Məhəmməd Həsənquliyev 1940-cı ildə Laçın rayonunun Qarakeçdi kəndində anadan olub. 1961-ci ildə Şuşa Pedaqoji texnikumunu, 1969-cu ildə isə indiki Azərbaycan Dövlət Pedaqoji Universitetinin Azərbaycan dili və ədəbiyyatı fakültəsini bitirib. 1961-1964-cü illərdə Kəlbəcər rayonunda pedaqoq fəaliyyətinə başlayıb.
1987-ci ildə Əməkdar müəllim fəxri adına layiq görülüb. 1988-ci ildə SSRİ üzrə I Ümumittifaq Müəllimlər Qurultayının iştirakçısı olub. 1964-cü ildən Laçın rayonu Qarakeçdi kənd 1 saylı tam orta məktəbində müəllim kimi fəaliyyət göstərir.
Pedaqoji sahədə 50 ildən artıq davamlı çalışan Məhəmməd Həsənquliyev bədii yaradıcılıqla ardıcıl məşğul olur. Xalq şeirinə yaxşı bələd olan Məhəmməd Həsənquliyevin bir neçə şeirini oxuculara təqdim edirik.
Şuşa haqqında cinas qafiyəli beşliklər
Şuşa dağ başında məğrur qaladı,
Elarası adı həm də qaladı,
Düşmən dönə-dönə oda qaladı,
Yağı tapdağında qaldığı yetər,
İnşallah, əvvəlki çağına yetər.
Bilinmədi xəyanət nə, düzü nə.
Qorunmadı doğru-dürüst, düzünə.
Düşmən ayaq basdı Cıdır düzünə.
Vaqif məqbərəsin tez uçurdular.
Qartalı zirvədən san uçurdular.
Xarı bülbül, gül-çiçəyi yüz xalvar.
Ətəyində min al-əlvan xalı var.
Üzdə İsa bulağıtək xalı var.
İndi sisdən üzü tutqun, qaralı.
Sabah yenə çox qonaqlı-qaralı.
Qarabağımızın canı və təni.
Üzeyirin, Xan əminin vətəni.
Xan qızı bulağı kövsər vətəni.
Sakinlər başına gül ələrdilər.
Alçaq dığalarsa güllələdilər.
Doğma kəndimiz Qarakeçdi haqqında cinaslı beşliklər
Gülüstan timsallı kənd Qarakeçdi
Ağ tale yoluna yüz qara keçdi
Sənə alov yağdı, son qara keçdi
Teyləndi yüz barlı ağac budağı
Sakinlərin unutmazlar bu dağı.
Bir dilbər guşəydin dağ ətəyində
Göz oxşardı başın da, ətəyin də.
Epitetdi sənə zərf də, təyin də
Gördülər ki, bir yenilməz qalasan
Qoymadılar görkəmində qalasan.
Qaralar geyibdi Əliş bulağı
Sil getsin qaranı, ancaq bul ağı.
Qəbul etmə bu təhnizi, bu lağı.
Namərdliklə sən odlara qalandın
Dəyişildi, qoymadı qala adın.
Qız-gəlin geyimi təmiz və saya
Gərəkdi kiçiklər böyüyü saya.
Gözəl adətləri gəlməzdi saya.
Davam edir bunlar neçə sənədir.
Fəxarəti mənə, həm də sənədir.
Yaddan çıxarmazdı yoxsulu, təki.
Göz üstə saxlardı balası təki.
Bax bu sifətində qalaydı təki.
Çox heyif ki, indi qəlbi yaradır.
Erməni yüz fitnə-fəsad yaradır.
Kəndimiz
Vüqarlı dağların dilbər guşəsi.
Yaylayan ellərin kefi, nəşəsi.
Qonaq qara saxlamaqdı peşəsi.
Səxavətdə yeganəydi kəndimiz
Gülüstani-irəm idi dörd yanı.
Özü də ortada kəndlər sultanı.
Yayda aran əhli əziz Mehmanı.
Elə doğma bir anaydı kəndimiz.
Bəzəkli gəlindi dağlar qoynunda.
Həmayılı bərq vurardı boynunda.
Umbay meydan açardı hər toyunda.
Bol ruzili mərdanəydi kəndimiz.
Qarasuyun qırxbuğumu, tərəsi.
Gülxətimi, qantəpəri, zirəsi.
Neçə dərdə dərman idi hərəsi,
Loğmanlıqda bir dənəydi kəndimiz.
Qarakeçdi kəndi illərdən bəri.
Bölgədə olmuşdu dillər əzbəri.
Bu adla fəxr edir igid ərləri.
Namərdliyə biganəydi kəndimiz.
Fərməştəpə alnındakı sağ gözü.
Çal bayırı, təravətli gül üzü.
Dillər əzbəriydi Qarasu düzü.
Dağ gölündə bir sonaydı kəndimiz.
Ərsəyə yetirib neçə cavanı.
Tayı bərabəri bölgədə hanı.
Hilal kimi bir qəni pəhləvanı.
Yetişdirən danə idi kəndimiz.
Ana qucağıtək köksündə yatdıq.
Qoynunda böyüyüb ərsəyə çatdıq.
Nankor övlad kimi tərk edib atdıq.
Onunçün bələndi qana kəndimiz.
Məhəmməd Həsənquliyev,
Əməkdar müəllim.