Qafqazın cənub-şərqində, Avropa və Asiya qitələrinin təması zonasında yerləşən Azərbaycan qədim bir ölkədir. Azərbaycan respublikasının coğrafi mövqeyi, istər təbii şəraiti baxımından, istərsə də geosiyasi baxımdan olduqca əlverişlidir. Qədimlərdə Çindən Avropaya uzanan məhşur " İpək yolu " məhz buradan keçmişdir. Müasir Azərbaycan respublikası unikal təbii şəraitə, zəngin təbii sərvətlərə və inkişaf etmiş sənaye sahələrinə malik olan bir dövlətdir. O, XX əsrin 90- cı illərindən bəri öz müstəqilliyi dövründə mürəkkəb və eyni zamanda şərəfli bir yol keçmişdir. 90-cı illərin ortalarından etibarən ölkəmiz ulu öndər Heydər Əliyevin rəhbərliyi altında tədricən dirçəlməyə başladı. Bu gün Azərbaycan iqtisadi inkişafın tempinə görə dünya ölkələri arasında, aparıcı yerlərdən birini tutması hər bir vətəndaşımızda qürur hissi doğurur.
Vətənimiz Azərbaycan təbii sərvətlərlə zəngin olan ölkələrdəndir. Onun yeraltı sərvətləri daha məşhurdur. Bunların içərisində enerji daşıyıcılarından neft və qaz, filizlərdən dəmir, xrom, mis, kobalt, molibden, polumetallar, qeyri metallardan alunit,kaolin, barit, daş duz qeyd olunmalıdır. Respublikamızın bütün fiziki-coğrafi bölgələrində inşaat materiallarının bir çox növləri yayılmışdır. Bu gün Azərbaycanda geniş vüsət almış tikinti-quruculuq işlərinin bilavasitə yerli mineral xammal hesabına görülməsi bizi sevindirir.
Yeni nəşrə başlayan "Yer və insan" jurnalı Azərbaycanın geoloji quruluşu, yeraltı sərvətləri, ümumiyyətlə, yer haqqında elmlərlə bağlı elmi-kütləvi jurnalın buraxılmasına respublikamızda ehtiyac duyulurdu.
Hesab edirik ki, yeni nəşrə başlamış "Yer və insan" adlı jurnal bu boşlığu dolduracaq. "Yer və insan" jurnalının kollektivinə yaradıcılıq uğurları, ölkəmizin təbii sərvətləri, bütövlükdə yer haqqındakı elmlərin nailiyyətləri barədə elmi-kütləvi yazıların hazırlanması yolunda nailiyyətlər arzu edirik.