1 sentyabr 1982-ci ildə Kəlbəcər rayonun Zəylik kəndində dünyaya göz açıb. Orta məktəbin beşinci sinfinə qədər doğulduğu kənddə, sonra isə məcburi köçkün məntəqələrində oxuyub. 1999-cu ildə Kəlbəcər rayon 100 saylı orta məktəbi bitirib, həmin il Gəncə Dövlət Universitetinin Tarix fakultəsinə daxil olub. 2004-cü ildən Kəlbəcər rayon 74 saylı ümumi orta məktəbdə müəllim işləyir. Ailəlidir, iki övladı var.
Ədəbi yaradıcılıqla orta məktəb illərindən məşğul olur. Şeirləri almanaxlarda və dövrü mətbuatda dərc edilir. Bir kitab müəllifidir. “Dağlar yuxunuz çin olsun” 2012
ANAMA
"Dövlətdə dəvə - övladda nəvə"
Nəvənin əlindən elə tutmusan,
Çıxıbdı yadından uşağın, ana.
Deyəsən özünü lap unutmusan,
Haqlımı, haqsızmı qınağın, ana?!
Gözün yaman qorxub dəcəlliyimdən,
Bu cüllüt nəvəndən yoxdur xəbərin.
Öyündüm şəhərdə kəndliliyimnən,
Ana, fərqi çoxdu kəndlə şəhərin.
Hələ gülüşə bax gözünün altdan,
Biz deyən sözləri deməli almır.
Çətin çıxacağıq sözünün altdan
Boynuna tutduğu əməli almır.
Mən belə deyildim anam, ay anam,
Üzümdə abırım, utancaqlığım.
Mən sənin bir köynək yaxın balanam,
Tutacaq deyəsən ta qısqanclığım.
Çox da əzizləmə: "dövlətim, dəvəm",
Gəl belə böyutmə, almaz öyüdü.
Sənin bu şəhərli dələduz nəvən
Tökəcək burnumdan verdiyin südü.
Mən kənddən gələndə özümnən, ana,
İçimdə bir şəhər kənd gətirmişəm.
Sən demə dünyaya övlad yox, amma
Sözümü kəsməyə fənd gətirmişəm.
Mənim ucbatımdan saçın qardısa,
Belə qocalmağın gözümə gəlir.
Sənə elədiyim nələr vardısa,
Birə-beş qayıdıb özümə gəlir.
Könlüncə böyüyür, gözlərin aydın,
"Anamı ağladır" - alqışın tutub.
Belə arzulayan sən olmasaydın,
Deyərdim kiminsə qarğışı tutub.
YADIMA DÜŞÜRSƏN
Olmusan əsiri bir xoş qılığın,
Hardasan, necəsən, gözümdən uzaq.
Bir azca ərköyün, bir azca çılğın,
Lap bir az da kövrək, ay dəli uşaq-
Sən mənim yadıma yaman düşürsən.
Həsrət ürəyimdə eşqə yaraşıq,
Yenə xatirələr gəlir bir ətək.
Yolotu, qırxbuğum, yarpız qarışıq,
Qışın ortasında yaz nəfəsi tək
Sən mənim yadıma yaman düşürsən.
Vüsalına həsrət yar ağlayanda
Günəşin odundan qar ağlayanda,
Kaman göynəyəndə, tar ağlayanda,
Sən mənim yadıma yaman düşürsən.
Sevda səmasından hələ düşmərəm,
Nəzərə gəlmərəm, dilə düşmərəm,
Mən sənin yadına belə düşmərəm,
Sən mənim yadıma yaman düşürsən.
Baxıb bu gününə öyünmədiyim,
İkiyə bölünən məmləkət kimi.
Boy atıb qoynunda böyümədiyim,
Həsrətin çəkdiyim doğma kənd kimi
Sən mənim yadıma yaman düşürsən.
DƏRD QALSIN BAŞLI-BAŞINA
Sənə şeir yazmaq olar?
Sən ilahi bir şeirsən.
Dırnağından telinəcən,
Kaş biləsən nə deyirsən.
Sən bildiyin bilməcələr,
Ürəyimin sarı simi.
Sən getdiyin dar küçələr
Çəkə bilmir iniltimi.
Ürəyimi yatırma gəl,
İşvə, sığal yeri deyil.
Hələlik de, görüşərik,
Bura sağ ol yeri deyil.
Yanımızdan keçib gedir,
İçi qara ağ adamlar.
Böyük sevda sarayıdır,
Şah kahalar, ağa damlar.
Hissinə kölə ürəyin,
Düşüb bir daşdı, başına.
Bəlkə baş götürüb gedək
Dərd qalsın başlı-başına?
İkimiz əl-ələ verib,
Gəl baş alıb, çıxaq gedək.
Od vuraq dərdin canına,
Komasını yıxaq gedək.
QARAGÖZLÜM
Başlayar yaz yağışları,
İslanarsan, qaragözlüm.
Bir yağışnan sığallanıb-
Süslənərsən, qaragözlüm.
Həsrətiyik gör nələrin,
Yaz yağışlı gecələrin.
Ölərəm olmaz xəbərin
Yaslanarsan, qaragözlüm.
Bəhsə girib dərd ölümnən,
Zara gəlib dərd əlimnən.
Uzaqlaşma, dərd ələmnən-
Bəslənərsən, qaragözlüm.
Tuşmu gəldik qarğışlara,
Bəd nəzərli baxışlara.
Məni yazda yağışlara
Qısqanarsan, qara gözlüm.
GETMƏ
İçimdə fırtına, bayırda tufan,
Üstümə bir acı yel əsib, getmə.
Bu yolu gecikə-gecikə gəldin,
Bu yolu tələsib, tələsib getmə.
Qıyma ki, xəyalım sürgünlük olsun,
Körpə duyğularım süngülük olsun.
Gedişin birgünlük, beşgünlük olsun
Aradan bir uzun il asıb getmə.
Heç mənə gəlmədi səndən gedənlər,
Ömürdən gedənlər, gündən gedənlər.
Yaman uzaq gedir məndən gedənlər,
Yol çəkən gözümdən yol asıb getmə.
GÖZLƏYƏ-GÖZLƏYƏ QALDIM
Köksümü eşqin oduynan
Közləyə-közləyə qaldım.
Asılıb "gözlə" sözündən
Gözləyə-gözləyə qaldım.
Bilmədim nəyə gözlədim
Gələrsən deyə, gözlədim.
Yolunu niyə gözlədim-
İzləyə-izləyə qaldım!?
Qar papaqdın, buz əlcəkdin,
Bəs qardan tez gələcəkdin?!
Ürəyimə bir dağ çəkdin
Sızlaya-sızlaya qaldım.
Sus dinləyim, din eşidim,
Var dərdlərdən min çeşidim.
Üzünə baxıb üşüdüm,
Buzlaya-buzlaya qaldım.
Bürünüb nida kürkünə,
Dönmüşəm tanrı görkünə.
Könlümü sevda kökünə
Sazlaya-sazlaya qaldım.
İYİRMİ YANVARA AĞI
Tanrım bizi ağlayası,
Ağı deyən bir dil göndər.
İçimizdə göyərtməyə
Yurd sevgili şitil göndər.
Qan yandırır od-ocaqlar,
Olmalıymış olacaqlar.
Ağlamır dərdinə toxlar
Ac-yalavac, səfil göndər.
Gedim göz yaşı tökməyə,
Yaranmışam dərd çəkməyə.
Bu qanı yurda bükməyə
Gül naxışlı məndil göndər.
Cəsədsizdir neçə şəhid,
Şəhər əsir, küçə şəhid.
Hər ildə bir gecə şəhid
Hürr olmağı hər il göndər.
Son şəhidəm, son səkidə,
Əvvəlki də, sonrakı da.
Qərənfil çoxdur Bakıda
Bir büküm qərənfil göndər.