|
|
|
|
Bu yaxınlarda, "525-ci qəzet"də (4 oktyabr 2014-cü il) dəyərli şair Tofiq Hüseynin silsilə şeirlərini oxudum və bu kövrək ruhlu qələm sahibinin səmimiyyətdən yogrulmuş poeziyasına bir daha heyran oldum. Şair ön söz əvəzində " Bu şeirləri... çox da böyük olmayan oxucu auditoriyama - bacı və qardaşlarıma bağışlayıram" , yazır və sevinirəm ki, illər uzunu bu auditoriyada Tofiq Hüseyn yaradıcılığını maraqla, son dərəcə diqqətlə izləyənlərdən biri də mən olmuşam. Hərçənd Tofiqin şeirləri artıq hər hansı bir kiçik auditoriyanın sərhədlərini çoxdan aşıb, bu şeirlər geniş oxucu rəğbəti qazanıb. Bu deyimi gəlin sadəcə olaraq şairin yeni təvazökarlıq çaları kimi qiymətləndirək.
Bəli yeni, maraqlı görüş. Hər şey ondan başladı ki, şair köhnə bir tanışına məktub yazmaq istədi. Fəqət yaza bilmədi. Niyə?
Məktub yazmaq istədim,
Öyrənməkçün havanı.
Heyif tapa bilmədim
Yaşadığın ünvanı.
Kompüter, mobil telefonlar əsrində məktub yazmaq bir az arxaikləşib. Lakin şair bu epostolyar formadan məharətlə istifadə edərək vətəndaş mövqeyindən ictimai bəlalara işıq salır. Əslində məktub yazılsaydı istənilən poetik effekt verilməzdi. Çünki "Hava" söhbətindən yaralara məlhəm olmazdı. Əcəba çağdaş dünyamızda Əlahəzrət Zaman yaraları sağaltmır, yaralarla, itkilərlə barışmaqla yaşamağı öyrədir. Hətta ölülərin içində belə..
Orda bir ölü görsən
Mən boyda, mən biçimdə.
Soruşarsan, neynirsən
Ölülərin içində.
Son nida, son akkord və heç zaman ölməyən ümid..
Bu zülmət dünya nədir,
Ölülərin vətəni!
Yaxşı ki bu zülmətdə
Tapmaq olur itəni.
Tofiq Hüseynin bu yeni şeirlərini oxuyub düşündükcə onun özəl statusuna bir daha əmin olursan. Çünki onun sadəcə poetik istedadı yox, adamlıq, insanlıq istedadı kövrək misralardan boy atır, şeirlərin əksəriyyəti şairin yazmaq istədiyi məktubun ayrı-ayrı fraqmentlərini xatırladır. Bu baxımdan ironiya və xəfif sarkazmla yazılmış " Nə var, nə yox kapitan..." şeiri bir şair - vətəndaş harayıdır..
Nə var, nə yox, kapitan,
De dəniz yerindəmi?
Orda ağ-ağ gəmilər
Dayazda, dərindəmi?
Biz dənizi görmürük
Dəniz qala içində.
Yəqin xəstə balıqlar
Qalıb bəla içində.
Fövrən düşünürsən: Görəsən, digər Xəzər sahili ölkələrdə də dəniz bu gündədir, yoxsa ancaq bizdə belədir?
Biz dənizə baxırıq
Qala böyrü qapıdan.
İşin - gücün necədir,
Nə var, nə yox, kapitan...
Aman Tanrım! Ölmədik bunu da gördük. Hasara alınmış dəniz barədə səhih məlumatları gəmi kapitanlarından almaq olacaqmış qismətimiz. Şeir həssas və kövrək şair fəryadının abıra bürünmüş poetik etirazı kimi son dərəcə orijinal təsir bağışlayır.
Bu qarımaqarışıq dünyada insan öz ömrünü yaşamaq istəyir və yaşamalıdır. Fəqət imkan verirlərmi? Ətraf nadanlarla, xəbislərlə, zibillərlə dolu olanda adamin ürəyinə də toxunarlar, hələ o yana da keçərlər:
Neçə acı kəlmə,tikanlı kəlmə
Böyrümdən-başımdan ox olub keçir.
Evdə arvadıyla sözü çəp gələn
Mənim ürəyimə toxunub keçir.
Məzmunca ən hüznlü şeirlərdən biri olan "Mənim ürəyimə toxunur hamı" şeirində şair öz günahlarını tapa bilməməyinin mənəvi əziyyətini çəkir:
Ürəkdə ağlayır, üzdə gülürəm,
Mənim ürəyimə toxunur hamı.
Nə itirmişəmsə tapa bilirəm,
Mən tapa bilmirəm öz günahımı.
Bu günahlar dünyasında öz günahını tapmaq o qədər də asan iş deyil. Aləm qarışır bir-birinə. Bunun ağrı-acısını isə bir şair ürəyinin çəkməsi təbiidir. Müxtəlif həyat olayları ilə zəngin bu şeirdə şair kədərin sevinclə savaşında nələrin baş verdiyinə öz xarakterinə uyğun münasibət bildirir, hər cür basmaqəlib ifadədən, pafosdan uzaq misralarla qəlbinin mübhəm sirlərini oxucu ilə bölüşür.
"İlan", "Zibil", "Qandal vurun əlimə", "Ətraf" şeirləri də öz ritorik sualları və deyim tərzinə görə Tofiq Hüseynin iddiasız poeziyasına xas olan sanki bir portret cizgiləridir.
Əlim cibinə girmir,
Köhnə dəbimdən küsüb.
Əlimi dindirməyin,
Əlim cibimdən küsüb.
Məncə, əlavə şərhə ehtiyac yoxdur. Çağdaş dünyamızın hər birimizə tanış notlarıdır, ictimailəşmiş yaşam tərzidir.
Şair sanki öz mübhəm sirlərini, ürəyini oxucuya açır. Lakin "qara qutu" hələ tam açılmayıb. İnşallah, növbəti şeirlərində yeni, poetik açıqlamaların şahidi ola bilərik. Çünki böyük sevgilərlə yaşayan şair özü demişkən:
Üfüq yerindəsə, dan yerindəsə,
Ürək yerindəsə, can yerindəsə,
Damarlar dolaşan qan yerindəsə
Mənə bu sevgini çox görmə, Allah.
Şair Tofiq Hüseynin poetik dünyasının bütün sirlərini, rəngarəng hiss və duyğularını açmaq, onu geniş təhlil etmək fikrindən uzağam. Sadəcə olaraq onun poetik dünyasının bəzi konturlarına işıq salmaq istədim. Tanıdığım şairdir. Geniş təhlilə, təmənnalı, yaxud təmənnasız, lap elə obyektiv tənqidə iddialı deyil. İllər uzunu şair Sabir Rüstəmxanlı demişkən, öz axarı ilə sakitcə axıb gedir. Yolu açıq olsun.
Şahid ƏFƏNDİYEV