Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri vəzifəsinə Hikmət Hacıyev təyin olunub
525.az-ın məlumatına görə, yeni katib dünəndən etibarən vəzifəsinin icrasına başlayıb. O, bu vəzifədə Efiopiyaya səfir göndərilən Elman Abdullayevi əvəz edib.
Hikmət Hacıyev 1978-ci ildə Gəncədə anadan olub. Elə orada da 24 saylı orta məktəbi bitirib.
1995-ci ildə Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər və beynəlxalq hüquq fakültəsinə qəbul olunub. Burada bakalavr və magistr təhsili alıb.
NATO-nun Müdafiə kolleci, Təhlükəsizlik məsələlərinin tədqiqi üzrə Corc Marşal mərkəzinin məzunudur. Belçikanın ULB universitetindən ikinci magistr dərəcəsini alıb.
Hikmət Haciyevin sözlərinə görə, o, 2000-ci ildən Xarici İşlər Nazirliyində çalışır. Bundan əvvəl XİN-in Beynəlxalq təşkilatlar və Təhlükəsizlik Problemləri idarələrində işləyib.
Diplomatik fəaliyyəti dövründə Azərbaycan Respublikasının NATO yanında nümayəndəliyində, Küveyt və Misirdəki səfirliklərində çalışıb. Azərbaycan Respublikasının Misirdəki Səfirliyinin müşaviri olub.
2013-cü avqustunda Azərbaycan Respublikasının Misirdəki səfirliyinin müşaviri kimi xidməti ezamiyyətini başa vuraraq, Xarici İşlər Nazirliyinə geri dönüb. 2013-cü ilin sentyabrından Xarici İşlər Nazirliyində şöbə müdiri vəzifəsini icra edib.
Qeyd edək ki, XİN-in mətbuat xidmətinin əvvəlki rəhbəri Elman Abdullayev iki gün öncə prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikasının Efiopiyada fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
Ceyhun ABASOV