Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycan nümayəndə heyətinin üzvü Rafael Hüseynov sözügedən qurumun payız sessiyasındakı sərbəst müzakirələr zamanı çıxışında Azərbaycana edilən müxtəlif təzyiqlərdən bəhs edərək bəzən bunun demokratiya pərdəsi altında həyata keçirildiyini vurğulayıb. R.Hüseynov Azərbaycana qarşı edilən təzyiqlərin, dövlətin apardığı müstəqil siyasətin bəzi dairələrdə yaratdığı qısqanc münasibətlərə toxunaraq istiqlalın, dövlət müstəqilliyinin əleyhinə olan hər cəhdin qarşısını almaqda millətin və dövlətin yekdil olduğunu söyləyib: "Ortaq evimiz olan Avropa Şurasında birləşən 47 ölkənin hamısını eyniləşdirən başlıca cəhət, ilk növbədə, onların müstəqil dövlətlər olmasıdır. Lakin bu ölkələr arasında sözün əsl mənasında tam müstəqil olanlarla yanaşı, təəssüflər ki, formal cəhətdən müstəqil olan, ölkə içərisində apardığı siyasət xaricdən diktə edilənlər də var. Bizim bu demokratiya ailəsinin daxilində digər üzv dövlətlərin müstəqilliyini məhdudlaşdırmağa, ya qamarlamağa çalışanların olması da sirr deyil. Söz yox ki, hər bir dövlət üçün öz müstəqilliyi əzizdir.Lakin Azərbaycan kimi müstəqilliyini bir dəfə itirərək illər sonra yenidən qazanmış ölkələrdən ötrü müstəqillik anlayışı daha böyük dəyər daşıyır. Çünki 20-ci əsrin əvvəllərində qazandığımız dövlət müstəqilliyi tarixin və siyasətlərin hökmü ilə əlimizdən alınandan sonra biz və bizim kimi bir sıra ölkələr 70 il antidemokratik, repressiv rejim içərisində yaşamağa məcbur olmuşuq. Ona görə də biz uzun həsrətdən sonra yenidən bərpa etmiş olduğumuz müstəqilliyə dəyə biləcək hər zədəyə qarşı son dərəcə həssaslıqla yanaşmağa borcluyuq. Və biz müstəqilliyin qədrini eyni dərdi yaşamamış İngiltərədən də, Fransadan da, Türkiyədən də, İtaliyadan da yaxşı bilirik".
R.Hüseynov bildirib ki, Azərbaycanın yeni müstəqillik dövrü ərzində keçdiyi 23 illik yol boyunca bu müstəqilliyə yaxın və uzaq xaricdən xələl gətirməyə müxtəlif cəhdlər bir neçə dəfə baş verib: "Lakin ölkə rəhbərliyinin apardığı düzgün siyasət və xalqın yekdilliyi, monolitliyi nəticəsində bunların qarşısı vaxtındaca alınmışdır. Ancaq belə imtahanlar hələ də bitməmişdir, kənardan növbənöv siyasi və iqtisadi təzyiqlər, təsirlər, təqiblər davam etməkdədir. Elə həmin kontekstdə mən son dövrlərdə Azərbaycana yönəlmiş arzuolunmaz bir proses barədə düşüncələrimi bölüşmək istərdim. Çünki şeytan bu dəfə məkrli niyyətlərini mələk qiyafəsində həyata keçirmək xətti tutduğundan proseslərə yaxından bələd olmayanlarda yanlış təsəvvürlərin də yaranması mümkündür. Demokratik islahatlar, söz, mətbuat, vicdan azadlığı bizim prioritetlərdir və bu mövqe Azərbaycanda ardıcıl şəkildə yürüdülməkdə, gerçəkləşdirilməkdədir. Lakin son dövrlərdə müşahidə edilən təhlükəli təmayüllərdən biri budur ki, demokratiya anlayışı altında siyasi möhtəkirliyə rəvac verilir. Xarici ölkələrin xüsusi xidmət orqanları tərəfindən maliyyələşdirilən, Azərbaycan dövləti və xalqı əleyhinə işbirliyinə cəlb edilən müəyyən adamlar, xüsusilə bir sıra qeyri hökumət təşkilatları, guya demokratiya uğrunda mübarizlər kimi qələmə verilirlər".
Daha sonra R. Hüseynov avropalı deputatların diqqətini bir çoxlarının jurnalist, hüquq müdafiəçiləri, qeyri-hökumət təşkilatlarının məşhur təmsilçisi kimi tanıdığı müəyyən şəxslərin Azərbaycana zidd fəaliyyətləri ilə bağlı dövlət orqanlarının araşdırmalar apararaq çox ciddi faktları toplamasına diqqət yönəldib: "Məsələnin ayrıca diqqət yetirilməli incə tərəfi isə budur ki, Azərbaycan əleyhinə xarici xüsusi xidmət orqanlarının seçdiyi yeni taktikaya uyğun olaraq agentura şəbəkəsinə bir çox hallarda Azərbaycandan kənarlarda da yaxşı tanınan, demokratlar kimi xarakterizə edilən populyar şəxslər cəlb edilir. Məsələn, müəyyən qeyri-hökumət təşkilatlarının, mətbuat qurumlarının təmsilçiləri, Azərbaycan Milli Təhlükəsizlik Nazirliyi, Daxili İşlər Nazirliyi, Respublika Prokurorluğunun apardığı uzunmüddətli müşahidə və araşdırmalar, toplanmış faktlar və sübutlar bir dəstə bu qəbil şəxsin vətənə xəyanət kimi dəyərləndirilməli cinayət əməllərini danılmaz şəkildə nümayiş etdirsə də, məsələni siyasiləşdirmək, həmin cinayətkarları dünyaya vicdan məhbusu kimi təqdim etmək təşəbbüsləri ortaya qoyulmaqdadır. Özünüz nəticə çıxarmağa çalışın. Tutalım, kimsə həqiqətən 1 il, 2 il əvvəldək həqiqətən demokrtaik dəyərlərin bərqərar olması, insan haqlarının qorunması yolunda fərz edək ki, səmimiyyətlə çalışırmış. Lap bu barədə çoxlu məqalələr, kitablar da yazıb. Lakin indi əldə qəti sübutlar var ki, Azərbaycan vətəndaşı olan həmin şəxs, üçüncü bir ölkədən Azərbaycanla müharibə aparan, Azərbaycan torpaqlarını zəbt etmiş Ermənistana səfərlər edib. Bu səfərlərin də təşkilatçısı Ermənistan xüsusi xidmət orqanlarının məlum əməkdaşları olub. Təbii ki, bir azərbaycanlının düşmən vəziyyətində olan ölkəyə belə sistematik səfərləri turizm məqsədi daşımayıb. Dostlar, əziz həmkarlar, sizin ölkələrin qanunları casuslarla, vətənə xəyanət edənlərlə necə davranır, hansısa keçmiş xidmətlərinə görə belə ağır cinayətlərə göz yumurmu? Demokratiya pərdəsi ardında gizlənərək Azərbaycan müstəqilliyinə qarşı mübarizə aparanların ölkəmizə qəsbkar niyyətlərlə hərbi təcavüz məqsədi güdənlərdən mahiyyət etibarı ilə heç bir fərqi yoxdur. Kənardan başqasına ağıl öyrətmək, məsləhətlər vermək asandır. Amma hərdən gərək özünü məsləhət verdiyinin, ağıl öyrətdiyinin də yerinə qoymağı bacarasan. Bütün bunlar son dərəcə həssas məsələlərdir və birbaşa bir dövlət və xalq üçün ən ali dəyər hesab edilən müstəqilliklə bağlıdır. Ona görə də burada heç bir güzəştdən söhbət gedə bilməz. Biz güzəşt edə bilmərik. Elə öz başınıza gəlsə, siz də etməzsiniz".
Kamil HƏMZƏOĞLU