"Ziya"( "Ziyayi-Qafqasiyyə") 1879-1884-cü illərdə Tiflisdə Türki - Azərbaycan dilində, əslən şamaxılı olan Səid Ünsizadə (1825-1905) tərəfindən həftədə bir dəfə nəşr olunan qəzetdir. Sonuncu nömrəsi 1884-cü il iyunun 11-də nəşr olunub. "Ziya"nın ilk iki nömrəsi hələ tapılmayıb. Xronoloji ardıcıllığına, hər nömrənin pəncşənbə günü çıxacağı əvvəlcədən elan olunduğuna görə ilk nömrənin 1879-cu il yanvarın 25-də, ikinci nömrənin isə növbəti pəncşənbə günü - martın 1-də nəşr olunduğu güman və təxmin edilir. Başqa variant da mümkündür. Bəzi tədqiqatçılar ilk nömrənin tarixini 14 yanvar 1879-cu ildən hesablayıblar.
Belə olan təqdirdə həftəlik qəzetdə bir həftə ləngimə olduğunu düşünmək olar.
Rəsmi dövlət sənədlərində Səid Ünsizadəyə "Ziya" qəzetini 1879-cu ilin yanvarın əvvəllərindən başlayaraq çıxarmağa icazə verildiyi bildirilir.
"Ziya" qəzeti 1880-ci ilin dekabrından "Ziyayi-Qafqasiyyə" adı ilə çıxıb. Addəyişmə əməliyyatını qəzetin sərlövhəsini dəyişən rəssamın müdaxiləsi kimi izah etsələr də, əslində bu, məqsədyönlü xarakter daşıyıb, S.Ünsizadə "Ziya"nın yayıldığı məkanı bilərəkdən məhdudlaşdırıb. Əslində "Ziya" qəzeti Türkiyə və İranda da, Rusiyanın türk dili başa düşülən bir çox ərazilərində də oxunurdu. Bunu Simferopoldan, Tambov quberniyasının Spassk şəhərindən, Sankt-Peterburq, Moskva, Ufa, Həştərxan kimi iri şəhərlərdən gələn məktublar sübut edirdi.
"Ziya"- maarif ziyasıdır. Bu, elə ziyadır ki, sərhəd tanımır, öz şəfəqləri ilə qaranlıq aləmi işıqlandırır, xalqı işıqlı günlərə səsləyir. "Ziya"nın naşiri və imtiyaz sahibi Səid Ünsizadə öz maarifçilik fəaliyyətini, bu yoldakı axtarış və qarşılaşdığı çətinliklərlə mübarizəni belə səciyyələndirirdi:
"Tiflis. 17 noyabr. "Ziya"qəzetəsinin təb və nəşr olunmağını dost dutan həzərata məlum ola ki, həmin ildə (1879-cu ildə-N.N.)qəzetə verməkligi öhdəmizə götürən vəqtdə hərçənd niyyətimiz ona müncərr (bir tərəfə çəkilən,sürüklənən-N.N.) olmuşdu ki, qəzetimizi keçən məhərrəm ayının ibtidasından verək. Çünki səneyi- islamiyyənin ibtidası ondan başlanır və lakin işimizin ibtidası düşvar olduğuna görə bacara bimədik ki, bir parə kəsr və nöqsanımızı cabəca (yerbəyer-N.N.) edib məzkur niyyətimizi əmələ gətirək. Ona görə naçar olub,səfər ayının on dördündə (islam təqviminin 1296-cı ilində-N.N.) əvvəlimci nömrəmizi zühurə gətirib, ahəstə-ahəstə səy və himmət göstərdik"(19.11.1879,N 44).
Səid Ünsizadə öz millətdaşlarına təmənnasız xidmət nümunəsi göstərirdi. O, Şamaxıdan Tiflisə gəlib, burada ərki çatan insanların köməyi ilə əvvəlcə litoqrafiya (daş basmaxanası), sonra tipoqrafiya (hürufat basmaxanası -N.N.) açmışdı. Onun fikrincə, "hər millətin öz xəttinə və dilinə məxsusi olan basmaxana (burada: litoqrafiya və tipoqrafiya-N.N.) o millətin və əhvalatını nəşr edən və fikrinə rəvac verən və yamanlıq yolundan mən ( qadağan etmə-N.N.) edən və yaxşılıq yoluna tərğib edən və cəmaətin vəkili və onların səsi və yaxşının tərifçisi və yamanın məzəmmətçisi və zalimlərdən şikayətçi və məzlumlara kömək edəndir. Bu mülahizə ilə biz dəxi öz qüvvət və təvanımızdan artıq öz millətimizə məxsus, ümumi mənfəəti olan mətbəə dəstgahlarını hasilə gətirməkdə bacardığımızı müzayiqə eləmədik" (03.12.1881, N2).
S.Ünsizadə proqram xarakterli bu məqaləsində dövrün ziyalılarını əlbirliyə çağırırdı: "Bir ev bir eli tikə bilməz, bəlkə bir el bir evi tikə bilər...Bu barədə hər bir tərəfdən himmət və iltifat göstərmək lazımdır və hər kəs basmaxana və qəzetimizi özününkü hesab eləməlidir".
S.Ünsizadə qəzetdə nə yazırsa yazsın, fikrini elə ifadə edirdi ki,onu anlayırdılar, yaxşı başa düşürdülər. Qəzetdə başa düşülməyən sözlərin və ifadələrin izahı, aydınlaşdırılması üçün müxtəlif üsullardan istifadə edilirdi. Bu məqsədlə ən çox mötərizə və "yəni" aydınlaşdırma bağlayıcısından istifadə olunurdu. Qəzetdə ayrı-ayrı sözlərin izahında ətək yazılarından da istifadə edilib. Bu qayda ən çox Ezop maneralı tərcümələrdə işlənilib. Bu cəhətdən "Ziya"nın 26 iyul 1879-cu il tarixli 27-ci nömrəsində "Moskovckie vedomosti " qəzetindən çap tarixi göstərilmədən tərcümə edilmiş bir yazı diqqəti cəlb edir. Yazıda inqilabi işlərə qoşulan bir nəfərin həbsindən söz açılır. O, tutulan vaxtı özünü Rusiya dövlətinin sosialistlərindən biri olduğunu deyir. Tərcüməçi "sosialist" sözünün üstünə ulduz işarəsi qoyaraq, qəzetin ətək yazısında onu və onula ilgili daha üç sözü belə izah edir:
"Sosialist" latın lüğətidir. Bu halda Evropada sosialist o şəxsə deyirlər ki, sosializm məzhəbindəndir (yol-N.N.) və bu məzhəb iki şüqqə (qola-N.N.) münşəəqdir (parçalanmışdır-N.N.) ki, birinə qommunizm(mötərizədə ərəb qrafikalı qəzetdə rus hərfləri ilə "kommunizmc "- N.N.), o birinə sosializm (mötərizədə rus qrafikası ilə "sosializmc" - N.N.) deyirlər".
Daha sonra uzun-uzadı izahat gəlir. Əslində ilkin mənbədə-rusdilli paytaxt qəzetində nə sosialist sözü, nə də ki onunla bağlı belə geniş izahat var.
Yeri gəlmişkən qeyd edək ki, sosialist, kommunizm, sosializm və bunlarla ilgili revolyusioner sözlərini anadilli mətbuatda-Azərbaycan mətbuatında ilk dəfə türkdilli oxuculara çatdıran Səid Ünsizadə olub. Əlbəttə, biz onu inqilabçı kimi tanıtmaq fikrində deyilik. Bu sözlər "Ziya" qəzetində görünəndə sonralar Lenin kimi tanıdığımız Volodya İlya oğlu hələ tatar şəhəri Kazanda harasa dərs öyrənməyə gedirdi: 9 yaş 3 ay (mayın 31 gün olduğunu yaddan çıxarmasaq) 5 günlük idi, başqa sözlə, 10 yaşının 97-ci günündə gələcəyinin planlarını və yalanlarını cızırdı.
"Ziya" qəzetində işlənən alınma terminləri mövzusuna görə bir neçə yerə bölmək olar:
1) ictimai -siyasi məzmunlu terminlər
2) məktəb və maarifçilik terminləri
3) peşə, sənət, vəzifə və məşğulluq sahəsinə aid terminlər
4) maliyyə, pul və bank əməliyyatları ilə ilgili terminlər
5) hərbi anlayışları ifadə edən terminlər.
"Ziya" qəzetində bəzi alınma sözlərin "Əkinçi" qəzetində olduğu kimi, "yəni" aydınlaşdırma bağlayıcısı ilə izah edilməsinə geniş yer verilib: "Peterburq.11 mart."Qolos"un nəqliyyatına görə, Zaqafqaziyanın, yəni Qafqazın qiblə tərəfinin teleqrafı ümumi teleqraf rəbtinə müəlləq( bir şeyə söykənmədən havada və ya boşluqda duran-N.N.) olunmaqdan ötrü bu ildən tədbir olunur ki, Baku və Krasnovodskinin arasında teleqraf bəndləri nəsb eləsinlər (tiksinlər-N.N.)"(1879,N8).
"Zaqafqaziyada, yəni Qafqaz qitəsindəki müsəlman şəhərlərində doqquz yüzə qərib sünni və şiələrə məxsus oğlan və qız məktəbləri var imiş" (27.03.1880,N17).
"Bu işdən ötrü hökumətin kontroluna, (yəni onun zəbt və idarəsinə) verilmiş sərmayə 7 135 270 markalıq qızıl pul və yaxud 3 767 660 manatlıq rusi kağız puldur"(09.10.1881,N30).
"Ziya"da tərcümə materiallarına xüsusi qayğı göstərilib, hər sözün anlaşıqlı variantı seçilərək işlədilib. Bu cəhətdən III Aleksandrın 15 may 1883-cü ildə Peterburqda təşkil olunmuş tacqoyma mərasimindən verilmiş reportaj diqqəti cəlb edir. Reportajda türkdilli oxucular üçün maraqlı ola bilən 30-dan artıq Avropa məşməli alınma söz vardır: imperator, naçalnik, skaçka(əsb dəvanı-qaçan atların yarışı-N.N.), klub, natarius, çinovnik, hura (ura nidası-N.N.) çəkmək,hura cədası, uşkola, imperatoriçə, üç klaslu məktəb, zakon uçiteli, qəpik və s.
Dilimizdə bu gün geniş populyarlıq qazanmış alınma sözlü terminlər "Ziya" qəzetinin oxucularına elə ilk oxudan məlum olurdu.Yazı müəllifi və ya tərcüməçi sözün çətinliyini başa düşəndə həmin sözü izah etməyi yaddan çıxarmırdı. Yeri gəlmişkən qeyd edək ki, sonralar "Dəbistan" uşaq jurnalında da bu qaydadan səmərəli istifadə olunub. Məsələ burasındadır ki,"Dəbistan"da nömrənin bütün çətin sözləri jurnalın sonuncu səhifəsində ayrıca başlıq altında "Ziya"dakından fərqli olaraq, ərəb və fars mənşəli sözlərlə Avropa mənşəli sözlər birlikdə verilirdi.
(Ardı var)
Nazim NƏSRƏDDİNOV,
Əməkdar müəllim, Təhsil Nazirliyinin Elmi-Metodik Şurasının bölmə üzvü, TQDK-nın Azərbaycan dili fənni üzrə eksperti