Moskvada Azərbaycan diasporunun mədəni məkanı sayılan "Bakı" kinoteatrında "Heydər Əliyevin Azərbaycan müstəqilliyinin inkişafında və möhkəmlənməsində rolu" mövzusunda tədbir keçirilib. Ümumrusiya Azərbaycan Konqresi, Azərbaycan Slavyan Gənclər Assosiasiyasının (ASGA) Rusiya nümayəndəliyi və Azərbaycan Mədəniyyətinin İnkişaf və İntibah Fondunun təşkilatçılığı, İnteraz telekanalının informasiya dəstəyi ilə təşkil olunan gecə Azərbaycan və Rusiya dövlət himnlərinin səslənməsi ilə başlayıb. Sonra müstəqilliyimiz haqqında film nümayiş olunub.
ASGA-nın rəhbəri Səbuhi Abbasov tədbir iştirakçılarına ulu öndərimiz Heydər Əliyevin şəxsiyyəti, onun Azərbaycan tarixindəki rolu barədə məlumat verib.
ÜAK-nın icraçı direktoru İlqar Hacıyev ümummilli liderimiz Heydər Əliyevin Azərbaycan üçün, Azərbaycan xalqı üçün böyük əməyindən söz açıb. Ümummilli liderin gənclərə həmişə dəstək olduğunu vurğulayan icraçı direktor, Heydər Əliyevlə Azərbaycan müstəqilliyi kəlmələrinin bir ifadə olduğunu xatırladıb.
Tədbirdə, həmçinin, Rusiya Federasiyasında fəaliyyət göstərən azərbaycanlılar ASGA tərəfindən mükafatlandırılıb. 6000-dən çox respondent arasında aparılan sorğunun nəticələrinə görə, Azərbaycanın Rusiya Federasiyasındakı səfiri Polad Bülbüloğlu "İlin səfiri" adına, Ümumrusiya Azərbaycan Konqresi "İlin diaspor təşkilatı" adına layiq görülüb. Bundan əlavə, Azərbaycançılığın Rusiyada yayılmasına görə Azərbaycan mədəniyyətinin inkişaf və intibah fondunun rəhbəri Şəmil Tağıyev, İnformasiya dəstəyinə və göstərilən təşkilati yardıma görə İnteraz Telekanalının redaktoru İqbal Rüstəmov və ASGA-nın Rusiya nümayəndəliyinin rəhbəri Toğrul Allahverdiyev də mükafatlandırılıblar.
Tədbir çərçivəsində artıq bir aydır ki, davam edən "Heydər Əliyevin Azərbaycan müstəqilliyinin inkişafı və möhkəmlənməsində rolu" adlı müsabiqənin yekunları da açıqlanıb. Müsabiqədə iştirak edən 200-ə yaxın gənc arasında birinci yerə Ümumrusiya Azərbaycan Konqresi saytının baş redaktoru və Rusiya Hamı Üçün internet portalının redaktoru - gənc jurnalist və yazar Nilufər Şıxlı layiq görülüb. Gənclərə Heydər Əliyev Fondu və ASGA tərəfindən diplom və qiymətli hədiyyələr təqdim olunub.