Hər
sözə aldanmayalımParlaman iclaslarında danışılan sözlər hala küçələrdə dəvam etdiriliyor.
Əhali arasına min cürə həvadis yayıyor, min araqızışdırıcı sözlər söyliyorlar.
Keçirməkdə olduğumuz bu kibi zamanlarda, bir zamanda ki, parlaman və hökumət ənvai-müşkülat içindədirlər. Bir zamanda ki, hökumətimiz, istiqlalımız var deyə ciddən xatircəm olmaq halında olmadığımızı əqli şey kəsən məktəb şagirdləri belə təsəvvür edə bilərlər. Bir zamanda ki, xəlq içərisindən çıxma həmiyyətmənd bir piri-salxordənin dedigi kibi “südün üzü hala qaymaq tutmaqdadır”, bir zamanda ki, bir dəstə müqabil bin düşmən qarşısındayız, bir zamanda ki, yeni qurulmaqda olan dövlətlər degil, əsrlərdən bəri böyük bir dövlət həyatı ilə yaşamış olan dövlətlər, millətlər belə zamanın taqətfərsa ağırlıqları altında inildiyorlar, böylə bir zamanda həmiyyəti, qeyrəti və bundan əvvəl hüsn və idrakı olan bir azərbaycanlı hər sözə aldanmamalı, hər eşitdiginə inanmamalıdır.
Neçə gündən bəridir şəhərə bir küy salmışlar, hərkəsdə hökumətə, vəziyyətə qarşı bir şübhə və etimadsızlıq hissi oyatmışlardır. Xəlqi yerindən oynadaraq nümayişlər etməgə belə meyl etdirənlər, təhrik edənlər olmuşdur.
Burada başqa qoşunlar yığışır. Ermənilər könüllü yazılıyor. Kazarmaları, evləri tutuyorlar. Buna da hökumət etina etmiyor, göz qoymuyormuş.
Bizi satıyorlar, evimizi yıkıyorlar, mart günləri gəliyor, həp yatıyorlarmış.
Yüngül əllərdən, kiçik ağızlara atılan bu sözlər gündə bir rəng və bir əlavə ilə ortaya çıkıyor, xəlqi həyəcana veriyor.
Fəqət xəlq düşünməlidir. Bilməlidir ki, şübhə hər həqiqətin anası olsa da daima kəndi etimadkərdələrini, müqəddəratını tapşırmış olduğu heyəti, adamları suyi-zənn altına almaq, onlara inanmamaq da dogru bir hərəkət degildir.
Zənn ediliyormu ki, küçənin ğeyri məsul adamları və yaxud tənqidlərini ğayət fəna bir şəkildə küçələrə çıxaran bəzi “millət dadxahları” tənqid elədikləri, bəgənmədikləri dövlət adamlarından, millət vəkillərindən daha ürək yanan, daha bəsirətli və daha iş bilən olsunlar?!...
Küçə münəqqidləri ilə cəmaət küyləyən əfəndilər, əksərən cəsur və durbin olmaqdan ziyadə qorxaq və kütbeyn olanlardır.
Ruslarda bir təbir var ki, ona “obıvatelşina” deyərlər.
Türkcə ədəbiyyatda bunu “amiyanə” – deyə tərcümə etmək gərək. Amiyanə düşünənlərcə bir çox şeylər var ki, insan onları görürkən yerindən olmaya bilməz. Fəqət bir az diqqət olununca baxarsınız ki, pək də xoflanacaq bir hal yoxdur.
Bizim keçirməkdə olduğumuz kibi müşkül zamanlarda nöqsan gördügümüz cəmaət işlərində hökymətə zor gəlmək kibi həm faidəli, həm də zərərli bir hal təsəvvür etməyiniz.
Öylə zamanlar var ki, hökumətin əfkari-ümumiyyə tərəfindən təzyiq edilməsi mətlubdur. Bu təzyiq hökumətin bəsirətini açar, görəcəgi təşəbbüslərdə kəndisinə xidmət edər. Bu şərtlə ki, bu təzyiq hüsni-niyyətlə hökuməti irşad qəsdilə olsun.
Yoxsa öylə bir təzyiq də var ki, hökuməti rüsvay etmək, düşürmək üçün olur. Yerinə görə, zəmanə görə bunun da bəlkə faidəsi ola bilər.
Fəqət keçirdigimiz zaman kibi vəqtlərdə bu ikinci tədbirin hər zaman fəlakətlərlə nəticələndigi təcrübələrlə görülmüşdür.
Bir kərə mart hadisələrini xatırlayınız. Martdan əvvəl bolşeviklərlə – daşnakların hərəkatı o zamanki müsəlman idarələri, müsəlman firqələri, “Müsavat” ilə sair müəssisələrə məlum degilmidi?...
Əlbəttə ki, məlum idi. Məəmafiə onlar sikkənin o biri üzünə də aşina olduqlarından həqiqi qüvvətlərin tənasübünü ölçmək imkanında olduqlarından, təbiri-məxsusla, idarəyi-məsləhət ediyor, müsaid bir günün gəlməsini gözliyərək bir növlə müdarə və rəftar ediyorlardı.
Halbuki əmmamələrini əllərinə götürüb küçəyə çıxanlar, məntiqə degil, boğazlarına güc verənlər, milli idarələrin tövsiyəsinə, “Müsavat”ın iltimas və ricasına, onların sükun və etidala dəvətedici bəyannamələrinə baxmayaraq məhud “ultimatum”u yazdırdılar. Sonra da zəbt və rabitən çıxmış cəmaəti saxlaya bilmədilər. Olan oldu. İstənilməyən nəticə alındı.
Bu təcrübəyi xatirdə saxlamalıyız. Hər zaman hissiyatımız cuş edərkən, cuşə gələn hissiyatımızı boşuna sərf etməyib, kəndimizi zəbt etməliyiz. Həyəcan, ğələyan və üsyanımızı daima mütənzim bir surətdə işlətməliyiz.
Bu intizamı isə bizə yalnız bir şey verə bilər: hər eşitdigimizə inanmayıb, hər rəhbər ardından getməmək!
Qailə degil, qövlə bax, yəni danışana degil, danışığa bax – deyə siyasətdən başqa hər xüsusda ğayət doğru bir düstur vardır. Fəqət siyasətdə, yəni dövlət və cəmaət işində isə yalnız danışığın ürəyə sinən olduğu bəs degildir. Lazımdır ki, danışanın etibarı, həmiyyəti, qeyrəti və hər şeydən əvvəl keçmişi bəlli olsun.
Nəticəsi şəxsə degil, bütün millətə, xeyri və ya zərəri bir dəstəyə degil, böyük bir cəmaətə, bir millət və ya dövlətə toxunacaq işlər üçün “qailə degil, qövlə bax” düsturundan ziyadə “qövlə də, xeyrə də bax” düsturu daha doğru və daha salim bir düsturdur.
Əvət, vətəndaşlar, müşkul bir mövqedəyiz. Mövqemizin müşkilligi yalnız əngəllərimizin çoxluğunda degildir. Bizi hidayət edənlər, bizə yol göstərənlərin çoxluğu da müşkilatımızın bu yükünü təşkil etməkdədir.
Bilsəniz ki, bu zavallı məmləkət nə qədər intriqalara, nə qədər propağanlara məruzdur. Bu propağanlardan hankının məmləkət faidəsi və millət dərdilə söyləndigi, hankısının qərəz və mərəzlə ərz olunduğunu bilmək, seçmək gərək. Onun üçün də yalnız danışığa degil, danışana da diqqət etməli, həm qövlə, həm də qailə baxmalıdır!
Çunki “söyləyəni” degil, “soylədigini” tövsiyə etmişlərsə də, həqq sözlə batil məqsəd örtənləri də göstərmişlərdir.
M.Ə.Rəsulzadə
“Azərbaycan”, 19 şubat (fevral) 1919, №117
Piri-salxordə – yaşlı, qoca
Müqabil – qarşı, qarşılıqlı
Taqətfərsa – taqətsiz, taqətyorucu
Ənva – növlər
Dadxah – fəryada çağıran
Amiyanə – avamcasına
Məhud – öhdəyə götürülmüş
Qail – deyən, söyləyən
Qövl – söz, danışıq
Getsinlər, gəlsinlər
Keçirdigimiz həftənin zehinləri işğal edən ən böyük məsələsi heç şübhəsiz ki, bir takım bizi tanımaq, bilmək istəməyən yabançı əskəri qüvvətlərin təşəkkülü məsələsi idi.
“Dobrovolçeski” ordunun burada adamlar yığması, bunlar tərəfindən yığılan adamların əksəri ermənilərdən təşəkkül eləməsi, bu əskəri qitələrin şəhərimizdə mövcud olan müxtəlif binaları tutmaları həqli olaraq türk cəmaəti həyəcana gətiriyor, hər kəs yarınki günü düşünməklə vadar eliyordu.
Pək həqli olaraq firqəmizin rusca nəşr elədigi “Naş put” qəzetəsinin ilk nömrəsində hökumətdən tələb olunuyordu ki, bir an əvvəl bu qeyri-təbii halın ortadan qaldırılması üçün ciddi tədbirlər görsün. Qoymasın ki, burada Azərbaycanın paytaxtında bizi tanımayan əskəri qüvvələr otursun, bizə badalaq qursun, mart hadisəsini tazələsinlər.
Əfkari-ümumiyyəyi təhyic edən bu məsələ xüsusunda hökumət rəisi Fətəli xan Xoyski cənabları parlamanın səşənbə günki iclasında növbədən xaric olaraq vaqe olan bəyanatında hökumətin bu məsələ hüzurunda nə kibi tədbirlər görmüş olduğunu bəyan elədi.
Hökumətin bu xüsusda general Tomsona yazdığı məktub ilə aldığı cavabı məktub hökumətin şanına layiq bir surətdə qələmə alınmış bu kibi hallarda göstərilməsi lazım gələn bir əzm və ciddiyyətlə yazmışdır.
Nəticə dəxi hasil olmuşdur. Burada Azərbaycan hökumətini tanımayan bir əskəri qüvvət qalmayacaq. Burada hökumətin razılığı olmadan heç bir könüllü əskər təşkilatına müsaidə edilməyəcək, dobrovolnı əskəri qitəatı beş gün zərfində şəhərimizi tərk edəcəklər. Bu əskərlər tərəfindən tutulan binaların qısa bir zamanda 3-4 günün içərisində boşalacaq.
Bizə qarşı vaqe bulan düşmənanə hərəkətlərilə məruf olan erməni general Amazasp 3 gün içərisində şəhərimizi tərk edəcək.
Hökumətin bu xüsusdakı izahatı o dərəcədə əfkari-ümumiyyəmizin gözlədigi izahat idi ki, firqə fərqi olmadan məbusların hətta hər nə surətlə olursa-olsun bu hökuməti düşürəcəginə and içmiş olan Qarabəyli Qara bəyin alqışlarını belə qazandı.
Təskinamiz məlumatını verdikdən sonra hökumət rəisi, fəqət bununla bən sizin başınız altını yastıqlamaq istəməm – dedi, öylə bir zamanda biz ki hər vəqt sərvəqt, sərhesab olmalıyız – deyə ehtiyatımızı, şürutini əldən verməməgi tövsiyə etdi.
Fəqət bu tövsiyəyi biz bir əks-səda olmaq üzrə hökumətin özünə ətf etmək istiyoruz. Qoy hökumət başının altı yastıqlanmasın.
Azərbaycan Məclisi-Məbusanında dobrovolçeski armiyanın burada durmasına qətiyyən müsaidə ediləmiyəcəgi bir armiya qitəanın bir an əvvəl şəhərimizdən izalə olunacağı həqqində təminat alındığı həqqində izahat verilməkdə bu armiyanın rəsmi nümayəndələri olan general Prejevalski Kaspi dənizindəki əskəri matrosların iclasına qarşı verdigi bəyanatında baxmalı ki, ku nə söylüyor, general diyor ki:
“Dobrovolçeski armiyanın Soçi-Petrovsk xəttində aşağı endirilmiyəcəgi həqqindəki şaiənin əsaslı degildir. Buna görə də Bakı, Kaspi flotunun əs əl hərəkəsi olmaq üzrə qala bilər.
Qafqasiya ərazisi üzərində təşəkkül edən kibi hökumətlərə gəlincə, bunları birər əmri-vaqe olaraq qəbul etməlidir. Azərbaycan ilə Dağıstan hökumətləri burada Rusiya qüvayi-əskəriyyəsinin sadə pozlaması əleyhində olmaqla qalmayıb biləks bu əskərlərin təşkilatına belə mane və əngəl olmalıdırlar”.
General Prejevalski bu sözü söyləmiş, əcəba, yalanmı söyləmişdir. Fətəli xanın parlamandakı izahatına nəzərən söyləməliyiz ki, yalandır. Zira bunun doğru olması qətiyyən təsəvvür olunamaz. Ehtimal ki, bu vəqtə qədər sıxışdırılmadıqlarını görən generallar kəndilərindən ötrü böylə bir müsaidə mənası çıxarmışlardır.
Bu xüsusda hökumətin nəzər-diqqətini cəlb ediyoruz. Bəsirətli olmalıdır ki, aldığımız vədlər haman yerinə gətirilsin, bizi tanımayan dostumuz o olmadıqları mühəqqəq olan qüvvətlər buradan getsinlər.
Fəqət iş yalnız onların getməsilə qurtarmır. Onlar getsinlər. Fəqət bizimkilər, bizim istəkli əskərlərimiz də gəlsinlər!
Bu nasıl paytaxtdır ki, öz əskərindən başqa hər əskər vardır.
Vəqtdir ki, gənc Azərbaycanın gənc əskərləri kəndi paytaxtlarında olsunlar. Onların burada bulunması Azərbaycan istiqlalının şanından olmaqdan ziyadə paytaxtımızın təbii həyatı nöqteyi-nəzərindən dəxi lazımdır.
Şəhərimizdə bulunan ingilis komandanlığının ən böyük vəzifəsi Bakının əmniyyət və əsayişini ixlas etdirməkdir. Burada siyasətçiliklə məşğul olan hökuməti tanımayan müsəlləh qüvvətlər əvəzinə bu məmləkətin kəndi bətnindən çıxan, xəlq oğullarından təşəkkül edən, şəhərlərlə, topraqla qan-can və milli bir iman ilə mərbut olan bir ordu qitəmatının bulunması şübhəsiz bir işdir ki, əmniyyət və asayiş işinin paydar olmasından ötrü böyük zamindir.
Azərbaycan paytaxtının səlaməti, əhalisinin əmniyyət və asayişini şübhəsiz ki, müntəzəm Azərbaycan alayı hər qüvvətdən daha səmimi və daha ciddi bir surətdə müdafiə edər.
Hökumət bizə bu xüsusda da ümidlər veriyor. Əskərlərimiz gələcək diyor. Əvət, gəlsinlər. Bütün paytaxt əhalisi ilə bərabər biz də onları, o istiqlalımızın fəsih və bəliğ dəlillərini dörd gözlə bəkliyoruz.
Əvət, getsinlər bizi tanımayan şübhəli qüvvətlər, gəlsinlər millətin pərvərdə elədigi əmniyyətli əskərlər!
M.Ə.Rəsulzadə
“İstiqlal” qəzeti, 26 şubat (fevral) 1919, №3
Təhyic – həyəcana gətirilmə
Ətf – yönəltmə
Kuy – səmt, tərəf, istiqamət
Hökumət niyə istefa etdi?
Parlaman üsuli ilə idarə olunan məmləkətlərdə hökumətin istefası, kabinə böhranları müxtəlif şəkillərdə ola bilər. Parlamanın etimadını qazanmayan bir hökumət haman istefa edər, yerinə başqa bir kabinə təşkil olunur. Bəzən də olur ki, parlaman ilə ixtilafı çıxan hökumət cəmaətin kəndisinə vasitəsiz olaraq müraciət eylər, bu halda məclis buraxılıb tazə intixablar təyin olunar. Yeni gələn məbuslar əski məbusların nöqteyi-nəzərində durarlarsa, o zaman kabinə qalar, yoxsa artıq hökumətin dəgişməsi icbari olur. Parlamentarizmin bu cəhəti yalnız şəkli hökumətləri və qanun əsasları təyin etmiş olan məmləkətlərdə tətbiq oluna bilər. O məmləkətlərdə ki, hökumət ilə məclis arasında cümhuriyyət rəisinin şəxsi müvazinəçi bir amil olmaq üzrə bulunur.
Bizdə isə hal böylə degildir. Cümhuriyyətimiz dəxi rəis intixab eləməmişdir. Hər nə qədər parlaman rəisi cümhuriyyət rəisi yerini görür kibi isə də sözün mənayi-tamilə bu hüquqa malik degildir. Parlaman rəisi olmaq həsəbilə o qüvvəyi-təşriyyənin (yəni qanun qoyan məclisi-məbusanın) tabelidir. Hər nə qədər hökumət rəisini dəvət eləmək ona məhvəl olunmuş bir həqq isə də məclis fəsx edib də yeni seçkilərə dəvət eləmək həqqi kəndisinə verilməmişdir.
Bu halda Azərbaycan cümhuriyyətinin qanun əsası tədvin oluncaya qədər hökumətin qalması və ya düşməsi yalnız məclisin etimad və ya ədəmi-etimadına bağlı bir məsələdir. Hökumətin məclislə münaqişəyə girib də davanın həlli üçün üçüncü daha səlahiyyətdar bir qüvvətin hökmlügünə müraciət eləməgə imkanı yoxdur.
Bu nöqteyi-nəzərdən baxılınca Fətəli Xan hökumətinin istefası ciddi bir səbəbdən, hüquqi bir alət üzündən iləri gəlməmiş, deməkdir. O halda istefanamədə göstərilən zahiri səbəb, hökumət rəisinin xəstəligidir.
Biz buna zahiri səbəb diyoruz. Çünki batini səbəb başqadır. Bu səbəb hər nə qədər şəklən mövcud degilsə də, parlaman firqələrinin son sorğu münasibətilə göstərdikləri zehniyyət onun ruhən mövcud olduğunu pək əla hiss etdirməkdədir.
Məlum idi ki, hökumət müxtəlif firqə və qruplardan təşəkkül edən parlamanımızın “İttihad” xaricində olaraq bütün fraksiyalarına istinad ediyordu. Fətəli Xan bir çox israr və ilhahlardan sonra bir firqə mənsubu degil, bir şəxs olmaq etibarı ilə hökumət riyasətini qəbul edib kabinəyi də kəndisi bildigi kibi təşkil eləmiş, firqələr isə bu xüsusda hökumətə adətən “kart-blanş” vermişlərdi.
Fəqət getdikcə hökumətə verilmiş olan bu etimad parlaman firqələrinin əksəriyyətindən ötrü kövşəməgə başladı. Firqələr firqə mənafeini kənara ataraq böylə bir zamanda parlamanda qüvvətli bir mərkəz vücuda gətirmək niyyətilə bir qədər olsun xüsusiyyətlərini fəda etmiş ikən getdikcə siyasilikdən ziyadə əhalinin fikrinə qapılaraq tənqidatə başladılar. Nəhayət, pusquda duran “İttihad” daşını çiynindən çıxardı. Hökuməti vurdu. Bu zərbənin təsiri ilə solda duran sosialistlərin də tənqid eləmək həvəsi gəldi. Dövlət nöqteyi-nəzərində duran yalnız bir “Müsavat” firqəsi qaldı. Bitərəflər, Əhrar dəxi şiddətli davrandılar. Nəticədə hər nə qədər hökumət etimad rəyi qazandısa da, mövqei heç şübhəsiz ki, iyi mövqelərdən degildi. Firqələr tənqid etmişlər, fəqət nəticədə çarəsiz qalaraq ədəmi-etimad göstərməmişlərdi. “Həsən keçəl və ya keçəl Həsən” demişlərdi.
Halbuki məmləkətin ehtiyacı böylə çarəsizlikdən təhəmmül olunur bir hökumətə degil, bilaşərt etimad olunur bir heyətədir.
Bu nöqteyi-nəzərdən baxılırsa bu vəqtə qədər hökuməti tutan firqələr arasındakı ixtilafi-nəzər kabinənin degil, parlaman mərkəzinin böhranını isbat edər.
Böhran parlamanın üzərindədir. Əgər parlaman firqələri keçirdigimiz zamanın əhəmiyyətini dərk edər də həqiqətən də sabit bir mərkəz vücuda gətirə bilərlərsə, o zaman sabit və qüvvətli bir hökumət vücuda gələ bilər.
Böylə sabit bir mərkəzin sola doğru və bir “İttihad”la vücuda gələcəgi parlaman firqələrinin əksəriyyətincə məqbul görünüyorsa da iş hələ nəzəriyyatdan-fəaliyyətə keçməmişdir.
Bu xüsusda anlaşa bilmək üçün vəziyyəti-siyasiyyənin nə kibi əsaslar daxilində etilaf etmək iqtiza elədigini bilməlidir.
Bu xüsusda yarın.
M.Ə.
“Azərbaycan”, 4 mart 1919, №128
Həsəb – vəzn, əvəzsiz
Tədvin – tərtib etmə, qanunları sistemə salma
Ədəmi-etimad – etimadsızlıq
İlhah – təkid etmə
Kart-blanş – fransızca məhdudiyyətsiz səlahiyyət
Təhəmmül – dözmə, səbr etmə
Hökumət niyə istefa halındadır
Dünki məqaləmizdə mərkəzlə solların ittihadından hasil olacaq sabit bir mərkəzin nə kibi əsaslar daxilində təşəkkül edə biləcəginin təhlilini bu günə vəd etmişdik.
Təşəkkül edəcək hökumətin tutacağı məslək zamanın iqtizasına uymalıdır. Bu məsləkin “Bismillahir-Rəhmanir-Rəhim”i heç şübhəsiz ki, bütün türk fraksiyonerlərinin bəyannaməsində kəmali-sərahətlə söylənmiş istiqlal və müdafiəyi-istiqlaldan ibarət olmalı, ondan sonra isə istiqlal və hürriyyətimizi təhdid edən qara qüvvətlərə qarşı əzm və cəzmlə mübarizə edə biləcək bir mahiyyətdə olan ünsürləri barışdıra bilməlidir.
Bu məqsədlə təşəkkül edəcək və bir an əvvəl Məclisi-Məbusan toplayacaq, dövlət idarələrini ciddiyyətlə şəddirəcək, xəlqlə daha yaxından əlaqədə bulunacaq bir hökuməti və bu hökumətin arxasında duracaq ciddi bir əksəriyyəti şübhəsiz ki, yalnız sola doğru təmayül edən bir mərkəz, bir koalisyon vücudə gətirə bilər. Müxalifət isə yalnız sağa münhəsir olur.
Fəqət bu əsası qəbul etməklə bərabər digər bir əsas da vüqua gələcək etilafın zəminəsini təşkil etməlidir. Firqələr parlamandakı qüvvətləri nisbətində hökumətə iştirak etməklə bərabər kabinə rəisi həqqində şəxs etibarilə ittihad eləməli və onun məsuliyyətini müştərəkən qəbul etməlidirlər. Eyni zamanda heç bir firqəyə mənsub olmayıb da işgüzarlığı bütün etilafa gələcək firqələrcə məqbul olan bir-iki bitərəfin dəxi kabinəyə girmələri münasib görülməlidir.
Bu surətlə təşəkkül edəcək bir kabinəyə artıq ona bəyani-etimad etmiş firqələrcə ehtiramı lazım, etimadı zəruri bir heyət kibi tələqqi olunub heç bir müxalifətə baxmadan məmləkət gəmisi sürülməlidir. Yoxsa firqə mənfəətləri, propağan məqsədləri iləri sürülür, ölçüyəgəlməz bir takım iddialarla meydana çıxarsa, o zaman böhran haman davam edib gedər. Böhranın davamı isə məmləkətin mənafeinə heç də müvafiq degildir.
Nə qədər ki, parlaman böylə sabit əksəriyyət əsasını vəz edə bilməmişdir, nə qədər ki, firqələr öz aralarında anlaşa bilməmişlərdir, o zamana qədər də hökumətin istefa halında qalması təbiidir.
Ümid edəlim ki, mülahizəsiz hücumları ilə hökumətin mövqeyini göstərən firqələr füzul təfriqəçilik üzündən yeni təşəkkül edəcək hökumət işini dəxi işkal etməzlər.
M.Ə.
“Azərbaycan”, 5 mart 1919, №129
Şədd – sıxıb bağlama
Hazırlanan tətilə dair
Azərbaycan istiqlalı yolunda ən böyük iqdamatdan olmaq üzrə könüllü ordunun paytaxtımızdan çıxarılması və dava gəmilərinin tərksilah etdirilməsi, vətənimizin aşkar və gizli düşmənlərinin xoşuna getməmişdir. Ona görə də bunlar əmələ-fəhlə sinfini həyəcana gətirərək ümumi bir siyasi tətil çıxarmaq istiyorlar. Burada türk-islam fəhlə və əmələsi böyük bir rol oynaya biləcəgindən Türk Ədəmi-Mərkəziyyət “Müsavat” firqəsi müsəlman qardaşlara xitabən bir müraciətnamə nəşr etmişdir. Vətənin səlaməti və millətin istiqlalı üçün cəmaəti anlatmaq niyyətilə bu müraciətnaməyi eynilə qəzetəmizdə dərc ediyoruz. İştə müraciətnamə:
Millətdaşlar və yoldaşlar!
Şəhərimizdə axırıncı günlərdə bir neçə mühüm məsələlər oldu. “Dobrovolçeski otryad” adı ilə toplanan soldatlar şəhərimizdən getdilər. Dənizdə olan voyennı flot ingilislərə təslim oldu. Oradakı matrosları da Batuma göndəriyorlar.
Bu məsələlər ətrafında xəlq arasında, ələlxüsus əmələlər arasında min cürə xəbərlər çıxarıyorlar. Dobrovolçeski otryad da, voyennı flot da hamınıza məlum olan Biçeraxovun komandasında idi. Sonra Biçeraxov komandanlığından çıxdı. Bunun yerini Prejevalski tutdu. Biçeraxov da, Prejevalski də Azərbaycan hökumətinə dost degil, ikisi də düşmən idi. Biçeraxovun müsəlmanlar əleyhinə nə qədər müharibələr etdigini kim bilmiyor. Prejevalski dəxi Rusiya tərəfdarı və monarxist bir adamdır, Denikinin adamıdır.
Bakıda bulunan rus əmələləri və bu əmələnin yol göstərəni olan Rusiya sosialistləri vəqtilə Biçeraxovun, bu “demokrat” generalın qulluqdan xaric olduğuna çox təəssüf elədilər. O zaman biz Biçeraxov otryadının paytaxtımızdan çıxmalarını tələb elədigimiz zaman onlar buna zidd gediyor, Biçeraxov adilə toplanan şübhəli adamların, bir takım amazasplar əlilə toplanan halları məlum könüllülərin buradan getmələrində “demokratiya”nın təkyə etdigi sütunun laxlanmasını görüyorlardı.
Doğrudur, Prejevalskini bunlar Biçeraxov kibi qəbul etmədilər, fəqət Azərbaycan hökuməti və xəlqinin dobrovolçeski otryaddan hər nə cürə olsa da buradan çıxarılmalarını dəxi o şiddətlə istəmədilər.
Otryad Prejevalskiyə tabe olmuş, fəqət voyennı flot olmamışdı. Flotda olan matroslar nə Prejevalskini, nə ingilisi, nə də Azərbaycanı tanımıyorlardı. Halbuki pul almaq lazım idi. Pulu kimdən alsınlar?
Bu məsələ idi:
Təklif edən olmuşdu ki, pulu Azərbaycandan alsınlar, amma onun qulluğuna getməyib rahət və sakit qalsınlar. Bu təklifi guya Azərbaycan tərəfdarı olan Rusiya sosial-demokratları ediyordular. Diyordular çünki Azərbaycan zəifdir, ona görə də flot onun əlində olsa zərəri az olar. Çünki onların nəzərində Denikin böyük “bəla”, Azərbaycan isə kiçik “bəla”dır. Bunun azını yol etmək əql işidir.
İngilis komandanlığı Azərbaycan millətinin və dövlətinin israrla elədigi tələbinə görə Prejevalski otryadını buradan çıxartdırdı. Halbuki dənizdə kimsəyə tebe olmaq istəməyən, hətta sosial-demokratların “kiçik bəla” deyə tövsiyə elədikləri Azərbaycana su orta da olsa təhəmmül göstərməyən silahlı gəmiləri Bakı bəndərində durmalarına təbii yad qala bilməzdi. Çünki şəhərin general qubernatorluğunu öhdəsinə çəkmiş olan Tomson xəlqin əmniyyətindən məsuldur.
Həm xəlqə qarşı, həm də Azərbaycan hökuməti ilə Avropa əfkari-ümumiyyəsi və öz hökuməti qarşısında cavabdehdir. Edə bilməzdi ki, Bakı bəndərində heç kəsi tanımayan və heç bir iş görmək istəməyən dava gəmilərinin durmasına soyuq baxsın. Bunun üçün şəhəri təhdid edən gəmiləri zərərsiz bir hala qoymaq lazım idi. Bu iş dəxi görüldü.
Qurudan və sudan bizi qorxutmaqda olan iki qüvvət haman rədd oldu.
Bunların rəddi üzərinə politika çevirən bəzi adamlar şəhərə bilxassə əmələlərin arasına bir xəbər çıxardılar: “İngilislər Denikin adamlarını qovdular, flotu təslim etdirdilər, bir azdan sonra Azərbaycana deyəcəklər qalx Gəncəyə get, Bakıyı beynəlmiləl bir şəhər qayıracağız” – deyə aralığa fitnə salmaq istədilər.
Ortaya bir avtokolonna məsələsi çıxdı, məlum olduğu üzrə sentyabrda Biçeraxov ordusu Bakıdan çəkilirkən özü ilə bərabər Bakıda olan bütün avtomobilləri də aparmışdı. Təkrar ingilislər ilə bərabər buraya dönərkən bu avtomobillər də gəlmiş idi. Bu avtomobillərin hamısına onun təmirinə baxan masterskoyla bir yerdə avtokolonna diyorlar ki, burada bir qədər əmələ çalışıyor. Prejevalski gedərkən bu avtomobillərin Bakıda qalmalarını tələb eləmiş, tələbləri üstündə israr etmişlərsə bunun qabağını saxlaya bilməmişlər. Avtomobillərdən bir qismi dəmir yolu ilə degil, dəniz ilə gəmilərə yüklənib aparılmışdır. Təbii idi ki, bu avtomobillərin Bakıda qalması şəhərin, Azərbaycanın mənfəətindən idi – bu avtomobillərin tamamilə burada qalması üçün hamımız çalışmalı idik. İştə bir tərəfdən bizi həqiqətən də əndişəyə salan bir xəbər çıxarıldı, digər bir tərəfdən bizim həqiqətən xoşumuza gələn bir avtomobil tələbi ortaya qoyulur. Nəticədə Bakı demokratiyasının adı ilə hərəkət edən ağalar ingilis komandanlığına bir takım tələblər qoyur, yoxsa zabastovka elan edəcəkləri ilə təhdid ediyorlar, tələb təqribən bundan ibarətdir:
1- Təslim olunan gəmi matroslarının (ki səkkiz yüzə yaxındırlar) “vıxodnoy”larını versinlər və özlərini başqa yana göndərməyib şəhərdə qoysunlar.
2- Bayıldakı elektrik stansiyasındakı ingilis əskərlərini çıxarsınlar.
3- Burada və Krasnovodskda tutulan məhbusları əzcümlə Bakı bolşeviklərinin arvad uşaqlarını buraxsınlar.
4- Avtokoloniyanın şeylərini Bakıdan aparmasınlar.
5- İngilis qoşununu Bakıda azaltsınlar.
Baxalım bu tələblərin bizə nə dərəcədə faidəsi var və onlardan ötrü zabastovka eləmək lazımmı?
1- Bu heç kimə tabe olmaq istəməyib müftə pul yeməyə ögrənmiş matrosların Bakıda qalmalarından nə faidə gözlənə bilər. Şəhərimizdə onsuz da Azərbaycan hökuməti və istiqlal əleyhində bollu olan qüvvətlərə 800-də canı acımış sərkeşligə ögrənmiş matros əlavə olacaq.
2- Bayıldakı elektrik stansiyasının ingilislərdən boşaldılması tələbinin səbəbi aşkardır. Stansiya əldə olunca şəhəri qaranlıqda saxlamaq asandır, bundan da Bakıyı Rusiyanın bir hissəsi hesab edən ağalar faidə apara bilərlər.
3- Tutulan məhbusların, bilxassə arvad və uşaqların buraxılması tələbi əlbəttə, nəzərə xoş və ürəyə sinan bir tələbdir. Fəqət o qədər böyük bir məsələmidir ki, ondan ötrü paytaxtın həyatı durdurulsun.
4- Avtokolonna şeylərinin məsələsi öz özlügündə doğru və həqli bir tələb olsa da ondan ötrü böyük bir məsələ çıxarılmaz və bu da “vəzni-şeir” üçün qoyulmuşdur.
5- İngilis qoşununun azalmasına gəlincə, bunu istəyən ağalar gərək bizi Denikin ordusu və yaxud başqa bir hücuma qarşı hankı qüvvətlə müdafiə edəcəklərdir?
(Ardı var)