(əvvəli ötən saylarımızda)
Naxçıvan Azərbaycanın qədim tarixə malik regionlarından biridir. Buradakı qədim tarixi abidələr, maddi-mədəniyyət nümunələri Naxçıvanın təkcə Azərbaycanın deyil, bəşəriyyətin təşəkkül tapdığı ən qədim yaşayış məskənlərindən biri olduğunu sübut edir. Naxçıvan tarixi-mədəni abidələrilə yanaşı həm də müxtəlif fəaliyyət sahələrində ölkəmizə əvəzsiz xidmət göstərmiş görkəmli tarixi şəxsiyyətləri ilə məşhurdur. Bu da Naxçıvanın həm maddi-mədəni, həm də mənəvi baxımdan zəngin bölgəsi olduğunu göstərir.
Naxçıvan həm də ədəbiyyatımızın inkişafında xüsusi rol oynamış şəxsiyyətlər yetirib. Görkəmli ədib – Molla Nəsrəddin təxəllüslü yazıçı, dramaturq, jurnalist, ictimai xadim Cəlil Məmmədquluzadə 1869-cu ildə Naxçıvanda dünyaya gəlib. İlk təhsilini əvvəlcə mollaxanada, sonra isə üçsinifli Naxçıvan şəhər məktəbində alıb.
1887-ci ildə Qori Müəllimlər Seminariyasını bitirdikdən sonra 10 il ərzində İrəvan quberniyasının Uluxanlı, Naxçıvan mahalının Cəlilkənd (Şərur rayonu) və Nehrəm kəndlərində müəllimlik edib. Müəllim işlədiyi illərdə “Çay dəstgahı” (1889) alleqorik mənzum dramını, “Kişmiş oyunu” (1892) komediyasını, “Danabaş kəndinin əhvalatları” (1894; 1936-cı ildə nəşr olunub) povestini qələmə alıb. 1897-1903-cü illərdə Naxçıvanda və İrəvanda müxtəlif hüquq idarələrində çalışıb.
Cəlil Məmmədquluzadənin yazıçı və jurnalist kimi püxtələşməsində 1903-cü ildən Tiflisdə nəşr edilən “Şərqi-Rus” qəzetində işləməsi və onun redaktoru Məhəmmədağa Şahtaxtlı önəmli rol oynayıb. İlk mətbu əsəri olan “Poçt qutusu” hekayəsi bu qəzetdə dərc edilib. 1905-ci ilin əvvəlində “Şərqi-Rus” bağlanarkən jurnalist Ömər Faiq Nemanzadə və maarifpərvər tacir Məşədi Ələsgər Bağırzadə ilə şərikli bu qəzetin mətbəəsini alıb, onu “Qeyrət” adlandırıb. Ədibin ilk kitabçaları (“Poçt qutusu”, “Usta Zeynal”, “Qurbanəli bəy”, “İranda hürriyyət”) “Qeyrət” mətbəəsində işıq üzü görüb. 1905-ci ildə Tiflisdə uşaqlar üçün məktəb və pansion açıb. İlk nömrəsi 1906-cı il aprelin 7-də (20-də) çıxan “Molla Nəsrəddin” jurnalının nəşrinə başlamaqla Cəlil Məmmədquluzadə Azərbaycanda, eləcə də türk-müsəlman dünyasında satirik jurnalistikanın əsasını qoyub. Jurnal müəyyən fasilələrlə 1931-ci ilədək Tiflisdə (340 nömrə), Təbrizdə (8 nömrə) və Bakıda (400 nömrə) nəşr edilib. Cəlil Məmmədquluzadə sovet dövründə “Molla Nəsrəddin” jurnalı və “Yeni yol” (Bakı) qəzetinin redaktoru, Ümumittifaq Mərkəzi Yeni Əlifba Komitəsinin üzvü, Bakı Tənqid-Təbliğ Teatrının təşkilatçılarından olub. Cəlil Məmmədquluzadə 40 illik yaradıcılığı boyu müxtəlif janrlarda (dram, hekayə, povest, şeir, publisistika, ədəbi tənqid, xatirə və s.) yazdığı əsərləri ilə realist Azərbaycan ədəbiyyatında yeni səhifə açıb. “Danabaş kəndinin əhvalatları” povestində və ilk hekayələrində (“Poçt qutusu”, “Usta Zeynal”, “Qurbanəli bəy” və s.) yazıçı o zamankı Azərbaycan həyatında hökm sürən feodal-patriarxal münasibətləri, çar məmurlarının və riyakar din xadimlərinin özbaşınalığını, şüurlarda və məişətdəki geriliyi, mövhumat, cəhalət və xurafatı, qadınların acınacaqlı taleyini böyük vətəndaş yanğısı ilə qələmə alıb. 1909-cu ilə yazdığı məşhur “Ölülər” tragikomediyası Azərbaycan realizmi və satirası tarixində şərəfli yer tutur. Cəlil Məmmədquluzadə və onun ətrafında birləşən əməlpərvər ziyalılar həqiqi azərbaycançılığın əsaslarını yaratdılar. Xalqımızın tarixi taleyi ilə bağlı olan bu məfkurə Azərbaycanın milli maraqlarını önə qoyan bir məslək, yol idi. Ədib bu yolu 1917-ci ilin noyabrında “Molla Nəsrəddin”də dərc olunan “Azərbaycan” məqaləsində ifadə etmiş və Rusiyada baş verən hadisələrin Azərbaycanın istiqlalına doğru apardığını uzaqgörənliklə duymuşdu. Məqalədə vahid Azərbaycan ideyası qabarıq şəkildə irəli sürülürdü. Parçalanmış Vətənin coğrafi hüdudları haqqında məlumat verən ədib “Haradadır Azərbaycan” sualının cavabında yazırdı:
“Azərbaycanın çox hissəsi İrandadır ki, mərkəzi ibarət olsun Təbriz şəhərindən; qalan hissələri də Gilandan tutub, qədim Rusiya hökumətilə Osmanlı hökuməti daxilindədir ki, bizim Qafqazın böyük parçası ilə Osmanlı Kürdüstanından, Bəyaziddən ibarət olsun”.
Dövrün daha bir aktual mövzusundan – erməni-Azərbaycan münaqişəsindən bəhs edən birpərdəli “Kamança” pyesində də Azərbaycan xalqının yüksək humanizmi dərin psixoloji-bədii inandırıcılıqla və müstəsna emosional təsir gücü ilə seçilir.
C.Məmmədquluzadənin əsərləri bir sıra dillərə tərcümə olunub, Azərbaycan Respublikasında bir sıra küçə və mədəni-maarif müəssisəsinə (o cümlədən Naxçıvan Dövlət Musiqili Dram Teatrına, Naxçıvan Muxtar Respublika Dövlət Ədəbiyyat Muzeyinə) C.Məmmədquluzadənin adı verilib. Keçmiş Astraxan rayonu və şəhəri 1967-ci ildə onun şərəfinə Cəlilabad, vaxtilə müəllimlik etdiyi Baş Noraşen kəndi isə Cəlilkənd adlandırılıb. Naxçıvanda və Cəlilabadda heykəli qoyulub. Ümummilli lider Heydər Əliyev Cəlil Məmmədquluzadənin ədəbi-ictimai fəaliyyətini yüksək qiymətləndirib. Ulu öndərin iştirakı və himayəsi ilə 1999-cu ildə Naxçıvanda ev muzeyi açılaraq istifadəyə verilib.
Ədibin Bakıda da ev-muzeyi, Nehrəm və Cəlilkənd kəndlərində xatirə muzeyləri açılıb. Anadan olmasının 100 və 125 illik yubileyləri təntənəli şəkildə qeyd olunub. Son illərdə akademik İsa Həbibbəyli ədibin müxtəlif ölkələrdə (Fransa, Polşa və İranda) yaşayan nəvə-nəticələri ilə əlaqə yaradıb.
Naxçıvanın tanınmış ədiblərindən biri də maarifçi, pedaqoq, publisist, şair Məhəmməd Tağı Sidqidir. 1854-cü ildə Ordubadda dünyaya gələn Sidqi mədrəsə təhsili alıb, klassik şərq poeziyasını və fəlsəfəsini mükəmməl öyrənib.
Gəncliyində ticarətlə məşğul olub, ailəsini dolandırmaq üçün çayxana açıb, çayxana, bir növ, ziyalıların, ədəbiyyat həvəskarlarının toplaşdığı mədəni mərkəz, qiraətxana rolunu oynayıb. Sidqi Ordubadda “Əxtər” (1892, maarifçi ziyalı Hüseyn Sultan Kəngərli ilə birgə), Naxçıvanda isə “Tərbiyə” (“Məktəbi-Tərbiyə”, 1894) məktəbi təsis edərək xalq müəllimi kimi şöhrət qazanıb, ədəbi-mədəni tədbirlərin və teatr tamaşalarının əsas təşkilatçılarından olub. Elmi-pedaqoji dəyərə malik yeddi dərsliyin (“Nümuneyi-əxlaq”, “Töhfeyi-bənat, yainki Qızlara hədiyyə”, “Müxtəsər coğrafiya risaləsi” və s.) müəllifidir (əlyazmaları Azərbaycan Milli Elmlər Akademiyası Füzuli adına Əlyazmalar İnstitutunda saxlanır). Sidqi bədii yaradıcılıqla da məşğul olub. Ordubadda fəaliyyət göstərən “Əncüməni-şüəra” ədəbi məclisinin fəal üzvlərindən idi.
Pedaqoji fəaliyyəti ilə bilavasitə bağlı olan ədəbi irsi qəzəllərdən (300-dən çox), “Məsnəviyyati-mənəviyyə” adlı irihəcmli mənzumədən, “Kəblə Nəsir” mənzum hekayəsindən, “Heykəli-insanə bir nəzər” ədəbi-fəlsəfi traktatından (1912-ci ildə kitab halında çap edilib.), 20-dən çox hekayədən ibarətdir. Sidqi Azərbaycan uşaq nəsrinin ilk yetkin nümunələrini yaradıb. “Məktəb hekayələri” kimi tanınan bu əsərlərdə (“Məktəbə davam”, “Gözütox uşağın hekayəti”, “Yalançı uşaq”, “Səxavətli uşaq” və sair) o, özünün maarifçilik ideyalarını, pedaqoji görüşlərini, yüksək mənəvi-əxlaqi keyfiyyətlərini bədii şəkildə təbliğ edib. Onun təşəbbüsü ilə “Tərbiyə” məktəbində A. S. Puşkinin anadan olmasının 100 illik yubileyi keçirilib (1899), bu münasibətlə Sidqi məruzə edib. (1914-cü ildə kitabça halında çapdan çıxıb). Sidqi publisistika sahəsində də fəaliyyət göstərib, “Tərcüman” (Baxçasaray), “Əxtər” (İstanbul), “Həblülmətin” (Kəlkəttə), “Kaspi” (Bakı), “Nasiri” (Təbriz) və sair qəzetlərlə yaxından əməkdaşlıq edib, ara-sıra məqalələr dərc etdirib. Ana dilində “Çıraq” adlı qəzet çıxarmaq üçün təşəbbüs göstərib.Sidqi 1903-cü ildə Kəngərli royonunun Qarabağlar kəndində vəfat edib, Naxçıvan şəhərində dəfn edilib.
(ardı var)
S.ABDULLAYEVA