|
|
|
|
Əsrlər boyu məkrli xəstəlik sayılan şəkərli diabet müalicəsi tapılmayan bir azar kimi insanları dəhşətə gətirirdi. Lakin 1921-ci ildə kanadalı həkimlər Frederik Bantinq və Çarlz Bestin insulini kəşf etməsi ilə bu xəstəliyin müalicəsində böyük dönüş yarandı. Artıq insanların diabet komasından həyatlarının dəyişməsi köklü surətdə azaldı. O vaxtdan başlayaraq insulinin keyfiyyətinin yaxşılaşdırılması, onun yeridilmə texnikasının təkmilləşdirilməsi, ümumiyyətlə insulinlə şəkərli diabet xəstəliyinin müalicəsində çoxsaylı elmi tədqiqatlar davam etdirilir.
Axır illərdə insulinin xəstələrə yeridilmə mexanizmində şpris-qələmlərin tətbiqi bu sahədə bir yenilik idi. Bu xüsusilə yeridilmədə ağrının azalması, vurulan insulin dozasının dəqiqliyi və ümumi rahatlıq: şpris -qələmi insulinlə birgə cibdə və ya əl çantasında saxlamağın mümkünlüyü.
Onu da qeyd edim ki, hazırda respublikamızda Heydər Əliyev Fondunun köməkliyi sayəsində şəkərli diabetlə xəstə uşaqların hamısı və xeyli sayda 2-ci tip insulin tələbli şəxslər şpris-qələmlə təmin olunublar.
Bir çox sahədə olduğu kimi şəkərli diabet xəstəliyinin müalicəsində də elmi axtarışların davam etdirilməsi öz bəhrəsini verir. Bu, dəri altına insulinin çox kiçik dozalarla yeridilməsini təmin edən xüsusi nasosun -"pompa"nın ixtirası oldu. İlk belə pompa 1963-cü ildə ABŞ-ın Los-Ancels şəhərində yaşayan həkim Arnold Kediş tərəfindən ixtira edilmişdir. Lakin bu pompa elə böyük idi ki, onu kürəkdə gəzdirmək lazım gəlirdi. Əlbət də bu çox narahatlıq yaradırdı. Odur ki, bu cihazın təkmilləşdirilməsi üzrə intensiv axtarışlar aparıldı və nəticədə hazırda onun çox kiçik və yüngül çəkidə modeli yaradıldı.
Azərbaycan Endokrinoloqlar Cəmiyyətinin sədri, professor Valeh Mirzəzadə qeyd edir ki: "İnsulin pompası intensiv insulin müalicəsi alan diabetli insanların müntəzəm olaraq qanda şəkərin miqdarının ölçülməsinin zəruriliyinə bir alternativdir. Bu cihaz bugünkü vaxtda dəri altına insulinin kiçicik dozalarla yeridilməsini təmin edən yeganə bir qurğudur".
Respublikamızda insulin pompası ilə müalicəyə 2006-cı ildən Endokrinologiya, Diabetologiya və Metobolizm Mərkəzində başlanıb. Hazırda 30 nəfər diabetli xəstə insulin pompası ilə müalicə alırlar. Əlbət də bu çox az miqdardır.
Budur, artıq respublikamızda da bu müasir müalicə metodunun istifadəsinə imkan yaranmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi diabetli uşaq və yeniyetmələrin müalicəsi üçün 90 pompa almışdır. Bu pompalar nazirliyin Respublika Endokrinoloji Mərkəzinə verilmişdir. Burada pompalar və onların istifadəsi üçün lazım olan istismar və özünənəzarət vasitələrinin bir illik həcmi (insulinin yeridilməsi üçün kateter, insulinin saxlanılması üçün kiçik çən (rezervuar), batareyalar, lanset, qlyukometr və 20 qutu test-çubuqcuqlar) uşaqlara pulsuz veriləcək.
Qeyd edilməlidir ki, insulin pompası ilə müalicə tibbi personalına və bu texnologiyanın tətbiqi məqsədilə təşkil ediləcək xüsusi serviz xidmətinə yüksək dərəcədə tələbat qoyur. Bu məqsədlə Respublika Endokrinoloji Mərkəzində uşaqlarla pompa müalicəsi aparacaq həkim-endokrinoloqların bu yeni texnologiyanın tətbiqi ilə əlaqədar biliklərin əldə etmələri üçün seminarlar aparılır.
Həkim -endokrinoloqların şəkərli diabet xəstələrinin müalicəsində insulin pompasının tətbiqinə olan böyük marağı nəzərə alaraq Azərbaycan Endokrinologiya, Diabetalogiya və Terapevtik Təlim Assosiasiyası, Azərbaycan Diabet Cəmiyyəti və Almaniyanın İME-DC şirkəti ilə birlikdə 15-18 avqustda "İrşad" mehmanxanasının konfrans zalında həkim-endokrinoloqlar üçün şəkərli diabetdə insulin pompası ilə müalicəyə həsr edilmiş 2 günlük treninq keçirmişdir. Treninqdə Almaniyadan dəvət edilmiş görkəmli alim, t.e.d. Elke Austenant və moskvalı həkim-endokrinoloq İvan Kuznetsov bu yeni texnologiyanın tətbiqinə yaranan zəmini, onun istifadəsi üzrə aparılmış elmi-tədqiqatların nəticələri barədə və pompanın tətbiqini əyani olaraq həkimlərə öyrədilməsi üzrə lazımi bilikləri çatdırdılar, həkim-endokrinoloqları maraqlandıran bir çox suallara aydınlıq gətirdilər.
Müzakirələrdə çıxış edən Azərbaycan Diabet Cəmiyyətinin sədri Möminat Ömərova şəkərli diabetlə xəstə uşaqlara belə dəyərli qayğının göstərilməsinə görə Azərbaycan hökumətinə, Səhiyyə Nazirliyinin rəhbərliyinə təşəkkür edərək eyni zamanda bildirdi ki, pompa müalicəsinin təşkilində əsas bir problem var ki, o da pompanın qiymətinin yüksək olmasındadır. Heç də hər bir valideyn belə bahalı cihazı almaq iqtidarında deyil. Odur ki, bizim Cəmiyyət hələ 2011-ci ildə Səhiyyə Nazirliyinə müraciət edərək diabetli uşaqlar üçün dövlət hesabına pompanın alınmasını xahiş etmişdir. Mən çox razıyam ki, bizim bu müraciətimizə dəstək verildi. Əminəm ki, qarşıdakı illərdə Səhiyyə Nazirliyi respublikamızda olan bütün diabetli uşaqları pompa ilə təmin edəcək.
Treninqin yekununda Azərbaycan Endokrinologiya, Diabetalogiya və Terapevtik Təlim Assosiasiyası prezidentinin müavini V.Mirzəzadə almaniyalı alim Elke Austenata və moskvalı həkim-endokrinoloq İvan Kuznetsova dərin məzmunlu mühazirələrinə görə təşəkkürünü bildirdi.
Akif Muxtarov,
Azərbaycan Diabet Cəmiyyəti sədrinin müavini