2004-cü il oktyabrın 7-də Bakı Slavyan Universitetində Bolqar Dili və Mədəniyyəti Mərkəzi yaradılıb. Mərkəzin yaranmasının 10 illik yubileyi münasibəti ilə dünən universitetdə tədbir təşkil olunub. Tədbirdə Bolqarıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri xanım Maya Xiristova, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun nümayəndələri, universitetin professor-müəllim heyəti və bolqar dili üzrə təhsil alan tələbələr iştirak ediblər. Tədbiri giriş sözü ilə açan BSU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, millət vəkili, professor Sahibə Qafarova xanım səfiri və digər qonaqları universitetin rektoru, professor Asif Hacıyevin adından salamlayaraq onları Mərkəzin yubileyi münasibəti ilə təbrik edib. Professor S. Qafarova Bakı Slavyan Universitetində bolqar dilinin 1996-cı ildən tədris olunduğunu bildirib. O, həmçinin artıq 10 ildir fəaliyyət göstərən Bolqar Dili və Mədəniyyəti Mərkəzinin əsas vəzifəsinin Azərbaycan və Bolqarıstan arasında mədəni əlaqələri inkişaf etdirməkdən və gənclərin hər iki ölkənin mədəniyyətinə təhsilinə marağını artırmaqdan ibarət olduğunu qeyd edib.
Maya Xiristova Bolqar Mərkəzinin 10 illiyinə həsr olunmuş maraqlı tədbir təşkil etdiklərinə görə universitetin rəhbərliyinə və bolqarşünas tələbələrə dərin minnətdarlığını bildirib. Bolqarıstanla Azərbaycan arasındakı siyasi-mədəni əlaqələrdən danışan xanım səfir azərbaycanlı tələbələrin bolqar dili və mədəniyyətini belə tez və mükəmməl mənimsəməsinə, bu dilə göstərilən hörmət və qayğıya heyran qaldığını xüsusilə vurğulayıb.
Bilik Fondunun icraçı direktoru Oktay Səmədov yubiley münasibətilə bolqarşünas tələbələri təbrik edib və Fondun adından onlara hədiyyələr bağışlayıb.
BSU-nun Tədris işləri üzrə prorektoru, professor Telman Cəfərov bildirib ki, Mərkəz bu ölkənin dövlət xadimləri, elm, mədəniyyət nümayəndələri ilə keçirilən görüşlərin təşkilində böyük rola malikdir. O, Bolqarıstan Respublikasının Azərbaycandakı səfirliyi ilə sıx və müştərək əlaqələrin və tərkiblərin olduğunu da qeyd edib.
Tədbirdə Bolqar Dili və Mədəniyyəti Mərkəzinin 10 illik fəaliyyətinə həsr olunmuş qısa motrajlı film nümayiş olunub Daha sonra mərasim bolqarşünas tələbələrin bolqar və Azərbaycan dillərində hazırladıqları konsert proqramı ilə davam etdirilib. Sonda bolqar milli rəqsinin nümayişi iştirakçılarda xüsusi maraq doğurub.