Dəlicəsinə istək!
Dəlicəsinə qalib gəlmək əzmi!
Allah dəlicəsinə istəyənlərin yanındadır!
İnsan bir şeyi dəlicəsinə istəyirsə, ona çatır!
Bu yaxınlarda Bakıdan mənə hədiyyə gətirilən "Dəlicəsinə" kitabından oxuduğum bu fəlsəfi fikirlərin müəllifi - yazıçı, publisist, şair, jurnalist Rəşad Məcidin daxili dünyası ilə tanışlıq məndə çox xoş təəssürat yaratdı.
Təbiət vurğunu olduğumdan kitabın üz qabığında verilmiş gözəl dəniz mənzərəsini görəndə şair Rəşad Məcidin "Məğrur qaya" şeiri yadıma düşdü:
Bu qayanın duruşundan əzəmət yağır,
Bu sahilin güvənc yeri, ümüd yeridir.
Bu qayanın qarşısında dalğalar fağır,
Yüz dalğanı sinəsində ovub, əridir.
Bu qayanın kökü dərin, qaməti uca,
Tufanlar da vüqarını sarsıda bilmir.
Yağışların gur yerində çimir doyunca,
Şimşəklərin hədəsindən qorxub əyilmir.
İnsanın hisslərinə, arzularına, duyğularına qarşı durmuş olan dünyanın özü ilə üzbəüz danışmaq gücü və qüdrəti vardır bu poetik misralarda.
Sadəlik, aydınlıq, səmimilik, həyata, оnun tələblərinə dərindən bağlılıq, poetik üslubun təkrarsızlığı və bənzərsizliyi, fikir və məntiqin aydınlığı, sözün zərgər dəqiqliyi ilə işlənilməsi, ahəngdarlığı Rəşad Məcid poeziyasını bir şair kimi fərqləndirən xüsusiyyətlərdir.
Kitabın içindəki publisistik yazılar, səfər təəssüratları, portret məqalələr, şair-yazıçı Rəşad Məciddən alınan müsahibələr öz sadəliyi və orijinallığı ilə seçilir. Kitabda tanıdığım və tanımadığım insanlar haqqındakı yazılar o insanları mənə bir daha tanıtdırdı və sevdirdi. Rəşad müəllimin səfər təəssüratlarını oxuduqca sanki mən də qiyabi olaraq o yerlərə getdim, gəzdim, gördüm, görüşlərdə oldum, müxtəlif insanlarla tanış olaraq, onların söhbətlərini dinlədim.
...Bütün uğursuzluqların arxasında sevgisizlik durur!
"Sevəndə də dəlicəsinə sevin" - deyən Rəşad Məcid oxucusuna həyatın çətinlikləri və məşəqqətləri qarşısında qalib olmaq üçün həyat eşqi, əzmkarlıq, arzularına çatmaq, istəklərinə nail olmaq yolunda "dəlicəsinə" inadkarlıq etməyi tövsiyə edir.
...Biz- arzuladığımız torpağa ona görə çatmırıq ki, dəlicəsinə istəmirik.
...Dəlicəsinə mübarizə edin! Catacaqsınız!
Bu, yazıçı Rəşad Məcidin "dəlicəsinə" hayqırtısı, çağırışıdır.Torpağı işğal altında olan bir millətə,vətənə olan sonsuz sevgisindən doğan ürək sözləridir.Torpağı dəlicəsinə sevək ki, azadlığına da nail olaq.
Açıb qollarımı qucaqlayaram,
Sıxaram köksümə genişliyini.
Çən kimi çökərəm, su tək hoparam
Bu yurd sinəsində bitirər məni.
Rəşad Məcid qələmindən süzülüb gələn bu kövrək misralar şairin vətənə, el-obaya, torpağa sevgisindən, məhəbbətindəndir.
Həzin, qəmli bir melodiya kimi insanın ruhunu oxşayan bu misralarda isə sevən qəlbin hissləri dolğun şəkildə ifadə olunub:
Hələ çoxdur səndən məndə qalanlar,
Hələ nələr yazmalıyam mən, nələr...
Ağrı dolu, əzab dolu romanlar,
İnildəyən, sızıldayan nəğmələr.
Rəşad Məcid çağdaş ədəbi aləmdə özünəməxsus dəsti-xətti ilə seçilən, danışdığı kimi yazan, yazdığı kimi danışan qələm sahibidir.
Rəşad müəllimi mənə sevdirən onun məşhur "10 sentyabr" hekayəsi olub. Bu hekayədə sadə, ürəyi təmiz, sözünə sadiq, gözütox, vicdanlı bir azərbaycanlı və tipik bir amerikalı obrazı ustalıqla təsvir edilib. 10 sentyabrda taksi kimi işlətdiyi "Jiquli"sində qalan çantanı amerikalıların qaldığı yerə aparıb öz əli ilə versə də, amerikalı onun gətirdiyi pula it alacaqlarını bildirir və ona bir qara sent də vermir. Bir sadə azərbaycanlı düşüncəsi ilə balalarının boğazından kəsib dar gün üçün yığdığı pulu qızının saglamlığına qıymayan ata dostlarına söz verdiyi qonaqlığa xərcləyir. Amma o qızın, anasının ahı yerdə qalmır və son: 11 sentyabr.
Rəşad Məcidin ən çox sevdiyim şeirlərindən biri də böyük fəlsəfi mənası olan "Uzağı bir ay" şeiridir.
Unuda bilmirəm: uşaqkən qumdan
Qurduğum qalanı sular apardı.
O itki heç zaman çıxmır yadımdan
Çığırdım, qışqırdım, şivən qopardım.
Mənim çox qalama o vaxtdan bəri
İldırım şaxıyıb, dolu tökülüb.
Doğma şəhərlərim viranə qalıb,
Uşaqlıq evlərim daş-daş tökülüb.
İndi nə sarsılıb, nə də yanaram
Taleyin növbəti sərt sınağına
Uzağı bircə ay qubarlanaram
Qurduğum qalanın uçurulmağına.
Heyfsilənməyin, Rəşad Məcid! Çünki "dəlicəsinə" istəyə görə o qala yenidən qurulacaq!
Yenə dünya yaşıllaşır,
Payızın düz ortasında.
Yenə uşağa dönürəm
Ömrümün günortasında.
Taledən ən dadlı töhfə,
Ən ləzzətli bar qayıdır.
Tanrı, insafına şükür,
Yenə də bahar qayıdır.
Ad gününüz mübarək, Rəşad müəllim. Sizi 50 illik yubileyiniz münasibəti ilə səmimi qəlbdən təbrik edir, uzun ömür, cansağlığı, ailə səadəti, yaradıcılıq uğurları arzulayıram. Uğurlarınızın daim davamlı olması diləyi ilə hər şey könlünüzcə olsun!