. Kiçik yaşlarından ailəsi ilə Rusiyanın Saratov şəhərinə köçüb və 18 ildir ki, orada yaşayır. 2003-2014-cü illərdə Bələdiyyə ümumtəhsil təsisatı - 23 saylı ümumtəhsil məktəbində orta təhsil alıb. Müəllimləri onu hələ uşaqlıqdan intizamlı, əməksevər, qabiliyyətli, mütaliə həvəskarı və məsuliyyətli şagird kimi xarakterizə edirlər. F.Bəndəlizadə sinif və məktəb tədbirlərinin hazırlanmasında və keçirilməsində fəal iştirak edib, şəhər poeziya festvallarında, rayon və şəhər miqyaslı elmi-praktik konfranslarda fəxri yerlərə layiq görülüb. Olimpiadaların və ümumrusiya konkurslarının daimi iştirakçısı olub. Humanitar fənlərə xüsusi maraq göstərən F.Bəndəlizadə orta məktəbi fərqlənmə attestatı ilə bitirib, qızıl medala layiq görülüb. Uşaq vaxtlarından tarix fənninə xüsusi maraq göstərdiyindən, gələcək peşəsini də buna uyğun seçib, N.Q. Çernışevski adına Saratov Dövlət Milli Tədqiqatlar Universiteti Beynəlxalq Münasibətlər və Tarix İnstitutunun tarix fakültəsinə daxil olub.
Adıçəkilən təhsil ocağı Rusiyanın 20 ən yaxşı universitetlərinin sırasındadır. F.Bəndəlizadə iştirak etdiyi elmi-praktik konfranslarda dəfələrlə uğurlara imza atıb: "Gələcəyin intellekti", "Yaradırıq. Tədqiq edirik.
Düşünürük", "Gənclər və elm", "Sivilizasiyaların dialoqu" şəhər elmi-praktik konfranslarında fəxri yerlərə layiq görülüb, "Ədəbiyyat üzrə Ümumrusiya gənclər çempionatı"nda ikinci yerin sahibi olub. Həmyerlimiz həmçinin Pravoslav mədəniyyətinin əsasları üzrə "İnsan. Cəmiyyət. Dünya" humanitar müsabiqəsinin, Asayişi Qoruma İnstitutunun təşkil etdiyi "Qadınlara qarşı zorakılığın aradan qaldırılması uğrunda mübarizə problemləri" adlı dəyirmi masanın iştirakçısı olub. SDU-nun jurnalistika fakültəsinin və Filologiya İnstitutunun yaradıcılıq emalatxanasının təşkil etdiyi "Mən öz hüquqlarımı bilirəm!" regional yaradıcılıq müsabiqəsində iştirak edən nominant "Ən yaxşı videoçarx" nominasiyasında 2-ci yeri tutub. "Yaddaş qoruyucusu" adlı məktəb muzeyləri materiallarının baxış-müsabiqəsində "Videosüjet" nominasiyasının 3-cü olub. Soydaşımızın uğurlarından biri də bu yaxınlarda Rusiya Azərbaycanlıları Gənclər təşkilatına üzv qəbul olunmasıdır.
İnanırıq ki, Fidan Bəndəlizadənin uğurları davamlı olacaq, ömür kitabına gələcəkdə daha parlaq səhifələr yazılacaq.
S.ABDULLAYEVA