Haqqında söz açmaq istədiyim insan öz ləyaqəti, təvazökarlığı, nəcibliyi, səmimiyyəti, haqsızlığa və ədalətsizliyə qarşı daim mübarizəsi və qələbəsi, vətəninə, xalqına bağlı olan, professor vəzifəsində olmasına baxmayaraq daim müəllimlərinin adını uca tutması və onları hər zaman minnətdarlıqla anması və bir sıra yüksək insani keyfiyyətləri ilə YAXŞI TƏŞKİLATÇI, YAXŞI ALİM olmaqla bərabər, hər birimizin könlündə YAXŞI İNSAN kimi özünə əbədi yer qazanmış filologiya elmləri doktoru, professor Məhəbbət xanım Mirzəliyevadır. Hər zaman fəxr və qürur hissi duyduğum bu tanışlığa və yaxınlığa görə, məhz belə bir müqəddəs insanla qarşılaşdırdığına görə Tanrıya minnətdaram. Şərəfli ömrünün 65 ilini arxada qoyan Məhəbbət Mirzəliyeva saf əməllər üçün doğulmuş bir xanım kimi, həm də Azərbaycan dilçiliyində öz sözünü demiş, Azərbaycan ictimai mühitində özünəməxsus yeri olan şəxsiyyətlərdəndir. Məhəbbət xanım hələ gənclik illərindən Azərbaycan dilçilik elminin inkişafı istiqamətində daim elmi araşdırmalar axtarışında olmuşdur. Belə ki, Azərbaycan dilçiliyində Türk dillərinin frazeologiyasının nəzəri cəhətdən öyrənilməsi ilk növbədə prof. Məhəbbət Mirzəliyevanın adı ilə bağlıdır. "Türk dilləri frazeologiyasının nəzəri problemləri", "Türk dillərinin frazeologiyası" kimi fundamental əsərlər məhz alimin uzun illərdən bəri apardığı elmi tədqiqatın nəticəsidir.
Məhəbbət xanım eyni zamanda, Azərbaycan elmini müxtəlif beynəlxalq elmi konfranslarda dəfələrlə layiqincə təmsil edən alimlərdəndir. Onunla eyni konfransda iştirak etmək sevincini yaşamaq mənə də qismət olub. 20-25 oktyabr 2008-ci ildə Ankarada keçirilən VI Beynəlxalq Türk Dili Qurultayında, 19-25 aprel 2010-cu ildə İzmir Çeşmədə keçirilən II Beynəlxalq Türk Dünyası Kültür Konqresində, 16-18 dekabr 2010-cu ildə İzmirdə keçirilən III Beynəlxalq Dünya Dili Türkçə simpoziumunda, 20-22 dekabr 2010-cu ildə Tekirdağda keçirilən Beynəlxalq Namiq Kamal simpoziumunda, 30 may-1 iyun 2012-ci ildə İstanbulda təşkil olunan Beynəlxalq Yaşayan Türkçə Bilgi Şölənində və bir sıra digər konfranslarda Məhəbbət xanımın və onun yetirmələrinin (eləcə də mənim) müstəqil gənc tədqiqatçı kimi iştirakı professorun elmi sınağından keçmələri üçün şərait yaradıb.
Elm sahəsində olduğu kimi, təşkilatçılıq istiqamətində də Məhəbbət xanım öz idarəetmə bacarığı ilə seçilir. Onun təşkilatçılıq fəaliyyəti olduqca çoxcəhətli və rəngarəngdir. O, nəinki bir sıra beynəlxalq tədbirlərin iştirakçısı və məruzəçisi olmuş, həm də bir sıra tədbirlərin təşkilatçısı olmuşdur. Məhəbbət xanımın təşəbbüsü və bilavasitə təşkilatçılığı ilə keçirilən ənənəvi "Azərbaycan dilçiliyi: Sələflər və xələflər" elmi konfransı bu tədbirlərin sırasındadır. Həmin tədbirlərdə XX əsr Azərbaycan dilçilərinin fəaliyyətini əks etdirən məruzələr böyük üstünlük təşkil edirdi. 2014-cü il oktyabrın sonunda keçirilməsi nəzərdə tutulan Əli bəy Hüseynzadənin 150 və akademik Məmmədağa Şirəliyevin 105 illik yubileyinə həsr olunmuş "Sələflər və Xələflər" I Beynəlxalq elmi konfransının təşəbbüskarı və təşkilatçısı prof. Məhəbbət Mirzəliyevadır. Göründüyü kimi, alim öz sələflərinin unudulmaz xatirələrini daim əziz tutur və beləliklə də, özündən sonra gələn tədqiqatçılar üçün layiqli nümunə sərgiləyir.
Məhəbbət xanım 1998-2010-cu illərdə "Tədqiqlər" jurnalının baş redaktoru olub. 2 illik fasilədən sonra 2012-ci ildə yenidən nəşrə başlayan toplu fəaliyyətini bu gün də uğurla davam etdirməkdədir. Bu illər ərzində Məhəbbət xanımın sözün əsl mənasında xüsusi həssaslıqla, məsuliyyətlə və obyektivliklə yanaşdığı "Tədqiqlər" toplusu ilk nömrəsindən başlayaraq bu günə qədər Azərbaycan dilçiliyinin inkişafına vicdanla və təmənnasız xidmət göstərməsi, yüksək elmilik nümayiş etdirməsi ilə seçilir. Toplunun üstün cəhətlərindən biri də budur ki, burada dünya şöhrətli Azərbaycan və dünya alimlərinin məqalələrinə yer verilməklə yanaşı, elmə yeni gələn istedadlı gənclərin yazıları da işıqlandırılır. Məhəbbət xanımın baş redaktor kimi 14 ildir nəşr olunan toplunun hər bir nömrəsini əvvəldən sonuna qədər ciddiyyətlə oxuyaraq bütün redaktələri də özü aparır. Bütün bunların təməlində isə onun işinə olan sonsuz məhəbbət və mənəvi məsuliyyət hissi dayanır.
İstər elmi rəhbər, elmi məsləhətçi kimi, istər İnstitutun direktor müavini kimi, istər "Tədqiqlər" toplusunun baş redaktoru kimi, istərsə də Dilçilik üzrə Problem Şurasının elmi katibi kimi Məhəbbət xanımın xidməti, zəhməti və qayğıları müqayisə edilməyəcək qədər çoxdur. Məhəbbət xanımın adı keçən və əməyi olan istənilən sahədə rolu əvəzsiz, xidmətləri təqdirəlayiqdir. Məhəbbət xanım bu nümunəvi fəaliyyəti ilə daim bizə örnək olacaqdır.
Məhəbbət xanımın fəaliyyətinin böyük bir hissəsi məhz AMEA Nəsimi Dilçilik İnstitutu ilə bağlıdır. 2002-ci ildən 2014-cü ilə qədər İnstitutun Türk dilləri şöbəsinə rəhbərlik edib. 1993-1996-cı illərdə Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının humanitar siyasət şöbəsində məsləhətçi, 1996-2001-ci illərdə Ali Attestasiya Komissiyasında humanitar və ictimai elmlər şöbəsinin rəisi vəzifəsində işləyib. 2002-ci ildən Bakı Dilçilik Məktəbinin rəhbəridir. 2010-cu ildən Respublika Elmi Tədqiqatların Təşkili və Əlaqələndirmə Şurası Dilçilik üzrə Problem Şurasının elmi katibidir. Hazırda AMEA Nəsimi Dilçilik İnstitutunun elmi işlər üzrə direktor müavinidir.
Məhəbbət Mirzəliyeva istedadlı gəncləri üzə çıxaran, onlara dəstək olan və dəyərləndirən nadir vicdanlı və humanist alimlərdəndir. Onun elmi rəhbərliyi ilə onlarla fəlsəfə doktoru, dosentlər yetişib. A.Hacıyeva, L.Xanbutayeva, Q.Mahmudova, C.Kazımov, G.Əliyeva, S.Mənsimzadə, N.Quliyev, G.Mirzəyeva, G.İsmixanova, Ş.Həsənli və başqaları məhz Məhəbbət xanımın rəhbərliyi ilə, onun zəhməti, verdiyi düzgün istiqamət, tövsiyələri və tələbkarlığı sayəsində müdafiə edərək alimlik dərəcəsinə layiq görülə biliblər. İndi o, elmlər doktoru proqramı üzrə dörd doktorantın elmi məsləhətçisidir. Bu doktorantlar sırasında mənim də adım olduğu üçün çox xoşbəxt və qürurluyam. O, yalnız mənə deyil, bütün tələbələrinə qarşı həmişə vicdanlı və humanist münasibətdədir. Təkcə onu demək kifayətdir ki, 2009-cu ildə vaxtından əvvəl müdafiə etdiyim namizədlik dissertasiyam, onun məzmununu əks etdirən "Türk dillərində zaman kateqoriyası" adlı monoqrafiyam professor Məhəbbət xanım Mirzəliyevanın sonsuz tələbkarlığının, qayğıkeşliyinin, fərdi elmi qənaətlərimin yüksək qiymətləndirilməsinin bariz nəticələrindəndir. Məhəbbət xanım nəinki öz yetirmələrinə, elmi rəhbəri olduğu doktorant və dissertantlarına, hətta rəhbərlik etdiyi şöbənin digər doktorantlarına doğma münasibət bəsləyir, onlara daim dəstək olur. Bu isə ilk növbədə onun elmi təfəkkürü, mövzulara dərin bələdliyi, insanlara olan sevgisi və xeyirxahlığından irəli gəlir.
Yazıçı Kamal Abdullanın sözləri ilə desəm, "Ruhun dünyamızı tərk etməyə hazırlaşdığı bir zamanda" əsl Azərbaycan xanımına xas olan səmimiyyət, nəciblik, xeyirxahlıq, həqiqətləri ifadə edəbilmə cəsarəti və MƏRDLİK kimi yüksək insani keyfiyyətlərin sahibi, paklıq və saflıq mücəssəməsidir bizim Məhəbbət xanım... Yalnız elə bu xüsusiyyətlərinə görə düşünürəm ki, Məhəbbət xanım Tanrının yüz ildən bir dünyaya bəxş etdiyi şəxsiyyətlərdəndir.
Qəlbi daim Azərbaycan gəncliyinin gələcəyi üçün çırpınan əziz Məhəbbət xanımı yubileyi münasibətilə təbrik edir, ona uzun ömür, can sağlığı, AMEA Dilçilik İnstitutundakı ibrətamiz və nümunəvi fəaliyyətində uğurlar və yeni yaradıcılıq nailiyyətləri arzu edirəm.
Gülnarə ƏLİYEVA,
Filologiya üzrə fəlsəfə doktoru BSU-nun dosenti