Son aylar həmyerlilərimlə keçirdiyim görüşlərdə təsadüfən azyaşlı nəvələri də iştirak edib. Hər dəfə məktəbyaşlı uşaqların ləhcəsində belə qarabağlılıq əlamətlərinin qalmadığının şahidi oluram. Hətta Qarabağla bağlı suallar verdikdə cavab verməyə belə maraq göstərməmələri məndə təəssüf hissi doğurdu. Belə düşünmək olar ki, bir müddət də Qarabağsız qalsaq, Allah göstərməsin, demək o yurd eşqini itirmiş olacağıq...
Sözsüz ki, bu fikri heç də hamıya şamil etmirəm. Çünki sosial şəbəkələrdə dostluğumda olan çoxsaylı əsilli-köklü qarabağlı olan və hətta olmayan gənclər var. Onların bir çoxlarının fikirləri məni yuxarıda söylədiklərimin real olmayacağına ümidimi artırır…...
Odur ki, işğal altında olan ərazilərimizlə bağlı bütün məqamları yaşatmalı və təbliğ etməliyik. Bu yazıda da məqsəd məhz bəzən bizə xırda görünən, amma özündə mənəvi dəyərləri daşıyan ənənələrə toxunmaq istərdim...
Daim yeniliklərlə yaşamağa vərdiş edən Ağdam əhalisinin bütün cəhətləriylə yanaşı yaddaqalan maraqlı məqamları da çox idi. Onlardan biri də küçələrin sayılan sakinlərinin adıyla çəkilməsiydi. Qeyd edim ki, şəhərin əlli iki küçəsi və beş yaşayış sahəsi varıydı.
Şəhərdə görüş yeri təyin edərkən daha çox “Tələtin aptekı” və ya “Lauranın məktəbi”nin yanına təyin etmək norma kimi qəbul edilmişdi. “Aydının univermağı”, “Tağının kitab mağazası” və digər adını unutduğum söz birləşmələri sakinlərin dilinə elə də asanlıqla düşməmişdi. İlk tələb olunan şərt şəxslərin uzun müddət bir yerdə işləməsi idi. Ancaq bu müddət ərzində onların fəaliyyəti həm nəzərə çarpmalı və sakinlər arasında hörmət-izzət qazanmalı, xüsusən də xeyirxahlığı ilə seçilməliydilər...
Ağdamın tanınmış simalarından olan və uzun illər əczaçılıq sahəsində rəhbər vəzifələrdə çalışmış Tələt Əliyev məlum hadisələrdən sonra Ağdamdakı apteki Bakıya Dəmiryol İdarəsinin yanına köçürmüşdü. Maraqlıdır ki, uzun illər ağdamlılar o səmtə bir vaxtlar Ağdamda olduğu kimi “Tələtin apteki”nin yanı deyərdilər...
Xatırladım ki, əslən Quzanlı kəndindən olan Tələt Əliyev Bakıda ali hüquq və tibb təhsili almışdı. Atası Süleyman kişinin Quzanlı kəndində adsız təpədə olan ikimərtəbəli mənzilinin birinci mərtəbəsində apteki var idi. Mənzilin birinci mərtəbəsində, həmçinin Tehranda tibbi təhsil almış əmisi Mirzə Saleh Axundov təbabətlə məşğul olurdu...
Qayıdaq Ağdama, bir nömrəli məktəbin yanına, məhz həmin aptekin yerləşdiyi ünvana...
Öncə onu deyim ki, məktəbin düz qarşı tərəfində sıra dükanlar var idi. Bu dükan sırası 50-ci illərin əvvəllərində inşa edilmişdi. Ötən əsrin səksəninci illərində isə aptek və yanında olan təsərrüfat mallar mağazasında ciddi yanğın baş verdi. Nəticədə hər iki obyekt fəaliyyətini müvəqqəti olaraq dayandırmalı oldu. Belə qərara gəlindi ki, bu sırada olan dükanlar sökülsün və bununla da məktəbin qarşı tərəfi açılsın. Həmin vaxt “Pioner” bağında yaşlı ağacların budanması həyata keçirildi. Yanğın baş vermiş ərazidə üzü “Nizaminin univermağı” səmtinə yeni ikimərtəbəli aptekin tikintisinə start verildi. Layihə Səhiyyə Nazirliyinin sifarişi ilə hazırlanmışdı. Tikiləcək aptek binasında həm Ağdam rayon Mərkəzi Apteklər İdarəsi, həmdə 237 saylı aptek fəaliyyət göstərməliydi.
Paralel olaraq ərazidə söküntü işləri aparıldı və burada yaşıllıq zolağı salındı. Söküntü aparılan ərazidə bir nömrəlinin girişinə uyğun şəkildə “arka”lar quraşdırıldı. “Pioner” parkında və ətraf ərazilərdə aparılan abadlıq və yenidənqurma işlərinin layihə müəllifi həmin illərdə rayonun baş memarı işləyən Naiq Səmədov idi. Məhz Naiq Səmədovun fərdi layihəsi əsasında “Pioner parkı”nın baş tərəfində, “Gopanın” çayxanasının yerində “su-dondurma satışı mərkəzi” inşa edildi. Künbəzə bənzər üç hissə bir-birinə çox ustalıqla birləşdirilmişdi. “Pioner parkı”nın baş tərəfində isə üç hissədən ibarət monument quraşdırıldı. Park demək olar ki, əsaslı şəkildə yenidən quruldu. Ancaq bir nömrəli məktəbin qarşısında isə “Qastronom” və “Bəhlulun qızıl dükanı” saxlanıldı...
“Lauranın məktəbi” adlandırılan Ağdam bir saylı yeddillik musiqi məktəbi V.İ. Lenin prospektinin Maksim Qorki küçəsi ilə kəsişməsində yerləşirdi. Musiqi məktəbinin binasında təxminən on beşə yaxın sinif otağı var idi. Binanın nə vaxt tikilməsi məlum olmasa da musiqi məktəbi üçün uyğunlaşdırılmışdı. Məktəbə yaxın isə uşaq bağçasının həyətiydi. Vaxtiylə maarif şöbəsi məhz həmin bağçanın yerində fəaliyyətdə idi. Xatırladım ki, musiqi məktəbinə ilk olaraq Cəlal Əliyev, sonra Cəlal Bağırov rəhbərlik edib. Cəlal Bağırov ailəlikcə avtomobil qəzasında faciəli şəkildə həlak olduqdan sonra məktəbə rəhbərlik Laura Ağayevaya tapşırılır.
Bu istiqamətdə apardığımz araşdırmalardan belə məlum oldu ki, şəxslərin adlarıyla çəkilən dükan, məktəb və küçələr o qədər də çox deyil idi. Maraqlıdır ki, bu gündə şəhər haqqında danışılanda həmin şəxslərin adları xüsusi rəğbət hissi ilə çəkilir. Demək yuxarıda qeyd etdiyim şərtlər bu gün də qüvvədədir...